Camaatı dolayan Musa Musayev və Təranə Qumral

Musa Musayev, Təranə Qumral

Musa Musayev, Təranə Qumral

27 mart 2023
# 16:05

Kulis.az Nihat Pirin “Amo miyau” adlı yazısını təqdim edir.

Düz bir həftədir, Musa deyir, amo miyauu, camaat deyir, düz demirsən. Düz bir həftədir, Musa deyir, porto-topo, camaat deyir, düz demirsən. Axırı Təranənin fikrini alıblar. Təranə qoçağım da qayıdasan ki, gedin öz evinizə baxın.

Əslində, Təranə Qumralın verdiyi cavab Musa-Təranə cütlüyünün 125 ildir, bu millətə çəkdirdiklərinin ümumi teoriyasıdır. Təranə Qumrala sual verirlər ki, ay Təranə xanım, həyat yoldaşın, duet ortağın mahnının sözlərini düz oxumur. Camaatla məzələnir, ya özü ilə, ya sizlə, bilinmir, amma bu adam mahnını düz oxumur. Ağzına və ağlına nə gəldi, deyir. Siz nə düşünürsünüz?

Təranə xanım bu vəziyyətlə ya razılaşa bilər: deyər ki, həyəcanlı olub, həm də çoxdandır, oxumur, ola bilsin, unudub sözlərini.

Yaxud da razılaşmaz: deyər ki, siz bilmirsiniz, siz də qələt edirsiniz, “Gipsy Kings” də. Musa düz oxuyur. Canım Musam, uuş.

Amma Təranə xanım nə deyib?

Deyib ki, sizin sözləriniz bizim ücün “vız” gələr. İt hürər, karvan keçər. Bəziləri özünü çox ağıllı göstərməyə çalışır, amma geri dön, evinə bir nəzər sal.

Yəni Təranə xanıma görə, bu qədər adam it olub hürür, Musa müəllim isə karvanbaşı. Biz hürürük, Musa müəllim də porto-torpo deyə-deyə səhrada elədən-beləyə, belədən-eləyə gəzir özü üçün.

Deyək ki, Təranə xanımla razılaşdıq, bu qədər adam yanlış düşünür və sözləri “vız”dır. Yaxşı, dönüb evə baxanda nə olur, nə dəyişir?

Bilmirəm, vallah. Nə deyim?!

Amma yazının elə bu yerindəcə bir etiraf eləmək istəyirəm.

Tam ciddi deyirəm, əgər bir də dünyaya gəlmək kimi bir şansım olsaydı, mütləq şəkildə Təranə və Musa cütlüyü olmaq istəyərdim. Ya Təranə, ya Musa yox, elə birbaşa cütlük kimi.

Dünyaya, həyata bu qədər kortəbii formada bağlı olan, özünü bütün “ən”lərin böyüyü kimi qəbul edən, yeyən-içən, rəqs edən, canlı açıb bir-biri ilə çimdikləşən cütlük kimi doğulmaq istəyərdim.

Xatirimdədir, bir ara ailəvi şəkildə rəqs edirdilər. Eləcə axşam yeməyini yeyəndən sonra kameranı qoşub başlayırdılar oynamağa. Dünya girib bir-birinə, pandemiya ağzımızın içində, sərhədlər bağlı, asteroid gəlhagəldə, Musa və Təranə xanım qol götürüb rəqs edirlər.

Sən Allah, dünyada bundan böyük xoşbəxtlik ola bilər? Vallah, yox, billah, yox.

Bu, xoşbəxt olmağın ultra səviyyəsidir.

Cütlüyün həyat tərzi, həyata baxışı kliplərinə də yansıyıb. Kliplərinin birində Təranə xanım başqa biri ilə qaçır. Musa qoçağım da dağ demir, dərə demir, qov ki qovasan bunları. Axırı çathaçatda tappadan vurub kişini sərir yerə. Sonra da heç nə olmamış kimi Təranə xanımla əl-ələ tutub gedirlər. Fonda da romantik bir mahnı.

Yenə də təkrar edirəm: bilmirəm, vallah. Nə deyim?!

Müsahibələrin birində Təranə xanımdan soruşurlar ki, Musa bəyin əsəblərini necə sakitləşdirirsiniz?

Təranə xanım da qayıdır ki, Musanın əsəblərini məndən başqa heç kim sakitləşdirə bilməz. Musa əsəbiləşəndə mənim bir kəlmə sözümlə sakitləşir. Durub qarşısında gözlərinin içinə baxıram, deyirəm ki, bu, belə deyil, vəssalam. Musa o dəqiqə başa düşür ki, bu, belə deyil və sakitləşir.

İndi ölkə olaraq, xalq olaraq, millət olaraq, sizdən rica edirik, əziz Təranə xanım. Musa müəllimə deyin ki, bu, belə deyil: düz oxumur. Porto-topo, morto-topo, o deyil…

Lütfən…


# 8506 dəfə oxunub

Müəllifin son yazıları

# # #