Kulis.az Nihat Pirin "“Süni intellektin doğuzdurulduğu boy” adlı yeni yazısını təqdim edir.
Hamının normal yanaşdığı və normal reaksiya verdiyi hadisələrə bizim unikal yanaşmalarımız olur və biz buna “yumor” donu geyindirib tez-bazar vəziyyətdən çıxa bilirik.
Məsələn, bir neçə il bundan əvvəl vaynerlərin çəkdiyi 13 saniyəlik bir videorolik var idi ki, bu situasiyanı olduqca dəqiq ifadə edirdi: yolda itlə qarşılaşdığımız zaman xaricilərin reaksiyası və bizimkilərin reaksiyası.
Xaricilər iti sığallayır, qayğı göstərir, bizimki isə dostunu çağırır ki, Namiq, bax, atovu tapmışam.
Əslində, küçədə qarşılaşdığımız bir itə qarşı iki mümkün reaksiya ola bilər:
1) yanından eləcə ötüb keçmək;
2) ona yaxınlaşıb müəyyən qayğı göstərmək.
Biz mövzuya “yumor” donu geyindirib bu iki variantın üstündən çalın-çarpaz xətt çəkirik, bununla kifayətlənməyərək söhbəti tamamilə məcradan çıxarır, mövzunun şitinə varır və nəticədə belə bir mənzərə yaradırıq: "Namiq, bax, atovu tapmışam".
Bəhs elədiyimiz məqam sözügedən məsələnin küçə ritorikası və küçə tərəfləridir. İndi bir də var bunun efir ritorikası və efir tərəfi.
Hansı ki bu, daha böyük kütləyə xitab edir və evdən-evə, mənzildən-mənzilə gəzir.
“Atv” kanalında yayımlanan və aparıcısının Nazilə Səfərli olduğu verilişdə dünya praktikasında heç vaxt tayı-bərabəri olmayan bir hadisə baş verib: robota fata geyindirib xınayaxdı mərasimi keçiriblər.
Kadrlar əvvəlcə adama maraqlı gəlir: Tacir Məmmədov, Aşıq Zülfiyyə əl çalır, Nazilə Səfərli robotun qırmızı fatasını sığallaya-sığallaya və hətta əlinə hədiyyə verə-verə “Əlləri xınalı gəlin” mahnısını oxuyur.
Yaxşı, bəs nəyə görə biz küçədə itlə qarşılaşan zaman ona verilən reaksiya ilə bu məsələni eyni tərəzinin fərqli gözlərinə qoyub müqayisə edirik?
Ona görə ki hər ikisində bizim verdiyimiz reaksiya, əslində, normal düşüncədə, normal əqli-kamalda və normal mədəniyyətdə yolverilməzdir.
Yəni müasir dünyada robot anlayışı, süni intellektin həyatımızın bir parçasına çevrilmə istiqamətində ayaqlanması artıq normallaşır, adi hala çevrilir. Və insanlar yavaş-yavaş öz intellekt və düşüncələrinin verdiyi imkanlara dayanaraq (!) həmin süni intellektlə, robotla müəyyən əyləncə taktikaları və yaxud ondan faydalanmaq, öz işlərinə uyğun rəftarlar düşünürlər.
Uzağa getməyək, qardaş ölkədə bir müddət öncə, prezident seçkilərinin ən qaynar dövründə verilişlərin birində qonaq qismində robot dəvət edilmişdi. Adamlar ona müəyyən siyasi, mədəni və digər səpkidə suallar verir, o da kifayət qədər maraqlı cavablar verirdi.
Sual: məgər, 80 milyonluq Türkiyədə 100-lərlə televiziya kanalı və minlərlə yutub layihələrinin mövcud olduğu cəmiyyətdə kimsənin ağlına gəlmədimi ki süni intellektlə məzələnsin?
Cavab: mütləqdir ki, gəldi. Amma bu ideyanı kiməsə, hansısa bir kanala, yaxud yutub layihəsinə təklif edən adama dönüb deyirlər ki, ayıbdır, özünə hörmət elə. Vəssalam. Bununla da, məsələ həll olunur və ortada Nazilə Səfərlinin verilişindəki rəzil durum yaranmır.
Tutaq ki, Nazilə Səfərli məsələyə “yumor” donu geyindirib və necəsə televiziya rəhbərliyini inandırıb ki, bu, tutacaq. Yaxşı, bəs Audiovizual Şura bu mövcud vəziyyətə baxıb nə düşünür?
Yəni bu halı tamamilə normal qəbul edir? Bunun cəmiyyətdəki reaksiyası ilə bağlı heç bir dəyərləndirmə aparmır?
Bilmirəm.
Amma onu bilirəm ki, Nazilə Səfərlinin robota fata geyindirib xına yaxmasının ardından hansısa saytların: “Filan xəstəxanada robotu doğuzdurdular”, – başlığı tamamilə normal və qaydalar çərçivəsində bir prosesdir – sadəcə ortada bir proses ixtisara düşüb: robota təcavüz.
Baxmayaraq ki, bu təcrübə dünyada çoxdan, lap çoxdan mövcuddur: tibbi müəssisə və universitetlərdə robot üzərində hansısa əməliyyatların aparılması və tələbələrə göstərilməsi.
Amma bizim süni intellektlə maksimum davranma şəklimiz ona xına yaxmaq və doğuzdurmaqdan o yana deyil və keçməyəcək.
Və söz verirəm, robota qara yaxılan gün bu yazının ikinci hissəsi də olacaq.