Klassisizm məqaləsi

Klassisizm məqaləsi
16 aprel 2013
# 10:41

“Klassisizm” məqaləsinin əvvəlki hissələrini burdan oxuya bilərsiz:

Birinci hissə: “Şair mədh etməlidir”

İkinci hissə: “Sənət insnaı necə təmizləyir”

Üçüncü hissə: “Şekspirin əsərləri qüsurludur”

Kinoda klassisizm

Kino kürəyini dramaturgiyanın, teatrın qaydalarına söykəyib öz qaydalarını yaradıb. Bu, çox təbiidir, çünki teatrın yanında kino hələ çox cavandı.

Lyumyer qardaşları 1885-ci ildə kinematoqrafın patentini alanda hələ kinonun qaydaları yox idi. Lyumyer qardaşları eləcə həyatdan müəyyən epizodları kamera vasitəsilə fiksə edib, bu görüntüləri pərdədə əks etdirdilər. Sonra Melies kameranın illüzior tərəfini kəşf etdi və teatr sənətindən bəzi fəndləri kinoya uyğunlaşdırdı. Beləcə, kinonun dünyasına ssenari, səhnə, makiyaj, kostyum, dekor kimi elementlər daxil oldu.

Lakin hələ kinonun gücü tam ortaya çıxmamışdı. Səhnələrin xronologiyası var idi, amma hələ struktur məsələləri, zaman-məkan söhbətləri, kameranın hərəkəti, rakurslar və s ortalıqda yox idi. Kinonun öz daxilində güc tapması əsasən amerikanlarla, xüsusən də Porter və Qriffitlə reallaşdı. Onlar teatrın ənənəsinə söykəndikləri üçün çox təbiidir ki, Aristotel estetikası əsasında kino dilini yaratmağa başladılar.

Kinoya xas təhkiyənin inkişafı Edvinq Porterin adı ilə bağlıdır. Onun 1903-cü ildə çəkdiyi "The life of an American Fireman" (“Amerikalı bir Yanğınsöndürənin həyatı" filmi kinoda ilk quruluşu olan filmdir. Bu film yatmış bir yanğınsöndürənin yuxusu ilə başlayır. Yanğınsöndürən yuxusunda bir ana-balanın təhlükədə olduğunu görür, sonra yuxudan oyanır. Yanğınsöndürənlər tez hazırlaşırlar, at arabalarına minib yanğın yerinə gedirlər. Sonra Porter bizə yanğın yerinə aid görüntülər göstərir. Bu yolla gərginlik, konflikt yaranır, yanğınsöndürənlərin yanğın söndürmək cəhdləri gərginliyi maksimum səviyyəyə qaldırır. Və sonda ana-bala xilas edilir.

Uzun metrajları kinoda özünə yer eləməsi Devid Qriffitin "Bir millətin doğuluşu" ( “The Birth of a Nation”) filmi ilə başlayır. Bu film sayəsində kinoda dramatik təhkiyə yetkinləşir. Sonralar çəkilən uzun metrajlı filmlər bu filmin təhkiyə modelini örnək götürüblər. Qriffitin filmlərindən "son anda xilas olma" çoxdur.

Klassik dramlarda olduğu kimi onun filmlərində də hadisələr bir dalana dirənir, düyünlənir və sonra qəhrəmanların cəhdləri ilə düyün çözülür. Sonda yaxşılar qazanır. Qriffit kinosunda tamaşaçının hisləri ilə manipulyasiya etmək instinkti var. Tamaşaçı özünü ekranda gördükləri identifikasiya edir və duyğudan duyğuya düşüb, katarsis yaşayır. Qriffit özü belə deyirdi: " Gəl və böyük təcrübəni yaşa ! "

Porter və Qriffitin başçılığındakı Aristotelçi kino estetikası Sovet kinosuna da yoluxdu. O dövrün məşhur kinematoqrafları Kuleşov, Pudovkin Qriffitdən təsirləndilər. Eyzenşteyn nə qədər fərqli bir estetika yaratmaq istəsə də "Potyomkin gəmisi" kimi ən məşhur filmində belə Aristotelçiliyə sadiq qaldı.

Əvvəlcə teatrda rejissor olan Eyzenşteyn sonradan teatrın məhdud tərəflərini görüb kinoya keçir və bunu belə ifadə edir: "Araba aşıb parça-parça oldu və sürücüsü kinoya düşdü." Eyzenşteyn kinoda məsələnin konflikt olduğunu demişdir. Bu düşüncəsilə Kuleşovdan və Pudovkindən ayrılmışdır. Bu ayrılıq onun yapon heroqliflərini araşdırmasının nəticəsində olmuşdur. Hər hansı bir şeyi ifadə edən iki fərqli heroqlifin birləşməsi üçüncü mənanı ifadə edir və başqa anlayış ortaya çıxır. Məsələn, suyun rəsmi ilə gözün rəsmi "ağlama" mənasındadır, qapı rəsminin yanında qulaq rəsmi "qulaq asmaq" deməkdir.

Kinonun erkən dönəmində Aristotelçiliyə ilk həqiqi etiraz edən, klassik dramın qaydalarına nifrət edən Dziqa Vertov olmuşdur. Dramatik əhvalatları və ona ram olan kinematoqrafik perspektivləri inkar edən Vertov, filmlərini dokumental bir dillə qurdu, baş yerə kameranı qoydu, illüzior effekti qırdı, tematik, lakin süjetsiz filmlər çəkməyə çalışdı.

Sonrakı illərdəki ən inkarçı mövqe təbii ki, neo-realistlərdən (əsasən Rosselindən ) təsirlənən fransız "Yeni dalğa"çılarından gəldi. Aristotel estetikasına qarşı çıxan, Brext estetikasını kinoya gətirən bu şəxs sonrada əfsanəyə çevrilən Jan Lyuk Qodar oldu.

Nazan Öncelin mahnısı bitdiyi deyə Qodar haqqında yazmaq başqa yazıya qaldı. Gedim, mahnı axtarım...

# 4816 dəfə oxunub

Müəllifin son yazıları

# # #