Ramiz Rövşənin qəddarlığı - Qəşəm Nəcəfzadə yazır...

Qəşəm Nəcəfzadə, şair

Qəşəm Nəcəfzadə, şair

11 yanvar 2022
# 09:50

Böyük rus şairi, ”Rusiyada şair olmaq şairlikdən böyükdür deyən” Yevgeni Yevtuşenka Kanadada ömrünün son günlərinə yaxın bir saata qədər Moskva televiziyası ilə sevgi şeirlərini oxudu. Sevgi şeirləri 84 yaşını haqlamış şairə elə gözəl yaraşırdı ki...

Boynuna-buxununa, saçına, əlinə səsinə hislər, duyğular elə tökülüb yayılırdı ki, sanki şairi dünya üçün yenidən aydınladırdı. Hiss edirsən ki, şair bu şeirləri elə indicə, 84 yaşında yazıb. Sevdiyi qadın Bella Axmadulinanın əllərindən tutub səmada, buludların altından keçərək ayaqlarını bəyaz dumana astaca batıraraq yaşıl bir vadidə addımlayır. O, öz Bellası haqqında deyir: “Bella cənnət quşu kimi insanı heyran edir, baxmayaraq ki, əynində “Bolşeviçka” fabrikinin boz kostyumu, adi səndəlləri var.”

Günlərin bir günü xalq yazıçısı Anar Yevgeni Yevtuşenkonu Amerikadakı kiçik evində hazırlanan televiziya reportajlarının birində görüb “Zamanın amansız üzü” yazısında onu belə xatırlayacaqdı:

“Şairin özünü tanımaq çətindi: üz-gözü qırış-qırış, boğazı sallanmış, başı dazlaşıb, gözləri sönük, səsi boğuq. Halbuki vaxtilə Yevtuşenkonun harayı ilə camaat stadionları doldurar, Moskvadakı Mayakovski meydanında gurultulu səsilə saatlarla söylədiyi nitqləri dinləmək üçün minlərlə pərəstişkarı toplaşardı. Ucaboylu, düz qamətli, üzünün mənalı ifadəsi ilə Yevtuşenko öz şeirlərini hafizəsilə və böyük ustalıqla, bənzərsiz tərzdə oxumaq qabiliyyətilə təkcə müasirləri arasında yox, bəlkə də bütün zamanların ən çox sevilən rus şairi olmuşdu”.

Bu cür qocalmış Yevgeni Yevtuşenko sevgi şeirlərini oxuyanda isə onun yaşı, sallanmış boğazı, bükülmüş beli, uzun arıq əlləri əsla adamın ağlının ucundan belə keçmir. Hislər, duyğular onun bədənindəki bütün boşluqları doldurur, şairi şeirdən, şeiri şairdən ayırmağa çətinlik çəkirsən, elə bilirsən ki, əvvəldən belə olub, beləcə də doğulub.

Bəs Ramiz Rövşən necə?

Mən Yevgeni Yevtuşenkonu Ramiz Rövşənə görə xatırladım. Ramiz Rövşən flarmoniyada keçirilən yubileyində, vaxtı ilə yazdığı sevgi şeirlərini oxuyanda az qala camaatdan üzr istəsin. Dönə-dönə deyir ki, mən bu şeirləri gənclik yaşlarımda yazmışam. Şair sevgi şeirlərindən niyə utansın ki? Sevgi şeirinin yaşı varmı? Məmməd Araz deyirdi ki, ana itirmişəm ana yaşında. Şairin, şeirin, sevginin yaşı olmur axı. Bəs niyə Yevgeni Yevtuşenko sevgi şeirlərinə görə üzr istəmədi?

Ramiz və Ramizsevərlər məndən inciməsin. Ramizin mahiyyətini mən çoxundan yaxşı bilirəm. Onun bir neçə şairin kitabına yazdığı ön sözü oxumaşam. Bilirəm ki, onu üzdən-gözdən salıblar. Olsun. Yazdığı ön sözlərin heç birində predmet yoxdur. Niyə şair həm özünü, həm oxucunu, həm də ön söz yazdığı şairi aldadır. Onun görünməyinə səngər olur. Görünsün, amma görünmək üçün ön söz yazdığı şairdən bir fakt ortaya qoysun. Yaxşı, ya pis. Sadəcə, xeyir dua, böyür-baş, arzu - istək, mütaliə - zad deməklə iş bitmir. Vaxtı ilə Məmməd Araza ön söz yazdırmaq dəbə düşmüşdü, indi də Ramiz Rövşənə ön söz yazdırmaq yarışı gedir. Predmetsiz, faktsız...

Başqa bir məqam: Ramiz Rövşənin “imperiyası” altında şar olmaq çətindi. Çünki Ramiz qəddardır. Gözəl şair kimi. Bir dəfə gənc şairlər Ramizdən müsahibə almağa getmişdilər. Görüşdən sonra etiraf edirdilər ki, Ramizdən sonra şeir yazmağa dəyməz. Amma Ramiz Rövşən Ələkbər Salahzadə haqqında deyirdi ki, Ələkbər şairlər içində şairdir. Bəs niyə həmin gənclər Ələkbərdən çəkinmirdilər, az qala ona şeir yazmağı öyrətsinlər. Çünki Ələkbər şair kimi (istedad) qəddar deyil, oxucuya məğlub olandı.

Yenə başqa bir məqam: Niyə xeyli sayda şair Ramiz Rövşəni yamsılayır? Ona görə ki, Ramizə, onun şeirinə vurğundular, aludədilər. Olsun. Amma Ramiz sevmək yox, öyrənmək gərək. Adam öyrənəndə yamsılamır, sevəndə imitasiya edir.

Epiloq: Niyə Ramiz Rövşən 70 illik yubileyində sevgi şeirinə görə üzr istədi? Bəlkə buna görə:

Eşitsəm adımı sevən bir qızın,

Hələ öpülməmiş dodaqlarından,

Bu yaz gecəsində ölməyə nə var?

Bəlkə Ramiz haqlıdı, 23 yaşında yazdığın şeiri 70 yaşında oxumaq ayıbdı. Düzdü? Bəs Yevgeni Yevtuşenko? Yoxsa şair bu şeiri yaxşı yazmayıb. Yaxşı yazsaydı, yüz yaşında da oxuya bilərdi. Bəlkə də əla şeirdir. Bəs problem nədir?

# 7674 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #