Bir evdə iki xanım, hərəsinin öz istəyi... - Tahir Taisoğlunun şeirləri

Bir evdə iki xanım, hərəsinin öz istəyi... - Tahir Taisoğlunun şeirləri
10 mart 2025
# 17:07

Kulis.az Tahir Taisoğlunun şeirlərini təqdim edir.

Qabcaq

Pambığı yığılmış
boş qozalara “Qabcaq” deyirlər
yumru, boş qab kimidir.
Yığımdan sonra kolların üstündə düzülüb qalır
dimdik, birər-birər.

...Qar yağmışdı,
Bütün qabcaqlar dolu idi qarla
elə bil təzədən pambıqlamışdı tarla!
Gördüm yaraşıqlı, nağılvari bir qışdı,
pambıq kimi yumuşaq qarla,
qar kimi ağappaq “pambıqla” hər tərəf örtülmüşdü.
Bir vaxt isti, qaynar tarla
Bəyazlığı ilə yandırırdı insanı,
İndi bəmbəyaz qarlı kollar dondurdu damarda qanı.
Yayda yanan, qışda donan tarlanın
üzü -gözü, açıqalnı ağ idi!
Amma hamıdan bəxtiyar yenə də
Ürəyi yayda qar kimi pambıqla,
Qışda pambıq kimi qarla dolu
qabcaq idi.

Onun gözəl günüsü

Ərinin onun üstünə gətirdiyi cavan günüsü
O xanımın ömrünə-gününə soğan doğruyurdu.
O da bədəbətdə iki qız kəsiklərini
Hərəsini bir döşünə sıxıb dururdu.
Özünü də balalarını da Günəşin doğmasıyla yox,
qürubuyla, çöküşüylə ovundururdu...
Onun yaraşıqlı, cavan günüsünün
gözlərinə, üzünə
Gülüş, təbəssüm, istehsa lehimlənmişdi
Hamam çiləyinin altında belə qopmurdu heç biri!
Külfətinin iki uşaqlı zövcəsini-dost-doğma arvadını
Bir damın altındaca azdırmaq istəyirdi,
gözgörəti, diri-diri.
Onun cavan günüsü...geniş otaqlar boyu
bəzəkli tovuz quşu kimi
gəzirdi gah o yana, gah bu yana.
Gecələr yanan ağappaq şam kimi,
Sevgili kişisinə dilini göstərirdi
baxırdı yana-yana.
Bir evdə iki xanım
hərəsinin öz istəyi, öz ürəyi.
Hər birinin içində gizli bir sirr boxçası.
Biri- barı sovuşmuş uru bostan yatağı,
Biri- təzəcə cicəkləyən al-əlvan gül bağçası!
... Evin xanım-xatın övrəti günlərin bir günündə
ərinin xatirinə günüsüylə barışdı-
bir erkəyi iki yerə böldülər-
Günübacı oldular!

Sənsən mənim qaraçuxam

Həyat, yalqız sayma məni,
Çox da əzmə, oyma məni,
İllər örtmüş xatirəni-
Hürkürtmərəm, oyatmaram.

Bir insanam qəlbi yuxa,
Gedirəm dağ çıxa-çıxa…
Sənsən mənim qaraçuxam-
Sən yatmasan, mən yatmaram.

Bu sözləri sayma sirdən,
Gəlib keçən əsrlərdən.
Amma üzüm dönən yerdən-
Mən gedərəm...qayıtmaram.

Hər çəməndə bir titrək üz,
Hər qırpımda işarə, söz.
Hər bir sözdə məna köz-köz...
Qaysağını qopartmaram.

Sən su kimi sakit, dərin,
Mən ot kimi kövrək, sərin,
Şəfəq saçan zirvələrin-
Kölgəsində mən yatmaram...

Ağ qar... Qara qarğalar...

İndiyəcən heç kim görməmişdi belə qarı,
adamların qara paltoları, qara papaqları,
qara fikirləri belə qar altında ağarmışdı.
Elə bil qara gün, qara qəm, kin- küdurət
Götürülmüşdü yer üzündən,
Sərt qış vurub gözündən
dağıtmışdı hamısını!
Örtülmüşdü hər şeyin üstü,
Yaxşının da, pisin də,
hisin də, pasın da!
Sən demə, bu dünya tərtəmiz, ağ yuxu imiş,
Yer üzündə heç bir yamanlıq, xəyanət yox imiş-
bunları özündən uydurubmuş adamlar!
Bircə itib batmayan,
üstünü qar örtməyən
bacalardan çıxan ağ tüstülər idi-
Onlar da səmada qara qarışıb
yola getmirdilər bir-biriylə-
görürdüm ki, göylərdə də ara qarışıb!
Hər şeyin itib batdığı,
qarın altında yatdığı,
bəmbəyaz aləmdə qara qarğalar
Qara günlərini qablaşdırmayır,
əksinə “Qarrr”... “Qarrr”... edir oynaşırdılar,
Sevincdən atılıb- düşür, qaynaşırdılar!
Yenə də qar istəyirdilər, qar...
mətləblərini beləcə ağardırdılar
qara qarğalar!

Müşəmbə örtüklü qapı

O qədər girib - çıxan adamın
əllərini görüb ki, əlcəyin,
axırda təntimisən özün də.
İsti əllər, soyuq əllər,
hirsli, yazıq əllər...
Sən ey, qəbul otağının hövsələsiz qapısı,
müşəmbə örtüklü üz-gözündə
qalmasa da təpik, yumruq qarası,
çox əllərin təmasını duymusan.
Bəzən də özünü bilməzliyə qoymysan.
Əvvəl səninlə görüşüblər
Sonra qəbula düşüblər.
Sənin bəri tayında bir cür olub üzləri,
o biri tayında başqa.
İçəridən çıxan adamları bəzən
tanıya bilməmisən-
elə gündə çıxıblar ki, bayıra...
Yenə də bir kimsəylə sirrini bölməmisən.
Heç kimə də açmamısan eşitdiyin, gördüyün
sözün, söhbətin axırını, dibini;
Biri dolu dərdini keçirə bilməyib içəri,
Biri də boş cibini.

Başını quyruğunun üstünə qoyub yatan it

Kosa çoban gecə vaxtı
Alaçıqdan çıxaraq
Kibrit çəkib qaranlığı çərtdi.
Əynində bir dar-düdük kürk,
çiynində çatal tüfəng.
Yerişi asta, ləng...
Quzuların üzü Günbaxana qazılmış
qazmasına baş çəkib qayıdanda
gördü it başını yumuşaq quyruğunun üstünə
qoyub yatıb.
Bildi ki, yeyib, içib, doyub yatıb.
Düşündü :- “Buket” adlı bu itin vaxtında qulaqlarını,
quyruğunu kəssəydim...
belə yatmazdı.
Yazığım gəlmişdi o zaman ona-
İndi mənə bu da azdı!

...Hər yanda ağaqqaq bir qışdı,
Qarakeçə alaçığın qırağnda ölgün kölgələr
üşüyə-üşüyə qalmışdı.

# 183 dəfə oxunub

Oxşar xəbərlər

"Dilləri lalım, necəsən?" - Günün şeiri

"Dilləri lalım, necəsən?" - Günün şeiri

13:08 10 mart 2025
Adların alın yazısı - Anar Aminin şeiri

Adların alın yazısı - Anar Aminin şeiri

12:34 8 mart 2025
Üstünə bağırdığım tək kişi – Qadın şairlərimizdən seçmə şeirlər

Üstünə bağırdığım tək kişi – Qadın şairlərimizdən seçmə şeirlər

12:00 8 mart 2025
Mən ana olmadım - Qənirə Paşayevanın şeiri

Mən ana olmadım - Qənirə Paşayevanın şeiri

11:26 7 mart 2025
Xankəndidə dalğalanır Azərbaycan bayrağı! - Nazim Hüseynlinin şeirləri

Xankəndidə dalğalanır Azərbaycan bayrağı! - Nazim Hüseynlinin şeirləri

18:07 6 mart 2025
Sabah Günəş doğacaq, işıqlı gün gələcək – Anna Axmatova

Sabah Günəş doğacaq, işıqlı gün gələcək – Anna Axmatova

12:30 5 mart 2025
#
#
# # #