...Sonra isə aramız dəydi.
Elçin İsgəndərzadənin 20 il bundan qabaq bir maşını vardı, qırmızı rəngdə. Elçin də qırmızı zolaqlı köynəkdə, özü də Gəncədə.
Tez-tez görüşürdük. Minirdik qırmızı maşına, düşürdük şəhərin canına. Gənc, bir az da dəcəl oğlan təsiri bağışlayan Elçinin içində ağıllı, ağsaqqal, müdrik bir insan vardı. Onda Elçinin vaxtı bol idi. Vaxtı bol olanlar həmişə gözəl insan olurlar.
Sonra mən kənddə yaşadım. Məktubların müqəddəs vaxtıydı. Elçinlə həftədə iki dəfə məktublaşırdıq. Əsasən, bir-birimizə təzə şeirlər göndərirdik, fikirlər söyləyirdik, nəzirələr yazırdıq. O vaxt Elçin mənim “Şairin bəxti” şeirimə nəzirə yazmışdı,
əlyazması indi arxivimdədir. Mən o şeiri sonralar kitabımda nəşr etdirdim.
Sonra aramız yenə dəydi...
Elçinin Gəncə həyatı dəqiqliyi ilə yadımdadı. Şəhid şairimiz Nizami Aydın dostumuz idi. Onunla demək olar ki, hər həftə görüşürdük. O vaxt Bakıda, mənim xahişlərimə baxmayaraq, Nizami Aydını çap etməyənlər indi ona şeir həsr eləyirlər. Elçin də bunu bilirdi. Amma Elçin Nizaminin xatirəsinə çox böyük işlər gördü. Gözəl şair dostumuz, millət vəkili Musa Urud, Qərib Mehdi nəinki Nizami Aydına, bütünlüklə Gəncə ədəbi mühitinə dayaq durdular.
Elçin xeyirxah bir insandı. Nə qədər şair və yazıçılarımızın kitablarını öz hesabına çap eləyib. Gənclərə hər il Şahmar Əkbərzadə mükafatı verir. Özü də mükafatın pulu da var.
Elçinlə danışmaq, ünsiyyətdə olmaq hər gün mütaliə etmək deməkdir. Çünki Elçin başdan-ayağa kitabdır.
Sonra yenə aramız dəydi...
Dünyanın az ölkəsi olar ki, Elçin orada olmasın, ədəbiyyat tədbirlərində iştirak eləməsin. Və bu tədbirlər Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaqdır.
Lap əvvəllər onun iki sevdiyi şair vardı Azərbaycan ədəbiyyatında. Biri rəhmətlik Adil Mirseyid, biri də mən. Sonra məni pozmaq istədilər yaddaşından. Bir az da nail oldular. İndi bilmirəm yaddaşında varam, ya yox. Amma Elçin hər kəsin qiymətini bilən adamdır. Bilirəm ki, məni ona hər gün pisləyirlər.
İki şeir yazmışam Elçin İsgəndərzadəyə. Biri “Qarabağ şikəstəsi”dir. Elçinə deyirlər ki, Qəşəm niyə sənə belə mənasız şeir həsr eləyib? Elçin də gülüb. Gör, bədbəxtlər nəyə əl atırlar.
Sonra yenə aramız dəydi...
Ailəlikcə Elçingildə çox olmuşuq. Onlar da bizə gəlib. Xeyli söhbətlər etmişik, xeyli də gülmüşük.
Elçin tanınmış alimdir. Amma bu, bəzən onun şairliyini unutdurur. Bu hal bəlkə, dostlarının çoxunun vecinə deyil, amma mən şair dostuma qıymıram. Elçin bizim çox dəyəli şairimizdir, ziyalımızdır. Elçində həyat eşqi çox güclüdür. Əli Kərim demiş, o, daim səfərdədir.
Elçin koloritli adamdır. Süfrəsi daim dost üzünə açıqdır. Əməyini itirənlər də var. Ona yarınıb işini keçirdənlər çoxdur. Elçin bunların fərqində deyil. Onun yaxşılığı təmmənasızdır.
Sonra yenə aramız dəydi.
Yenə aramızdan adamlar keçdi.
Bakıda ayrıldıq, Gəncədə birləşdik. Hər ikisində ayrılanda Şuşada barışdıq. Bizim ailə dostluğumuza bir “Əli” adı da əlavə olundu. İndi aramızda bir and yeri var: “Əlinin, Kəramətin canı üçün”.
Aramız yenə dəydi, aramızı “dəydirən” içimizdəki bütövlükdür. Aranın dəyməyi həm də dostluğun keyfiyyətli olmağına işarədir. Kimsə dişini dişinə sıxıb heç vaxt, heç kəslə aranı pozmaz, elə beləcə dolanar, Elçinin, Qəşəmin gözünün işığı olar. Amma bizdə belə olmadı. Həmişə aramız dəydi. Axırda 50 yaşımızda özümüz dəydik və nə yaxşı ki, dəydik!
Qarabağ şikəstəsi
Şair dostum Elçin İsgəndərzadəyə
Bakı şəhərində
Yazıçılar Birliyində,
Vətənimin yanında
Vətənimin önündə,
Ayə, ölürəm mən.
Özü də yaman ölürəm
Sevgili canan ölürəm.
Əzizinəm restoran, Şuşa
Qayası sementlə qayırılan, Şuşa
Sementin köhnəymiş nəymiş,
Daşından bir parça qırılan, Şuşa
Adın olan yerə Şuşa deməzlər,
Havan olan yerə Şuşa deyərlər.
Ayə, ölürəm mən,
Dağda duman ölürəm
Qardaş, yaman ölürəm
Əzizinəm məktəb Şuşa, aptek Şuşa, salon Şuşa
Kitab Şuşa, şeir Şuşa, roman Şuşa
Ayə, mənim Şuşamı hər şeyə bənzətməyin
Mənim Şuşamı bu qədər kiçiltməyin, ayə.
Qoyun Şuşam qalsın Şuşalığında
Qoyun Şuşam qalsın şüşəliyində,
Ayə, ölürəm mən
Sənə qurban ölürəm,
Dəli ceyran ölürəm.
Əzizinəm tar çalan pulu gözlər
Pul pulu gətirər, pul pulu gözlər
Gözlərin şahı diz çökdürərdi,
Gözlərin bu axşam borc pulu gözlər.
Ayə ölürəm
Sonam ölürəm
Anam ölürəm
Sənə qurban ölürəm.
Heç demirsiziniz niyə ölürəm?
Tüfəngim pas atıb ona görə ölürəm,
Buna görə ölürəm
Ona görə ölürəm
Sənə görə ölürəm
Cəhənnəmə ölürəm
Qara yola ölürəm
Kimin nə vecinə ölürəm.