Ölümmü əzəldir, həyatmı?! - Yeni şeirlər

Ölümmü əzəldir, həyatmı?! - Yeni şeirlər
20 may 2023
# 14:30

Kulis.az Yusif Nazimin yeni şeirlərini təqdim edir.

Çox yadigar qalıb ondan

Hər şey onu xatırladır;
divardakı saatlar,
yükdəki döşəkçələr, yastıqlar...
Toxuduğu xalçalarda əllərinin izi qalıb.
Xalçalardan öpürəm,
əllərindən öpürmüş kimi!
Baxdığı hər şey - evdəki bütün əşyalar
bir zamanlar gözlərində əks olunub.
Əşyaları öpürəm,
gözlərindən öpürmüş kimi!
Sevdiyi hər şeyi sevirəm artıq,
özümü də!
Hər kəsdən çox sevərdi məni!
Sevdiklərimdən bircə
onun məni sevdiyinə əmin idim!
Çox yadigar qalıb ondan,
ən əzizi də xatirələr və dərddir!
Hər şey onu xatırladır –
Əkdiyi güllərdən Anamın ətri gəlir!

***

Sarı yarpaqların yaşıl tərəfi

Yarpaqların son mənzilidir
"payız mənzərəsi" dediyimiz gözəllik!
Burda intihar da var,
yeni doğuluş üçün başlanğıc da.
Birinin sonu birinin əvvəlidir.
Ölümmü əzəldir, həyatmı?!
Küləksiz də qopub düşər yarpaq,
Küləksiz də cəzb eyləyər torpaq.
Amma, küləklə bir başqa olur payız,
əzəmətli ağaclar da yellənir.
Heç də ölümə tez təslim olmur yarpaqlar,
uşaq kimi küçələrdə veyillənir.
Payız mənzərəsi də gözəldir!

***

Bir kədərin sevinciyəm

Bir kədərin sevinciyəm,
Bir sevincin kədəriyəm.
Bu sevdalar ölkəsinin,
Mən xaraba şəhəriyəm.

Bir üzümün cecəsi mən,
Halı pisin necəsi mən.
Gündüzlərin gecəsi mən,
Axşamların səhəriyəm.

Sevdaların adı mənəm,
Doğması mən, yadı mənəm.
Bu həyatın dadı mənəm,
Şəkəriyəm, zəhəriyəm.

Var dərdimdən ölən bəndə,
Dərdin mənlə bölən bəndə.
Sən ey mənə gülən bəndə,
Mən Allahın əsəriyəm.

***

Bir korun arzusu

Bir korun tək bir arzusu var;
Bircə, gözlərim görəydi,
Günəşə baxaydım, Aya baxaydım,
Bir neçə barmağım olmayaydı,
əllərimdəki saya baxaydım.
Şikəst əllərimlə dilənəydim.
"Allahım, lalların dilin aç" deyə,
dillənəydim.
Göylərə baxa-baxa,
"Ya Rəbbim, karlar kaş eşitsinlər
quşların səsin,
göy gurultusun,
yağış şırıltısın" - deyə,
dua edəydim.
Və bir də diləyəydim:
- Bu naşükür insanları
mənim halıma salma,
Onların gözün aç da,
Onların gözün alma.

***

Pəncərədən seyr

Əngin səma.
Ulduzlar toplaşıb Ayın başına.
Xatirələr gözümdə oba salır bir anlıq.
Sanki, uşaqlığım
Ayın arxasından baxır.

# 2582 dəfə oxunub

Oxşar xəbərlər

Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik... - Günün şeiri

Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik... - Günün şeiri

14:00 17 fevral 2026
Hopub balıncıma vurduğun ətir - Qılman İmanın şeirləri

Hopub balıncıma vurduğun ətir - Qılman İmanın şeirləri

12:00 15 fevral 2026
Dünənin həqiqəti bu gün tərs yozum oldu... - Günün şeiri

Dünənin həqiqəti bu gün tərs yozum oldu... - Günün şeiri

12:51 13 fevral 2026
Gəldi gümüş telli, ipək bir yağış - Günün şeiri

Gəldi gümüş telli, ipək bir yağış - Günün şeiri

13:30 11 fevral 2026
Bəxtim gülmüşdü mənə... - Günün şeiri

Bəxtim gülmüşdü mənə... - Günün şeiri

13:30 9 fevral 2026
Burda cananların duyğusu yoxdur... - Günün şeiri

Burda cananların duyğusu yoxdur... - Günün şeiri

11:15 29 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər