Kulis.az Nihat Pirin “Meyitinə yiyə dura bilməyən adamlar haqqında” adlı yeni yazısını təqdim edir.
İlin-günün bu qızmar vədəsində sosial şəbəkədə qarşıma elə bir post çıxdı ki, əl atdım üzümə, didib tökdüm üzümdəki arı, abrı-həyanı.
Haradan və hansı üsullasa dostluq siyahımda olan bəni-kimsə qardaşı oğlunun şəklini paylaşıb yazıb: “Bu gün mənim üçün ağır gündür. Balaca qardaşım oğlunu çiynimdə aparıb dəfn edəcəm”.
Nə yalan deyim, bu boyda dərd məni zərrə qədər də kədərləndirə bilmədi. Utanmağa başladım. Ayağımı Bakıya basan gündən kondisionerini xarab görmüş olduğum 30 nömrəli avtobusda tər-su alıb apardı məni.
Əvvəl ona görə utandım ki, təqribən, 10-12 yaşlı yeniyetmənin ölümü məni kədərləndirmədi. Doğrudur, sosial mediada gündəlik aktiv olmağımız, ölüm xəbərlərini hər gün, hər saat, hər dəqiqə adi formada qəbul etməyimiz, həzm eləməyimiz bizi bir qədər soyuqqanlı edib, hətta daşlaşdırıb. Amma belə bir informasiyanın məni kədərləndirməməyi, həqiqətən, pisimə gəldi.
Amma sonra bu postu yazan qardaşı düşündüm və dərhal adına utanıb özümə haqq qazandıra bildim. Yavaş-yavaş tərim soyudu, avtobusun içərisində yüngül meh hiss olundu.
Şükür, mehinə, ilahi!
Siz siz olun, ay oxu adamları, mənə cavab verin: yetkin bir insan, 30-35 yaşlarında şəxsiyyət olmaq yolunda addımlayan bir fərd, ağlı-şüuru başında olan kəs necə olur ki, qardaşı oğlunun vəfat həqiqətini özünün sosial şəbəkə hesabında bu formada yaza bilir?
Bu necə ağrı çəkmək üsuludur?
Bu necə dərdi bölüşmək formasıdır?
Bu necə bir canıyananlıq yöntəmidir?
Ümumiyyətlə, bu, nədir?
İnsan öz yaxınının (ata, ana, qardaş, bacı, oğul, qız, nəvə və hər kimlərisə) vəfat xəbərini dərhal sosial şəbəkə hesabında paylaşırsa, bu paylaşımın gözünə öz təbirincə bədiiyyət qata bilirsə, o adam necə səmimi ola bilər axı?
Belə şey necə mümkün ola bilər?
Təsəvvür edirsiniz?
Meyit qalıb ortalıqda, hələ soyumayıb, yuyacaqdadır, ya aynabənddə ortalıqda xalçaya büküb qoyublar – bizim əmi isə arının-abrının yanından əyilə-əyilə keçib “Facebook”unda yazır ki: “Bu gün mənim üçün ağır gündür. Balaca qardaşım oğlunu çiynimdə aparıb dəfn edəcəm”.
Axı bu, qeyri-səmimilikdir.
Axı bu, ultra səviyyəsizlikdir.
Axı bu, dəhşətli dərəcədə vecsizlikdir.
Axı bu, amansız formada robot zehniyyətidir.
Axı bu, astronomik mütləqlikdə xəcalətdir.
Sənin qardaşının beli sınıb qalıb bir küncdə.
Sənin qardaşının ailəsi təbiətin qəzəbinə tuş gəlib, hər şey alt-üst vəziyyətdə.
Millət sənin dəhşətinə şərik olmaq içrə qapına gəlib.
Biri çadır yeri fikirləşir, biri çadır danışır, biri samovar.
Biri molla axtarır, biri qəbir qazan. Sən isə “Facebook” dostlarından təsəlli umursan.
Bəs o “Facebook”dan gələn bildiriş səsi səni utandırmır?
Axı utandırmalıdır. İnsandırsa, utanmalıdır. Ölüb yerə girməlidir.
Nə bilim, Allah utanc hissimizi əlimizdən almasın.