Üçtəkərli yaşıl velosiped – Ömər Xəyyamın yeni hekayəsi

 Üçtəkərli yaşıl velosiped – Ömər Xəyyamın yeni hekayəsi
17 avqust 2021
# 09:01

Kulis.az "Hekayə günü"ndə Ömər Xəyyamın "Üçtəkərli yaşıl velosiped" hekayəsini təqdim edir.

***

...Göyün altında üzən adda-budda buludların kölgəsi yerin üstündə yoldan-yola süründü, damdan-dama tullandı, bulud buludu qovdu, bulud bulud dalınca qaçdı, qış parkında – Füzuli küçəsi ilə Təbriz prospektinin kəsişməsindəki beşmərtəbəli binanın başında bir-birinə yetişdilər, baş-başa verdilər, bacada isinən bozumtul işıq ilməsi canını götürüb gümüşü deşikdən sivişdi.

Yaşlı qapıçı doğum evinin həyətindəki küçə itlərini qovur, parkda yoluq şam ağaclarının altında yağışın kəsməyini gözləyənlər bir-bir, iki-iki azalır, yollar boşalır. Yaşlı qapıçı üst-başını çırpa-çırpa pəncərənin çərçivəsindən çıxır.

Özümü atsam, ölən deyiləm, uzağı, əl-ayağım sınacaq. Belə intihar olar? Mən boyda adam... Dördüncü mərtəbədən...

Hündürlükdən qorxuram, yoxsa...

Yoxsa nə? Hündürlükdən qorxmasaydım, guya özümü öldürəcəkdim?

Sabah günəşli olacaq... Qızıma üçtəkərli yaşıl velosiped alacam...

***

Sürücü bərk-bərk tapşırdı ki, artıq sual verməyim, yeyəndə marçıldatmayım.

Boyu balacadır, səsi yorucu deyil. Düzü, televizorda belə görsənmir, məncə, səmimidir. Yəqin, mən bir o qədər yaxşı adam deyiləm. Yəqin, puldan ötrü… Yox, doğrudan, səmimidir… Bəlkə, qızına görə… Axı mən bu naziri həmişə söymüşəm…

Həyəcanlandım, özümdən xoşum gəldi.

...İşə bax, nazirin qızı məndən uşaq istəyir!

O deyəndə ki hər şey pulla ölçülmür, əl-ayağım boşaldı, qürurlandım. Balacalaşdı... Bir-iki ağız zingildədi.

Gözünün ağı-qarası bir qızı var, onun da ayaqları yoxdur...

Elədikləridir, özünə qayıdıb... Yox, yox, qızın nə günahı...

Mən də atayam, o, qızından ötrü pul xərcləyir, mən də ki...

Axı mənim günahım nədir? Qızımın şəkillərini görüb, istəyir ki, onun da mənim qızım kimi qızı olsun.

Atadır, nə etsin... Qızı istəyir, gözünün ağı-qarası...

On min!..

Takka-takk, takka-takk...

Qatar ürəyimə çatdı, ürəyimin içindən keçdi, uzaqlaşdı, uzaqlaşdı - çayın o tərəfində, dağların arxasında - uşaqlığımla üzbəüz nərildədi.

Yerin bağrı yarılır, yoxsa tarixin özüdür, - çayın o tərəfində, dağların arxasında - uşaqlığımla üzbəüz köks ötürür, yorğunluğunu çıxarır...

Atam hər axşamçağı bostanın ətəyindəki sinab almasının dibindən - təkcənəliyindən harasa - lap uzaqlara zillənir, dağları dinşəyir, hərdən gözlərini bərəldir, hərdən kövrəlir; orda yerin bağrı yarılır, burda atamın.

Elə ki bir cibindən qızılı dəstəkli bıçağını, bir cibindən armud çıxardı, qaçıb ayaqlarının arasına soxuluram. Səbrnən, səliqəynən soyur, birinci dilimi elə bıçağın ucundaca ağzıma verir. Bax bu qoxu!

Dəmir qoxusuynan armud qoxusunun qarışığı... - dağların dalından keçən sirli-sehrli şey kimi.

…və danışmağa başlayır.

Alayarımçıq bildiyi köhnə rus nağıllarının içərisinə öz obrazlarını, hərdən mənim özümü də qatır. Mən onun dilindən çöllərə, iynəyarpaqlı meşələrə, qərib komalara düşürəm, ayaqlarım yerə dəymir, uçuram, uçuram...

Nə vaxt ki qızımın boğazının altından öpürəm, ya balıncına baş qoyuram, atamın danışdığı alayarımçıq rus nağıllarının içərisinə düşürəm, yuxudan-yuxuya keçirəm, yarpaqdan-yarpağa uçuram, uçuram... uçub atama çatıram, qucuram, qucuram.

Takka-takk... Takka-takk...

Atamın qızılı dəstəkli bıçağından canıma hopmuş qoxu qızıma keçibsə...

Bu günahın cəzasını kim ödəyəcək, görəsən?

Qızımmı? İlahi...

Atam mənim yerimdə olsaydı, razılaşardımı? Bəlkə, mən hansısa günahın cəzasını ödəyirəm... Atamın günahının...

On min manat... Azdır, yoxsa yaxşı qiymətdir?

Göydəki sarımtıl deşiyə boylandım, sarımtıl deşikdən keçib Füzuli küçəsi ilə Təbriz prospektinin kəsişməsindəki beşmərtəbəli binanın dördüncü mərtəbəsinə ‒ qızımın yanına düşdüm.

...O biri üzündə hekayə qaraladığım kağıza çəkdiyi üçtəkərli yaşıl velosipedi intəhasız çöllüyə sürdük, yaşıllardan keçdik, duruldum, yüngülləşdim, balaca əllərini açdı, küləkdən yapışdı, apağ uzaqda uçduq, uçduq...

...Vuruldum ya təkcənəliyimin yaşıl örtüyü cırıldı, düşdüm, düşdüm... Mən velosipeddən, qızım məndən yox oldu... Düşdüm, düşdüm... Novxanıya – nazirin evinə qayıtdım.

Əlli min!

Həmişə elədiyim işdir. Üç-beş dəqiqə. Olsun, on beş dəqiqə...

O öz arzusuna çatacaq, mən borclardan qurtulacam, qızıma üçtəkərli yaşıl velosiped alacam...

Üçtəkərli yaşıl velosipedimin güzgüsü qırılanda ağlamışdım, ancaq nənəm ki haman güzgünü pəncərənin dibinə qoydu, o balaca güzgüdən həyət-bacaya sirli-sehrli, gümüşü işıq səpildi; gümüşü saçlarının ucunu düyünlədikcə mən də xoşhallandım, yıxıldım-durdum, sürməyi öyrəndim.

Üçtəkərli yaşıl velosipedim köhnəldi, nənəmin bir gözü tutuldu, mən böyüdüm və bir bahar ertəsi atam öldü.

Nənəm haman güzgünü pəncərənin dibindən götürüb atamın sinəsinə qoydu.

Nənəm inanırdı ki, atamın canı üstündədir, nənəm inanırdı ki, güzgü indicə tərləyəcək... gümüşü-gümüşü işıldayacaq...

Atamın ölümü köhnəldi, nənəm öldü, mənim qızım doğuldu, fəqət o güzgü bir də heç vaxt...

Bu güzgü... ölənəcən saxlayacam.

Payızda, ikindi çağı köhnə şeyləri eşələyirdim, şəkil-şəkil darıxmağımı sanballayırdım, - atamdanqalma bir-iki şey var, olur, hamıdan inciyirəm, yoruluram, məsələn, saatını taxıram, zamandan keçib başqa yerə gedirəm – qəfil güzgü tərlədi. Hə, hə, bu güzgü.

Ürəyimin ortasından qatar keçdi, takka-takkk, takka-takk... – necə döyünür, necə döyünür... Deyərdin, bir vaqon adam atlanıb-düşür içimdə.

Qatardı da, ötdü-keçdi. Çayın buxarıyımış, hopubmuş güzgünün üzünə, çəkildi getdi...

Yoxsa özümə təsəlli verirəm? Yox, yox!

Məni ürküdən, əslində, qızın ayaqlarıdır. Daha doğrusu, ayaqlarının yoxluğu...

Hə, hə, yoxsa nə var? Üç-beş dəqiqəlik işdir...

***

Çox qəşəngdir!

Gözləri, saçları, dodaqları, balaca əlləri... sinəsi... gülüşü, səsi...

Otaqda mən, o... dəhlizdə köməkçisi.

Başımda fillər, içimdə qatar: takka-takk, takka-takk...

Öpüşürük, qucağımdadır...

Mən, o... içimdə qatar, cibimdə pul... Ətim ürpəşdi, buramdan azalmağa başladım...

Bəs uşaq? Tutalım, bir qızı oldu... Anası belə, atası, Allah bilir, varmı, yoxmu...

Görə-görə, bilə-bilə...

Mən bunca təmizəmmi?

Qızımın arzuları o biri üzünə hekayə qaraladığım kağızda, ölüm burda – burnumun ucunda...

***

Sanasan, dünənki adam deyil: sürücü Pirşağı çimərliyinəcən ağzını açmadı, gah başını yellədi, gah fısıldadı, gah fınxırdı.

O biri ayağım yerə dəyməmiş toz-duman - dəbərdi.

Maşın gözdən itincə çantanı açmaq istədim, əlim qalxmadı, uzaqdan bir qatar keçdi: takka-takk, takka-takk...

Çanta ağırlaşdı, ağırlaşdı. İçində ölü, ya daşmı var, nədir, otuz min manat nə puldur, tabut ağırlıqda...

Taksi gələnəcən pulu böldüm: borcları verirəm, ipotekanı bağlayıram. Gələn ay da iyirmi min verəcək... Onu da üstünə qoysam, qırx min bütöv qalır.

...On-on beş metr getmişdik, özümü saxlaya bilmədim. Pulları əllədikcə qoxusu yayıldı, pulların qoxusunu duyduqca içimdəki qatar uzaqlaşdı: takka-takk, takka-takk...

***

Çox qəşəngdir!

Gözləri dəniz yaşılı... Saçları, dodaqları, balaca əlləri... sinəsi... gülüşü, səsi...

Üzünü oxşadım, sinəsi qabardı, sinəsi qabardıqca canıma istilik yayıldı, sinəsi çəkildi, sehrə düşdüm, ürəyim ayaqlarımın arasında döyündü...

Al dodaqlar, dəniz yaşılı gözlər...

Qucağıma aldım...

Qollarım boşaldı, qızımı xatırladım. Qızım boyda, qızım ağırlıqda...

İyrəndim... Ətim ürpəşdi...

Yox, yox... İlahi...

Buramdan boğuldum...

Hönkürdü, budlarına vurdu... Mən də ağladım.

Ağladıqca dodaqları öləzidi, gözlərindəki yaşıl çəkildi.

Kitab rəfinin arxasındakı çantanı xatırladım...

O pulu qaytarmaq ürək istəyir... O ürək də məndə yoxdur. Əlim dəyib, qoxusunu duymuşam...

Mən şərab içdim, o ağladı, mən şərab içdim, o ağladı, ağladı, ağladı...

Göz yaşları yumrulanıb dodaqlarımızın arasında partladı.

Öpüşdük...

***

...göyün altında üzən adda-budda buludların kölgəsi yerin üstündə yoldan-yola süründü, damdan-dama tullandı, bulud buludu qovdu, bulud bulud dalınca qaçdı, qış parkında – Füzuli küçəsi ilə Təbriz prospektinin kəsişməsindəki beşmərtəbəli binanın başında bir-birinə yetişdilər, baş-başa verdilər, bacada isinən bozumtul işıq ilməsi canını götürüb gümüşü deşikdən sivişdi.

Sabah günəşli olacaq... Qızıma üçtəkərli yaşıl velosiped alacam...

avqust, 2021

# 6984 dəfə oxunub

Müəllifin son yazıları

# # #