Əli bəy Hüseynzadənin son yadigarı

Əli bəy Hüseynzadənin son yadigarı
8 aprel 2017
# 19:36

Kulis.az Qəşəm NəcəfzadəninƏdəbiyyatın ünvanı” adlı essesini təqdim edir.

Ədəbiyyatşünas alim,

“Əməkdar müəllim”

professor İmamverdi Əbilovun

unudulmaz xatirəsinə

Neftçalada bir ədəbiyyat ünvanı vardı: İmamverdi Əbilov ünvanı. Ədəbiyyatımızın tanınmış simaları bu ünvanın qapısını həmişə ərklə, ürəklə açıb, dostluq, qardaşlıq, türkçülük haqqında əbədi səlnamə yaradıblar. Onun ünvanı Neftçalada bir dayancaq, bir ümid, bir simsar yeri idi. Bir hovur dincəlmək, türk olduğundan qurur duymaq yeriydi bu ünvan. Dayanacaqlar həmişə səfərlərdə mühüm rol oynayır. Burda dayandınmı, bir az sonra daha böyük səfərlər başlayır.

Səməd Vurğun keçib bu yerlərdən, onun şeirlərini dinləyib, xeyir-dua verib. Səməd Vurğun xeyir-duası vardı bu ünvanda. Necə ki, Səməd Vurğun Kəlbəcərdə Aşıq Şəmşiri kəşf elədi, elə də Neftçalada İmamverdi Əbilovu. Rəsul Rza, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Xəlil Rza Ulutürk, İsmayıl Şıxlı, Qabil, Zəlimxan Yaqub və neçə-neçə başqaları bu ünvanı tarıxin əbədi və ədəbi yaddaşına çevirdilər.

O, bütün həyatını Neftçalada yaşadı. Subut elədi ki, mərkəzdə yaşamadan da böyük adam, alim, tədqiqatçı olmaq mümkündür. Şöhrəti ilə Neftçalanı mərkəzə çevirdi. Bölgəsinin dilini, şəhdi-şirəsini, folklorunu bütün dünyaya tanıtdı. "Rəsul Rza", "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rzı", "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı, Rəhmət duası", "Ömrün anları", "Əsrlər... nəsillər... əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" və "Ömrün və elmin romantikası" kitablarını yazdı. Əsərlərinin 15 cildliyi nəşr olundu. 800-dən yuxarı elmi məqaləsi işıq üzü gördü. “Əməkdar müəllm” adına layiq görüldü. Professor adı aldı. Dünyanın bütün nöqtələrinə yazdığı məktublar Azərbaycan ədəbi dilinin zənginliklərini, atirələrini, ədəbi-tənqidi görüşlərini, dövrün ədəbi estetikasını özündə saxlayır. İndi bu məktublar ədəbiyyat tariximizdir, öyrənilməyə tədqiq edilməyə böyük ehtiyac var.

Xatirə institutu idi İmamverdi Əbilov, eynən Əziz Şərif, Qulam Məmmdədli kimi.

Bu xatirə institutunda oxumaq nə gözəl! Əli bəy Hüseynzadənin son yadigarıydı İmamverdi Əbilov. Ordan başlayırdı milli düşüncəmiz, mənəvi saflığımız, ədəbi- bədii, tarixi həqiqətimiz.

Həmişə o ünvana getmək istəmişəm. Gecələrin bir gecəsini o ünvanda gecələmək, səhərlərin bir səhərini o ünvanda açmaq istəmişəm. Ancaq həmişə yol uzanıb, zaman daralıb. Mən getdikcə o ünvan da bir az uzağa gedib. Getmişəm gedib, dayanmışam dayanıb... Və günlərin bir günü ilıq 9 aprel günündə Rəsul Rzanın ölümündən 8 gün sonra o ünvan gedişini dayandırdı. Mən o ünvana çata bildim. O zaman ki mən Neftçalaya çatanda oğlu Azər artıq tabutun altına çiyinlərini vermişdi. Azərin gözləri mənə dikildi. Gəlişimə inanmamışıdı, yəni baş verənlərin gerçəkliyinə. Azər doğmalarını axtarırdı. O, doğmalarında atasının sağlığına inanmaq istəyirdi. Mənə elə gəlirdi ki, Azər atasının tabutunu çiyinləri ilə deyil, gözləri ilə aparırdı. Bütün ağırlığı çiyinləri, əlləri ilə deyil, gözləriylə çəkirdi.

Tabuta əl qoymağa yer yox idi. Əllər tabutun altında birləşmişdi. Ayrı vaxt ayrılan əllər tabutun altında necə də bir-biri ilə mehriban idilər. Mənə elə gəldi ki, insan yox, “böyük bir ünvan” aparırdılar əbədi ünvanda dəfn etməyə. Əbədi ünvana bir tabut şeir, bir tabut məktub, bir tabut xatirə aparırdılar. Səməd Vurğunun sonuncu xatirəsi gedirdi çiyinlərimizdə. Dünyada ən çətin şey xatirələri dəfn eləməkdi. Azər bunları düşünürdü, gözləri yol çəkirdi. Mənə elə gəlirdi ki, Azərin əllərinin üstünə göyərçin qanadı kimi bir əl qonur: qoy mən də... Sonra başqa bir əl, sonra əllər, çiçəklər kimi baş qoyurlar tabutun ağırlığına. Ağırlığı və ağrıları azaldırlar bir az.

Hə, mən hiss elədim Səməd Vurğunun, Rəsul Rzanın, Abbas Zamanovun əlləri idi tabutu bir az da yuxarı qaldıran, Azərin çiynindəki ağrını bir az da uca tutan.

Azər kövrələ-kövrələ deyir: Əli Bəy Hüseynzadəni ilk dəfə atam mənə tanıtmışdı. Bu sözü Azər “xatirə və ədəbiyyat ünvanı” məzara qoyulanda dedi. O zaman ki, hələ qəbir tam örtülməmişdi, bir qarış açıq yer qalmışdı, hələ qapanmayan, son dəfə işıq düşən bu yerdən gözlərimi çəkmək istəmirdim. O anı yaddaşıma yazmaq istəyirdim. Kimsə bir bel torpağı o boş yerə tökmək üçün hazır dayanmışdı, Azər o anda bu sözü dedi. Və mənə elə gəldi ki, eşqlərlə dolu bu söz elə o açıq yerdən məzara düşdü və əlində bir bel torpağı havada hazır saxlayan kişi o boş yeri ötrdü.

Həmin torpağın altında ilıq aprel günəşinin bir şəfəqi, Azərin son sözləri və bir udum hava qaldı və həyat bitdi. Sonra xatirə və ədəbiyyat universteti öz tədris fəslinə başladı. İmamverdi Əbilov dərsi. Geri qayıdanda bir də dönüb İmamverdi Əbilovun əbədi ünvanına baxdım. Elə bil başdaşı qara qələm idi, yenicə qələmdana qoyulmuşdu. Dincini alırdı. Bir azdan başlayacaqdı...

# 2359 dəfə oxunub

Müəllifin son yazıları

# # #