Ürəyim hərbi qənimətlər parkına döndü... – Ramil Əhməddən yeni şeirlər

Ramil Əhməd, şair

Ramil Əhməd, şair

18 aprel 2022
# 17:00

Kulis.az Ramil Əhmədin yeni şeirlərini təqdim edir.

Son dəfə yenidən

Mən bu qara sevda cəbhəsinə
“Bəlkələr” ordusuyla gəldim,
“Kaşkilər” silahıyla yenildim...
Sən məni
bəlkə sevdin,
bəlkə sevmədin,
Bilmədim...
Mən səni “bəlkə bu dəfə” ümidiylə
məğlub olacağını bilən sərkərdənin
son döyüşü kimi sevdim, sevdalandım.
Sənə olan sevgimin çölündə şəhid oldu arzularım...
“Daha axtarmayacam” qətiyyətimə yenildim,
İçimdəki qürur imperatorluğu süquta uğradı hər gün,
Hər gün içimdə altı əsrlik xanədan çökdü...
Səndən sonra ürəyim hərbi qənimətlər parkına döndü...
Sən getdin, sən getdin
Əslində, sən heç vaxt gəlməmişdin...
Sən axı niyə heç vaxt gəlmədin?
Səni gözləməyim gözləntiyə çevrildi,
Nələr-nələr demişdin,
Dilin qəlbinin həqiqətinin lap uzağıydı,
Ey inad/kar indi dinlə məni:
Elə yorğunam,
çəkilib öz içimə
öz səssizliyimə
yəni bu meqapolis uğultusuna
heç nə qatmayan səssizliyimə,
özümdən doğmaq istəyirəm
reﺮ-elif ﺍ-mim ﻣ-ye ﻳ -lam ﻝ-ı yenidən!
Son dəfə yenidən!


Gəlmədin

Mən əlləri göylərə açılan əkinçi ümidiylə gözlədim səni,
Sən suya həsrət çöllərə yağmayan yağışlar təki unutdun məni.
Unutma məni çiçəkləri açdı bağçamın hər yerində,
Qurudu səni sevmələrin yaşıl sevdası,
Sən gəlmədin.

İrqçi bir məmləkətdə
afro-amerikan ümidləriydi bəslədiyim,
Gülüşlərim də qaraldı, dişlərim də,
Sən gəlmədin.

Ayaqlarım bezgin bədənimi daşıdı işlə ev arasında...
Yoruldum kartof və kotletlərin dünyasında yaşamaqdan…
Tənhalığıma uyğun başqa bir tənhanı axtarmaqla keçdi illər,
Telefona gömülmüş başlar metropolunda
Telefona gömülmüş bədənlər çoxluğunun virtual sancılarından usandım,
Ürəyim kimsənin keçmədiyi işıqsız bir arxa küçədir indi
Çünki
Sən gəlmədin.

Çiçəkli süfrələr açdım,
Güllü pərdələr asdım,
Sən gəlmədin,
Çiçəkli süfrələrin,
Güllü pərdələrin
Nə anlamı qaldı daha?
Soldu hamısı.
Misralarımı bölən ver/gül
Gülündən soldu...
Sən gəlmədin.


Güzgü

Güzgülər
məni göstərmir,
Mən güzgülərdə göründüyümə inanıram...

Güzgülər
səni göstərmir,
Sən güzgülərdə göründüyünə inanırsan...

Güzgülər
bizi göstərmir,
Biz güzgülərdə göründüyümüzə inanırıq...


# 5716 dəfə oxunub

Oxşar xəbərlər

“İlk”lərin müəllifi olan rejissor - Onun hansı filmi ümumittifaq efirinə çıxmışdı?

“İlk”lərin müəllifi olan rejissor - Onun hansı filmi ümumittifaq efirinə çıxmışdı?

12:20 25 mart 2026
"Bəzən şirə dönürlər, gah quzutək yatırlar..." - Coşqun Xəliloğlunun şeirləri

"Bəzən şirə dönürlər, gah quzutək yatırlar..." - Coşqun Xəliloğlunun şeirləri

11:30 24 mart 2026
Tanrım, yaxşılara tən gətir məni... - Günün şeiri

Tanrım, yaxşılara tən gətir məni... - Günün şeiri

10:30 24 mart 2026
"Kim gətirmiş adımı sоlğun dоdaqlarına?.." -Almas İldırımın şeirləri

"Kim gətirmiş adımı sоlğun dоdaqlarına?.." -Almas İldırımın şeirləri

10:00 24 mart 2026
Nə desə yaxşıdır, belin qucanda... - Günün şeiri

Nə desə yaxşıdır, belin qucanda... - Günün şeiri

14:40 22 mart 2026
21 Mart - Ümumdünya Poeziya Günüdür

21 Mart - Ümumdünya Poeziya Günüdür

13:00 21 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər