Bu gün dahi yazıçı Lev Tolstoyun anım günüdür.
Kulis.az Tolstoyun Nobeldən imtinasının və evini tərk etməsinin səbəbləri haqqında Ömər Xəyyamın tərtib etdiyi məqaləni təqdim edir.
Ondan sonra bu hərəkəti səkkiz nəfər təkrarladı. Tolstoyun imtinasının tarixçəsi isə maraqlıdır. Belə ki, yazıçı mükafatdan şəxsən imtina etməyib, böyük ədəblə dolayısı şəkildə ondan “qurtulub”.
Rusiya akademiyasının onu ədəbiyyat üzrə Nobelə namizəd kimi təqdim etməsini öyrənən Tolstoy 1906-cı ilin 7 oktyabrında tanışı, finlandiyalı yazıçı və tərcüməçi Arvid Yarnefeltdən xahiş edir ki, onu bu məsələdən xilas etsin:
“Elə edin ki, mükafatı mənə verməsinlər...”
Yarnefelt onun xahişini yerinə yetirir.
Amma əsas problem Tolstoyun imtinasının “gizliliyində” idi. Komitə mükafatın Tolstoya verilməməsinə tutarlı, şübhə doğurmayan səbəb tapmalı idi - formallığı həyata keçirmək lazım idi. Onda Komitə yazıçının istedadı və yaradıcılığının əhəmiyyətini qeyd edərək uzun bir açıqlama ilə mükafatın ona verilməsindən imtina etdi.
Bu bəhanə onların işinə yaradı: “Guya “Hərb və sülh”ün müəllifi dünya tarixindəki mərkəzi rolu insan ağlına və iradəsinə yox, kor bir təsadüfə verir”.
Başqa bir bənddə isə yazırdılar:
“Kreyser sonata”sında müəllif ailə həyatının problemlərini həddən artıq açıq-saçıq şəkildə müzakirə edir”.
Hələ xeyli əvvəl də İsveç akademiyasının katibi Karl Virsen Tolstoyun ölümsüz əsərlər yaratdığını etiraf etsə də, onun namizədliyinin əleyhinə çıxış etmişdi. Onun fikrincə, yazıçı “sivilizasiyanın bütün formalarını mühakimə edir, onun əvəzinə yüksək mədəniyyətdən arınmış primitiv həyat tərzini gətirib qoyur. Sivilizasiyanın hər hansı bir formasına münasibətdə belə bir sərt qəddarlıqla qarşılaşan hər kəsdə şübhə yaranacaq. Heç kim belə görüşlərlə barışmayacaq”.
Bir neçə belə fikirlə Lev Nikolayeviç Tolstoy Nobel mükafatından “ideoloji istiqamətinə görə” məhrum edilir. Və mükafat italiyalı şair Cozue Karduççiyə verilir.
Bu bəhanələr Tolstoyu tam qane edirdi.
Şübhəli mükafatlanmadan İsveçin və başqa ölkələrin ictimaiyyəti Nobel akademiyasının qərarından şoka düşdü. Lev Tolstoyun ünvanına İsveç yazıçılarının və sənət bilicilərinin etirazları daxil oldu. Onlar Tolstoyu ədəbiyyatın patriarxı adlandırır, komitənin qərarının ədəbi ictimaiyyətin qərarı ilə üst-üstə düşmədiyini qeyd edirdilər.
Tolstoysa olduqca razı idi və bu hadisəni izah edərək yazırdı:
“Yarnefelt məni böyük çətinlikdən xilas etdi: pulları hara sərf etmək dərdindən. Ki, mənim fikrimcə, hər hansı pul ancaq şər gətirir; ikincisi də mənə tanımadığım, dərin hörmət bəslədiyim bir çox insanın rəğbətini qazanmaq mənə şərəf və böyük məmnuniyyət verdi ".
****
Sofyanın timsalında o, nəinki bir həyat yoldaşı, eləcə də etibarlı tərəfdaş, bütün işlərində köməkçi tapmışdı. Sofya həm ev işləri görər, həm də ərinin əsərlərinin qaralamalarını yeni ağ vərəqlərə köçürərmiş. Nəzərə alsaq ki, Tolstoy hər gün uzun-uzadı səhifələri başa çatdırarmış, onda Sofyanı anlamaq elə də çətin deyil. Tolstoyun həyatında yeni sevincli mərhələ başlanmışdı. Yaxşı həyat yoldaşı onun işinə qarışmır, qanını qaraldıb ilham pərisini qaçırmırdı. Lakin nə etmək olar, hər sevincli günlərdən sonra qarışıqlıq yaranır.
Günlərin birində qonşular Tolstoyun evində səs-küy eşidiblər. Əvvəlcə təəccüb içərisində nə baş verdiyini anlamağa çalışıblar. Günlər ayları əvəz etdikcə belə mübahisə və qışqırıqlara adət ediblər. Levlə Sofya arasındakı narazılıq Yasnaya Polyanada qeybətə əsas verib, adamlar dükan-bazarlarda bu barədə danışarmışlar. Nəhayət, Lev Tolstoy evdən çıxıb gedib. Masanın üzərinə məktub qoyub: “Elə düşünmə ki, getməyimin səbəbi səni sevməməyimdədir. Mən səni bütün qəlbimlə sevirəm. Gedişim hansısa arzumun həyata keçməsinə dair səndən nəsə tələb etməklə bağlı deyil. Yalnız sənin həyata sakit və laqeyd münasibətindədir. Daha səninlə birgə yaşayışın mənası yoxdur və məntiqsizdir. Əlvida. Qoy Tanrı sənə yar olsun”.
Əslində, Tolstoyun ailə həyatındakı münaqişə çoxdan başlanmışdı. Artıq neçə ay idi ki, evdə qeyri-sabit atmosfer hökm sürürdü. Ərlə arvad arasındakı söz-söhbət saatlarla çəkər, sonu göz yaşları ilə bitərmiş. Sofya Andreyevna hər dəfə ərinə özünü öldürəcəyini deyəndə qonşular həyəcan keçirərmiş. Tolstoy həyat yoldaşının doğrudan da belə edəcəyindən qorxub sakitləşər, evdən çıxıb gəzişərmiş. Evlilik həyatından 48 il sonra bütün bunlara dözə bilməyən yazıçı Yasnaya Polyanadan getdi.
Məktubu oxuyan Sofya özünə qəsd etdi. Həkimlərin səyi nəticəsində ölmədi. Həmin vaxt Tolstoy Rostova istiqamət götürmüşdü. Belə bir deyim var ki, ürəkdən ürəyə yol var. Yolda yazıçının halı pisləşib, qızdırması artıb. Ərinin xəstələndiyini eşidən Sofya yola çıxır və Tolstoyu ağır vəziyyətdə Astapovo stansiyası rəisinin evində yataqda tapır...
****
1862-ci ilin sentyabrında onlar nigaha girmişdilər. Onda Sofyanın 18, Tolstoyun 34 yaşı vardı. Toyun ertəsi günü Tolstoy gündəliyində yazdı: “Ağır gecə...Bu o deyil...”. Tolstoy anladı ki, arzuladığı qadınla evlənməyib. Elə birinci mübahisə də bal ayı ərzində baş verdi. Barışdılar və Yasnaya Polyanaya köçdülər. Sofyanın birinci işi subay Tolstoyun evini yığışdırıb təmizləmək oldu. Ev işləri qurtaranda isə darıxmağa başladı. Əri ona ümumi təsərrüfatı həvalə etdi. Sofyanı inəklərə baxmağı, bir də xama hazırlamağı tapşırdı. Ancaq bu Sofyaya sevinc və zövq yaşatmadı. Yenə darıxdı. Tolstoy həyat yoldaşının darıxmaması üçün təzə iş tapdı. Beləliklə, “Hərb və sülh” əsərinin qaralamasını təmiz vərəqlərə köçürməklə Sofyanın darıxdırıcı günləri ötüb keçdi. Hər gün bu işlə məşğul olurdu. Həm oxuyur, həm də köçürürdü. Əyləncəli idi.
Əyləncə Tolstoyun həyatını da ağuşuna aldı. Sofya uşaq dünyaya gətirəndə Lev çarpayısının yanından çəkilmədi, çünki ilk uşağının sevincini elə oradaca yaşamağa çalışırdı. Lev Sofyanın əlindən tutub, alnındakı tərini sildi, qulağına sevgi dolu sözlər pıçıldadı. Doğuş uğurlu keçdi. Körpənin adını Sergey qoydular. Onun gəlişi ilə mübahisələr daha da artdı. Hər ikisinin gündəliyində bunu aydın şəkildə görmək olar. Lev Tolstoy yazırdı: “Səhər yuxudan həyat eşqi ilə oyananda baxıb görürəm ki, qrafinya ancaq deyinməklə, mızıldamaqla məşğuldur”. Sofya isə yazırdı: “Sinəmin ağrısı həyatımı yerindən oynadır. Onun qayğısını görmək istəyirəm...lakin o məndən soyuyub...Mənə darıxdırıcıdır, tənhayam”. Körpəni südlə təmin edə bilmədiyinə görə Lev Tolstoy evə dayə və südlə təmin edən qadın gətirdi. İllər keçdi, mübahisələr səngidi. Sergeydən sonra Lev Tolstoyun 12 uşağı dünyaya gəldi. Onlardan 4-ü uşaq ikən vəfat edib. Qraf yaradıcılıqla məşğul olar, kənd məktəbində müəllimlik edər, qrafinya isə övladlarını böyüdərmiş.
“Anna Karenina” əsərindən yaranan şöhrət Tolstoyda sevinc hissi doğurmayıb. Əksinə, adıçəkilən əsərə sərf etdiyi enerji getdikcə beynində təbəddülatlar yaradıb. Hətta özünü öldürmək istəyib. Bütün suallarına “Bibliya”da cavab axtaran Lev Tolstoy həyatın mənasına dair öz ehtimallarını irəli sürüb. Onlardan biri belə idi ki, insan istənilən şərə qarşı xeyirxahlıq göstərməlidir. Anlayıb ki, hər bir insan özünü təmin etməlidir. Vegetarianlığa başlayıb, siqareti və içkini tərgidib, sadə geyinib, özünə ayaqqabı tikib, tarlada işləyib. Qraflıqdan gələn maliyyəni kasıblara paylayıb, evdəki xidmətçilərini mükafatlandırıb.
Günlər keçir, Tolstoy öz fəlsəfəsini həyat yoldaşına təlqin etməyə çalışırdı. Sadə paltar geyinib kəndlilərlə tarlada işləməyə həvəsləndirirdi. Sofya buna razılaşdı, lakin ağrılardan qovrularaq yataq xəstəsi oldu. O, ərinin yeni fəlsəfi çalarını anlamır, mübahisə edir, əvvəlki rahat həyatı arzulayırdı. Lev Tolstoy Sofya ilə mübahisəni gündəliyində belə yazıb:
- Sən mənim arvadım olmaqdan çıxırsan. Sən kimsən? Ərinə köməkçi? Sən çoxdan mənə mane olursan. Sən anasan? İndi heç uşaq da dünyaya gətirmək istəmirsən? Gecələrimin rəfiqisən? Hətta sən bunu da oyuncaq edib üzərimdə hakimiyyəti əla almaq istəyirsən.
Mübahisələrin birində yazıçı onu boşayacağı ilə hədələyib. Sofya göz yaşları içində paltarlarını hazırlayıb ata yurduna getmək istəyib. Yaşlı qohumlar onları barışdırıb. Tarixi araşdırmalara əsasən Tolstoy ağlayıb, arvadının onu bağışlamasını diləyib. Lakin bu qənaətə gəlib ki, həyat yoldaşı onu anlamır, getdikcə özünə qapanıb. İllər keçib, Lev Tolstoy daha Sofyanı özünün fəlsəfi təlimi ilə narahat etməməyə çalışıb. Sofya da onu hirsləndirməyib. Çünki hər yeni münaqişədə yazıçı onu atıb gedəcəyi ilə hədələyərmiş. Sonuncu münaqişə isə əsəbləri tarıma çəkib, Lev Tolstoy bir məktub qoyaraq evdən çıxıb. Sofya gündəliyində yazıb: “Əzizim, axı niyə? Neçə illər boyunca mən sənə etibarlı dost olmuşam. Nə oldu sənə? Nə baş verdi? Xeyli müddətdir ki, səni anlamaq mənə müyəssər olmur. Mənim həyat yoldaşım, səni çox sevirəm”.
Tolstoy Sofyanın gündəliyini oxuya bilmədi. Çünki çıxıb getmişdi. Həmişəlik...