Gözü yaşlı qoşmalar

Gözü yaşlı qoşmalar
18 yanvar 2016
# 12:10

Kulis Qəşəm Nəcəfzadə “Gözü yaşlı qoşmalarım var mənim” məqaləsini təqdim edir.

(Mücirəddin Mübarizoğlunun şeirləri haqda)

Mücirəddini bir dəfə də olsun görməmişəm. Şeirlərini internet səhifələrində oxumuşam. Mənə elə gəlir ki, o, ucsuz-bucaqsız bir çöldə tək yaşayır. Onun haqqında təsəvvürüm ancaq şeirindən və şəklindən başlayır. Şəkillərində də ancaq özü olur, özündən başqa heç kim. Elə bil adam tapmır şəkil çəkdirməyə. Şəkillərin bəs kimi çəkir, o maraqlıdır?

Mücirəddin Mübarizoğlu Beyləqanın Eyvazlılar kəndindədir. Fermada olur. Çobandır. Təsəvvür edin: çoban və internet. Yeni texnologiya və çoban həyatı, qoyun mələşməsi, it hürşməsi, saytlar, feysbuk, kəlin qoyun, oğursaq quzu, kətəməz, bulama, sərbəst şeir, arxac, çəhlim, örən, xam və W hərifi.

Mücirəddin çəmənləri, küləkləri, ilan mələyən çölləri, ilan kimi darıxan adamları yaxşı tanıyır. O, yaxşı bilir küləkləri neçə oxumaq olar və ya küləklər atın yalmanını necə dağıdır, cin atın yalmanını necə hörür və atları çaparaq necə yorur?

Uşaqlıq illərin de, necə keçib,
Dizində yamağın heç olubdumu?
Qarğıdan, qamışdan mindiyin atın,
Söyüddən çomağın heç olubdumu?

Açmısan itləri, bir köç keçəndə,
Səni yanıyıbmı köçdə keçən də?
Dostlar çağıranda, sən çay içəndə,
Pörtdənən damağın heç olubdumu?

Bu şeir nə qədər sadə, səmimi və aydındır! Təndir çörəyinin qoxusunu xatırlatdı mənə. Dizdə yamaq, qarğıqdan, qamışdan at, söyüddən çomaq, pörtdənən damağ - hamısı uşaqlıq xatirələridir. Uşaqlar məni oynamağa çağıranda, tələsdiyimdən nənəmin süzdüyü isti çay damağımı o qədər pörtdədib ki... Məncə, şairlik ən çox uşaqlıq xatirələrini yaşatmaqdan başlayır. Kimin uşaqlıq xatirələri canlı və güclüdürsə, şeirləri də ürək oxşayan olur. Kimin şalvarında yamaq, əlində söyüddən çomaq, qarğıdan tütək, qamışdan atı olubsa, o, heç vaxt adam öldürməz, heç kəsi aldatmaz və satmaz. Şair dostuma kiçik bir ərk: heç vaxt söyüddən çomaq olmaz. Amma burası da var ki, Mücirəddin aran uşağıdır, Qarabağ müharibəsi olmasaydı, zoğal meşələrimiz yağılar tərəfindən işğal olunmasaydı, zoğal ağacından özünə çomaq düzəldərdi. Bir də bu, uşaq xatirəsidir axı...

Mücirəddinin bu saat ayağının altı şeirlə doludur, hansına əl atsa, gözəl bir qoşmadır. Əlbəttə, ayaqda olanları tapan başdır. Ayağına dolaşan kətiyən, sirkən, yovşan, qarağan, quşotu çöllərin qoşmalıdıdır, hamısın qafiyəsi külək, yaxınlıqda ötən bildirçin gəraylıdır - qafiyəsi kərmə sobasının altında xoruldayan ala- bula pişik, tullana-tullana qaçan dovşan gözəl bir uşaq şeiridir- çarpaz qafiyəsi ağzı qara itlər, kənarda gövşəyən dəvə qıfılbənd -açması yanında xumarlanan mayası, balaca ala-bula ayaqlarını yerə qoyub anasını əmən quzu təcnisdi - qafiyəsi təpəl, anasını axtaran oğursaq quzu qürbətdi - qafiyəsi inək südündən olan əmiziklər, bir sözlə, bəxtəvər Mücirəddinin başına bütöv bir ədəbiyyatın içində yaşayır. Yoxsa nə var şəhərdə, hər tərəf örən. Bu “örən” sözü Mücirəddinə çox yaxşı tanışdı, ona görə yazdım ki, turş almanı dişləyən kimi bir az da qımışsın.

Mücirəddin təbiəti yaxşı duyur, hiss eləyir. Amma gördüklərinə ad qoya bilmir. Çölləri diksindirən külək onun şeirlərində əsəbdir. Amma şair heç vaxt bu hissin əsəb olduğunu bilməyəcək. Gülləri, otları yerdən dartıb çıxaran aprel günəşi - eşqdir. Mücirəddin eşq deməyəcək bunun adına, sadəcə deyə bilər: yağışlar yağdı, bu il göylük oldu. Heç bilməyi də gərək deyil, sadəcə deməyi lazım.

Vətənimə atılan top düş, mənə,
O dağların ətəyinə düşmə nə.
Çiçəklərim əsir düşüb düşmənə,
Ona görə şirə çəkir az arı.

Qara saça düşüb ağ-ağ özgə dən,
Dağlar, səni yada satdı öz gədən.
Mücirəddin, hay gözləmə özgədən,
Yad yanında az inildə, az zarı...

Maraqlıdır, Mücirəddin təcnislərə meyl edir, uğurlu misralar, cinaslar tapır. Bu da onun elat şairi olması ilə bağlıdır. O, köhnəliyə təzəlik qatmaq istəyir, qatığa süd töküb koramaz düzəldir. Bu, bəzən yaxşı alınır, bəzən alınmır da. Yuxarıdakı təcnis də əsas iş ancaq cinasları (Çoxları elə bilir) tapmaqdan ibarət olub. Amma şeir hələ tapılmayıb. Hər halda bu cəhdlər mənim çox xoşuma gəlir.

Bir dəfə internetdə Beyləqana çox yaxın olan Şirinqumdan bir şəkil paylaşdım, yovşanların üstə uzandığım halda. İlk rəy Mücirəddindən gəldi, elə beləcə də yazdı: “Bura bizim yerin yanıdır”, yəni o saat yovşanın quruluşundan tanıdı. Bir rəy də mən yolladım: “Axşam-axşam bizim xamı otarma.” Bütün bu dediklərimin kodunu Mucirəddin çox gözəl bilir, çünki o çöl balasıdır.

Amma mən nə istərdim Mücirəddindən? Çöl həyatını şeirə gətirmək. Qaşqa at, səkil at və it, öyəc, yəhər, quşqun, sinəbənd, tapqır, kərmöşo, cilov, quşnu, əyin, çətən, çəhlim, ağıl, arxac, dəlmə, döllək, buruq qoç, maya, suluq, bağırbeyin, qulan və başqa çölçülüklə bağlı elementləri şeirə gətirsin, qıfılbənddi bu sözlərlə bağlasın, açması da “Qəşəmin boynuna”. Təkcə mənim yox, türk təfəkkürünün etnoqrafiyasının cizgilərini çəksin, unudulan sözlərə həyat versin, oxuyanları çox olacaq, buna ehtiyac var. Şair çöldən, el-obadan uzaq düşəndə aşağıdakı vəziyyətə düşür eynən.

Bu huşsuz başımda kədər qoz qırır,
Qəmlər barmağına dolayır məni.

Demirəm ki, Mücirəddin eldən uzaq düşüb. Xeyr, şair dostuma deyərdim ki, bir anlıq şeir yazmazdan öncə, gecə çölə çıxsın, həm qoyunları sidikləsin (özü bilir nə deyirəm), həm də çaqqalların vəkkilləməsinə qulaq assın, çölü başdan-başa dinşəsin, çölə çöksün, ac canavarın boz üzünə vaqif olsun. Mənə elə gəlir hər sürünün yanında bir axsaq canavar olur, ulduzlara baş vurub uzaqda səyriyən kəndin işıqları ilə kipriklərini qoşalaşdırsın, orda işıqların birinin altında sevdiyi qızın mışıl-mışıl yatdığını düşünsün, qaranlığın üstünə yeridiyini anlasın, gözünün birini qıysın, bax, onda “ey dili qafil” kəlməsini eşidəcək və yer kürəsinin hərəkətini hiss eləyəcək. Onda gedib ilk misrasını başlasın.

O boyda çöldə yaşayan Mücirəddin içində yorulmuş bir şəhər var. Misraya baxın.


İçimdə söküntü işləri gedir

və yaxud

Axrıma çıxan qız, yoluma çıxmır

Mən şəhərdəyəm, içimdə geniş bir çöl var, Mübariz çölün içindədir, işində söküntü işləri gedən bir şəhəri daşıyır. Artıq bundan sonra sənətkarlıq məsələləri gəlir, bu da nədən yazmaq və necə yazmaq məsələlərini ortaya qoyur. Mücirəddin ayrı-ayrı misralarda qəfil özünü göstərir, yerini nişan verir, sonra yoxa çıxır. Çobanaldadan yağış kimi - Mücirəddin bilməmiş olmaz - qəfil yağış yağır, bir dəqiqədən sonra qıpqırmızı gün çıxır. Çobanın hazırlığı özünə qalır. Aşağıdakı misralarda əsl şairin ürəyi döyünür.

İlana dönürəm mən, darıxanda

***

Darıxan sözünə bax, darıxanda

***

Səhəngini endir yerə su içim

***

Gözü yaşlı qoşmalarım var mənim

Mücirəddinin elə şeirləri var ki, səmimiyyətdən aşıb-daşır. Bu da o zaman olur ki, özünə yaxın olan, uzun müddət baş-başa qaldığı mövzuları qələmə alır. Onun əsgər qardaşına yazdığı şeir çox təbii və inandırıcı hisslərin məhsuldur.

Bizdən ötrü darıxırsan bilirəm,
Həsrətinə qurban olum, a qardaş.
Vətən ana, qaytar ana borcunu,
Xidmətinə qurban olum, a qardaş.

Hər an fikrim yanındadır unutma,
O libası soyunmağa can atma.
Səbirli ol, göz yașını axıtma,
Möhnətinə qurban olum, a qardaş.

Mən bir şeyi hiss edirəm ki, Mücirəddinin hökmən bir maqnitofonu var, həmişə yanında olur, qoyuna gedəndə, at minəndə ona qulaq asır. Çoxlu kasetləri var, şübhəsiz ki, bu da mərhum şairimiz Alqayıtın kasetləri olmalıdır. Mənə elə gəlir ki, Mücirəddinin mütaliəsi ancaq bu cür dinləmələrdən ibarət olduğu üçün bəzən fikrini sərbəst ifadə eləməkdə çox əziyyət çəkir. Amma nə olur-olsun, onu heç vaxt tərk etməyən səmimiyyəti hər şeydən birinci olur.

Kökləyirsən gecə-gündüz o sazı,
Ağrın alım, baş aparan olma də.
Yana-yana bir havanı sonacan,
Çalammırsan, nə məcburdu, çalma də.

Bir səs gəlir, bulud kimi dolursan,
Pəncərədən xəyallara dalırsan.
Yarı yolda özgə hava çalırsan,
Bir də onu sən əlinə alma də.

Mən o çöllərdə ürəyimi qoyub gəlmişəm. Ona görə Mücirəddini çox istəyirəm. O, mənim çöllərdə yatmış addım səslərimi oyadır. Amma...

Bəlkə də, indi məni sevindrən düyğular şair dostumu bezdirib. Yox, belə də düşünmürəm. Bir dəfə internetdə xəsillik deyilən bir otlaq sahəsində qəşəng sarıkürə bir qoyunun şəklini paylaşıb altından yazmışdı: “Şirinim”. Mənə elə gəlir bu şəkil ən gözəl şeiri idi. Bir dəfə də şair dostumuz Nuranə Nurun adını çöl çiçəkləri illə çölün sinəsinə yazmışdı. Demək, hər şeydən öncə şeir həm də şəkil ifadə edir. Yeri gəlmişkən və şəkil demişkən, Mücirəddin o günü Bakıya gəlibmiş, Nuranə Nurla Azərbaycan Yazıçılar Birliyində şəkil çəkdirib, gedib.

Mücirəddin Mübarizoğlunun gəzdiyi torpaq böyük və qədim şairimiz Mücirəddin Beyləqaninin vətənidir. Çöllərdə baş qaldıran lalələr böyük şairin ruhundan xəbərdardır. O lalərin yanında Mücirəddin gördüklərini və düşündüklərini qələmə alır və çox vaxt istədiyinə nail olur.

Bu gecə qəribə yuxu görmüșəm,
Bir qadın beşikdə yelləyir məni.
Elə ağlayıram kiridə bilmir,
Götürüb belinə şəlləyir məni.

İstədim yuxunu mən gerçək sanam,
Gördüm üşüyürəm, az qalır donam.
Sən demə səsimə oyanıb anam,
Mücirəddin deyir, səsləyir məni.

Nə gözəl şeirdir! Ruhumu oxşadı bu şeir. Yorulmuş könlümə taqət verdi. Bu an Mücirəddin yanımda olsaydı, şeh düşən alnından öpərdim. Anamız bizi o qədər belinə şəlləyib ki... Ən isti beşiyimiz anamızın yun ədyalla bizi belinə şəlləməyi olub. Tibbi baxımdan da əhəmiyyətlidir bu.

Mən şair dostuma ürəklə deyirəm: Mücürəddin, biz səni çox istəyirik. Darıxma. Həmişə darıxanın (mənim) sözünə bax. Maqnitofonun daşlarını dəyiş. O lenti yavaş fırladır. İçində olduğun çölü yavaş-yavaş yaz. Unutma ki, qaşqa atınızın alnındakı ağın qafiyəsi qarağanın altında günortayacan qalan bir ovuc qardır. Atınız otlayan zaman başını qarağanın dibindəki qara batırıb.

Vəssalam hadisə belə baş verib, yaz!

# 3098 dəfə oxunub

Müəllifin son yazıları

# # #