Kulis.az Güney azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin APA-ya müsahibəsini təqdim edir.
– Məhəmməd bəy, istəyərdim, əvvəlcə özünüz barədə məlumat verəsiniz ki, buradakı oxucularımız sizi yaxından tanıya bilsinlər.
– İlk növbədə oxucularınızı salamlayıram. Mən 1979-cu ildə Mərənd şəhərində anadan olmuşam. Təhsilim jurnalistika üzrədir, amma kinoya olan həvəsim bu sahəyə yönəlməyimə səbəb olub. Bu maraq sayəsində İran Gənc Sinemaçılar Dərnəyinin və Təbriz Sənədli Film Evi Dərnəyinin üzvüyəm. 12 ilə yaxındır ki, sənədli film çəkirəm. Gənc Sinemaçılar Dərnəyidə fəaliyyətə fotoqrafçılıqla başlamışam, daha sonra sinemaya yönəlmişəm.
Bilirsiniz, mənim maraq dairəm daha çox ictimai süjetlər üzərində qurulub. Daha dəqiq desək, mövzularım insanlara, təbiətə və ətraf mühitə aid olur. Özüm hazırda Təbrizdə yaşayıram. Fəaliyyətimdə İran azərbaycanlılarının həyatı üstünlük təşkil edir, bu mövzu mənim üçün hər zaman maraq kəsb edib.
– Son zamanlar film festivallarında qazandığınız uğurlardan da danışaq. Məsələn, sizin “Adım” qısametrajlı filminiz “Flatness Film Award” festivalında “Ən yaxşı qısametrajlı film” mükafatını qazanıb.
– Doğrudur. Müəllifi olduğum filmlər tez-tez festivallarda çıxış edir. Amma son zamanlarda bu, daha da geniş vüsət alıb. Ümumiyyətlə, bilirsiniz, sənədli film bədii film kimi deyil. Sənədli filmləri daha çox televiziyada görürük, festivallarda o qədər də geniş yer verilmir. Amma, dediyimiz kimi, son illərdə festivallara yol tapırıq, göndəririk. Bildiyiniz kimi, bəzi çətinliklər olur, festivala yollarımız qapalı olur. Festivallara qatılmaqda xeyli problemlər yaşayırıq. Çünki banklar vasitəsilə ödəniş etmək lazımdır, amma ABŞ-ın bəzi sanksiyaları buna əngəl yaradır.
Lakin bəzən festivallara film göndərmək pulsuz başa gəlir və biz də dərhal bundan yararlanırıq.
Ötən il “Dədə Qorqud” Film Festivalında iştirak etdim və orada “Əkizlər” filmimə görə “Ən yaxşı sənədli film” mükafatını qazandım. Bu film İranda Urmu gölünün və Qazaxıstandakı Aral gölünün quruması faciəsinə həsr olunmuş sənədli filmdir. Həmçinin “Adım” adlı sənədli filmim “İpək yolu film festivalı”nda iştirak etdi və “Ən yaxşı sənədli film” mükafatını aldı.
“Adım” filmi, eyni zamanda, dediyiniz kimi, “Flatness Film Award” festivalında da iştirak etdi və orada da mükafat aldı. Ümumilikdə adlarını çəkdiyim sənədli filmlər bir çox başqa festivallarda da iştirak edib, əsas proqramlara düşüb, maraq çəkib. Bilirsiniz, mənə görə, sənədli filmin uğuru mükafat almasında deyil, maraq qazanmasında, əhəmiyyət kəsb etməsindədir.
– Ümumiyyətlə, “Adım” filminin süjeti, əsas etibarilə, nədən bəhs edir?
– Bəri başdan onu deyim ki, İranda biz azərbaycanlılarla bağlı əsas məsələlərdən biri dil məsələsidir. Nəticə etibarilə, bu əngəllər Azərbaycan dilinin sıxışdırılmasına, dilimizin, mədəniyyətimizin aradan çıxmasına, məhv olmasına gətirib çıxarır. Bu, ictimai baxımdan, bizim üçün faciədir. Dilimizin sıxışdırılması, yazı-pozuda az-az istifadə olunması, eyni zamanda, adlarımızın da sıradan çıxmasına, unudulmasına səbəb olur. Filmin ideyası məndə o vaxt yarandı ki, bir sıra ailə ilə tanış oldum, söhbətləşdim və məlum oldu ki, bu ailələr uşaqlarına türk adları qoyublar, amma onlar üçün kimlik (şəxsiyyət vəsiqəsi – red.) ala bilməyiblər.
– Türk adları qoyduqları üçün?
– Bəli. Aylarla, illərlə davam edən proses nəticəsində yenə də kimlik ala bilməyiblər. Dediyim kimi, həmin ailələri tapdım, 45-50 ailə ilə danışdım, söhbət etdik və düşündüm ki, bu mövzu və ailələr haqqında bir sənədli film çəkim. Uşaq doğulandan sonra onun üçün ilk məsuliyyət həmin uşağa ad qoymaqdır. Bu xüsusda əngəl yaşamaq mənim üçün ciddi bir mövzu oldu. Doğrudur, ideya gələndə dərhal düşündüm ki, bu cür bir sənədli filmi çəkməyim üçün çətinliklər olacaq, çəkilişə izn verməyəcəklər, üstəlik, maddi cəhətdən yardımım da yox idi və s. Amma mən başladım. Demək olar ki, filmi təkbaşına çəkdim. Ailə və uşaqlarına kimlik almaq üçün qatlaşdıqları mübarizə, o çətinlik filmim üçün əsas mövzu oldu, onu rəvayət elədim.
Bilirsiniz, kimliyin olmaması həmin uşaqlar üçün çox böyük çətinliklərə səbəb olur. Məsələn, ən adi hal kimi həmin uşaqlar vaksin ola bilmir, müayinə oluna bilmir. Niyə? Çünki kimlikləri yoxdur. Bütün bunların hamısını həmin filmdə topladım və ümumilikdə filmdə 3 fərqli şəhərdə yaşayan 3 fərqli ailə əsas mərkəzi obrazlar oldu. Həmin 3 ailə danışır, başlarına gələn problemləri rəvayət edir. Bunların arxasınca isə kamera gəzir, onların problemini, bir növ, ekrana daşıyır.
Filmin treylerində də var: “Sevdiyimiz adı uşaqlarımıza qoya bilmirik”. Bu, dediyiniz ifadə sözügedən problemdən əziyyət çəkən bir babanın sözüdür ki, sevdiyi adı – Ataxan adını nəvəsinə verə bilmir. Uşağın 6 yaşı var artıq və şükür ki, bu il ona kimlik veriləcək.
Bilirsiniz, İranda tam olaraq türk adlarının yasaq olduğunu deyə bilmərik. Bir sıra adlar var ki, vermək olar. Amma bu adlar çox məhdud saydadır. Düzdür, filmdəki Ataxan, məsələn, kimlik aldı, amma belə nə qədər uşaq var ki, o kimliyi hələ də ala bilməyib.
– Sizin bir neçə sənədli filminizə baxmışam. İranda yaşayan Azərbaycan türkləri, onların həyatı, çətinlikləri və digər kimi məsələlər əsas mövzudur. Maraqlıdır, buna görə sizə hər hansı bir təzyiq olubmu?
– Mənim yaradıcılığımda daha çox təbiət, onu qorumaq və bu yolda digər məsələlərdir. Mahmud Əhmədinejadın prezidentliyi dövründə Urmu gölü ilə bağlı fəaliyyətimə görə, bir neçə ay həbs olundum. Yəni məhdudiyyətlər olur. Ümumilikdə, dediyim kimi, müəyyən çətinliklər yaradılır. Məsələn, “Filan mövzunu işləmə” səpkisində sıxıntılarımız olur. Mən işlədiyim mövzuları heç vaxt dövlət dəstəyi ilə də etmirəm. Bu dəstək yoxdur. Hamısını öz hesabıma edirəm. Və bu sənətə bağlı olduğum üçün, sevdiyim üçün yoldan da vaz keçmirəm.
– İranda yeni gələn gənc nəsillər Azərbaycan dilini unudurlar. Bu barədə sizin İranın mərkəzində yaşayan xələc türkləri ilə bağlı filminizdə də qeyd olunur.
– Bayaq da qeyd etdiyimiz kimi, təbiidir, dil istifadə olunmasa, işlədilməsə, zaman-zaman sıradan çıxacaq və məhv olacaq. Siz doğru vurğuladınız, bu mövzu mənim sənədli filmimdə var. Tarixən Azərbaycan türklərinin yaşadığı yerlər var: Fərahan düzü, Təfriş düzü və digər. Bu ərazilərin yanında isə dediyimiz xələc türkləri yaşayır. Xələc türkləri əski türklərdən qalma türklərdir. Bu türklər 55-60 il qabaq almanlar tərəfindən kəşf olunublar. O zaman 60 kənddə bu dildə danışırlarmış. Təəssüf ki, indiki zamanda bu rəqəm cəmi 2 kəndə düşüb. Yəni zaman keçdikdə dil əriməsi prosesi olub. Bu da dediyimiz kimi, dilin az işlək olması səbəbindən irəli gəlir.
– Məhəmməd bəy, vurğuladığınız kimi Urmiya gölünün quruması ilə bağlı sənədli filminiz var. Son aylarda İran hakimiyyəti Urmiya gölünün bərpası ilə bağlı bir sıra qərarlar verdi. Sizcə, bunların əhəmiyyəti olacaqmı və ümumiyyətlə bunların bir təsiri olacaqmı?
– Doğrudur, Urmu gölü ilə bağlı xeyli fəaliyyətim var və bayaq da dediyim kimi, buna görə bir müddət həbsdə də yatmışam. Bu, olduqca əhəmiyyətli məsələdir. Bu yöndə mənim reportaj və sənədli filmlərim kifayət qədərdir. Siz bilirsiniz, bu gün üçün Urmu gölü böyük təhlükə qarşısındadır. Demək olar ki, tamamilə qurumaqdadır. Bu faciəvi hal təkcə özünə yaxın ərazilər üçün deyil, Tehrana qədər, Azərbaycana qədər neqativ təsir edə bilər. Bu baxımdan, problemin qarşısının alınması üçün dövlət bəzi addımlar atıb. “Urmu gölünü qurtarma” adlı bir qurum yaradılmışdı, bu, əvvəlki hakimiyyətin zamanında idi. Amma bu qurumun fəaliyyəti o qədər də geniş vüsət almadı, zəif oldu. Bir az yağış yağdı, gölün sululuğu bir az artdı, amma sonradan yenə də eyni problem qayıtdı. O zaman əhaliyə göl ətrafı əkinləri suvarmaq üçün başqa variantlardan istifadə təklif edildi. O ərazilərdə çuğundur, alma kimi məhsullar əkilir və bunlar çox su tələb edir. Üstəlik, Zab adlı çay var, onu da gölə yönəltmək üçün işlər görüldü. Düzdür, ekoloji baxımdan söyləndi ki, bu heç də doğru deyil. Amma, hər halda, ümid o idi ki, gölə müəyyən miqdarda davamlı su gəlsin və göy quruyub aradan çıxmasın.
– Aydındır. Qayıdaq filmə. Ümumiyyətlə İranın film sektorunda vəziyyət necədir? Bizim bildiyimiz qədərilə azərbaycanlı rejissor Cəfər Pənahi həbsdədir. Ondan başqa da həbsdə olan kino adamları, xüsusilə azərbaycanlı kino adamları varmı?
– Zamanla belə hallar olur. Mənim öz başıma da gəlib. Bayaq bu barədə danışdıq. Amma həbsdə olanların bir çoxu son günlərdə artıq azad olunub. Məhəmməd Rəsulof, Cəfər Pənahi hər ikisi artıq, şükür Allaha, azadlıqdadırlar.
– Məhəmməd bəy, bu günlərdə Xoyda baş verən zəlzələdən sonra orada oldunuz, təəssüratlarınızı bizimlə də bölüşərdiniz.
– Hesab edirəm ki, artıq zəlzələ adlı bu təbii hadisəyə öyrəşmək lazımdır. Sadəcə əsas məsələ hadisəyə necə alışmaq məsələsidir. Biz dünyada əsas tektonik zonada yerləşən ölkələrə baxmalı, onların təcrübələrindən yararlanmalıyıq. Məsələn, Yaponiya. Baxırsan, yüksək şkalalı zəlzələ olur, amma körpülər, binalar bu zəlzələdən salamat çıxır. Biz Türkiyə ilə, təxminən, eyni ərazidəyik. Ərazimizdə tektonik zonalar çoxdur. Təbrizin bir sıra məntəqəsi, binalar, deyilənə görə, tektonik zonaya düşür. Bunun qarşısını almaq lazımdır, həm dövlət, həm də millət olaraq.
Zəlzələdən sonra Xoyda oldum, oradakı faciə çox dəhşətlidir. Desəm ki, dövlət bu məsələdə az iş gördü, düz olmaz, desəm, çox iş gördü, yenə də düz olmaz. Yəni iş görüldü, amma bir az zəif oldu. Bunu hamı dedi və hamı da gördü. Bizim əsas istəyimiz o idi ki, dövlət tərəfindən əhali çadırlarla təmin olunsun və sairə. Elə alındı ki, bəzi adamlar öz pulları ilə aldıqları çadırları insanlara verdi. Qocası, uşağı olanlar həmin çadırlara yerləşdirildi. İnşallah, irəliləyən zamanda dövlət evləri tikər, əhalini evlə təmin edər. Bütün hallarda xalqımıza eşq olsun. Bu fəlakətdən sonra onlar bir olduqlarını bir daha sübut etdilər.
– Siz həmçinin Türkiyənin zəlzələ bölgəsində də oldunuz.
– Türkiyə zəlzələsi əsrin ən böyük faciələrindən biri oldu. Türkiyə dövlətinin ən yaxşı addımı o oldu ki, dərhal bütün dünyanı, bütün dünya dövlətlərini köməyə çağırdı. Dünya əl-ələ verdi, xalq özü əl-ələ verdi. Mən o faciə barəsində sənədli film çəkirəm. Mən şahidi oldum, orada elə məhəllələr var idi ki, binalar uçmamışdı. Niyə? Çünki düzgün tikilib. Amma elə məhəllələr var idi ki, binalar yerlə-yeksan idi.
Orada gördüklərimi, fikirlərimi daha geniş formada bölüşəcəyəm. İstənilən halda, yenə də türk xalqına eşq olsun. Allah onların köməkləri olsun. Üstəlik, Türkiyə zəlzələsindən sonra dünyanın birliyi insanlıq adına gözəl bir harmoniya yaratmışdı. Mən bilmirəm, faciənin dağıntıları və digər məsələlər necə, nə vaxta həllini tapacaq, onu bilirəm ki, bu faciəni çətin unudarıq.