Anama bənzəyən türk aktrisa ilə facebook tanışlığım

Anama bənzəyən türk aktrisa ilə facebook tanışlığım
26 dekabr 2019
# 11:02

Özümü nə vaxt tək hiss eləsəm “Çiçek Taksi” serialını izləyirəm. Bu təklik bəzən o qədər dərinləşir ki, bir də baxıram, 10 bölümə birdən baxmışam. Şaqqanaq çəkib gülmüş, ağlamış, sevinmiş, kədərlənmişəm...

Bu serial həyatımın bir parçasına çevrilib. Bəlkə, bu sizə çox anormal görünə bilər. Məni bayağı, keçmişə bağlı, qapalı adlandıra bilərsiniz. Ancaq bu tamamilə serialla mənim aramda olan sirli bir münasibətdir. Bunu çözə biləcək bir adam tapılmaz.

Yəqin çoxlarınız baxmısınız. Baxmayanlar üçün deyim... Serialın ssenarisi, süjeti sadədən də sadədir: taksi sürücülərinin ailə-məişət, iş həyatları, başlarına gələn maraqlı sərgüzəştlər... Vəssalam. Dizinin mesajı isə möhtəşəmdir: dostluq, sevgi, həyatla mübarizə, birlik...

Bu serialın duyğularımda iz buraxması hələ də mənə təəccüblü gəlir. Axı 30 yaşına gəlib çatmışam. Artıq uşaq deyiləm. Üstəlik evliyəm, uşağım da var. Niyə bu serialı içimdən çıxarıb ata bilmirəm? Olmur, qardaş, alınmır.

Hərdən bu haqda düşünürəm. Bəlkə, mahiyyətimdə sentimentallıq var?! Bilmirəm. “Çiçek Taksi”dən xilas olmaq üçün dünya kinosundan xeyli filmlər də izləmişəm. Sənədli, bədii filmlər...

Xeyri yoxdur. Bu günün özündə də “Çiçek Taksi” ilə nəfəs alıram. İşdən yorğun evə çatıram. Yemək yeyə-yeyə sevimli teleserialımı izləyirəm. Xoşbəxt oluram. Bu xoşbəxtliyi sizə çatdırmağa, ən azından hiss etdirməyə cəhd edəcəm.

Deməli, “Çiçek Taksi”yə ilk dəfə 12 yaşımdan baxmağa başlamışam. Hardasa 2002-ci ildən. O illər həyatıma nəğmə kimi yazılıb. Uşaqlığımın ən unudulmaz, işıqlı günləri. Atamın, anamın sağ, qardaşımın, bacımın cuppulu vaxtı... Feysbukun, internetin dəb olmadığı zamanlar, futbolun bu qədər çirklənmədiyi dövrlər, “turbo” saqqızının, futbolkaların at oynatdığı günlər... O günlər ki, hələ də yaddaşımda izlər qoyub. Unudulmur. Unutmaq hissi məndə heç vaxt baş verməyib.

“Çiçek Taksi”dən sonra həyat buz kəsən əlləri ilə valı dəyişdi: adamlar bir-bir həyatımdan yoxa çıxmağa başladı. Atam, anam, dostlarım hamısı serialla birlikdə arxa fonda qaldı. İndi bu serialı izləyəndə daha çox hiss edirəm: anamı, atamı, dostlarımı... Nə şəkillər, nə musiqilər, nə də xatirələr onları bu serial qədər mənə xatırlatmır. Və inanın, yaxınlarım belə bu serialda ilişib qalmağımı anlaya bilmir. Bəzən heç özüm də özümü anlamaqda çətinlik çəkirəm.

İndinin türk serialları bağırsaq kimi uzanan, bayağı, dəxlisiz təəssürat bağışlayır. Təsəvvür edin, tamaşaçı gözləyir ki, oğlan qızı nə vaxt, neçə yüzüncü seriyada öpəcək. Süni, maraqsız, mənasız. Qeybət janrında seriallar ürəyimi bulandırır.

Ən çarəsiz, ən miskin vaxtlarımda “Çiçek Taksi” köməyimə çatıb. Həyat eşqimi, özgüvənimi yerinə gətirib. İnsanları sevdirib...

Aradan 17 il keçir və “Çiçek Taksi”nin aktrisası Zuhal Yalçını (Ayşe obrazı) feysbukda tapıram. Ayşe ablanı həmişə anama bənzədirdik. Görünüşü, xasiyyəti, dadlı yemək bişirməyi. Bir gün feysbukda canlı yayımda idi. Elə bildim, anam o dünyadan canlı efirə çıxıb. Çaşdım. Sonra diqqətlə baxanda anladım ki, bu “Çiçek Taksi”nin Ayşesidir. Minlərlə baxış, rəylər vardı. Ürəyim dözmədi. Bir söz də mən yazdım: “Anneme çok benziyorsunuz”. Minlərlə rəy arasında mənim yazdığım sözlər diqqətini çəkmişdi: “Annene rahmet diliyorum, Oğuzcum” demişdi. Canlı efirdən sonra Zuhal xanımla söhbətləşdik, gah duyğulandıq, gah da güldük. Serialdan söz açdıq, anamdan danışdıq. Müsahibə də yayımlandı və mən indi-indi hiss edirəm ki, həyatımda aldığım ən gözəl, ən səmimi, ən doğma müsahibə oldu.

Yəqin ki, bu müsahibənin də xeyri olmayacaq. Gərək bütün “Çiçek taksi”nin aktyorları ilə söhbətləşim. Bəlkə o zaman içimdə hələ də balaca qalan uşaqca sevinc böyüməyə can atar və serialdan çıxıb real həyatın qapılarını döyər. Hər halda, buna inanmaq istəyirəm. Bir yanım da deyir: içindəki o uşağı heç vaxt böyütmə...

# 9086 dəfə oxunub

Müəllifin son yazıları

# # #