“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”
16 dekabr 2024
# 15:00

Kulis.az Oğuz Ayvazın “Mənim keçmiş sevgililərim” silsiləsindən qələmə aldığı növbəti yazını təqdim edir.

19 yaşına gəlib çatmışdım. Köhnə sevgilimi unutmaq üçün özümü oda-közə vururdum. Futbol oynayır, dostlarla gecəyə kimi gəzir, kitab oxuyur, filmlərə baxırdım. Yavaş-yavaş həyat öz qaydasına düşürdü. Həqiqətən də, bu dünyada ömürlük əzab yox imiş. Çox keçmədi, həyatın ümumi ahəngi mənə köhnə sevgilimi unutdurdu.

İndi ürəyimin sahəsi elə genişlənmişdi ki, bura bir neçə sevgini sığdıra bilərdim. Əslində, sosial şəbəkələrdə “ova” da çıxırdım. Lakin qarmağa heç kim düşmürdü. Sən demə, növbəti sevgilimə real həyatda rast gələcəkdim.

Budəfəki sevgi hekayəm əvvəlkilərinə baxanda daha qısa olmuşdu. Qısa və məzəli. İndi də yadıma düşəndə qəhqəhə çəkirəm.

Təzə sevgilim Bahar məndən iki yaş böyük idi. Qısa kare saçları, durna ayaqları kimi uzun ayaqları, uzun qolları... Qollarında da xallar. Elə bil gecənin bətninə sancılmış ulduzlar kimi. Onu “Leon” filmindəki Matildaya oxşadırdım.

Matildaya bənzəyən Baharla metroda tanış olmuşduq. Mən “Söykənməyin” yazılan qapıya söykənmişdim, o isə oturub ayağını ayağının üstünə aşırmışdı. Qəflətən baxışlarımız toqquşdu. O, tez baxışlarını yayındırdı. Qatar sürətlə şütüyürdü. Bir az keçəndən sonra təzədən baxışları mənim “kameram”a düşdü. Deyəsən, bu dəfə bir az uzun çəkdi baxışmağımız. Saçını geri elədi, telefonundan özünə baxdı. Mənim baxışlarım isə hələ də onda ilişib qalmışdı. Sanki bütün qatar qaranlığa bürünmüş, bircə onun oturduğu yer işıqlanmışdı. Bahar o işığın altında ecazkar görünürdü.

Bir azdan basabas oldu. Tər iyi, adamların çoxluğu Baharla aramıza Çin səddi çəkdi. Ona sarı boylanır, heç cür gözlərini tapa bilmirdim. Ancaq kare saçlarını görürdüm. Hələ düşməmişdi. Get-gedə qatar boşaldı. Baharın qarşısındakı sədd çəkiləndə gördüm ki, o da ayağa qalxıb, qapının yanında gözləyir. Məni unutmuşdu, deyəsən. Heç mən tərəfə baxmırdı. Yanına yaxınlaşdım. Bu dəfə yaxından baxdım ona. Kirpiklərinə çəkdiyi sürmə məni başqa bir aləmə apardı. Ayaqlarım onun arxasınca süründü.

Bir anlıq özümü səs-küyün içində tapdım. “Sabirabad, Biləsuvar, Bərdə, Hacıqabul” qışqıran taksi sürücüləri yan-yörəmi kəsdirmişdi. Qışqırıqlar havada uçuşurdu, məni dartışdırır, harasa sürüyüb aparmaq istəyirdilər. Sanki Amazon çayının sahilindəki sıx meşəliyə düşmüşdüm. Ağacları, budaqları, kolları yara-yara düzənliyə çıxdım. Bahar məndən beş addım irəlidə, səkidə ceyran kimi süzə-süzə addımlayırdı. Elə bil addımını yavaşıtmışdı. Həyəcanlı olsam da, yanına yaxınlaşdım. Birdən dilim topuq vurdu, kəkələdim, sonra da məni bərk öskürək tutdu. Bahar əvvəl geri çevrilib baxdı. Yaxına gəlmək istədi. Ətrafına baxdı. Mən isə bu sırada dayanmadan öskürürdüm, az qala boğulacaqdım. Bahar yenə bir irəli, iki geri getdi. Fikirləşdi. Axırda yavaşca yanıma yaxınlaşdı.

– Yaxşısız? – Bahar gözünə düşən telinə sığal çəkdi.

– Öhü, öhüü, boğaz... çöp...

– Boğazınızda çöp qalıb?

Onun sualını cavabsız qoydum. Bahar çantasından su butulkası çıxartdı. İçimdəki həyəcan bir anda yoxa çıxdı, sakitləşdim. Suyu içəndən sonra tam rahatladım.

– Çox sağ olun.

– Dəyməz.

– Adınızı bilmək olar?

– Bahar.

Beləcə tanış olduq. Həmin gün onu evinə kimi ötürdüm. Nömrələrimizi bir-birimizdən alıb, sağollaşdıq. Sevincimdən bir saat piyada gəzdim, içimdə sevgi nəğmələri cəh-cəh oxuyurdu. Ürəyim sakitləşmir, sanki yerindən çıxmaq istəyirdi. Xəyalımda, düşüncəmdə əsl sevgini tapdığımı zənn edirdim.

Baharla görüşlərimiz, demək olar, parkda, yaxud da bulvarda olurdu. Gəzişir, öpüşür, qucaqlaşırdıq. O mənə qadınlarla bağlı xeyli maraqlı şeylər danışırdı. Baharla qısa müddətdə sevgili olduq. Sevgimiz “rəsmiləşəndən” sonra isə Bahar dəyişdi. Onun içində qalan “qısqanclıq minası” gün üzünə çıxmağa başladı.

Zaman keçdikcə Baharın qısqanclıqda dünya rekordu qıracağının şahidi olacaqdım. Bu hal yavaş-yavaş özünü büruzə verməkdə idi. “Metroda yalnız mənə bax”, “dostlarınla çox vaxt keçirmə”, “universitetdəki qızlardan uzaq gəz”, “bacın, yoxsa mən?” – bu sözlər günü-gündən Baharın dilindən düşmürdü. Qısqanclıqları həyatımı zəhərə döndərir, bu zəhərli sarmaşıqlardan xilas olmaq istəyirdim. Baharın qısqanclıq səviyyəsi dozasını aşmışdı, artıq hər şeyimə qarışırdı. Statusuma yazılan hər şərhə, layk elədiyim hər qıza görə zəng edib danlayırdı: “Sənə demişəm axı, heç bir qızı layk eləmə!”, “Kimdi o ifritə?”

Kefinin yaxşı vaxtına düşmüşdü bir dəfə, şirin-şirin söhbət edirdik. Gecənin yarısına qədər bir-birimizə “canım”, “cicim”, “aşkım” deyib durduq (indi yadıma düşəndə ətim ürpəşdi, “cicim”, “aşkım” nədi, sən Allah).

– Artıq yataq, canım, – divardakı saata baxıb mızıldandım. – Sabah da dərsə gedəcəm.

– Caan... – uşaq səsi çıxardı. – Yorulub aşkısı...

Bu vaxt bacıma səsləndim:

– Mütəkkəmi at da...

Mən mütəkkəni qucaqlayıb yatırdım, onsuz gözümə yuxu getmirdi. Neyləyim, bu da bir xasiyyətdi. Amma nə bilərdim qısqanclıqda Nobel mükafatına layiq olan sevgilim bunu eşidəcək və beyninə qan sızacaq. Elə bildim qulağıma güllə sancıldı. Elə bağırdı ki... Sonra aramızda aşağıdakı dialoq oldu:

– Mütəkkə ilə yatırsan?

– Nə var burada axı?

– Məni mütəkkə ilə aldadırsan? Olmaz. Yatmayacaqsan o mütəkkə ilə. Eşidirsən?

Telefonu silah kimi gicgahıma dirəyib atəş açdım, bütün qanım axdı, amma ölmədim.

Baharın qısqanclığı boğaza yığmışdı məni. Artıq dözülməz hal almışdı. Səkkiz ay mənə bir əsr kimi gəlmişdi. Daha dözə bilmirdim, ayrılmaq lazım idi. Əvvəl-əvvəl ona soyuq cavablar verməyə başladım. Zənglərini açmır, yazdığı mesajları yola verirdim. Beləcə, ayrılmaq üçün zəmin yaradırdım.

Nəhayət, son zərbəni vurmağa qərar verdim. Günorta ona zəng vurub vacib görüşməli olduğumuzu dedim. Razılaşdı. Səsindən hiss edirdim ki, o da artıq ayrılığın olacağını başa düşüb.

Üzü qışa doğru gedirdi. Ancaq hələ də payız havası vardı. Ağaclar yarpaqlarını tökmüşdü. Həmişə görüşdüyümüz parkda görüşdük. Skamyaların birində oturduq. Bahar həyəcanla əlimdən tutdu.

– Nə olub, tez de.

Sözü uzatmadan, birbaşa dedim:

– Bahar, biz ayrılmalıyıq!

Bahar əlimi buraxdı.

– Bilirdim elə.

O, dırnağını yeyə-yeyə nəsə düşünürmüş kimi dilləndi:

– Qısqanclığa görə?

– Başqa nə olacaq ki? Mən rahat yaşamaq istəyirəm, sənsə hər şeyimə qarışırsan, bezmişəm.

– Hə, bezərsən da, sıxıldın məndən. Başqa qız tapıbsan, yəqin. Neyləyim, mən beləyəm. Ya qəbul et, ya da çıx get.

Skamyadan qalxdım. Şərfimi boynuma doladım. Bahara son dəfə baxıb, səkiyə doğru çıxdım. O, hələ də dırnağını gəmirməklə məşğul idi...

# 1548 dəfə oxunub

Müəllifin son yazıları

# # #