"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil

"Babalarımız bizə türk deməyə tərəddüd edər, dilimizə türk dili deyə bilməz..." - Ərəbistanda əkilən, Azərbaycanda toxunan dil
8 dekabr 2023
# 12:00

Bu gün fədakar maarifçi, görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin anım günüdür.

XIX əsrin sonu - XX əsrin əvvəlində Naxçıvanda ədəbi və maarifçi mühit inkişaf dövrünü yaşayırdı. Bu inkişafa töhfə verənlərdən biri də görkəmli pedaqoq, şair, nasir, publisist Məhəmməd Tağı Sidqi olub. Xalq müəllimi kimi şöhrət qazanan Sidqi həm də ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından idi.
Məhəmməd Tağı Sidqi ömrünü Azərbaycan maarifinə həsr edən nəhəng bir şəxsiyyətdir. Bu böyük şəxsiyyət bütün ömrünü Naxçıvanda xalqının milli oyanışı və maariflənməsinə, yeni üsullu təhsil alması və məktəblərin açılmasına həsr edib. Onun elə bir əsəri yoxdur ki, onun məzmununda maariflənmə məsələsi olmasın, fikri əxlaqi-inkişaf öz əksini tapmasın. Sidqi başdan-ayağa maarifçi idi.

O, yeni ədəbiyyatın yaranması məsələsinə əlahiddə bir hadisə, təsadüfi proses kimi baxmır, onu ümumi sosial-mədəni inkişafın tərkib hissəsi, hərtərəfli elm və tərbiyənin nəticəsi kimi dəyərləndirirdi: “Şair daşdan yaranmaz! Ədib ağacdan olmaz! Şair və ədib millət, millət balalarından əmələ gəlir... Əlhasil, hər bir şey diqqət və etinanın zəminində və təlim və tərbiyənin sayəsində və qədrşünaslığın təhti-himayəsində hüsula gəlir”.
M.T.Sidqinin yeni ədəbiyyat konsepsiyasında ədəbi dilin saflığı, sadələşməsi ideyası da mühüm yer tutur. Maarifçi ədib ana dilini lüzumsuz, qəliz ərəb, fars və rus sözləri, ibarələri ilə ağırlaşdıran başabəla “oxumuşları” tənqid edir, qələm sahiblərini doğma dilin saflığı və təmizliyini qorumağa, sadə tərzdə əsərlər yazmağa səsləyirdi. O, ədəbi dili korlayan ziyalıların belə mövqeyinin törətdiyi fəsadlara diqqət yönəldərək yazırdı: “Ölüb getmiş ...babalarımızdan birisini qəbirdən qavzayıb gətirəsən, bu danışığa diqqətlə qulaq asandan sonra türk oğlu türk ola-ola, heç bir şey başa düşməyib bizlərə türk deməyə və ya deməməyə mütərəddid olsa da, dilimizə hərgiz türk dili deyə bilməz. Çünki bu dil bir libasa bənzəyir ki, guya pambığı Türküstanda əkilib, ipliyi İranda əyirilib, rəngi Ərəbistanda verilib, özü Azərbaycanda toxunub, Rusiyada gömrüklənib, xərc və kirayəsi çox olduğuna görə heç bir tayfa etina etməyib və heç bir ölkə­də füruşa getməyib həmin bu səfahatda satılmaqdadır”.

Kulis.az Savalan Fərəcovun “Yox elmdən özgə bir şərafət” adlı yazısını təqdim edir.



Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu Səfərov 1854-cü il martın 22-də Ordubad şəhərində anadan olub. Şah Hüseyn Soltan mədrəsəsində təhsil alıb.

Bir müddət İranda yaşayır, 1885-ci ildə Ordubada qayıdır. Həyatını maarifçiliyə və bədii yaradıcılığa həsr edir.
1892-ci ildə Avropa mədəniyyətinə dərin rəğbət bəsləyən Hüseyn Sultan Kəngərlinski ilə birlikdə “Əxtər” adlı yeni üsullu məktəb açır.

1894-cü ildə isə Naxçıvan şəhərində dini elmlərlə yanaşı, dünyəvi elmlərin də tədris olunduğu “Məktəbi-tərbiyə”ni təsis edir. Azərbaycanın görkəmli şair, yazıçı və tədqiqatçıları Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əziz Şərif, Rza Təhmasib, Əli Səbri Qasımov və başqaları bu məktəbdə yetişiblər.
Təsadüfi deyil ki, görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadə bu məktəbi “böyüklər üçün darül-ürfan”, yəni akademiya adlandırırdı.

M.T.Sidqinin hazırladığı “Əxlaq nümunələri”, “Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi”, “Ərəb dilinin sərfi-nəhvi”, “Ədəbiyyat”, “Pedaqogika” kimi mükəmməl elmi-pedaqoji dəyərə malik dərsliklər maariflənməyə, yeni nəslin formalaşmasına mühüm təsir göstərib.

Onun təşəbbüsü ilə "Tərbiyə" məktəbində böyük rus şairi A.S.Puşkinin 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi özü məruzə etmişdi.
Məktəbi “cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanı” adlandıran Sidqinin “Mədəniyyət məsnəviləri” poetik mənzuməsi, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi əsəri, “Kəblə Nəsir”, “İki tərbiyə üsulu”, “Ədəbli uşaq”, “Məktəbə gedən uşaq”, “Analar bəzəyi” və s. hekayələri, 300-dən çox şeiri maarifçi ədəbiyyatın dirçəlməsində xüsusi rol oynayıb.

Yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev “Dağılan tifaq” faciəsində şairin “Ey əzizan, bir baxın dünyaya, ibrətxanədir” misrasından istifadə edib.

M.T.Sidqi 1894-1899-cu illərdə Naxçıvanda M.F.Axundzadənin komediyalarını səhnələşdirməsində iştirak edib, “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin rejissoru olub. Hazırda Naxçıvan Dövlət Kukla Teatrı onun adını daşıyır.
Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin fəallarından olan şair yaradıcılığında aşiqanə və ictimai motivli nümunələrə geniş yer verib. Əsərlərində elmə rəğbət, məktəbə çağırış motivli ideyalar diqqət çəkir:

Ciddü-cəhd eyləsin əhli-qeyrət,
Bəlkə, gəlsin ələ elmü-sənət.
Keçməmiş, keçməmiş vaxt fürsət,
Eyləyək, eyləyək dərsə diqqət.


Onun “Elmin şərafəti”, “Məktəbdə”, “Oğlan” kimi şeirləri bu çağırışları özündə yaşadan maraqlı bədii nümunələrdir.
Görkəmli maarifçi qızların da təhsilə cəlb olunması üçün məktəb təşkil edib, üstəlik, şeirlərində bu məsələyə xüsusi diqqət ayırıb:

Hər qız ki elmə etsə rəğbət,
Axırda, yəqin, tapar səadət.
Yox elmdən özgə bir şərafət,
Elm ilədir iftixar, qızlar!


Sidqi uşaq və gənclərlə yanaşı, böyükləri də savad əldə etməyə səsləyib: “Ağıllı ata-ana övladını elmə və tərbiyətə rağib edəndir. Balasını bikar və əziz saxlayan adam övladının düşmənidir”.


“Heykəli-insana bir nəzər” məqaləsində müəllif milli düşüncənin formalaşmasının vacibliyini gündəmə gətirir. Qeyd edir ki, dünyada hər bir millətin milli hüquqları, milli hökuməti var. Bu mənada müsəlman xalqları da millət və vətən anlayışlarını dərk etməlidir. Maarif carçısının fikrincə, Qərb ölkələri mövcud nailiyyətləri dünyəvi elmləri öyrənməklə əldə ediblər. Müsəlman dünyası da bu uğurlara çatmaq üçün ilk növbədə, dünyəvi elmləri öyrənməlidir. Bunun üçün isə əlifba islahatları aparılmalı, yeni tipli dünyəvi məktəblər açılmalı və qəzetlər nəşr olunmalıdır.

Görkəmli şair-dramaturq Hüseyn Cavid 1910-cu ildə “Həqiqət” qəzetində dərc olunan “Naxçıvanlılara” adlı məqaləsində hörmətli müəlliminin xalqı qarşısındakı xidmətlərini belə dəyərləndirirdi:
“Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevərdi...”

Sidqi ölkəmizdə dərc olunan mətbuat orqanları ilə yanaşı, xaricdə işıq üzü görən “Həblülmətin” (Kəlküttə), “Əxtər” (İstanbul), “Tərcüman” (Baxçasaray) və s. kimi qəzetlərin də oxucusu olub, onlarla əməkdaşlıq edib.

“Çıraq” adlı ana dilində qəzet nəşr etmək istəsə də, hökumət məmurları buna əngəl olublar.
O, ömrünün sonlarında - 1903-cü ildə Tiflisdə Azərbaycan dilində “Şərqi-rus” qəzetinin nəşr olunmasını sevinclə qarşılayıb və bu nəşrdə bir neçə məqalə ilə çıxış edib.
Qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtlının fəaliyyətini təqdir edərək yazırdı: “Ümid etmək olar ki, az müddətdən sonra “Şərqi-rus” qəzeti millətin gənclərinin qaranlıq ürəklərində nur saçacaq və bilik-mərifət çırağı cəhalət çölündən səadət-xoşbəxtlik sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi olaraq həkk olunacaqdır”.

Məhəmməd Tağı Sidqi 1903-cü il dekabrın 9-da, yaradıcılığının coşqun cağında, 49 yaşında vəfat edib.
Hüseyn Cavid bu böyük vətən sevdalısının itkisini belə ifadə edirdi:

Dünyadan köçüb getdi hörmətli böyük Sidqi!
Min təəssüf ki, bizdən belə şəxsiyyət getdi!

# 1496 dəfə oxunub

Müəllifin son yazıları

# # #