Kulis.az Nihat Pirin “Kitabxanaların kitabla təmin olunmamasında günahkar kimdir?” araşdırmasını təqdim edir.
Yerli müəlliflərin narazı olduqları əsas mövzulardan biri də nəşriyyatlar tərəfindən kitablarının reklamının yaxşı aparılmaması və təbliğ olunmamasıdır. Halbuki “Kitabxana işi haqqında” Qanunda bütün nəşriyyatların (buraya həm dövlət, həm də özəl nəşriyyatlar aiddir) çap etdikləri kitablardan müəyyən edilmiş dövlət kitabxanalarına bir nüsxə və nüsxələr (2-3 ədəd) verməli olduğu qeyd olunub.
Sözügedən məsələ qanunvericilikdə aşağıdakı formada yer alıb: “Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində Azərbaycan Milli Kitabxanasına və 2 pulsuz məcburi nüsxəsi Azərbaycan Respublikası Prezidentinin Kitabxanasına, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına, Azərbaycan Respublikasının Dövlət Elmi-Tibbi Kitabxanasına, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasına, Respublika Elmi-Pedaqoji Kitabxanasına, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına göndərilməlidir.
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, bu, qanunvericilikdə məcburi nüsxə adlanır. O qeyd edir ki, məcburi nüsxə kitabxanaların fəaliyyət göstərməsi və onların kitab fondunun təchiz edilməsi üçün nəzərdə tutulmuş vasitələrdən biridir: “Ümumiyyətlə, bu təcrübə dünyanın bir çox ölkələrində tətbiq edilir ki, bu da kitabxanaların fəaliyyəti və özlərinin kitab fondunun təchiz edilməsi üçün vacibdir”.
Bəs nəşriyyatlar necə, bu qanunun tələbinə əməl edərək tərcümə və xüsusən də, yerli müəlliflərin kitablarından kitabxanalara təqdim edirmi?
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu yalnız Milli Kitabxana ilə daimi əlaqədə olduqlarını deyir: “Biz yalnız Milli Kitabxanaya 1 ədəd nüsxə göndəririk. Milli Kitabxananın indiki direktoru Kərim Tahirovdan qabaq bizdən kitabxana hesabına əlavə bir nüsxə də alınırdı. Bu həm də nəşriyyat üçün dəstək demək idi”.
Milli Kitabxananın hazırda Rusiyadan və digər ölkələrdən pulla kitab aldığını vurğulayan nəşriyyat direktoru özəl nəşriyyatlara dəstəyin olmamasından gileylənir: “Mən bilirəm ki, Azərbaycan Milli Kitabxanası Rusiyadan pulla kitab alır. Amma Azərbaycan nəşriyyatlarından bir nüsxə də olsa, almır. Niyə? Qanun bizə deyir ki, hər nüsxədən filan qədər kitabxanalara paylayaq. Axı, eyni zamanda, qanunla bu kitabxanaların özlərinin büdcələri də var. Və bu maliyyələşmə dövlət tərəfindən həyata keçirilir ki, kitabxanalar kitabla təmin oluna bilsin. Yaxşı, bəs o kitabxanalar niyə nəşriyyatlardan kitab almaqda maraqlı deyillər?
Biz hər kitabdan 15 pulsuz nüsxə paylasaq, o zaman özəl nəşriyyat özünü necə ayaqda saxlasın? Ortalama tiraj 300-500 təşkil edirsə, bizim elə gəlirimiz o 15 kitabdan gəlirsə, bəs biz nə etməliyik?”
“Parlaq imzalar” Nəşriyyatının direktoru Nurman Tarıq isə, ümumiyyətlə, heç bir kitabxana ilə bu barədə əlaqələrinin olmadığını bildirib: “Təəssüf ki, nəşr etdiyimiz kitabları sistemli şəkildə Milli Kitabxanaya və ümumən adları çəkilən kitabxanalara verdiyimizi deyə bilməyəcəyəm. Doğrusu, “Kitabxana haqqında” Qanuna 2019-cu ildə edilmiş son dəyişikliyə qədər bu məsələdə müəyyən çaşqınlıq da var idi, indi isə nəşriyyatların nə etməli olduğu daha aydındır. Biz də bu ildən kitabların verilməsini qaydaya salmağa çalışırıq, yaxın vaxtlarda bununla bağlı kitabxanada müzakirə də baş tutdu və təkliflər oldu”.
Məcburi nüsxə ilə yanaşı, sözügedən kitabxanaların həm də nəşriyyatlara dəstək verməli olduqlarını da qeyd edən Nurman Tariq prosesin qarşılıqlı şəkildə inkişaf edə biləcəyini deyib: “Əlbəttə, proses birtərəfli olmamalıdır, dövlət də kitabxanalar üçün nəşriyyatlardan mütəmadi kitablar almalıdır. Milli Kitabxanada kitabların olması kifayət etmir, nəşr olunan kitablar ölkəboyu kitabxanalarda yer almalı, əlçatan olmalıdır. Belə olduqda nəşriyyatlar da bu kimi işlər üçün daha həvəsli davranacaqlar”.
Azərbaycan Nəşriyyatlar Birliyinin direktoru Şəmil Sadiq də prosesin birtərəfli olmasından narazıdır: “Nəşriyyatların bugünkü durumu məlumdur. Ölkədəki kitab sistemi də heç kəsə sirr deyil. Hər bir nəşriyyat özünü ayaqda saxlamaq üçün min bir əziyyət çəkir və bunun müqabilində sözügedən qanuna əməl edərək kitabxanalara pulsuz kitab verməsi məsələsi onlar üçün çətindir”.
Mədəniyyət Nazirliyindəki kadr dəyişiklərindən sonra prosesin bir qədər inkişaf etdiyini söyləyən Şəmil Sadiq növbəti illərdə bu sahədə irəliləyişlərin olacağına inanır: “Nazirlik yeni tərkibdə formalaşdıqdan sonra artıq nəşriyyatlardan kitab alma prosesi bir xeyli şəffaflaşıb. Amma bir şey də var ki, ölkədəki bu qədər kitabxananı kitab ilə təmin etmək çətindir, hətta mümkünsüzdür. O baxımdan, elə kitabxanalar var ki, kitab bazası tam formalaşmayıb”.
Yerli müəlliflərin tanıdılması məsələsinə də toxunan birlik sədri çıxış yolunu kitabxanaların kitab bazasının konkret kitablarla təmin olunmasında görür: “Kitabxanalarımızda bu gün müasir yerli ədəbiyyat, demək olar ki, yoxdur, oralara ayaq aça bilməyib. Buradakı kitablar daha çox cənab Prezidentin Sərəncamı ilə nəşr olunan və kiril qrafikalı əlifbadan latına çevrilən kitablar, Dünya Ədəbiyyatı Kitabxanası tərcümə seriyası və digər bu tip ədəbiyyatlardır. Bu da sözsüz ki, yerli gənc müəlliflərin kölgədə qalması deməkdir”.
“AMEA Mərkəzi Elmi Kitabxanası”ndan sorğumuza verilən cavabda da nəşriyyatlarla o qədər də sıx münasibətin olmaması görünür: “AMEA Mərkəzi Elmi Kitabxanası”nın fondu müəlliflər tərəfindən verilən hədiyyə kitablar, məcburi nüsxələr və ödənişlə alınan nəşrlər hesabına formalaşır. Ölkədə fəaliyyət göstərən nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən qanunvericilikdə qeyd olunmasına baxmayaraq, Mərkəzi Elmi Kitabxanaya sistemli şəkildə nəşrlər göndərilmir. Lakin çoxsaylı müraciətlərdən sonra bəzi nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən pulsuz məcburi nüsxələr Mərkəzi Elmi Kitabxanaya təqdim edilir”.
Azərbaycan Milli Kitabxanası da həmçinin nəşriyyatların sözügedən qanuna isti yanaşmadığı cavabını verib. Bildirilib ki, ümumilikdə ölkədəki nəşriyyatları 3 qrupa bölmək olar ki, bu 3 qrup kitabxana fondunu daimi kitabla təmin edən, qismən kitabla təmin edən və ümumiyyətlə kitab təqdim etməyən kimi özünü göstərir.
Milli Kitabxananın xarici ölkələrdən pul müqabilində kitab almasına rəğmən, yerli nəşriyyatlara eyni təcrübəni tətbiq edib-edə bilməməsini soruşduqda isə aşağıdakı cavabı aldıq: ““Kitabxana işi” haqqında Qanunun 15-ci maddəsinə əsasən, Milli Kitabxanaya ölkə ərazisində nəşr olunan bütün çap məhsullarından pulsuz məcburi nüsxələrin verilməsi nəzərdə tutulduğundan yerli nəşriyyatlardan pul müqabilində kitab alınmasına icazə verilmir”.
Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair İlqar Fəhmi ölkədə bu praktikanın daha çox müəlliflərin özlərinin kitabxanalara kitab təqdim etməsi halında inkişaf etdiyini vurğulayıb: “Bizdə daha çox müəlliflərin özlərinin kitabxanalarla sıx əlaqədə olması, özləri özlərinin kitablarının reklamını qurması halı geniş yayılıb. Bunun da səbəbi dediyimiz qanunun icrasının düzgün yerinə yetirilməməsidir ki, müəlliflər artıq özləri kitablarının reklamına ehtiyac duyur”.
Bəs, görəsən, qanunvericiliyin bu tələbinə əməl etmədiyinə görə, nəşriyyatlar nə kimi məsuliyyət daşıyır?
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Mariflinin APA-nın sorğusuna cavabında isə bu kimi hallar qeydə alındıqda müvafiq cərimələrin tətbiq olunması vurğulanıb: “Bu işin tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”nə xüsusi olaraq, 392-ci maddə daxil edilib və həmin maddəyə əsasən, ölkə ərazisində dərc olunan çap məhsullarından pulsuz məcburi nüsxələri qanunla müəyyən olunmuş kitabxanalara təqdim etməyən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər üçün cərimə sanksiyası nəzərdə tutulub”.
Onun sözlərinə görə, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulması zamanı vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 700 manat məbləğində cərimə edilir.
Nazirlik nümayəndəsi onu da qeyd edib ki, bu kimi halların qarşısının alınması məqsədilə İşçi qrupu da yaradılıb: ““İnzibati Xətalar Məcəlləsi”nin 392-ci maddəsinin tətbiqi ilə əlaqədar hüquqi prosedurun icrasını təmin etmək Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət Nazirliyinə həvalə olunub. Bu məqsədlə nazirliyin nəzdində xüsusi komissiya yaradılıb və həmin komissiyanın nəzdində mütəxəssislərdən və pulsuz məcburi nüsxələri alan kitabxanaların nümayəndələrindən ibarət İşçi qrupu fəaliyyət göstərir.
Lakin son iki il ərzində pandemiya şəraiti ilə əlaqədar olaraq həmin komissiya və müvafiq İşçi qrupu fəaliyyət göstərə bilməyib. Buna baxmayaraq, mütəmadi olaraq nəşriyyatlara şifahi xəbərdarlıqlar edilib, pulsuz məcburi nüsxələrin kitabxanalara təqdim olunması tövsiyə olunub”.
Araşdırmadan çıxan nəticəyə görə, nəşriyyatların daha çox mətbəə kimi fəaliyyət göstərdiyi bir vaxtda bu gün dövlət kitabxanalarının kitab təchizatı məsələsində də ciddi boşluq nəzərə çarpır. Bu da kitabxana və nəşriyyat sistemi əlaqəsinin zəif olması, yaxud sistemsiz təşkilinə görədir ki, burada da ən çox zərər çəkən yerli müəlliflər, xüsusən gənc müəlliflər və onların imzası olduğu kitablarıdır. Həm nəşriyyatlar, həm kitabxanalar, həm də nazirliyin araşdırmamıza reaksiyasından belə məlum olur ki, çıxış yolunu yenə də yerli müəlliflər özləri tapmalıdır. Yəqin ki, burada ən yaxın yol öz hesablarına buraxdıqları kitabların nüsxə sayında dövlət kitabxanalarına hədiyyə edəcəklərini də nəzərə almaqdır.
/apa.az/