Rolan Bartı xatırlamaq

Rolan Bartı xatırlamaq
31 yanvar 2014
# 12:37

Kulis.Az Qismətin tərcüməsində ABŞ yazıçı-tənqidçisi Suzan Zontaqın fransız filosof Rolan Bart haqqında məqaləsini təqdim edir.

Rolan Bart keçən həftə dünyasını dəyişəndə 64 yaşındaydı; yazıçılıq karyerası isə bu yaşa görə daha qısaydı, çünki Bart ilk kitabını çap etdirəndə, cəmi 37 yaşı vardı. Bu gecikmiş başlanğıcdan sonra çoxlu kitablar yazdı, çoxlu mövzular işlədi. Bart insanda belə bir təəssürat yaradırdı ki, insan istənilən şey haqqında fikir yürüdə bilər. Bir siqaret qutusunun qarşısında oturan kimi, bir, iki... və qəfildən ağlına çoxlu fikir gələrdi – balaca bir esse hazır olardı. Bu, bilgi məsələsi deyildi (işlədiyi mövzulardan bəzisi haqqında çox şey bilmirdi yəqin ki), bu daha çox ayıqlıq, diqqətinin axarına düşən bir mövzu haqqında düşünülə biləcək hər şeyin sürətlə yazıya çevrilməsi məsələsiydi. Onun həmişə fenomenləri tutmağa yarayan incə təsnifat toru vardı.

Gəncliyində universitetdə bir teatr truppası qurmuş, pyeslər haqqında yazılar yazmışdı. Yazıçılığa var gücüylə girişəndə, teatr günlərindən ona qalan bir şey – fenomenlərə olan dərin sevgi əsərlərini rəngləndirdi. Fikirləri hiss etməsi həmişə dramaturji idi: fikirlər başqa fikirlərlə yarışırdılar. Öz içinə qapanmış fransız intellektual mühitinə atıldı, ənənəvi düşmənə qarşı savaş açdı: Floberin “qazanılmış fikirlər” dediyi və “burjua” düşüncə tərzi adıyla bilinən; marksistlərin saxta şüur anlayışıyla, sartrçıların da pis inanc anlayışıyla suçladıqları, klassik ədəbiyyat təhsili almış Bartın isə doxa (aktual yanaşma) etiketini yapışdırdığı şeylərə qarşı bir savaş.

Bart müharibədən sonrakı illərdə Sartrın əxlaqçı suallarının kölgəsində, ədəbiyyatın nə olduğuna dair manifestlər (“Yazının sıfır dərəcəsi”) və burjua qövmünün bütlərinə tuşlanmış hazırcavab portretlərlə (“Müasir deyimlər”də toplanan məqalələr) yazmağa başladı. Bartın bütün yazıları polemikdir. Amma onun temperamentindəki ən dərin instinkt dalaşqanlıq deyildi. Təbrikedicilik idi. Bartın anlamsızlıq, duyğusuzluq, ikiüzlülük qarşısında həmişə coşmağa hazır, hər şeyin iç üzünü göstərməyə meylli dalaşqanlığı yavaş-yavaş azaldı – get-gedə təriflər yağdırmağa, ehtiraslarını insanlarla bölüşməyə başladı. Bart, təbriketmələrin, zehnin səmimi oyunlarının təsnifatında mütəxəssis oldu.

Onu sehrləyən şey, zehni təsnifatlar idi. Buna görə də “Sade, Fourier, Loyola” adlı dalaşqan kitab yazdı; kitabda bu üç nəfəri cəsur fantaziya müdafiəçiləri, öz azğın vərdişlərinin yorulmaz təsnifatçıları kimi yan-yana qoydu; bu şəxsləri müqayisəedilməz sayan mahiyyətlə əlaqədar bütün problemləri biryolluq kənara atdı. Bart zövq baxımından (Parisdə Robbe-Grillet və Philippe Sollers kimi ədəbiyyatdakı modernizm tanrılarını tərəfkeşliklə müdafiə etsə də) modernist deyildi, amma praktikada modernist idi. Demək istəyirəm ki, məsuliyyətsiz, zarafatcıl və formalist idi - ədəbiyyatdan danışanda ədəbiyyatla məşğul olurdu. Bir əsərdə onu həyəcanlandıran şey, əsərin müdafiə etdikləri, öfkənin ifadə formalarıydı. Azğınlıqla maraqlanmağı özünə vəzifə seçmişdi (azğınlığın özgürləşdirici olduğuna inanan o dəbdən düşmüş fikrin tərəfdarıydı).

Yazdığı hər şey maraqlıydı – canlı, sürətli, intensiv, kəskin. Kitablarının çoxu esselərdən ibarətdir. (İstisnalardan biri, yazmağa ilk başladığı illərdə Rasin haqqındakı polemik kitabdı. Akademik qaydaları yerinə yetirmək üçün yazdığı, moda reklamçılığının semiotikasından bəhs edən inanılmaz açıq və uzun kitabı isə ustalıqla yazılmış bir neçə essenin mahiyyətindən xəbər verir). Gənclik əsəri sayıla biləcək heç nə yazmadı; o zərif, vasvası səs lap əvvəldən ondan vardı. Amma son on ildə sürət götürdü; hər il, ya da iki ildə bir yeni kitab ortaya qoyurdu. Düşüncələrinin təcili isə daha sürətliydi. Son kitablarında esse forması da parçalandı – esseistin öz “mən”iylə bağlı susqunluğu deşildi. Yazılarına bir qeyd dəftərcəsinin azadlığı və təhlükələri qarışdı. “S/Z” kitabında Balzakın qısa bir romanını səbatlı bir hünərlə cilalayıb mətnləşdirərək yenidən yaratdı. Bir də bunlar vardı: “Sade, Fourier, Loyola”ya etdiyi borsexvari parlaq əlavələr; avtobioqrafiya ilə bağlı yazılarında, mətnlə fotolar, mətnlə yarı gizli eyhamlar arasındakı alış-verişin post-bədii xaosu; iki ay əvvəl çap olunmuş fotoqrafiya ilə bağlı kitabında illüziyanı göylərə qaldırması.

Bart fotoqrafiyanın – o kəskin yaddasaxlayanın sehrinə qarşı çox həssas idi. “Roland Barthes” kitabı üçün seçdiyi fotolardan bəlkə də ən təsirlisi, gənc anasının qucağında oturmuş on yaşındakı ətli-budlu Bartın anasını qucağladığı fotodur. (Bart bu fotoya “Sevgi axtarışı” adını qoymuşdu). Bartın gerçəkliklə - onun üçün yazmaqla eyni mənanı verən şeylə - sevgi münasibəti vardı. Hər mövzuda yazırdı; bu və ya digər mövzu haqqında bir şey yazması üçün israr ediləndə, yaza biləcəyi qədərini (çoxunu) qəbul edirdi; mövzuların onu yoldan çıxarmağını istəyirdi, çox vaxt da belə olurdu. (Get-gedə bu yoldançıxarma onun əsas mövzusu oldu.) Bütün yazıçılar kimi hədsiz işləməkdən, bir çox tələbə cavab verməkdən, vaxt tapa bilməməkdən gileylənirdi – amma əslində, o, mənim tanıdığım ən intizamlı, ən güvənilən, ən həvəsverici yazıçılardan biriydi. Müsahibə verməyə vaxt ayıra biliridi və bu müsahibələrin hamısı zəngin, dolu, intellektual baxımdan yaradıcıydı.

Oxucu kimi çox vasvası idi, amma görməmiş deyildi. Demək olar ki, oxuduğu hər şey haqqında yazardı; buna görə də haqqında yazmadığı şeyləri oxumadığı şeylər saya bilərsiniz. Bir çox fransız intellektualı kimi, o da kosmopolit deyildi (istisna kimi, onun sevdiyi Andre Jidi göstərmək olar). Yaxşı bildiyi heç bir xarici dil yox idi, xarici ədəbiyyatı tərcümə vasitəsilə belə, o qədər də izləməzdi. Ona təsir etmiş kimi görünən yeganə xarici ədəbiyyat, Alman ədəbiyyatıydı: Brext gəncliyində onun üçün böyük ilham mənbəyi olmuşdu; son vaxtlar, “Bir eşq diskursundan hissələr” kitabında təmkinlə ifadə etdiyi hüzn, onu “Gənc Verterin iztirabları”na və liedlərə (qısa şeirlərə bəstələnən nəğmələr – tərc.) meylləndirmişdi. Bart yazmağa mane olacaq dərəcədə oxumağa meylli deyildi.

Məşhur olmaqdan xoşu gəlirdi; məşhurluqdan sonsuz, həqiqi həzz alırdı; Fransada son illər tez-tez televiziyalara çıxırdı və buna görə “Bir eşq diskursundan hissələr” kitabı bestseller olmuşdu. Yenə də Bart, əlinə nə vaxt bir qəzet, ya da bir jurnal götürsə, içində öz adını görməyin qəribəliyindən danışardı. Məhrəmlik duyğusunu, ekshibisionizm (nümayişçilik, cinsi orqanlarını başqalarına göstərmək – tərc.) şəklində ifadə edirdi. Özü haqqında yazılarında özündən üçüncü şəxsin təkində - bədii personaj kimi danışırdı. Sonrakı əsərlərində özünü daha vasvası formada, amma yenə fiksiya yolu ilə analiz edirdi.( Özüylə bağlı danışdığı, yazdığı bir dənə də olsun balaca hekayə, ardınca başqa bir fikri gətirmirsə, onu yazmazdı); həm də ki, fərdi həyatla bağlı zərif düşüncələri vardı; dərc etdirdiyi son məqalə gündəlik tutmaq haqqındaydı. Bartın bütün əsərləri, son dərəcə qarışıq formada özünüifadə cəhdidir.

Özünü yorulmadan, ustalıqla analiz edən Bartın diqqətindən heç nə yayınmırdı: məsələn, sevdiyi yeməklər, rənglər, qoxular, oxuma tərzi. Parisdəki bir çıxışında bölüşdüyü müşahidəyə görə, diqqətli oxucular iki yerə bölünür: kitabı oxuyanda cümlələrin altından xətt çəkənlər və çəkməyənlər. Özünü ikinci qrupa aid edirdi: haqqında yazmaq istədiyi kitablara heç bir işarə qoymazmış. Onun bu seçimini necə əsaslandırmasını unutduğuma görə, özüm bir nəzəriyyə təklif etmək etmək istəyirəm. Mən onun kitablara işarə qoymamağını, eyni zamanda rəsm çəkməyinə və ciddiyyətlə davam etdiyi bu rəsm çəkmə işinin də, bir növ yazı olmasına bağlayıram. Ona cazibədar gələn vizual sənət növü, dilçilikdən gəlirdi və bu əslində yazının başqa variantıydı; Erte-nin insan şəkillərindən ibarət əlifbası haqqında, Reqiuchot-un və Twombly-nin kaliqrafik rəsmləri barəsində esselər yazdı. Bartın bu seçimi, o ölü metaforanı, əsəri “vücuda gətirmə”yi xatırladır - insan sevdiyi “vücud”u qaralamaz!

Xarakteri etibarilə əxlaqçılığa duyduğu nifrət, son illərdə get-gedə lap su üzünə çıxdı. Bir neçə on il, doğru düşünən tərəfə (yəni solçu qanada) sədaqətlə bağlı qalandan sonra, 1974-cü ildə o vaxtın maoçuları olan bəzi yaxın dostları və ədəbi tərəfdarlarıyla Çinə gedəndə, içindəki estet ortaya çıxdı; qayıdanda cəmi-cümlətanı üç səhifəlik yazısında əxlaqçılığı sevmədiyini, cinsiyyətsizlik və mədəni monotonluqdan bezdiyini etiraf elədi. Bartın əsərləri Uayldın və Valerininkilərlə birgə, estet olmağın adını ucaldan əsərlərdi. Son yazılarının çoxu, hisslərin zəkasını və duyğuların ifadə olunduğu mətnləri tərifləməyə həsr edilib. Duyğuları müdafiə edərkən, zehnə heç vaxt xəyanət etmədi. Bart hissi və zehni ayıqlıq arasındakı ziddiyət mövzusunda heç bir Romantik klişeni mənimsəməmişdir.

Əsərləri məğlub edilən və ya inkar olunan hüzn haqqındadır. Bart hər şeyin bir sistem – bir diskurs, bir təsnifat silsiləsi – olaraq ifadə edilə biləcəyinə qərar vermişdi. Hər şey bir sistem olduğuna görə, hər şeyi məğlub etmək olardı. Amma Bart, nəticədə sistemlərdən bezdi. Zehni çox işlək, çox istəkli, təhlükəyə atılmağa çox həvəsliydi. Son illərində məhsuldarlığı artdıqca, daha əndişəli, daha asan inciyən olmuşdu. Özü haqqında müşahidəsinə görə, həmişə “böyük bir sistemin (Marks, Sartr, Brext, semiotika, Mətn) qoruyucu qalxanı altında uğurla işləmişdi. Bugün ona elə gəlir ki, daha açıq, daha müdafiəsizcə yazır...” Özünü dəstək aldığı (bunu “insan, bir şey deyə bilmək üçün başqa mətnlərdən dəstək almalıdır,” şəklində açıqlayırdı) ustalardan və böyük fikirlərdən arındırdı; axırda təkcə öz kölgəsində qaldı. Özü özünün Böyük Yazıçısı oldu. 1977-ci ildə əsərlərinə həsr olunmuş yeddi günlük konfransların hamısına bir-bir – şərhlər, balaca aydınlaşdırmalar edərək, böyük zövqlə - qatıldı. Özü haqqında özünün yazdığı bir əsər barəsində tənqidi bir yazı yazdı. Özündən ibarət sürünün çobanı oldu.

Bart, adını qoya bilmədiyi əzablar çəkdiyini, güvənsizlik hissinə qapıldığını – böyük bir macəranın astanasında olduğuna dair təsəlliedici bir eyhamla bərabər – etiraf etmişdi. Bir il yarım bundan əvvəl Nyu-Yorkdaykən, izdihamın qabağında az qala ürkək bir cəsarətlə, roman yazmaq istədiyini açıqlamışdı. Robbe-Grilellet-in bir müddət çağdaş ədəbiyyatın mərkəzi kimi görünməsinə zəmin yaratmış bir tənqidçidən gözlənilən bir roman olmayacaqdı bu; ən gözəl kitabları – “Roland Barthes” və “Bir eşq diskursundan hissələr” – Rilkenin “Malte Laurids Brigenin qeydləri” kitabı ilə başlayan və fiksiyanı, essevari fiksiyanı və avtobioqrafiyanı, xətti təhkiyə formasında yox, xətti qeyd dəftərçəsi formasında bir-biriylə dölləndirərək, modernist fiksiyanın zirvəsinə çıxmış bu yazıçıdan gözlənilən bir roman da olmayacaqdı. Yooox, modernist bir roman yox, “gerçək” bir roman olacaq, - deyirdi. Prustunkular kimi.

Özəl mühazirələrində akademik mövqeyini – College de France-da 1977-ci ildən bəri tutduğu kürsünü – özünü romanına həsr etməkdən ötrü tərketmə həsrətindən, pedaqoji fəalliyəti buraxanda maddi çətinlik çəkəcəyilə bağlı (əslində əsassız) əndişələrindən danışırdı. Anasının iki il əvvəl ölməsi, ona böyük zərbə olmuşdu. Bart, Prustun “İtmiş zamanın axtarışında” əsərini oxumağa, ancaq anasının ölümündən sonra başladığını deyirdi. Bu qəhredici acıda da bir güc mənbəyi tapmaq ümidi, tam Barta xas bir özəllik idi.

Necə ki, özü haqqında bəzən üçüncü şəxsin təkində yazırdı, eləcə də çox vaxt özü haqqında yaşı qeyri-müəyyən biri barəsində danışırmış kimi danışırdı; gələcəyindən, çox daha gənc birinin - müəyyən mənada eləydi - bəhs edəcəyi kimi bəhs edərdi. Böyüklük həsrəti içindəydi; yenə də (“Roland Barthes” kitabında dediyi kimi) həmişə özünü “özbaşına buraxılanda necə olursa, ona, o önəmsiz şeyə doğru geriləmə” təhdidi altında hiss edirdi. Bartın xarakterində və zehninin sonsuz incəliyində, Henri Ceymsi xatırladan nəsə vardı. Onda fikirlərin dramaturgiyası, hisslərin dramaturgiyasına boyun əyirdi; Bartın ən dərindən maraqlandığı şeylər, az qala dilə gətirilməz olanlar idi. Bartın hirsində Ceymsvari bir pathos vardı; eynilə özü haqqındakı şübhələri kimi. Həqiqətən böyük bir roman yaza bilsəydi, bu yəqin ki, Prustun əsərlərindən çox, Ceymsin son dönəm əsərlərinə bənzəyərdi.

Yaşını təxmin eləmək çətin idi. Daha dəqiqi, elə bil yaşı yox idi – onsuz da, yaşının xronologiyası da qarmaqarışıq idi. Vaxtının çoxunu cavanlarla keçirməyinə baxmayaraq, gəncliyi, ya da onların çağdaş rahatlığını yamsılamazdı. Amma hərəkətləri yavaş, paltarları bir professora yaraşan kimi olsa da, yaşlı da görünməzdi. İstirahət etməyi bacaran bir vücudu vardı: Markesin də dediyi kimi, yazıçı istirahət etməyi bilməlidir. Bart çox çalışqan idi, yenə də öz zövqlərinə çox aludəydi. Öz həzzinə vaxt ayırmaq üçün, həm intensiv, həm də sistemli diqqətcilliyi vardı. Cavanlığında uzun illər xəstə (vərəmli) yatmışdı; adama elə gəlirdi ki, o öz vücuduna nisbətən gec qovuşub – eynilə zehninə, məhsuldarlığına gec qovuşması kimi. Xaricdə (Mərakeş, Yaponiya) şəhvətli macəralar yaşadı; onun cinsi zövqlərinə və böyük şöhrətinə sahib bir kişinin tələb edə biləcəyi önəmli cinsi imtiyazları yavaş-yavaş, hətta bir az gecikərək qazandı. Körpəfason aurası vardı: dalğınlığı, toppuş bədəni, mülayim səsi, gözəl dərisi və özünə fokuslanması. Tələbələri ilə kafelərə getməyi sevərdi; barlara, diskotekalara dəvət edilmək istəyərdi – amma cinsi münasibətləri çıxsaq, onun sizə göstərdiyi maraq, sizin ona göstərdiyiniz maraqla məhdudlaşırdı. (Son görüşümüzdə, “Ah, Susan. Toujours fidele,” – deyib, məni sevgiylə qarşılamışdı. Sadiq idim, sadiqəm.)

Oxumağın bir xoşbəxtlik forması, bir həyəcan biçimi olması fikrində - Borxes kimi – israr etməsi, körpə tərəfini faş edirdi. Onun bu israrında, çox da məsum olmayan bir şey - yetkinlərə xas cinsəl aktivliyin iti ucu vardı. Sonsuz özünə istinadetmə, özünə işarəvurma qabiliyyəti ilə, həzz axtarışlarına duyğuların kəşfini də qatmışdı. Bu ikisi eyniydi: jouissance (Fransızca həm zövq, həm də “gəlmə” mənasını verir) olaraq oxumaq və mətnin verdiyi həzz. Bu onun tipik özəlliyi idi. Zəka şəhvətpərəsti olaraq böyük uzlaşdırıcıydı. Tragik olan onu duyğulandırmazdı. Neqativin pozitiv tərəfini tapardı həmişə. Modern kültür tənqidinin dəyişməz mövzularını dilə gətirsə də, beynini fəlakətlərlə məşğul edən biri deyildi. Əsərlərində qiyamət günü, sivilizasiyanın çöküşü, barbarlığın qaçılmazlığı kimi tablolar yoxdu. Ağı da demirdi. Bart, bəyəndiklərinin çoxunda “köhnə kişi” olduğu üçün, daha qədim burjua ədəbinin və oxumuşluğunun xiffətini çəkirdi. Yenə də özünü modern olanla uzlaşdıracaq çox şey tapıb çıxardırdı.

Çox kübar, mədəni, bir az ayaqları yerə dəyməyən, mülayim bir insan idi – şiddətdən zəhləsi gedirdi. Gözəl gözləri vardı: həmişə hüznlü gözlər. Həzzdən bu qədər çox bəhs etməsində də hüznlü nəsə vardı; “Bir eşq diskursundan hissələr” çox hüznlü kitabdı. Amma Bart, vəcdin dadına baxmışdı və bunu qutlamaq istəyirdi. Həyatı çox sevirdi (ölümü inkar edirdi); deyirdi ki, hələ yazılmamış romanının məqsədi, həyatı tərifləmək, öymək, yaşamaqdan aldığı zövqə şükranlığını ifadə etməkdir. Ciddi həzz axtarmaq işində, zehninin mükəmməl oyunlarında, həmişə gizli, altda gizlənmiş bir pathos hiss edilirdi – indi, vaxtından əvvəl gələn, öldürücü ölümüylə daha da kəskinləşən bir pathos. (1980)

Tərcümə etdi: Qismət.

# 4121 dəfə oxunub

Müəllifin son yazıları

# # #