"O, qadını “toxunulmaz bir gözəllik” kimi görür..." - "Kor bayquş" bizi nəyə məcbur edir?

"O, qadını “toxunulmaz bir gözəllik” kimi görür..." - "Kor bayquş" bizi nəyə məcbur edir?
9 avqust 2025
# 11:20

Kulis.az Nəzakət Nəsiblinin yazısını təqdim edir.

Bir kitabın adını eşidib onun məni bu qədər təsirləndirəcəyini düşünməzdim. Sadiq Hidayətin “Kor bayquş” adlı romanı haqqında yazmaq üçün bir neçə dəfə cəhd etdim, hər dəfə sözlər məni yarı yolda qoydu. Hərçənd bu kitabı anlamaq, izah etmək, yazmaq üçün təkcə ədəbi hazırlıq deyil, ruhun da bir qədər çökük, bir qədər də güzgü kimi sındırılmış olması lazımdır. Bu yazını yazarkən elə Şahram Nazerinin "Desire" musiqisini dinləyərək yazıram.

Hər şeydən əvvəl, bu kitabı anlamaq üçün müəllifi tanımaq vacibdir deyə düşünürəm.

Sadıq Hidayət 1903-cü ildə Tehranlı varlı və nüfuzlu bir ailədə doğulub. Təhsilini Avropada alaraq fransız ədəbiyyatına dərindən bələd olub, Firdovsini, Sədini, Xəyyamı, İranın klassik nəhənglərini dərindən oxuyub və mənimsəyib. Düşünürəm ki, onun ədəbiyyatla münasibəti bir intellektual maraqdan çox, varlığın ağırlığını daşımaq cəhdi idi.

İranda əsərləri illərlə qadağan edilən, amma buna baxmayaraq modern İran ədəbiyyatının atası sayılan Sadiq Hidayət haqqında hardasa belə bir ifadə oxumuşdum: “Kafkanın özü belə bu adamın yanında elə bil 23 Aprel tədbirinə önlüyünü geyinmiş, ağ yaxalığını taxmış, yaxasında qırmızı lent olan, anasının-atasının sözündən çıxmayan bir uşaq kimi qalır.”

Yəni, Kafka insanın absurd varlığını göstərirdisə, Hidayət həmin varlığın içindəki boşluğu da sərgiləyirdi. Oxuyarkən qəhrəmanın daxili tənhalığını, özü ilə barışmamasını və həyatla mübarizəsini daha yaxşı anlayırsan.

Mənə elə gəlirdi ki, hələ özümü tam tanımamışam. Hətta yaşadığım bu dünyaya da alışmaqda çətinlik çəkirəm, bəs başqa bir dünya mənim üçün nə ifadə edə bilərdi? Bu sözlər “Kor bayquş”un qəhrəmanının daxili səslərindən biridir. O, özünü anlamaq istəyir, amma dünya və öz varlığı arasında böyük bir uçurumun içində qaldığını hiss edir.

Obrazın bu fikri həm də onu göstərir ki, bizlər özümüzü tapmışıq və bələd olduğumuzu zənn edirik sadəcə, heç vaxt özümüzü tam tanıya bilmirik. Həmçinin bu dünya onun üçün deyil, bir qrup insan üçün qurulduğunu, insanlar üzsüz, yalançı, qəsbkar, vicdansız və açgözlükləri qeyd edilir.

Onlar həyatın qaydalarını yazır, başqalarını öz bildikləri kimi yönləndirirlər. Bu soyuq, həssaslıqdan uzaq dünya qəhrəmanın ruhunda dərin izlər buraxır. Həyatın əsl üzünü, insanların maskalarının altında gizlənən həqiqətlərini görür və bu onu daha da kədərləndirir. Hər kəsin üzündə müxtəlif maskalar var, bu maskalar bir o qədər çoxdur ki, insanın kim olduğu unudulur.

Sadiq Hidayətin qəhrəmanı da bu maskaların altında itmiş, öz həqiqi üzünü tapa bilməyən biridir. İnsanlar əslində kim olduqlarını gizləyirlər.

Ölüm qarşısında isə insanın inancının, dini inamlarının nə qədər kövrək və bəsit olduğunu dərk etdiyini müşahidə edirik. Ölüm insanın ən böyük sınağıdır, burada nə din, nə də iman onu qorumağa tam yetmir. Bu qorxu və anlaşılmazlıq insanın ruhunda ağır izlər qoyur, ölümə baxış onun dünyagörüşünü və həyatın mənasına baxışını tamamilə dəyişdirir.

“Kor bayquş”un digər əsərlər kimi bir süjet xətti yoxdur. Zaman və məkan anlayışları yoxdur burada. Əsərdəki adını belə bilmədiyimiz qəhrəman alkoqol və afyonun təsiri altında keçmişlə bu günü, reallıqla sayrışmaları bir-birinə qarışdırır. Onun gözündə yaşlı kişi, gözəl qız, arabaçı, atası, anası və öz-özü də bir-birinə bənzəyir. Əslində hamısı bir adamdır. Tək bir varlığın içində parçalanan parçalar...

Əsərin ilk cümləsi özü bir yumruq kimi dəyir: “Yaralar vardır həyatda, ruhu cüzam kimi yavaş-yavaş və yalnızlıqda yeyən, kemirən yaralar.” Hidayətin dili təkcə bədii deyil, həm də yaralayıcıdır. Oxuduqca başa düşürsən ki, bu kitab sənə bir hekayə danışmır. Sənin düşünməkdən qaçdığın şeyləri səssizcə pıçıltı ilə sənə deyir.

Romandakı qadın obrazları, xüsusən də, o gözəl, dilsiz, heykələ bənzər qız müəllifin qadına baxışını göstərir. O, qadını “toxunulmaz bir gözəllik” kimi görür. Bu gözəlliyə əl dəyən kimi hər şey çürüməyə başlayır. Çünki onun üçün gözəllik, sevgi ancaq əlçatmaz olduğu müddətcə müqəddəsdir. Əgər onu əldə etsən, itirmiş olursan. Bir balaca dərinə ensək, onun üçün sadəcə gözəllik, sevgi deyil, dünya, gözəl olan hər şey, ədalət, humanizm və ilaxır da belədir.

O, ölümə bircə qorxuyla deyil, çox qəribə bir cazibəylə də yanaşır. Özünə qarşı həm sadiq, həm amansız olan bu yazıçı sonda yazmaqla yaşaya bilməyəcəyini anlayır və 1951-ci ildə Parisdə özünü havaqazı ilə zəhərləyərək intihar edir.

Zənnimcə, həm yazıçı, həm yazıçının yaratdığı obraz depressiv görünsələr də, ümidləri əbədiliyə qovuşanda belə ölməmişdir.

“Kor bayquş” oxucuya təkcə ədəbi zövq vermir. Oxucunu öz içindəki boşluqlarla üzləşməyə məcbur edir. Öz ruhunun dərinliklərinə enməyə cəsarəti olan hər kəs bu kitabda bir parçanı özündə tapacaq. Əsərin sonunda heç bir izah, nəticə və ya bağlanış yoxdur. Oxuyanın beynində başlayır və onla da cavab axtarışında olur. Kitabda da deyildiyi kimi:

“Ah, cahil uşaqlıq günlərimdəki kimi rahat və dərin yuxu! Sakit, narahatlıqdan uzaq bir yuxu! İnsan bəzən bütün o ağır düşüncələrdən, acılardan, tənhalıqdan uzaqlaşıb daimi sülh tapmaq istəyir.”

# 86 dəfə oxunub

Oxşar xəbərlər

Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi

Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi

14:58 9 avqust 2025
Məşhur müğənni  konsertini ləğv etdi

Məşhur müğənni konsertini ləğv etdi

14:50 9 avqust 2025
Tarixi Kordova Katedralında baş verən yanğının qarşısı alındı

Tarixi Kordova Katedralında baş verən yanğının qarşısı alındı

14:20 9 avqust 2025
Məşhur “Alisa möcüzələr ölkəsində" animasiyasının kinooperatoru vəfat etdi

Məşhur “Alisa möcüzələr ölkəsində" animasiyasının kinooperatoru vəfat etdi

14:00 9 avqust 2025
Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı  mediaya müsahibəsi

Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsi

14:00 9 avqust 2025
Sevilən aktrisa tanınmaz hala düşdü

Sevilən aktrisa tanınmaz hala düşdü

13:50 9 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər