Azərbaycan nəsrinin tarixi bir o qədər qədim deyil və bu tarixin əksər hissəsi Sovet illərinə düşür.
Bu da bir çox milli faciələrimizə dəqiq ədəbi qiymət verilməsinə mane olub.
Misal üçün, I Dünya Müharibəsindən sonra baş verən hadisələr (ADR-in qurulması, soyqırımı, bolşeviklərin fəaliyyəti, kollektivləşmə) barəsində nəsrimiz öz sözünü deməyib.
O dövrün insanlarını belə biz ancaq sosrealizmin ölçüləri səviyyəsində tanıya bilmişik.
Misal üçün, siyasi baxımdan gərgin olan o illərdə, nə müsavatçılara, nə də bolşeviklərə qoşulmayan kiçik ziyalılar haqqında heç bir əsərimiz yoxdur.
Doğrudur, indi keçmişi yazmaq üçün əlverişli mühit var, lakin həmin o yazılmalı keçmişi görən, heç olmasa eşidən adamlar çox azalıb.
Az deyil, aradan yüz il keçib.
Bu hadisələri yaxşı bilən yazıçıların, sosialist Azərbaycan yazıçılarının ilk nəslinin yazmaq şansı yox idi, indikilərin isə yazı materialı.
Əslində milli şüurunun inkişafı məhz tarixə bədii əsərlər fonunda olan münasibətlə reallaşır.
Söhbət gerçəkliyə yaradıcı münasibət göstərən əsərlərdən gedir, tarix isə tarixçilərin işidir.
Tarix elmi keçmişi öyrənmək üçün nə qədər gərəklidirsə, keçmişə ədəbiyyat işığının salınması da bu keçmişin mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Hamımızın tarix kitablarından oxuduğu deportasiya faciəsini kəskin realist boyalarla təsvir edən “Göz dağı” povestini oxuyanda ədəbiyyatın tarixi necə yaşatdığına bir daha inandım.
Məmməd Orucun birinci şəxsin dilindən yazdığı I Dünya Müharibəsindən başlayan, İran qürbətinə, ardınca amansız kollektivləşmə illərinə, sonra isə II Dünya Müharibəsindəki əsirliyə gedən povesti deportasiya ilə başa çatır.
Sovet dövrünün son illərində çap edilən bu əsər xalqın çəkdiyi məşəqqətləri bir şəxsin fonunda təsvir edir.
Qaranlıq yük vaqonlarında günlərlə yol gedib Muğanın ilan mələyən çöllərinə buraxılan bütöv bir kəndin əhalisinin həyatla mübarizəsi bizə əslində deportasiya prosesinin mahiyyətini əks edir.
Muğana göndərilmək üçün qatarlara yığılan kənd camaatının zurna-balabanla yola salınması əsərin ən tragikomik yeri olmaqla bərabər həm də Sovet hakimiyyətinin əsas mahiyyətini əks etdirir.
Amma o zurna-balabanın qarşısında ancaq partiyaçılar oynayır, başqa heç kimin ağlına gəlmir ki, kəndindən qovulduğuna sevinsin, onu nəyin gözlədiyini bilmədiyi yerlərə aparan qatara minməmiş oynayıb qurdlarını töksün.
Bu elə əsl göz dağıdır.
Amma heyvanlarla dolu olan o yük qatarında Stalinə alqış edənlər də tapılır: “Nə yaxşı ki, Stalin bizi Qazaxıstana sürgün elətdirmədi”.
Stalinin ölümü ilə başa çatan bu povest Azərbaycanın 35-40 illik qısa tarixidir.
Dünən nəzər saldığım Suren Ayvazyanın “Bizim günəşli dağlar” kitabından sonra “Göz dağı” povesti sözün bütün mənalarında əsl ədəbiyyatın nə olduğunu barədə mənə göz dağı oldu.
Suren Ayuvazyan Bakıda anadan olub, Bakı Dövlət Universitetini bitirib, Mirzə Fətəlini, Cəlil Məmmədquluzadəni erməni dilinə tərcümə edib.
Elə deportasiya olduğu illərdə Bakıdan İrəvana köçüb.
“Bizim günəşli dağlar” kitabı isə adından göründüyü kimi Ermənistanı cənnət kimi təsvir edən (hardasa "Cənnət görmək istəyən Azərbaycana gəlsin" misrası kimi), bütün problemləri partiyanın həll edəcəyinə sonsuz inam bəsləyən, hekayələrini “katib Lenin yoluyla gedən adamdır. Mənimlə yoldaş kimi danışırdı. Axı niyə də danışmasın? Yeni dünyanı ona görə qurmuşuq ki, hamı bərabər olsun... ” cümlələri ilə qurtaran bir kitabdır.
Bir tərəfdən aclıq, fəlakət, repressiya, üzəduranlıq, saxta pambıq planları, digər tərəfdən isə bu cür saxta, konfliktiksiz, vulqar sosioloji əsərlər...
Amma tarix bu cür əsərlərə göz dağı verərcəsinə olduğu kimi yazıldı.