Kulis.az Əməkdar artist Abbas Qəhrəmanovun APA-ya müsahibəsini təqdim edir.
Abbas müəllimlə görüşümüz yanvarın ən soyuq günlərinin birinə təsadüf elədi. Görüş yerimiz nə teatr idi, nə də ki, kino çəkiliş meydançası. Dənizkənarı parkdakı kafelərin birində görüşdük. Zəngləşəndə “Mən həmişə orada oluram” demişdi. Məkana çatanda, həqiqətən də, həmişə orada olduğunun fərqinə vardıq. Çayımız da hazır idi, şirniyyatımız da, müsahibə edəcəyimiz guşə də. Abbas müəllim məkanın sahibi kimi davranırdı.
Söhbətimiz haradansa oruc tutmaqdan başladı. Abbas müəllim deyir ki, qədimdə hər fəsil dəyişəndə adamlar oruc tutarmış. Bir növ, mədəni həmin fəslə hazırlamaq üçün. Bir xeyli bu adətdən danışdıqdan sonra birdən dayandı: Yox, əşi, yeyib-içən adam üçün çətindir (Gülür).
– Məncə, həddindən artıq emosional adamsınız.
– Hə, elədir. Uşaqlıqdan mən beləyəm, yerimdə dinc otura bilmirdim. Yəni çox çılğın olmuşam. Bu çılğınlıq düşünülməmiş addımlara da səbəb olub. Sənətin mənə xeyri odur ki, əl-ayağımı yığdı, daha çox başımı işlətməyimə yön verdi. Ümumiyyətlə, intellekt həyatda da, sənətdə də həmişə sözünü deyir və öndə olmağa çalışır.
Hissiyyatı olmayan adam necə olar? Hissiyyat olmadan necə yaradıcı olmaq olar? Hissiyyatı olmayan adam gedib alim olar da, aktyor niyə olsun? (Gülür) Mənə elə gəlir ki, emosiyalarımız olmasa, həyatdan ləzzət ala bilmərik. Bizim aldığımız ləzzətin dadı əsəbi olmağımızda, yaxud həssas olmağımızdadır.
– Abbas müəllim, son dövrlər çox danışılan “Əqrəb mövsümü”ndən başlayaq. Amma onu da deyim ki, mən o seriala baxmamışam.
Abbas müəllim əməlli-başlı duruxub qalır. Fincanı yerə qoyub masanın üzərindən mənə bir az da yaxınlaşır:
– Necə yəni?
Abbas müəllimin qəfildən dəyişən səs tonu, az qala, filmlərdə canlandırdığı mafiya başçısı obrazlarının səs tonunu xatırladır. Fotoqrafımız Orxan, yaxşı ki, söhbətimizi bölür:
– Atam zəng eləmişdi, salam deyir.
Fürsətdən istifadə edib söhbəti dəyişirəm:
– Loğman Kərimovun oğludur.
Abbas müəllim növbəti təəccübü yaşaya-yaşaya Orxanla görüşür:
– Loğmanla dost olmuşuq, yaxşı yoldaşlığımız var, bu söhbətə qayıdarıq. A kişi, sən “Əqrəb mövsümü”nə necə baxmamısan?
– Nə bilim? Məncə, adamlar serial haqqında çox danışdı deyə, oldu.
– Vallah, nə deyim? Bax ona, mütləq bax.
– Çalışaram. Sizin o serialda morq səhnəniz var. Çox dramatik səhnədir.
– Gah deyirsən, baxmamışam, gah orada səhnədən danışırsan? (Gülür) O səhnə ağır səhnə idi. Rahat 3-4 gün sərasər o səhnəni fikirləşdim. Morqa doğranmış bir adamı tanımağa gedirsən. Bu da bədbəxtlikdən sənin öz oğlun çıxır, çox dəhşətli bir səhnədir. Səhnə özü də məni xeyli təsirləndirmişdi. Bu adi ölümlə bağlı bir şey deyildi. Yəni, dediyim kimi, düşündük-daşındıq, mən də səhnəni bir xeyli həzm etdikdən sonra axırda elə bir səhnə alındı. Əsas istəyimiz o idi ki, tamaşaçıya təsir edə bilək. Və istəyimizə nail olduq.
Abbas müəllim masanın üzərindəki çay və şirniyyatı bizə təqdim edir: bunlar dekorasiya üçün deyil e, yeyin (Gülür).
– Abbas müəllim, mən pəhrizdəyəm, – deyib gülürəm.
– Olar, olar, sən bütün ölkənin danışdığı seriala baxmayan adamsan, səndən çox şey gözləmək olar (Gülür)
– “Əqrəb mövsümü”, sizcə, Azərbaycanda kino, serial bazarına nə kimi təsir edəcək?
– Mən hesab edirəm ki, bu serial nümunə ola biləcək. Sözsüz ki, bundan sonra nə çəkilsə, sırf bu serial və onun keyfiyyəti nəzərə alınacaq. Hər bir sahədə: aktyor işi, rejissorluq, ssenari, ümumi mövzuya yanaşma və sair mövzularda serial uğurlu alındı. Yəqin ki, tamaşaçı bu serialdan sonra bundan zəifi ilə qane olmayacaq, qəbul etməyəcək. O səbəbdən, məsuliyyət çoxalacaq. Bu da çox yaxşıdır. Deyəndə ki, “Əqrəb mövsümü”, bir növ, inqilab edib, bax dediklərim nəzərdə tutulur.
– Abbas müəllim, “Əqrəb mövsümü”ndəki uğurlu çıxışınız bir yana, amma mən Sizi daha çox “Əzizim Fellini”dən xatırlayıram.
– Hə, “Əzizim Fellini” də İctimai Televiziyanın istehsalı idi, təsadüfən elə alınır ki, son on ildə daha çox bu televiziyanın layihələrində yer alıram. İctimai Televiziya bu sahəyə çox ciddi yanaşır, məncə də, nəticəsini görə bilir. Cavid Təvəkkülün işi idi o, amma Cavid nəsə prosesdən uzaqlaşdı, daimi olmadı. Amma film yadda qala bildi. Emil Quliyevin də ümumi yanaşması çox maraqlıdır. Düşüncəsi, yaradıcı düşüncəsi fərqlidir və deməyə də sözü həmişə var.
– Abbas müəllim, adətən, adamların xarakterinə onların keçmişdə yaşadıqları təsir edir. Ümumiyyətlə, Siz necə düşünürsünüz, indiki xarakterinizə baxanda nə vaxtsa düşünürsünüzmü ki, sırf uşaqlığınızda yaşadıqlarınızın təsiri olub.
– Əlbəttə. Əlbəttə! Məsələn, həmişə ən yaxın adamlarıma qayğı görmədiyimi deyirəm. Amma, əslinə qalsa, kifayət qədər qayğı görürəm, bolluca qayğı ilə yanaşırlar. Amma mən ərköyünlük edirəm. Doymuram. Daha çoxunu istəyirəm: niyə bu yeməyi belə qoymadın, niyə çayı belə süzdün, niyə onu elə yox, belə elədin və s. Bütün bunlar uşaqlığımdakı travmalarımla bağlıdır. Amma neyləmək olar?
– Aydındır. Bir də Sizin haqqınızda “qədri bilinməyən aktyor” fikri var. Şəxsən, öz adıma mən də bu fikirlə razıyam.
– Bilirsən, Nihat, təvazökarlıqdan uzaq olsa da, elədir. Mən həmişə öz bildiyim, öz gördüyüm və etmək istədiyim kimi hərəkət etmək istəyirəm. Bu da mənə mane olur. Tək mənə yox, həm də ətrafımdakılara da, onlarla münasibətimə də. Mən oynadığım personajı necə görürəmsə, elə oynamaq istəyirəm, bəzən buna mane olurlar. Müəyyən vaxtlar kompromisə getmişəm, olub, amma bəzən elə olur ki, görürəm, alınmır. Sağlam münasibət yoxdur. Əslində, səbəbini bilirəm, amma nə bilim e...
– Səbəbləri nədir?
– Ənənəvi aktyorlar və onların oyun tərzi var, onlar qəbul edilir, mən yox. Mən çətin qəbul olunuram. Mən teatrı belə görürəm ki, teatrda islahat mütləqdir. Sovetdən qalma məsələlər həll olunmalıdır. Çox təəssüf ki, biz həm kinoda, həm də teatrda sovetdənqalma ənənələrə xidmət edirik. Mən işin nəticəsindən anlayıram ki, proses dəyişməlidir. Bax bu dəyişimi qəbul etmək istəmirlər. Aktyor rejissorun əlində maneken olmalı deyil. Aktyor rolun müəllifidir. Əvvəllər bu mövzuda xeyli mübahisələr olub, mən də qatılmışam. Rejissor aktyoru sərbəst buraxmaq istəmir, aktyorun gücünə inanmır. Təbii ki, rejissor yön verməlidir, bu aydın məsələdir. Amma aktyor maneken deyil, aktyorla maniken kimi davranmaq olmaz. Bu barədə dəfələrlə mübahisələrim olub. Demişəm ki, imkan verin, oynayım. Gah deyirlər, əlini belə et, ağzını belə oynat, belə olmaz axı. Olmaz. Yenə də təkrar edirəm: aktyor maneken deyil. Sırf buna görə neçə əsərdən çıxarılmışam. Belə ad veriblər ki, guya mən solo oynamaq istəyirəm, özümü fərqli göstərmək istəyirəm. Bunlar elə bilir ki, mən rejissor olmaq istəyirəm. Belə deyil axı.
Bir dəfə bir tamaşa oynayırdım – “Neron”. Onda Gənclər Teatrında işləyirdim. Rol məni apardı, rejissor da mənimlə bacarmırdı. Gördü ki, ona qəti qulaq asmıram. Deyirəm, a kişi, bu, tragikomediyadır, mən buna uyğun oynayıram, sən dediklərini mən edə bilmərəm, etmək istəmirəm. Özü də bu rol əvvəl başqa adama verilmişdi, o bacarmamışdı. Həmin tamaşanı gedib Kazanda oynadıq, mükafat aldım. Məni hətta Kazanda saxlamaq istəyirdilər. O dərəcədə bəyənilmişdim. Bizimkilər çaşıb qaldı ki, biz, görəsən, nəyi səhv başa düşmüşük? Mən düşündüm ki, Bakıya qayıdacağam, daha yaxşı rollar verəcəklər, amma bilirsən, nə oldu? İnan ki, gələn kimi tamaşanı bağladılar. Uğur varsa və tamaşanı bağlayırsansa, bunun adı nədir? Yəni teatrlarda buna oxşar şeylər çox baş verir. Neyləmək olar? (Gülür)
– Yaxşıdır ki, ruhdan düşmürsünüz.
– Sırtıq adamam da (gülür). A kişi, belə şeylər nə qədər olub e. Rüstəm İbrahimbəyovun teatrında iki il çalışıb alındıra bilmədikləri tamaşanı mən bir aya məşq edib oynamışam. Rəhmətlik Rüstəm şokda idi. Getdik, Moskvada oynadıq, uğur qazandıq. Bakıya qayıdan kimi iclas edib məni tamaşadan çıxardılar. Rüstəm yazıq heç nə edə bilmədi. Dedilər, ya o, ya biz.
– Niyə?
– Ay sağ ol. Niyə? (gülür)
Bir qədər fikirləşir...
Nə bilim e, adam düşünür ki, yəqin, istəyirlər, istifadə edək, sonra ataq bir kənara. Bilirsən, mənim ən böyük problemim odur ki, teatrda sırf mənim rejissorum yoxdur. Mənimlə fikirləri üst-üstə düşən, mənə istədiyim azadlığı verən rejissor yoxdur.
– Nə əcəb özünüzü rejissor kimi sınamırsınız?
– Adam yığa bilmirəm. Dəstə yığmaq çətindir, icazə vermirlər, gəlmirlər. Təklif vermişəm, maket də hazırdır, üç aydır, qalıb eləcə. İki-üç dəfə sırf belə təkliflər vermişəm, səs-səmir yoxdur. Mən aktyorluğumu qətiyyən kənara qoymaram, belə fikrim yoxdur. Sadəcə istədiyim odur ki, özüm istədiyimi edim, buna şərait yaradılsın. Amma hanı? Yenə də deyirəm, sovet ənənəsi aradan çıxmalıdır. Çıxmasa, heç nə dəyişən deyil. Bilirsən, teatra tamaşaçını aktyor gətirməlidir. İndi belə deyil. Tamaşaçının gəlməsi aktyordan asılı deyil. Bu da teatr üçün heç də yaxşı hal deyil.
– Sizə hansı daha yaxındır: kino, yoxsa teatr?
– Hər ikisi, amma teatr canlıdır. Teatr aktyordan daha çox güc, əzm və qüvvət istəyir. Kinoda əl-qolum daha çox açılır, orada şərait yaradırlar. Amma teatrda elə deyil.
– Son dövrlərdə yeni hansı tamaşalarınız var?
– Yeni mənim üçün “Vəsiyyət” idi. Tamaşanı iki dəfə qoydular, sonra dayandırıldı. Məni çağırdılar ki, bu rolu sənə vermək istəyirik. Oynadım. Uğurlu da oldu. Sonra Fuad Poladov “Şah Qacar”ı tərk elədi, ora da məni dəvət elədilər. Oynadım. İndi də oynayıram. Köhnə rəhbərliyin vaxtında xeyli tamaşalar verilirdi, amma məni bir çox şey qane etmirdi. Məsələn, baş rola dəvət alırdım, rejissor əsəri başa düşmürdü. Təsəvvür edirsən? Rejissor əsərdə konflikti görmür. İrad tutan kimi məni uzaqlaşdırırdı. Müdiriyyətə deyirdim ki, məni çıxarın, mən razı, amma bu tamaşa teatrın adıdır axı, bu düzgün oynanılmır. Cavab verirdilər ki, haqlısan, amma biz heç nə edə bilmirik, o rejissorun adamı var. Nə bilim? O qədər belə şeylər görmüşəm ki, daha təəccüblü gəlmir. Mənə evdə tapşırırlar ki, bir dənə rejissorla mübahisə eləmə. (Gülür) Deyirəm, baş üstə, amma görürəm ki, bəzən dözə bilmirəm. Mübahisədən qaçmaq olmur.
– Deyirlər, Teatr Agentliyi də yaradılacaq. Bəlkə, nələrsə düzəldi.
– Yaratsınlar da, yaratsınlar. Amma nə olar, açıqlasınlar ki, nələr olacaq, necə olacaq? Bəlkə, biz də nəsə məsləhət verdik, nəyəsə qatqımız oldu. Bu işi biz bilirik də, pis, ya yaxşı, bu işi biz bilirik. Bizim işimiz budur. Bu teatr sistemi ilə qabağa getmək çətindir, mümkünsüzdür. Mən hələ o vaxtdan deyirdim ki, gənc aktyor-aktrisalara maaşdan əlavə tamaşadan pul vermək lazımdır. Bunların maaşı nədir ki? Sən buna dəyər verməlisən ki, sabah başqa sahələrə qaçmasınlar. Toya, klipə, reklama, nə bilim, nəyə. Bəs adamın işinin adı aktyorluqdur axı. Aktyorun həyatı teatrdan asılıdır. Teatr aktyoru cəzb eləməlidir, stimul verməlidir. Yoxdur, qətiyyən yoxdur. Teatr Agentliyi deyirsən, əla, gəlsin, aktyora stimul versin. Verməyəcəksə, heç nə.
– Stimul deyirsiniz, elə “Əqrəb mövsümü”nün rejissoru müsahibələrinin birində deyir ki, kinodan qazanmadığımı serialdan qazandım. Ona görə də mənim üçün kino, az qala, qapanıb. Eynilə teatrda da belədir. Stimul yoxdursa, aktyor qaçacaq.
– Vəssalam. Təmiz söhbətdir. Mən Emili qınamıram, sən də, o da, bu da qınaya bilməz. Emil görür ki, kinoteatra gələn yoxdur, əziyyətinin bəhrəsini görmür, televiziyalarla işləməyə üstünlük verir. Mən bildiyimə görə, kinoteatrların da vergi məsələsində vəziyyət yaxşı deyil. Ona görə də heç qınamaq olmaz.
– Abbas müəllim, serialdan gələn gəlir necə, Sizi qane elədi?
– Bir ay. (Gülür) Nə qane eləmək e, bir ay, vəssalam. Sonra bəs? Müəllif qazanmalıdır e, qazanc olmalıdır. Əmək varsa, əziyyət varsa, qazanc olmalıdır. Amma olmur. “Bizdə kino var?” “Bizdə teatr var?” Dedikləri ancaq budur. “Əqrəb mövsümü”nün yaxşı tərəfi o oldu ki, həm də göstərdi ki, var.
– Açığı, Emilin müsahibəsindən sonra elə düşünmüşdüm ki, aktyorlar da yaxşı qazanıb.
– Yox, əşi, yox. Prezident mükafatı alıram, onun hesabına özümü ayaqda saxlayıram. O da olmasa, gərək nə gəldi, necə gəldi, çəkiləsən. Ailəni ac saxlayası deyilsən ki!.. Yəni dediyim odur ki, müəyyən bir işin varsa, reytinqin varsa, oradan qazanc olmalıdır. Mən havayı yerə pul tələb etmirəm. İşimə, əziyyətimə görə nəticə tələb edirəm. Mən bir şeyi düzəldə bilirəm, düzəldirəm, alan var? Var. Aldı? Aldı. Bəs mənim qazancım? Cavab bilirsən nə olur? Bunu sənə biz dedik, sən də düzəltdin. (Gülür)
– Ona görə aktyorlarımız toylara üz tutur?
– Day heç toylara da aparan yoxdur. Müğənnilər özləri həm oxuyur, həm də aparıcılıq edir. (Gülür)
– Ümumiyyətlə, aktyorların toylara getməsinə necə baxırsınız? Məsələn, Loğman Kərimov dedi ki, yaxşı edirlər.
– Yox, mən heç də yaxşı baxmıram. Dəstəkləmirəm. Düzdür e, ehtiyaca görədir. Amma, qardaş, aktyor adı deyə bir şey var e. Bilirsən, necə getmək olar? Xahiş-minnətlə. Gedəsən, bir dənə maşın bağışlayalar, hə, deyərəm, olsun. Amma 5-10 manata görə, dəymir, aktyor da sınır, teatr da.
Bir dəfə festival vaxtı Rusiyanın hansısa xarici teatrı gəlmişdi. Söhbət əsnasında baş direktor qayıtdı ki, biz bu il 1 milyon qazanc əldə etmişik. Bizimkilər sadəcə baxırdılar. Çünki bu bizə xəyal kimi görünür. Bunu onlar boşuna qazanmayıb e. O şərait yaradılıb, keyfiyyətli iş ərsəyə gəlib, tamaşaçı davamlı gəlib, nəticədə o qazanc əldə olunub.
Kazanda tamaşanı oynadıq, gördüm ki, aktyorlara tamaşadan sonra 100 dollar pul verirlər. Bizimkilər də daxil. Stimuldur da, qardaş. Aktyor inanır, sevinir, görür ki, əziyyəti boşuna getməyib. Bizdə belə şeyi təsəvvür edə bilirsən?
– Abbas müəllim, bir ara kommersiya filmləri silsilə hal aldı. Siz də çəkilmişdiniz. Məsələn, “Oğlan evi”ni mən bəyənmişdim.
– Nə əcəb ona baxmısan? (Gülür)
– Oradakı obrazınız maraqlıdır, kiminsə prototipidir, yoxsa necə?
– Yox, ümumiyyətlə, mən kiminsə prototipini oynamıram. Mətnə baxıram, obrazı başa düşürəm və oynayıram, vəssalam. İndi nəticə kimə oxşayır, necə oxşayır, o artıq mənlik deyil. Mənə dəfələrlə deyiblər ki, filan obraz üstündə filan vurğunu vur, filan şeyə işarə olsun, etməmişəm.
– O filmin gəlirləri yaxşı olmuşdu.
– Yaxşı olmağına yaxşı oldu, amma, məncə, düşdüyü şərait imkan vermədi. Bayaq da dediyim kimi, kinoteatr məsələsi də bizdə çox ağırdır. İkincini də çəkdilər, gördülər ki, qazanc olmadı, getdilər başqa sahəyə. Buyur. Amma, məncə, davamlı çəkilsəydi, yaxşı nəticələr olardı.
– Başqa komediya filmlərinə çəkilmisiniz?
– “Ağ tük”. O da yadda qalan film idi.
– Hamısında da mafiya, “qara donlu” bir obrazınız olur.
– Elə alınır, rejissorlar o cür görür, neyləmək olar? (Gülür)
– Müəllim, “Ağ tük”ə yaddaqalan film dediniz. Onun ssenarisi axı çox zəif idi.
– Ona da baxmısan? Nə əcəb? (Gülür) Sən “Əqrəb mövsümü”ndən başqa hər şeyə baxmısan. (Gülür) Ssenari hə, zəif idi. Çünki orada mənim obrazımla bağlı məsləhətlərimi dinləmədilər. Əvvəl razılaşdılar, amma edilmədi. Nəticədə, filmdə sırf mənim obrazım bağlı qaldı, lazımınca açılmadı. Belə şey çox olub, əvvəl deyiblər, edərik, amma yekunda edilməyib. Bilirsən, məqsəd əsas qəhrəmanları qabartmaq olur, bir az qıraq obrazı böyüməyə qoymurlar. Mən gəldim çəkiliş meydançasına, gördüm ki, öz bildiklərini ediblər. Oradan qayıtmaq artıq ayıb olardı. Həm də qabaqcadan bir az pul almışdım. (Gülür)
– Abbas müəllim, özünüzü güldürən obraz kimi təsəvvür edirsiniz? Mən nəsə edə təsəvvür edə bilmirəm.
– Dedim də, səndən nə desən, gözləmək olar. (Gülür) Əlbəttə, edirəm. Amma bilirsən, söz komediyası yox, hadisə komediyası, ona varam, özümü orada görürəm. Ortada bir xarakter olmalıdır, tip olmalıdır.
– Bəs, ümumiyyətlə, kimi oynamaq istəyərsiniz?
– İndi heç kimi. Arzulamaq yaxşı deyil. Arzulayarsan, alınmır, ürəyində qalır, ölür, məcbur basdırırsan. Özüm üçün müəyyən ssenarilər qururam, beynimdə canlandırıram. Amma belə konkret arzu yoxdur.
– Gənc vaxtlarınızda arıq olduğunuza görə, Sizi o qədər də ciddi rollarda çəkmirlərmiş. Nədir bu rejissorlardan çəkdikləriniz?
– Vallah, hə. Mən də məcbur kökəldim. Nəticəsi də oldu. Normal, ciddi rollar verdilər, repertuarım əməlli başlı zənginləşdi. Mən hesab edirəm ki, mən bir səmtdə olan aktyor deyiləm. Bayaq sən sual verdin ki, özümü güldürən obraz kimi görürəm, ya yox. Mən özüm barədə düşünürəm ki, hamısını oynaya bilərəm. Yəni özümə, öz aktyorluq qabiliyyətimə bələdəm. Baxırsan ki, 40-45 yaşında aktyora qəhrəman obraz verirlər. Belə şey olar? Belə rolları gənc aktyor oynamalıdır.
– Gənc aktyorlar demiş, gənclərlə də işləyirsiniz. Onlar barədə nə düşünürsünüz?
– Proses görmürlər, problem budur. Yaxşıdırlar. Öz üzərlərində işləyirlər. “Əqrəb mövsümü”ndə cavanları gördüm, inamın artdı, gələcəklərinə ümidim çoxaldı.
– Abbas müəllim, bəs əvvəllər televiziya tamaşaları çəkilərdi. Sizin də çəkildikləriniz olub.
– Seriallar televiziya tamaşalarını əvəz edir, yerini doldura bilir. Bilirsən, tamaşanın yeri teatrdır. Televiziyada tamaşa... nə bilim e. Onlar, məncə, serialların başlanğıcı idi, bir növ, axtarış idi. Belə...
Müsahibəmiz necə hiss eləmədən başlamışdısa, eləcədə bitdi. Amma...
Müsahibəmiz yekunlaşanda qəflətən xatırladım ki, bayaqdan mikrofonu istifadə etməmişəm. Abbas müəllim paltosunu geyinəndə mikrofonu unutduğumu dedim.
Cavabı isə bayaqdan bəri dəfələrlə təkrar etdiyi oldu: Nihat, sən “Əqrəb mövsümü”nə baxmayan adamsan, səndən nə desən, gözləmək olar. (gülür) Təəccüblənmirəm.
Mikrofonla bir neçə şəkil çəkəndən sonra söhbətimizi bir az da ayaqüstə davam elədik. Abbas müəllim müsahibədən sonra və ən əsası, mənim seriala baxmağımdan sonra bir də görüşüb söhbətləşəcəyimizin sözünü verdi. Daha sonra Loğman Kərimova zəng vurub bizimlə sağollaşıb uzaqlaşdı...