Əlif Şəfəqi utandıran foto

Əlif Şəfəqi utandıran foto
22 oktyabr 2020
# 11:16

Bu günlərdə cəbhəylə, müharibəylə bağlı fotolar yayılır və hər bir şəklin öz tarixçəsi, hekayəsi olur. Gəncədə dağılmış evində piano çalan kişinin fotosu ürək dağlayır.

O, həmin evdə 10 aylıq körpəsini və ailəsini itirib.

Fotoya baxanda “Pianist” filmi yada düşür. Film milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın həyatından bəhs edir. Şpilman 1939-cu ildə Almanların Polşaya hücumunda, ailəsini itirsə də özü sağ qurtula bilmişdir. Və o da dağılmış evlərin birində musiqi ifa edirdi.

İndi o gəncəli kişi çoxlarına məlum filmi xatırlatdı. Və o kişinin pianistlə oxşar taleyi.

Yadınızdadırsa, türkiyəli yazıçı Əlif Şəfəq bu yaxınlarda dağıdılmış kilsədə violonçel çalan erməni musiqiçisinin şəklini paylaşmışdı. Şəkil öz paylaşım aksenti ilə erməniləri müdafiə etdiyi üçün həm bizdə, həm Türkiyədə böyük narazılığa səbəb oldu. Hərə bir tərəfdən Əlif Şəfəqi tənqid eləməyə başladı.

Bəhs etdiyim foto Əlif Şəfəqə ən tutarlı cavabdır.

Heç bir ciddi izaha, təhlilə ehtiyac qalmır.

Əlif Şəfəq ədalətli deyil. Biz sadəcə haqlı olaraq özümüzün ərazimizi bərpa eləmək istəyirik.

Bu, bizim haqq savaşımızdır. Gəncədə ailəsini itirən nə qədər insan var.

Yazıçı orda baş verən fəlakəti, faciəni anlaya bilmədi.

Müasir yazarlar populyarlaşmaq üçün əllərindən gələni edirlər. Bəzən, haqsız olmaqdan, səhv etməkdən belə çəkinmirlər.

Bu da zamanımızın bir gerçəkliyi, bəlkə də xəstəliyidir.

Piano çalan gəncəlinin fotosu qan dondurur.

Şəkildən belə musiqinin hüznlü səsini eşidirsən.

Nə qədər kədərli foto olsa da bir məqam diqqətimdən yayınmadı. Kişinin üzündəki maska... Adam o boyda faciə yaşayıb, amma maska taxmaq yadından çıxmayıb?

Demək, həyat davam edir, müqavimət davam edir.

Öz hüznüylə birlikdə...

İmkanı olan bu fotonu Əlif Şəfəqə göndərsin.

Bəlkə, bir az utandı...

# 10587 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #