Kulis.az Ömər Xəyyamın “Ay xalam qızı, oyna…” adlı yeni yazısını təqdim edir.
Əmiqızıyla əmioğlunun kəbini göylərdə kəsilib…
Qohum evlilikləri ilə bağlı əsassız hökm də vermək olar: Demək olar ki, qohum evliliklərinin kökündə dini-mifolojik başlanğıcın – yəni Adəm babayla Həvva nənənin uşaqlarının arasındakı şübhəli məqamlar dayanır.
Yaxud qohum evliliklərini nepotizmə də bağlamaq olar.
Əslində, nepotizmin – qohumbazlığın, Roma papalarının hakimiyyətlərini gücləndirmək məqsədilə imtiyazların, gəlirli vəzifələrin, yüksək kilsə rütbələrinin və torpaqlarının peşəkar qabiliyyətlərindən asılı olmayaraq qohumlarına verilməsi ənənəsi indi də davam edir.
Yüksək rütbəli məmurlar öz hakimiyyətlərini ailə üzvləri və övladlarına ötürə bilmədiklərindən bunu öz vəzifə səlahiyyətlərindən və qeyri-formal əlaqələrindən istifadə edərək yaxın qohumlarına, məsələn, böyük işgüzar strukturlarda yüksək vəzifə vermək üçün istifadə edirlər.
Nepotizmin ziyanı ondadır ki, fərd yeni vəzifəyə öz peşəkar qabiliyyətlərinə uyğun olaraq deyil, ədalətli seçim olmadan və çox halda, ümumiyyətlə, mütəxəssis olmadığı halda təyin olunur.
****
Həmişə bu barədə düşünmüşəm: Fərd insest hissini - (insest - qohumlar arasında cinsi əlaqəni) necə bloklayır?
Görən, səbəb etik dini-mifolojidir, yoxsa təkamülün qənaəti?
Bioloji təsnif etsək, insan da məməlidir, heyvandır, üstəlik, digər məməlilər kimi doğub çoxalır.
Bəs niyə, məsələn, inəklər kimi davranmırıq, yaxud itlər kimi…
Yaxşı niyə bəzi məməlilər bizim kimi davranır… İnsest etmirlər. Məsələn, atlar.
Bu sualın yaşı kimi, cavabları da çoxdur.
Fəqət mifoloji-dini-əxlaqi sifətlərdən arınsaq, dişə dəyəsi bir cavabımız var: beynimiz, zəkamız.
Əlbəttə, digər canlıların da beyni, sinir sistemi var, fəqət təəssüf ki, inkişaf etməyib.
Ol səbəb, onlar heyvan kimi, biz insan kimi yaşayırıq. Daha dərin düşünə bilirik, səbəb-nəticə əlaqələri qura bilirik.
Beləcə, inkişaf etdikcə genlərimiz də təkmilləşmiş və müdafiə mexanizmi yaranmış.
Kobud desək, böyük mənada məqsədi çoxalmaq və sağ qalmaq olan insan təcrübi şəkildə öyrənib ki, beyinən bilir ki, insestdən doğulan uşaqlar problemli olur və haman istəyə qarşı müdafiə mexanizmi qurub.
Məsələn, ailənizin bir üzvüylə cinsi əlaqəyə girdiyinizi təsəvvür edin… Görürsünüz, adam iyrənir, çimçəşir.
(Səhv etmirəmsə, illər əvvəl Tariyel Abdullayevin bu barədə bir araşdırmasını oxumuşdum. İnsest təsəvvürlərimizə bədənimizin reaksiyası haqqında idi...)
Əslində, həmin vaxt məndə başqa bir sual da yaranmışdı ki, görən, bacı/qardaşı hələ körpə ikən ayırsaq, bir də yetkinlik yaşında görüşdürsək, (bacı/qardaş olduqlarını deməsək, əlbəttə) onların arasında cinsi istək yarana bilərmi?
Yoxsa yatmış, uzaq düşmüş genetik eyniliyi tətikləyən siqnallar da mövcuddur?
Hər halda bu məsələni mütəxəssislərlə müzakirə etmək lazımdır.
***
Deməli, qohumbazlıq haqqında həm mifoloji-dini, həm tarixi, həm də elmi əsaslarımız var.
Fəqət əsasların hansından yola çıxsaq, nəticə xoşagələn deyil.
Hələ Qədim Romada 4-cü dərəcəli yaxın qohumların evlənməsi qadağan idi.
Amerikanın otuzdan çox ştatında qohum evlilikləri qadağandır.
“Əxlaqsızlıq yuvası” Qərbdə də bu ənənə davam edir.
Xəzərin o tayındakı, aramızdan təkcə neftli, balıqlı suların keçdiyi, ürəyimizin başında əbədi/əzəli taxt-tac qurmuş Qazaxıstanda da qohum evlilikləri qadağandır.
Qazaxlar məşhur “yeddi arxa dönən” mənasınında işlədilən “jeti ata” (yeddi ata) prinsipini əsas götürürlər.
Yəni el qızı, yaxud el bəyi yeddi nəsil uzaq olmalıdır ki, onların kəbinininə təkcə dövlət yox, göydəki mələklər də sevinsin.
Di gəl, bizdə qohum evliliklərinin sayı günü-gündən artır.
2023-cü ilin statistikasına görə, 2542 qohum evliliyi faktı qeydə alınıb.
2015-ci ildən evlənməyə hazırlaşanların tibbi müayinəsi aparılsa da, nəticədən asılı olmayaraq, qanun onların evliliyini qadağan etmirdi.
Qohum evliliyi, xüsusilə, əmi qızı ilə əmi oğlunun, xala qızı ilə xala oğlunun nikahından doğulan körpələrdə müxtəlif xəstəliklər yaranır.
Ən çox yayılan talassemiya xəstəliyidir. Dövlət Statistika Komitəsinin 2022-ci ilə aid göstəricisinə görə, tibb müəssisələrində qeydiyyatda olan 4096 talassemiya xəstəsi var. Onların 1967 nəfəri 17 yaşına çatmamış şəxslərdir.
Elmi araşdırmalar göstərir ki, qan qohumluğundan doğulan uşaqlarda genetik xəstəliklərin olması riski də olduqca yüksəkdir. Qohum nikahların faiz dərəcəsi ümumi nikahların sayından aşağı olsa da, yad cütlüklərin birgəliyində əlil uşaqların doğulması riski 2-4%, qohum evliliklərdə 4-8 %-dir.
…dərinə getsək, hüquq və azadlıq baxımından qiymətləndirsək, bütün qadağalar götürülməli, ümumiyyətlə, fikirlər, əməllər, seçimlər çərçivələnməməlidir.
Fəqət bu hüquq və azadlıq anlayışını sistemləşdirən, bizdən əvvəlki nəsillərin dili ilə desək, camaatı soyunmağa sövq eləyən, ailələri boşatdıran əxlaqsız söz-söhbətlərin mənbəyi, şər yuvası Amerika, Avropa özü də qohum evliliklərinə qadağa qoyub.
Çünki qohumların bu müstəvidə seçim azadlığının, bir-birini sevib-eləməyinin sonrası doğulan uşaqların da, elə özlərinin də taleyi üçün potensial təhlükədir.
Uşaqlar, hə, onların əksəriyyəti fiziki/əqli doğulur, valideyn özü isə... məlum, adətən, bu birgəliyin təməlində ailəyə aid mülkün nəsillərarası ötürülməsinin təmin edilməsi, qohumluq əlaqələrinin daha da möhkəmləndirilməsi anlayışı dayanır. Bir növ, hələ “beşikdə kəsilən göbəklər” bizim analarımızın, bizim atalarımızın maddi məqsədinə xidmət edən alətə çevrilir.
İkincisi, gənclər yola getməyəndə, ya vəlvələdən ya zəlzələdən problem yarananda bizim mübarək analarımız, müqəddəs atalarımız nəinki cütlüyün ayrılmağına, onların bu barədə düşünməyinə qadağa qoyurlar.
“Qardaşımın qızını qaytarım? Nə danışırsan sən? Qohumların üzünə necə baxaram? Qardaşım nə deyər?”
Beləcə, gənclər qohum-qardaşın dincliyinə, rahatlığına qurban gedirlər.
Çox üzr istəyirəm, ömürlərinin axırınacan it-pişik kimi yaşamağa davam edirlər.
Haman ailədə fiziki qüsurlu uşaq olmasa da, dəqiq travmalı uşaqlar böyüyür.
Bir də bu birgəliyin etik-estetik təzyiqi də var. Əmisi qızı ilə ailə quran kişi qan eyniliyinin utancı ilə, psixoloji diktəsi ilə, bir növ, sınır, əzilir.
Həm də qohum nikahların sayında müşahidə olunan artım ölkənin gələcək nəsillərinə və genofonduna cidddi təsir edə bilər.
Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin həkimləri, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutunun həkim mama-ginekoloqları qohum evliliklərin fəsadları arasında sonsuzluq, vaxtından əvvəl doğuşların meydana gəlməsi, bətndaxili ölüm hallarının baş verməsi, irsi genetik xəstəliklərin daşıyıcısı olan uşaqların doğulması kimi halları da xatırladırlar.
Onlarla qohumuyla ailə quran kişi, yaxud qadın tanıyıram ki, uşaqları da sağlamdır, özləri də. Əlbət, siz də onlarla qohum olmayan cütlüklərin xəstə uşaqlarını görmüsünüz, tanıyırsınız.
Qohum evliliklərinin xəstəlikdən əlavə, sosioloji tərəfi də var axı.
Belənçi birgəliklər toplumun millət, xalq, cəmiyyət, milli və ictimai şüur dəyərini öldürür. Beləcə, modern tayfalar, qəbilələr yaranır.
Başa düşürəm, bu qadağayacan əmisi qızını, xalası oğlunu sevən neçə gənc var...
İndi onların axırı necə olacaq? Ailə qurmayacaqlar?
Əslində, nikah – dövlətə kiminlə yatıb-durduğumuz haqqında arayışdır. Bir o qədər önəmli deyil.
Nikahsız da ailə olmaq, ev qurmaq, ev olmaq olar.
Uzağı, qohumluq əlaqələrini inkar edən sənədlər düzəldəcəklər, soyadlarını dəyişəcəklər, axır, yenə qovuşacaqlar.
Yaxud dediyim kimi, eləcə birgə yaşaycaqlar. Nikahsız.
Fəqət nikahsız cütlüyün uşaqlarının sənəd-sünəd işləri necə olacaq, onu bilmirəm. Tutalım, onun da çarəsi tapıldı.
Olsun, hamı xoşbəxt olsun, fəqət bu qadağa da tamamilə uğurlu çıxış yolu deyil.
Məncə, belənçi birgəliklərin fəsadı haqqında təfəkkürlərə təsir etməli, düşüncələri dəyişməli, kənd-kənd, rayon-rayon gəzib maarifləndirici söhbətlər/görüşlər aparmalı, beyinlərdə inqilab etmək lazımdır.
Kim bilir, bəlkə də, doğrusu budur. İnzibati qaydada. Cəza, qadağa.
Bəlkə də, biz belə maariflənirik...
Sonda nakam əmoğlunun nəğməsini təqdim edirəm:
Əmim qızı bizə gəl, qırmızı gey, təzə gəl,
Bir əlində şiş kabab, bir əlində məzə gəl.
El bilir, aləm bilir,
Ürək bilir, damar bilir, qan bilir...