Gülüm, bir də görüşünə yubansam... – Məmməd Arazdan şeir çələngi

Gülüm, bir də görüşünə yubansam... – Məmməd Arazdan şeir çələngi
9 oktyabr 2021
# 16:30

Kulis.az “Deyilən söz yadigardır” layihəsindən Xalq şairi Məmməd Arazın şeirlərini təqdim edir.

Müharibə olmasa

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, -
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, -
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, -
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, -
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi - söz,
Sözü - məhəbbət olar -
Müharibə olmasa!

1956

Nənəmin kitabı

Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?

Qoynunda dəfinə tapdığın zaman
Ucaltdı dağ boyda hansı dağ səni?
Nərgiz rəng aldımı yanaqlarından
Öpəndə nərgizli bir yaylaq səni?

Görəsən, bu soraq düşdümü elə:
“Yamanca şöhrətli mühəndisdir o!”
Eşqin hansı qəlbi gətirdi dilə?
Kim dedi ilqara, əhdə düzdür o?

Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?

Səni axtarıram o gündən bəri,
Axı açmamışdım sənə könlümü.
Yaz gəldi, açıldı bahar gülləri,
Mənsə açmamışam yenə könlümü.

Bəzən tüfəng alıb çıxsam da düzə,
Ceyran oylağından aralı gəzdim.
Ovçu ov axtarar, ovçu ov gəzər,
Mən məni ovlayan maralı gəzdim.

Bəzən ac qayıtdım evə də, amma
Bir tikə çörəyi yeyə bilmədim.
Bütün sirlərimi bilən anama,
Məhəbbət sirrimi deyə bilmədim...

Bəli, axtarıram səni o gündən,
Könlüm istəyəni görə bilmirəm.
Qəlbimi özünlə aparmısan sən,
Mən onu heç kəsə verə bilmirəm...

1957

Qaranquş

Əsdi vədə yeli...yaz müjdəsilə
Qondun eyvanıma yenə, qaranquş!
Mən sənin eşqinlə gəlirkən dilə,
Uçmağın dərd oldu mənə, qaranquş!

Bir zaman yuvanı uçurmuşam mən,
Bəlkə də, bəlkə də o yadındadır.
Dilin yox, dərd açıb söz söyləyəsən,
Dilin də, sözün də qanadındadır.

Bəzən əlində şiş, çiynində yaba
Uşaqlar yanıma yığıldı, ay quş!
On günə, bir aya tikdiyin yuva
Bircə an içində dağıldı, ay quş!

Yelləmi, selləmi keçdi ötən gün?
O, bəlkə ötəri şimşək səsiydi.
Sənin öz yuvandan ayrı düşməyin
Mənimçün bir uşaq əyləncəsiydi.

Bəlkə bu halımdan incidi dağ-daş
Bunu öz vaxtında duya biləydim.
Bir günlük uşaqlıq günahmı, kaş
Bütün ömrüm boyu yuya biləydim.

Bilmədim o günün ani nəşəsi
Mənə dərd olacaq ömrüm uzunu.
Bəlkə ev qayğısı, övlad nəfəsi
Olmasa indi də duymazdım bunu.

Eh, xəyal nələri gətirir yada...
Yeni müjdən ola mənə, qaranquş!
Körpəlik gülüşüm qanadlarında
Bircə gün geriyə dönə, qaranquş!

Vaxt olur cansızdan can umur insan-
Adi təsəllidir, bunlar da ancaq.
Uçan körpəliyim, uçulan yuvan
Onsuz da geriyə qayıtmayacaq.

Gəl yenə yuva qur doğma yerində,
Könlüm həsrətinlə dindi, qaranquş!
Ta uçma, çəkinmə məni görəndə,
Mən uşaq deyiləm indi, qaranquş!

1957.

Ağarma, saçım, ağarma!

Nə erkən sənə dən düşdü,
Niyə düşdü, nədən düşdü?
Beynimmi qüvvədən düşdü?
Ağarma, saçım, ağarma!

Arzu sonsuz, ömür yarı...
Artdı alnın qırışları,
Səndə insaf olsun barı
Ağarma, saçım, ağarma!

Məni qəmgin görsə əgər
Düşmən gülər, dost qəm yeyər,
Qızlar baxıb “dayı” deyər,
Ağarma, saçım, ağarma!

Daşdır qəlbin, daşdır canın,
Yoxdur, duyğun, yoxdur qanın.
Hələ gəncəm, sən vicdanın
Ağarma, saçım, ağarma!

Ömür keçir, yaman keçir,
Qəlbimdən qara qan keçir.
Daha gözəllər yan keçir,
Ağarma, saçım, ağarma!

Hələ səsim ucalmayıb,
El gücündən güc almayıb.
Hələ ürək qocalmayıb
Ağarma, saçım, ağarma!

İlham adlı şahpərim var,
Yol üstəyəm, səfərim var...
Yazılmamış əsərim var...
Ağarma, saçım, ağarma...

1957

Oxu, moldavan qızı

Nə yaxşı qonşu olduq,
De, gülüm, aram-aram...
Evsiz yaşasam belə
Nəğməsiz yaşamaram;
Oxu, moldavan qızı!

Qəlbindən keçənləri
Nəğmələrin danışdı.
Dnestr ürəyimə
Axıb, Kürə qarışdı;
Oxu, moldavan qızı!

Səsin Karpat küləyi,
Gözün Kodrı üzümü.
Buzovna bağlarında
hiss elədim özümü;
Oxu, moldavan qızı!

Dilini bilmirəm mən,
Dil nəyimə gərəkdir...
Ən gözəl nəğmələrə
Tərcüməçi ürəkdir;
Oxu, moldavan qızı!

1960

***

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində,
sən kiminin...
Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır:
Çox ünvanda qaçaq tərif yallanır.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.

1971

Salamat qal

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? -
Leysan, salamat qal, yağ, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!

Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan salamat qal, ax - salamat qal!

Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən -
Çoban, salamat qal, sağ-salamat qal!

1962

Araz üstə çinar gördüm

Araz üstə çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Yarpaqarı bir-biriylə
öpüşən çinar.
İki titrək, iki güləş,
İki şən çinar.
Biri bir az gövdəlidir,
Bir az da uca,
Baxdım boyuna.
Bir az nazik, gödək çinar
Qısılıb ona.
Elə bil ki, lap təzəcə toy eləmiş
Cavandılar.
Necə oynaq, necə şıltaq
Mehribandılar.
Adamların gülüşündən nəğmə qaparlar.
Adamların gülüşünə nəğmə qatarlar.
Yarpaqların uşaq dilli şənlikləri var,
Yarpaqların uşaq əlli çəpikləri var.
Onlar sussa,
Pəncərələr
qulağına qulaq bağlayar,
Küçələrdə gediş-gəliş ayaq saxlayar.
Qucaqlaşıb ulduzları oxuyar onlar,
Bir-birinin qucağında yuxlayar onlar...
Araz üstə
Çinar gördüm.
Qoşa duran bir cüt çinar.
Gəlin çinar.
İgid çinar.
Baxdım, baxdım təbiətin,
Ağac adlı,
Qol-qanadlı
cüt heykəlinə.
Bir baltalı əl hardasa
qıcandı mənə.
Qorxdum, qorxdum onların bu
Sevgisini yaralayalar.
Budaqları, gövdələri, rişələri
Bir-birindən aralayalar.
Daha pisdir, - qırmasalar, -
Çinarların arasından
Arx qazalar.
Bu arx əvvəl
Kiçik olar, dayaz olar...
Sonra, sonra böyüyüb bir Araz olar...
Araz üstə
Çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Xəyalımın üfüqündə görüş istədi
İki tənha pərişan çinar...

1967

Vəsiyyət

Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd qara.
Qoy qara kağızım olsun
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim;
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi
Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi...
O rəngə hörmətimdir,
Şəvəgözlülər, qarabuğdayılar.
O rəngli kirpiklərin kölgəsində
Əksim yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy - adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim.

Bakı, fevral 1968

Bacım Gülsümə məktub

Necə yad görürəm doğma yerləri
İlk dəfə qarşıma çıxmadı anam
İlk dəfə anamsız açdım səhəri
İlk dəfə anamsız düşəcək axşam

Uyuşa bilmirəm kəndimizə ta
Başqa nəğməlidi bulaqlar indi,
Sanki mən tərəfə əyilmir hətta
Mənsiz çırpılmayan budaqlar indi.

Demə ki, ay bacım, - anam əvəzi,
Qardaş etibarın bəs hara getdi.
Bir də bu yerlərə dönmək həvəsim
Anamla birlikdə məzara getdi...

Hörməti ayrıdır qardaş, bacının
Tək ana nəfəsi üzümə dəymir
Hanı o qocaman qoz ağacının
Altındakı cəhrə gözümə dəymir

Uşaqlar çıxarıb tağalağını
İyindən bir mismar kəsibdi hərə
O küncdə toz basmış yun darağını
Yəqin, satıbsınız hörümçəklərə

Elə bil yarpızın dəyişib tamı,
Nanənin ətri də azalıb bir az.
Çağırın, çağırın gəlsin anamı
Belə bağça olmaz, belə bağ olmaz.

Əyib atamı da ömrün gərdişi
Dünyanın qəribə işləri varmış
Ömür yoldaşını itirən kişi
Uşaqdan da betər yetim olarmış

Nə lovğalıq bilin, nə də ki, ayıb,
Mən daha köçəri, köçəri quşam.
Bu gecə üstümü örtən olmayıb,
Bu gecə yamanca soyuqlamışam.

Çətindir, ay bacı, bunları görmək
Ğözlər bir baxışda oda düşərmiş
Uşaqlıq itirmək, gənclik itirmək
Ana itiriləndə yada düşərmiş

Örüşdən qayıdıb quzular mələşir
Boz inək də axtarır səsini onun
Yadıma bir sözün, bir misran düşür
Çırağı ana imiş ata yurdunun...

Göyərdi

Bu dünyanın qara daşı göyərməz.
Musa Yaqub

Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Savalanın qara daşı göyərdi.

Bu dünyanı hörümçəkdən almışıq,
İlməsini kim atdı bu yanlışın,
Dedim barı düz toxuyaq qalmışı,
Önümdəcə neçə naşı göyərdi.

Kim işığı ürəklərə doğrayar,
Kim işığı ürəklərdən oğrayar,
Kim yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi.

Çox gözlü var torpağına kor baxır,
Dan yerinə bəbəyində tor baxır.
Yüz də çevir, min də ələ torpağı,
Namərdinən mərd yanaşı göyərdi.

Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.

Pitsunda, avqust 1981

Yol ayrıcında söhbət

Mən özüm bilirəm nəçiyəm, nəyəm;
Tikdiyim bu daxma, hördüyüm budur,
Odası tərtəzə, odu köhnəyəm,
Əlimdən bu gəlir, gördüyüm budur...
Beşi xoşlasa da, biri xoşlamaz,
Sinəmdə buz yanar, canlı qışlamaz,
Qələmim ot biçməz: küləş xışlamaz;
Məni bağışlayan olarmı? -
Çətin!

Özümdən danmışam öz günahımı,
Nə qədər xeyrimiz, şərimiz qalıb;
Dərdsiz yox, bölüşəm könül ahımı,
Bircə soyulmayan dərimiz qalıb,
Soyun dərimizi, soyun, yaşayaq,
Beş günlük ömürdü, qoyun, yaşayaq,
Qurd ola bilmədik, qoyun yaşayaq,
Məni bağışlayan olarmı? -
Çətin!

Talelər dayaqsız dayaqlar üstə;
Bir qəlbi göynətmir min tale dərdi;
Tüstülü, tüstüsüz ocaqlar üstə
Aşları buğlanan biganələrdi.
Mən ki, hər ölənlə ölə bilmirəm,
Mən ki, bölünməzi bölə bilmirəm.
Üzü dönüklərdən dönə bilmirəm.
Məni bağışlayan olarmı? -
Çətin!

Demədim kimə "şah", kimə "yetimsən",
Bu qara millətin, bu ağ millətin,
Dedim ki, yemini Allah yetirsin
Ağlı gödəninə calaq millətin!
Payını it qapar maymaq millətin!
Yamaq millətlərə, yamaq millətin!
Qadını ər doğmaz qorxaq millətin!
Məni bağışlayan olarmı? -
Çətin!

Dünənim, bu günüm ayağım altda,
Baxıram: üfüqdə sabah görünür,
İnsandır çıxaran insanı yaddan:
Sabahın əlində silah görünür,
Sabahın dilində silah səslənir,
İlahi, nə böyük günah səslənir:
Şair dodağında bir ah səslənir:
Məni bağışlayan olarmı? -
Çətin!

23 may, 1991

Vətən mənə oğul desə

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.

Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.

O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım...

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim -
Xəzanımdır, xəzanımdır, xəzanım.

Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.

1970

Bu millətə nə verdik ki?

Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.

Bu millətə nə verdik ki?
İnamını noxtaladıq,
İnadını axtaladıq,
Var-yoxunu qarmaladıq,
Bir çeynəm saqqız vermədik.

Bu millətə nə verdik ki?
Halal tikə qənddi, - dedik,
Yoxsuluna dərdli, - dedik,
Kasıbına mərddi, - dedik,
Mərd kasıba qız vermədik.

Bu millətə nə verdik ki?
Çiyninə mindik, - öyrəşdi,
Bir dillə min dil öyrətdik,
Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.

Bu millətə nə verdik ki?
Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
İllacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.

Bu millətə nə verdik ki?
Bu millətin səbri böyük,
Dözür: dözüm həddinəcən,
Dözür: dözüm səddinəcən,
Dözür: dözüm xəttinəcən...

Sonra... daha sonra olmur,
Sonra qara tufan olur,
Sonra "qullar dünyasının
İntiqamı yaman olur"...

16 noyabr 1992

Dünya sənin, dünya mənim...

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm...
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

May-iyun, 1986

# 11101 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

Tanınmış yazıçı Elçin Hüseynbəylinin kitabı İranda nəşr olunub

11:00 11 dekabr 2024
Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

Çölümdə yoxluğunun buz nəfəsli gerçəyi var... - Əvəz Qurbanlı

19:00 9 dekabr 2024
Səndən yaman küsmüşəm - Günün şeiri

Səndən yaman küsmüşəm - Günün şeiri

13:46 5 dekabr 2024
Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

Fırtınalı bir gecədən - Rayner Mariya Rilkenin şeirləri

19:35 4 dekabr 2024
Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

Oğlumla atam arasında... - Cavid Fərzəlinin yeni şeirləri

17:10 3 dekabr 2024
Bu oyunda kim uduzdu, kim uddu? - Məmməd Arazın şeirləri

Bu oyunda kim uduzdu, kim uddu? - Məmməd Arazın şeirləri

12:00 1 dekabr 2024
# # #