Tənhalığa çəkilən qadın - Mənzər Niyarlı

Tənhalığa çəkilən qadın - Mənzər Niyarlı
2 dekabr 2024
# 17:46

Kulis.az Mənzər Niyarlının "Tənhalığa çəkilən qadın" hekayəsini təqdim edir.

Hündür qaməti, boy-buxunu ilə seçilən qadın əlində iri bağlama, qoltuğunda kitab harasa tələsərdi. Mənim yaşadığım binada bir otaqlı, təmirsiz evində tənha yaşayırdı. Qarabuğdayı olsa da çöhrəsinin cizgiləri yerində idi. Hiss olunurdu ki, gəncliyində gözəgəlimli olub. Yerişi, duruşu ağayana idi. Ona orta yaş vermək olardı. Canı sulu idi. Geyimi kasıbyana olsa da, səliqəli idi. Həmişə onu qara şalvarda, qəhvəyi tuflidə görərdim. İndinin dəbindən düşsə də, təbii parçadan tikilmiş, yaxası düyməli rəngi solmuş, yasəməngüllü koftasını əynindən çıxarmazdı. Həyətdə oturacaqlarda dövrələmə oturub tum çırtlaya-çırtlaya qeybət qıran qonşu qadınlar onun adamayovuşmazlığından danışırdılar. Hiss olunurdu ki, bu qadından xoşları gəlmir. “Bir buna baxın, sən Allah. Elə həyətdə vurnuxa-vurnuxa qalıb. Bu yandan gəlir, o yandan çıxır. Yanımızdan ötəndə də elə bil padşah qızıdır. Heç üzümüzə də baxmır. Geyimi, keçimi yönlü olsa deyərdik ki, bu da özünə görədi. Gəlib otursun yanımızda, bizlə söhbət eləsin, görək, kimdir, nəçidir, niyə indiyə kimi ərə getməyib, niyə bayquş kimi yaşayır, bəlkə elə əri varmış, boşanıb, ya da ölüb”. Qadın qonşuların oturduğu yerin yaxınlığından keçəndə onlara ağızucu salam verib ləngiməzdi. Mən onun yaşadığı binaya təzə köçdüyüm üçün onunla yaxınlığım yox idi. Məni ona tərəf çəkən qadının qoltuğunda gəzdirdiyi kitab idi. O biri əlində isə setka, iri bağlama harasa tələsirdi. “Deməli, kitabları sevir. Nə yaxşı. Evində kitabxanası olmamış olmaz. Alıb mən də oxuyaram” fikirləşdim. Qonşular kimi mənə də elə gəlirdi ki, qadın adama yovuşmazdı, ünsiyyətcil deyil. Sən demə, adamlardan qaçmağı maddi sıxıntı içərisində çabalamağı imiş, həm də qeybəti sevməməyi... Onunla yaxınlıq etdikdən sonra bildim. Qəribədir, axşamlar qadının evinin işığı yanmazdı. Kitabı ya şam, ya da nöyüt lampasının işığında oxuyardı. Deyilənə görə, işığına böyük məbləğdə haqsız yerə cərimə gəlibmiş. Çox yerə müraciət edir, ancaq heç bir yerdən müsbət cavab ala bilmir. O da acığa düşüb elektrik işığını yerli-dibli dibindən kəsdirir. Eyvanının sınıq-salxaq pəncərəsindən görünən otağı təmirsiz idi. Otağın eyvana açılan qapıları əl vursan yerindən çıxardı. Qışda evini qızdıra bilmədiyi üçün qadın pəncərəsinin hər tərəfini ploynkayla bərkidərdi. Eyvanının çöl tərəfinin taxtasına Azərbaycanın üç rəngli bayrağını açmışdı. Küləkli günlərdə bayraq yellənər, az qalardı yerindən qopsun. Bayraq yay aylarında günün altında bozaran kimi onu yenisi ilə əvəz edərdi. Eyvanın məhəccərinə söykədiyi dibçəklərdəki güllər o uçuq-sökük eyvana uyuşmasa da bir gözəllik verirdi. Mənim onunla ünsiyyət qurmağım tez alındı. Bir dəfə üz-üzə gələndə ayağımı sürütləyib dayandım: – Salam, – dedim. – Evimin səmtini göstərib: - Biz qonşuyuq. Sizin binada – yeddinci mərtəbədə yaşayıram. – Adımı deyib üzünə baxdım. Duruxub qaldı. Sonra: – Lap yaxşı, deyə gülümsədi: – Mənim də adım Aliyədir. Aliyə Arif qızı.

– Çox şad oldum. Mən də bekar vaxtlarımda kitab oxumağı sevirəm. Əgər sizdə…

– Nə yaxşı.

– Sizdə kitab varsa mənə də verin, oxuyum.

– Elə kitabxanadan gəlirəm. – İri, qara çantasından kitabları çıxarıb mənə göstərdi.

– Bu dəfə Çingiz Aytmatovun, Nəcib Fazil Qısa Kürəyin kitablarını götürdüm. Birini, istəsəniz, verim oxuyun. Sonra dəyiş-düyüş edərik. – Sözünə əlavə etdi: – Türk şairi Qısa Kürəyin şeirləri o qədər xoşuma gəlir ki, onun bir şeiri var. Qoy söyləyim, ürəyim sakitləşsin. – Aliyə xanım avazla Qısa Kürəyin şeirlərindən iki misrasını söylədi.

“Ölüm gözəl şey, budur pərdə ardından xəbər,

Heç gözəl olmasaydı, ölürdümü peyğəmbər”.

Hələ onun kəlamları... Sevilcan görün nə deyir ey: “Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşarkən təmiz qalsaydıq, öləndə yuyulmazdıq”.

– Nə gözəl, – dedim. – Adını eşitmişəm, ancaq şeirlərini oxumamışam. Zəndim aldatmayıb məni. Kitabları çox sevirsiniz, eləmi? Nə gözəl şeir deməyiniz var, Aliyə xanım. Əlinizdə kitab tənhalığa çəkilib oxuyur, elə hey oxuyursunuz. Həmişə də, bax, o şam ağacının altında oturursunuz. – Gülümsəyərək sözümə davam etdim: – Qonşulara da yovuşmursunuz. Onlar bir az sizdən incikdirlər.

Susub fikrə getdi. Sonra: – Düzü, – dedi, – qeybət qırmağı, sorğu – suala cavab verməyi xoşlamıram. “Sən hardansan? Niyə tək yaşayırsan? Ərə niyə getməmisən?” İşləri, gücləri, onun-bunun arxasınca danışmaqdı. Görün, biri mənə nə deyir “Tək yaşamaqdansa, vaxtını kitab-kutaba sərf etməkdənsə ərə gedərdin, ər çörəyi yeyərdin də”. Aliyə xanım qonşunun dediyi nəsihətini yadına salaraq ürəkdən güldü. Nə gözəl gülüşü var idi qadının. Mən də ona qoşuldum.

Aliyə xanım, bəlkə də, həyətimizin yeganə sakinidi ki, kitabxanaya üzv yazılmışdı. O bir, iki il idi ki, təqaüdə çıxmışdı. Təqaüdü o qədər az idi ki, pulunu ayın başından axırına çatdıra bilmirdi. Mən onun pul sarıdan çətinlik çəkdiyini ilk gündən hiss etmişdim. Ancaq qadın qohum-qonşunun yanında özünü sındırmır, könlü tox gəzirdi. Bir dəfə yenə də üz-üzə gəldik. Yenə də ağır şey-şüylə yüklənmişdi. “Görən, əlindəkilər nədir.” Maraq məni bürüdü. Bağlamaya baxdığımı görüb candərdi gülümsündü: - Görürəm əlimdəkilərə maraqla baxırsan, Sevilcan. Nə deyim, əzizim, kimsəsizlərim çoxdur. Bu bağlamadakıları imkanlı evlərdən yığıram, aparıb kimsəsizlərə, imkansızlara verirəm. Bax, bunun içərisində, – Əyilib bağlamanı açmaq istədi, qoymadım. – Paltar da var, ayaqqabı da, isti kürk də, aparıram ehtiyacı olanlara: - Susub üzümə baxdı: – Bu məhəlləyə, – dedi, – təzə köçmüsünüz. Bəlkə, siz də mənə kömək edəsiniz. – Aliyə xanım gözümdə tamam başqalaşdı. Özü ehtiyacın içərisində çabalasa da, başqalarının dərdini çəkirdi, onlar üçün narahat olurdu.

– Valideynlərini itirmiş uşaqlar var, çox uşaqlı ailələr var ki, bircə ataları işləyir. O da cüzi məvaciblə… Şəhid ailələrinə də baş çəkirəm.

–Nə böyük savab iş görürsünüz. Əlbəttə, mən də sizə kömək etməyə hazıram.

– Nə gözəl. Bu oldu əla. – Sevinə-sevinə mənə təşəkkür etdi. Qadının üzündəki sevinc mənə də sirayət etdi. Elə bil başqalarına yox, onun özünə kömək edəcəkdim, maddi durumunu yaxşılaşdıracaqdım.

* * *

Mən tez bir zamanda onun köməkçisi oldum. O mənə zəng edir, harasa getmək lazım olduğunu deyirdi. Onunla birgə yol getmək mənə xoş idi, həm də imkanlı qohumlarımdan, tanışlardan pal-paltar, hətta ərzaq almaq üçün pul da yığıb bir yerdə imkansız ailələrə aparırdıq. Bəzən elə olurdu ki, mən işdə olanda özü bütün işlərini təkbaşına görərdi. Ona görə də çox vaxt Aliyə xanımla ünsiyyət saxlaya bilmirdim. Vaxt tapan kimi həyətə düşüb onu axtarardım. Evinə heç kəsi dəvət etməzdi, hətta məni də. Bilirdim ki, təmirsiz olduğuna görə utanır. Oturacaqlarda oturub hamıya – gedib-gələnlərə, maşından düşüb, minənlərə göz qoyan qonşular mənim Aliyə xanımı axtardığıma, sonra nigarancasına: – Aliyə xanımı görməmisiniz? Həyətə düşməyib ki? Bir həftədir ondan xəbər tuta bilmirəm. Telefona da cavab vermir, – soruşub narahatlığımı bildirəndə əvvəl-əvvəl təəccüb elədilər. Axır ki, qonşular hiss etdilər ki, bu kövrək, hissiyyatlı qadın heç də onların düşündükləri kimi adamayovuşmaz, qaradinməz deyilmiş. Get-gedə qadınların Aliyə xanıma münasibətləri dəyişdi.

Aliyə xanım mənimlə tanışlığından sonra qonşularla qaynayıb qarışmağa başladı. Onun söhbət elədiyi yerdə birdən sözünü yarıda kəsib şeir deməyi, mahnı oxumağı qonşu qadınlara ləzzət edirdi. Bəzən həzin səslə oxuduğu şeirlərin müəlliflərinin faciəli həyatını danışanda qonşular göz yaşlarını saxlaya bilmirdilər.

Qadınlar Aliyə xanımı əhatə edib, onun sosial qayda-qanunları, insan hüquqlarını bildiyi üçün, ona hər mövzu barədə suallar verir, işləri çətinə düşəndə ondan məsləhət alırdılar.

Aliyə xanım zahirən soyuqqanlı görünsə melanxolik idi. Qəribə romantikliyi vardı. Sovet dövründə aldığı kitabları əzizləyə-əzizləyə, tozunu silə-silə sınıq-salxaq kitab dolabının görünən yerinə qoyardı ki, tez-tez o kitablardan yaxşı, ürəyi yatan şeirləri oxusun.

Rəfiqəm uzun müddət layihə üzrə institutların birində işləyirmiş. Müstəqillik dövrünə qədəm qoyduğumuz vaxtlarda, ölkənin ağır keçid dövründə yeri bağlandığından işsiz qalır, yaşı təqaüdə çatmadığından pul sarıdan çətinliklərlə üzləşir dolanmaq üçün özünə aldığı cehizlərini, ev əşyalarını satmağa başlayır. O vaxt son dəbdə olan televizorunu da dəyər-dəyməz pula satmalı olub. Ona görə də qonşu ölkələrdə, Azərbaycanda baş verən hadisələri qəzetdən oxuyardı. Onun qəzet köşklərinin birinin qabağında dayanıb qəzetləri gözdən keçirtdiyinin şahidi olmuşdum. Qəzetlərə göz gəzdirdikdən sonra yavaşca yerinə qoyardı.

Axşamüstü işdən qayıdanda həyətdə özlərini oturacağa pərçim eləyib başlarını söz-söhbətlə girləyən qonşulardan onu soruşmamış ötməzdim. Qadınların ən fəal üzvü gülə-gülə: – Rəfiqən dayanacağa tərəf gedirdi,deyərdi:

vaxt?

Bir saat olar.

Bəzən boş vaxtında zəng edib məni həyətə çağırardı.

Aliyə xanım heç kəsin evinə getməsə , evimə dəvət edən kimi gələrdi. Bəzən dəvətsiz də qəfildən qapını döyərdi. Mənə sürpriz edərdi. Bilirdi ki, onu görəndə sevincimdən içimi çəkəcəyəm. O gələndə tez çay dəmləyər, üzbəsurət oturub dərdləşərdik. Nahar vaxtı qoymazdım evinə getsin. Olanından bir yerdə yeyə-yeyə söhbətimizə davam edərdik. Çox vaxt qonaq otağına keçməz, mətbəxdə oturar: – Bura yaxşıdır, – deyərdi, – həm istidir, həm pəncərədən hər tərəf görünür. – Baxışlarını pəncərədən səmaya sarı dikib: – Buludlara bax, Sevilcan, elə bil dəstə bağlayıb gəzməyə çıxıblar. Kefləri kök olanda rəngləri durulur, hərdən elə qaralırlar ki, ağlamağa bir bəhanə axtarırlar. Mənim kimi.

Eh, ay Aliyə xanım, hələ axşamları demirsən. Günəş qüruba sarı enir ha, axşam olur ha, ay, ulduzlar öz yerlərini tutur haelə gözəl görünürlər ki, az qalıram əlimi uzadıb qoparam.

gözəl. – Sonra zarafatla: – O ulduzlardan mənə verərsən, yaxama taxaram, – deyib ürəkdən gülərdi.

Rəfiqəm uşaqları çox sevdiyi üçün yanlarından keçəndə ayaq saxlayıb bir-bir danışdırardı birinci soruşardı: – Hansı məktəbə gedirsən? – Elə vaxt olurdu bu sorğu-sualdan sonra təəccüblə uşağa baxardı. Anası övladının key-key Aliyə xanıma baxdığını görüb: – Xalası, oğlum yaxud qızım Azərbaycan dilini bilmir. O bütün fənnlərini ingilis dilində, rus dilində keçirdeyəndə Aliyə xanım səsini ucaldaraq əsəbi-əsəbi: – Ay maşallah. Afərin sizə, öz doğma dilini bilmirsə onda niyə burda yaşayırsan. Aparın uşağınızı hansı ölkənin dilini bilirsə elə orda da yaşayın da. oturmusan? Azərbaycanın çörəyini yeyib dilinə xor baxmağınıza afərin!... – Onu çətinliklə sakitləşdirirdim.

Nəvəm Ayxanı həftə sonu yanıma gətirərdilər. Aliyə xanımın Ayxana yamanca quşu qonmuşdu. Tez-tez Ayxanı soruşur: – Sevilcan, sən Allah, Ayxan gələndə mənə deginən gəlib görüm uşağı. Ayxan ağıllı baladır. Göz dəyməsin, maşallah, uşağı gətirsəydin danışdırıb gülərdik. – Ayxan Aliyə xanımın sözlərini eşitsəydi qaşqabağını sallayıb: – Mən meymunam, mənə güləsiz? – deyərdi.

Gələndə sizi görüşdürərəm: – Zarafatla, – Əvvəldən görüş təyin edin. Harada, nə vaxt, – deyərdim. – Gülərdi. Qəşəng gülməyi vardı. Bir məzəli əhvalat danışanda sözünü yarımçıq kəsib əvvəlcə qaqqanaq çəkərdi. Kiminsə sənədlərini qaydaya salanda, təqaüdlərini düzgün hesablatdıranda, yazdığı kəsərli ərizəyə əsasən sosial yardım alanların işini düzəldəndə elə sevinərdi ki.

Havalar qızan vaxtı – qış öz sərt üzünü döndərib uzaqlaşan kimi evinə zəng edərdim. – Həyətə düşəcəksən, Aliyə xanım? – soruşardım.

– Deyirsən düşək?

– Nə oxuyursan? Bəlkə kitabdan ayrılmaq istəmirsən?

– Yox, düşürəm. “Geriyə baxma qoca”nı oxuyurdum. İlyas Əfəndiyevin kitabını.

– Nə gözəl. Tələbə vaxtı oxumuşam. Verərsən bir də oxuyaram.

– Yaxşı. Sən düşürsən?

– Əlbəttə düşürəm. Baharın gözəlliyini görmək istəmirsən? Həm hava mülayimdir, həm də çiçəklərin baş qaldıran vaxtıdır.

Binamızın arxasında təqaüdə çıxan qocalardan bir neçəsi məftillərlə hasara aldıqları sahədə bağça salmış, kimi meyvə ağacları, kimi də gül-çiçək əkmişdi. Aliyə xanımla gedib sarmaşıq kimi hər tərəfə yayılan rəngbərəng çöl güllərinə tamaşa edər, gözümüzün qurdunu öldürərdik.

İkimiz də eyni vaxta həyətə düşdük.

Ay Sevilcan, Bəylər müəllimin bağçası var ha... Srağa gün yanından keçirdim. Gördüm yasəmənə oxşar çiçəklər xalı kimi yerə səpələniblər.

Doğurdan?

Vallah. Gedək göstərim.

Uşaq kimi özümüzü həmin binanın arxasına salırıq. Göz oxşayan yaz çiçəkləri adamın üzünə gülür. Yaxşı ki, sahibi Bəylər müəllim qapını kilidləməyib.

İçəri keçib çiçəklərə daraşırıq. Qucağımızda bir topa çiçəklə oğrun-oğrun bağçadan çıxırıq:

Aliyə xanım bizi görən olmadı ki.

bilim. – Aliyə xanım Bəylər müəllimin pəncərəsinə sarı boylandı. – Bəlkə, pəncərədən baxan var. Görsələr qanımız getdi. – Bir-birimizə baxaraq gülməyimizi içimizə çəkib, xoflu-xoflu çiçəklərlə həyətə keçirik. Əlimizdəki çiçəkləri görən uşaqlar xüsusən qız uşaqları, bizi əhatəyə alırlar. Biz güllərdən onlara da paylayırıq.

Birdən Aliyə xanım fikirləşdisə duruxub qonşu binaların birinə sarı boylandı. Sonra üzünü mənə tutub: – Sevilcan, – dedi, – O qırmızı pərdəli ev var ha, o evdə Vera Sergeyevna adlı bir qadın yaşayır. İndi ona dəyib gəlirəm. – Aliyə xanımın getməyilə qayıtmağı bir oldu. Üzündə məmnunluq ifadəsi vardı. – Gülləri Vera Sergeyevnaya verdim. Vera Sergeyevna o qədər sevindi kiDeyir şagirdlərim yazda bu güllərdən mənə dərib gətirərdilər. Rayonda işləyən vaxtlarda. Vallah, Vera xanım güllərə baxdıqca gözləri dolurdu. Elə sevinirdi kiBilmədim day dərs verdiyi şagirdləri yadına düşmüşdü, yoxsa bu yaz gülləri onu kövrəltmişdi. Rəfiqəm bu gün bir qadını, uşaqları, sevindirdiyi üçün qanad açıb uçmaq istəyirdi. Çiçəkləri dərdiyimiz gündən isə səksəkəliydi. Bir az da vicdan əzabı çəkirdi. Mən onun kimi. “Gör ey, uşaq kimi gedib başqasının bağçasından gül oğurlayırıq”. Bir gün mənə zəng elədi. Səsindən əhval-ruhiyyəsinin yaxşı olduğunu hiss elədim. – Sevilcan, axır ki, Bəylər müəllimi görüb o güllərə görə halallığını aldım. O qədər güldü ki, kişi. Dedi əcəb eləmisiniz, dərmisiniz.

* * *

Yay günlərinin birində ayın təzə çıxan vaxtı mənə zəng edib həyətə düşürtdü. Təsadüfən Ayxan da yanımdaydı. Onu da özümlə götürdüm.

Bıy, Ayxan bala gəlib ki. – Ayxanı qucaqlayıb üzündən öpdü. – Ayxan bala nənəsinin evinə xoş gəlib, səfa gətirib.

Elə sizi bu gün görüşdürəcəkdim, – dedim.

Ayxan gözünün birini qıyıb altdan yuxarı Aliyə xanıma baxıb qımışdı:

Sağ ol. Axı xala, mən heç gətirməmişəm.

Allah qoysa işləyəndə gətirərsən. Nənənə , mənə .

Yaxşı. Gətirərəm. Axı, sən mənim nənəmin dostusan. Bilirəm.

Afərin Ayxana. Düz tapmısan. – Rəfiqəm gülməyini zorla saxladı. Sonra üzünü mənə tutub, dedi, – Gedək aya baxmağa. Binanın arxasından ay aydın görünür. Təzə aya baxanda, deyilənə görə, adamın əlinə pul gəlir. Əlini, bax, belə birləşdirirsən bir-birinə vurub deyirsən: – Ay, ay, müqəddəs ay, bizə pul göndər.

Aha, əziz Aliyə xanım, sənin pul sarıdan sıxıntın üzə çıxır, deyəsən, əzizim, özün bilmədən həyatının ehtiyac tərəfini açdın mənə.”

Doğru deyirsən? Aya, baxanda əlimizə pul gələr?

Əlbəttə. – Aliyə xanım ciddiləşdi. – Aya baxanda, Sevilcan, salavat çevirməyi unutma.

Yaxşı, – dedim.

Ayxanın bir az çox bilmişliyi var. Aliyə xanıma diqqətlə qulaq asıb dartındı, əlini ovcumun içindən çıxarmağa çalışaraq mızıldandı.

Nolub, Ayxan?

Ayxan tərs-tərs ikimizə baxıb, sonra nədənsə bezikmiş şəkildə ah çəkdi, ayaqlarını yerə diryəib: – Nənə, – dedi, – heç ay adama pul verər? Xalaya bax aydan pul istəyir. Adam atadan pul istəyər, anadan pul istəyər.

Aliyə xanımın şaqraq gülüşü ətrafa yayıldı. Mən əlacsız-əlacsız güldüm. Doğrusu qorxdum ki, nəvəmin sözlərindən Aliyə xanım inciyə bilər Nəvəm yenə dartındı, sonra əsəbi-əsəbi: – Bəlkə, məni aparıb evə qoyasınız. Sonra hara istəsəniz gedin,dedi. – Yenə Aliyə xanım gülüb keçdi özündən. Uşağı yola gətirə bilməyəcəyim üçün: – Aliyə xanım, aya baxmaq sonraya qalsın, – dedim. – Ayxan, görmürsən, ayaqlarını yerə dirəyib getmir.

Yaxşı nə deyirəm ki, qayıdaq.

Rəfiqəm duzlu, məzəli əhvalatlara maraqla qulaq asdığıma görə kitablardan oxuduğu, başına gələn yaxud yolda, avtobusda gördüyü hadisələrdən mənə həvəslə danışardı. Bir dəfə telefon söhbətimizi yarıda kəsib – Dayan, dedi, – Sənə təzə bir əhvalat söyləyəcəm.

De, ürəyimiz açılsın. – Maraqla kresloda yerimi rahatladım.

Qulağın məndə olsun. Məktəbdə siniflərin birində bir şagird dostunun saatını oğurlayır. Dərs vaxtı müəllimə şikayət edirlər. Müəllim gör edir, uşaqlara deyir ki, gözünüzü yumun. Hamı gözünü yumur. Müəllim şagirdlərin ciblərini yoxlayır. Birinin cibindən saatı çıxarıb sahibinə qaytarır. Ancaq heç kəsə bildirmir ki, saatı kim götürüb. İllər keçir, müəllim saatı oğurlayan şagirdi ilə rastlaşır. Artıq yaşa dolmuş həmin uşaq müəllimə deyir ki, sizə həmişə minnətdaram. Yoxsa mən xəcalətimdən oxumağın daşını atıb məktəbdən çıxacaqdım. Siz mənə böyük yaxşılıq etdiniz. Müəllim gülümsəyib deyir: – Oğul, heç oğrunun kim olduğunu mən bilmədim. Çünki mən gözlərimi yummuşdum.

gözəl, Aliyə xanım. O müəllimi alqışlamaq lazımdır.

* * *

Mənim rəfiqəm piyada gəzməyi xoşlayır. “Havada çox olanda gecələr yaxşı yatıram”,deyir. Bəzən məni özünə qoşardı. Bir yerdə xeylaq gəzərdik. Bir dəfə mənə zəng edib dedi ki, marketlərin birində pulsuz çörək paylayırlar:

Gəl, Sevilcan, gedək alaq. Eşitdiyimə görə market sahibinin nəziri varmış. Deyilənə görə nəzir edib ki, bir həftə camaata pulsuz çörək paylasın.

gözəl. Allah qəbul eləsin. Ancaq çörəyim var. Səhər almışam.

Gözəl günün olsun. Düş gəl, çörək hamıya lazım olur. Həm piyada gedək. Ayaqlarımız açılsın.

Yaxşı.

Marketin həyətinin sağ tərəfində çörəyə növbə vardı. Göy xalatlı qız adamları acılaya-acılaya candərdi hərəyə bir dənə çörək verirdi. Həm səsi aləmi bürümüşdü.

Ey, ay arvad, bayaq sən çörək almadın? Təzədən yenə niyə gəlmisən? Çıx növbədən.

Vallah, qızım, kimisə mənə oxşadırsan. Mən almamışam.

Sən idin, gözüm kor deyil ki. – Aliyə xanım qızın yaşlı qadınla kobud danışdığına əsəbiləşdi, qabağa keçib: – dedi.

Ay qız, o danışıq tərzidi. Anan yaşında qadınla danışırsan ey... Ayıb döyül. Birinci sən” yox, “siz” deməlisiniz, ikincisi sənün çörəyivi almır ki, üçüncüsü çörəyə ehtiyacı var ki, gəlib . Əcəb işdi, sən Allah.

Mübahisə qızışdı. Mənim düznəqulu rəfiqəm qıza tutarlı cavabını verəndən sonra qollarını çırmalayıb adamları sıraya düzdü, məni növbəyə salıb, özü arxada dayandı. Pulsuz çörək növbəsində dayandığım üçün utandığımdan adamların arasında gizlənmişdim. Aliyə xanım mənə məzəmmətlə baxıb: – Utanma, – dedi, – Allahın çörəyinə şəkk gətirmə. Gəl öz yerində dayan. – Rəfiqəm elə bu sözləri demişdi ki, oğlum Seymur əlidolu, şey-şüylə marketdən çıxıb maşınına sarı gedirdi. Bizi görüb ayaq saxladı.

Ana, burda niyə dayanmısan?

Pulsuz çörək verirlər.

Pulsuz? Allaha şükür, müharibə-zad deyil ki, çörək qıtlığı ola. Bir az əsəbi: – Növbədən çıxın, – dedi. –Gəlin aparım sizi. Ürəyimdə: “Sən elə məni danla. Elə adam var külfəti böyükdür, çatdıra bilmir çörək pulusunu”. Ancaq oğluma bir söz demədən, dilimi dolaşdıra-dolaşdıra mızıldandım.

Düznəqulu rəfiqəm yenə özünü qabağa verdi: – Oğlum, sən yolundan qalma. Biz özümüz ayaqla gəzməyi xoşlayırıq.

Seymur Aliyə xanımın xətrini çox istədiyindən: – Aliyə xanım, – dedi, – Özünüz bilin. – Ancaq demək istəyirəm ki, yolunuz uzaqdı. Aparardım sizi.

– Eybi yoxdu, oğlum. Sən yolundan qalma. Biz özümüz gedərik.

– Necə istəyirsiniz.

Biz çörək payımızı alıb geri qayıdanda dörd-beş fəhlənin qan-tər içində kanalizasiyanın yanında əlləşən gördük. Partlayan su borusunu təmir eləyirdilər. Aliyə xanım qolumdan yapışıb yönünü onlara tərəf saldı: Nə yerinə düşdü. Gedək çörəkləri verək fəhlələrə. Çörəyimizi onlara verəndə can-başla təşəkkür elədilər. Mən yavaşca Aliyə xanıma: – Gərək pendir, kollbasa da alardıq, – pıçıldadım. Fəhlələrdən biri, deyəsən, mənim sözlərimi eşitmişdi. – Elə acımışdım, bacılar, – dedi, – lap bu çörəklər yerinə düşdü. Narahat olmayın yavanlığımız şorumuz da var, kolbasamız da. Birimiz elə çörək almağa gedəcəkdi.

Nuşucanlıqla yeyin. – Aliyə xanım üzündə məmnunluq ifadəsi onlara dil-ağız elədi.

* * *

Yenə bir neçə gün rəfiqəmi görə bilmədim. Telefona da cavab vermirdi. Nigaran qalmışdım. Axşamüstü həyətə düşdüm. Qonşulardan biri qabağıma çıxanda onu soruşdum: – Bayaq gördüm, – dedi, – Yenə də harasa tələsirdi. – Həyətdə oturacaqların birində oturub qayıtmağını gözlədim. Bir saat keçməmişdi ki, uzaqdan yorğun-yorğun, ayaqlarını sürüyə-sürüyə gəldiyini gördüm. Salamlaşdıq.

Hardan gəlirsən, Aliyə Arifqızı, – soruşdum. – Hərdən zarafatla ona soyadıyla müraciət edərdim. Candərdi güldü.

Xeylaq isti paltar yığmışdım. Apardım təzəlikcə bir kasıb ailə tapmışam. Altı uşağı var. Özü xadimə işləyir. Əri yataq xəstəsidir, verdim onlara. O qədər sevindilər ki

Bu dəfə onu bikef rəngi solğun gördüm. Mənimlə danışanda nəfəsini çətinliklə alırdı. Sual verməyə qorxurdum. Soruşacaqdım ki, nolub sizə. Evə dəvət elədim: – Gəl gedək bizə. Yaxşı çay dəmlərəm, mixək qataram. Oturub çay içərik, söhbət edərik - Razılaşdı. Evə gəldik. Mixəkli çay içə-içə xeylaq ürəyimizi boşaltdıq. Söhbətarası ürəklənib tənha yaşamağının səbəbini soruşdum. Köksünü ötürdü: – Eh, ay Sevilcan, elə bilirsən mən təkəm, tənhayam. Yox əzizim. – Baxışlarını məndən yayındırıb əllərini ovuşdurdu.

Mən tək deyiləm ki, o qədər mənim kimsəsizlərim var ki. Mən onlarçün yaşayıram. – Qorxa-qorxa: – Başa düşürəm, – dedim, – Axı siz tək yaşayırsınız. Təksiniz axı. Gözəl-göyçək qadın olmusunuz. İndi gözəlliyinizi saxlamısınız. Yəqin, ola bilər ki, sevilmisiniz, ola bilsin sevmisiniz .

Tutuldu. Özünü ələ alıb sözü başqa səmtə yönəltdi. – Eh, ay Sevil, qohumlarım var ey. Hamısı uzaq qohumlardı. Əvvəllər onlarla ünsiyyət qururdum. Gediş-gəlişim olardı. Onda işləyirdim, işim vardı, pulum-param vardı. Elə ki, keçid dövründə yerləri bağlandı, mənimki . Qaldım işsiz. Çətin vaxtımda hamısı uzaqlaşdı məndən. Təqaüd almağıma da bir iki il qalmışdı. Qaldım pulsuz, parasız. Ərsiz bir qadın, iş yox, güc yox, necə dolanım? O vaxtdan qohumlarla da əlaqəm kəsilmişdi. Düzünə qalsa onlar istəmirdi mən onlara yük olam. Eh, ay Sevilcan, mənim tənhalığımın səbəbi çoxdu.

Aliyə xanıma çox bağlanmışdım. Onun tənha yaşamağı, maddi durumu, təmirsiz, işıqsız evi ürəyimi ağrıdırdı. Rəfiqəm həssas qadındır. O hiss edirdi ki, mən ondan nəyi sormaq istəyirəm. Ondan qopartmaq istədiyim onun taleyi, tənha yaşamağının səbəbini öyrənmək idi.

Sözə özü başladı:Bilirəm soruşmaq istəyirsən ki, həyatımda biri olub, olmayıb. Eh, Sevilim, qızların elə bir yaş dövrü olur ki, onlar gənclik illərində gözəl arzularla yaşayırlar ki,.. Ata evində qayğısız, firavan gün keçirsələr də, öz doğulduğu ev onlara müvəqqəti görünür, intizarla öz yarılarını, təzə, qurulacaq evini həsrətlə gözləyirlər. Ailə qurandan sonra isə həyatlarının yeni dövrü başlayır. Mən isə arzuladığım həyatı yaşaya bilmədim. Əlbəttə, həyatımda biri olub. – Rəfiqəm tutuldu. Bilsəydim həyəcanlanır sual verməzdim. Handan-hana özünə gəldi. Gözləri dolsa da fikrini cəmləşdirib: – Taleydən qaçmaq olmaz,dedi. – Allah adamın alnına yazıbsa, onu da yaşamalıdır. Mənimki belə gətirdi. Nişanlım olub, Sevilcan, bir-birimizi çox istəyirdik. Orta məktəbdə , institutda da bir yerdə oxuduq. Politexnik İnstitutunda. Qurtaran ili nişanlandıq. Adı Rüstəm idi. Toyumuza bir həftə qalmışdı, havalar isti keçirdi. Bir gün məni götürüb dənizə çimərliyə getdik. Kaş getməyəydik. Elə faciə orda baş verdi. Hər şey yaxşı idi. Hava da sakit idi. Çimib sərinləşmişdik. Evə getməyə hazırlaşırdıq birdən külək qalxdı. Həmin an qışqırıq səsi eşitdik. Dedilər dənizdə iki uşaq batır, qardaşdılar, kömək eləyin. – Rəfiqəmin yenə üzü səyirdi, həyəcanlandı. Sözünün ardını qırıq-qırıq gətirdi: – Rüstəm özünü dənizə atdı, uşağın birini çıxartdı, o birisini xilas etməyə gedəndə özü batdı, zavallı Rüstəmim. Bir neçə gün axtarışdan sonra ikisinin nəşini tapdılar. Bax, Sevilcan, gözümün qabağındaca Rüstəmimi dəniz aldı əlimdən. Qırx ildir öldüyü, o gündən dəniz mənə düşmən kəsildi. Kaş o günü dənizə getməyəydik. Ürəyimə danmışdı. Heç getmək istəmirdim. İsrar elədi. – Gedək, – dedi, – dənizi heç sevəməmək olar. Uşaqlığı Bakı bağlarındakeçmişdi. Üzməyi bacarırdı.

Allah rəhmət eləsin. Mən rəhmət” oxumaqdan başqa deyə bilərdim ki. Sonra dedim:O hadisədən, görün, neçə ildir keçib. Qırx ildən çoxdur. İyirmi, iyirmi beş olardı yaşın? Eləmi? Gözəl olmusunuz. Sonradan ailə qura bilərdiniz. Düz demirəm? Deyirlər torpağın üzü soyuqdu. Bir zaman, vaxt yaraların qaysağını bağlayır.

Yox, Sevilcan, mən onu unuda bilmədim. Rüstəmimin çöhrəsi, əlləri, hər hərəkəti, danışığı, nəvazişi gözümün qabağından çəkilmirdi. Onu unutmaqmı olardı? Fazil Qısa Kürəkdən oxumuşam “İnsanın sevdiyini itirməsi, dişin itirməsi qədər qəribədir. Acısını o an yaşar, yoxluğunu ömür boyu”. – Aliyə xanım bir xeyli fikrə gedib mənim sözlərimə haqq qazandırmaq istədi: – Sən düz deyirsən. Bəlkə ailə qurmaq xətrinə kiməsə gedərdim, övladım da olardı. isə. Mənim bəxtim belə gətirdi. O hadisədən bir il sonra anam bərk xəstəlik keçirtdi, ayaqları tutuldu. Yataq xəstəsi oldu. On beş il ona baxdım. Başım anama, işə-gücə qarışdı. Heç bilmədim qocalıq məni vaxt haqladı. Anam rəhmətə gedəndən sonra ata evim plana düşdü. Evin puluyla bu bir otaqlı evi aldım. Sora da doğsanıncı illərdə yerlərinin çox hissəsi bağlandı. Mənim işlədiyim müəssisə . Qaldım işsiz. Mənə alınan cehizlərim o vaxt çox karıma gəldi. Təqaüd vaxtıma isə bir, iki il qalmışdı. Məcbur oldum qiymətli qablarımı, baqemalarımı. çex servizlərini, çılçırağını satıb dolanım. – Aliyə xanım ürəyini boşaltdıqdan sonra sanki yüngülləşdi. Bəlkə mənə elə gəldi. Özünü ələ alıb dikəldi: – Qoy sənə, Sevilcan, sevdiyim mahnını oxuyum, – deyə gülümsədi.

Hansı mahnını?

Cəfər Cabbarlınındı sözləri. – Çayından bir qurtum içib, həzin bir səslə oxumağa başladı. Səsi o qədər ürəyə yatımlı, kövrək idi ki...

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,

Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm.

Mən səninçün ömrüm boyu cəfalara dözərəm,

Sənsiz güllər açılmasın, axar çaylar dayansın.

Oxu, bülbül, bəlkə, yarım oyansın.

Hiss etdim ki, bu musiqini nişanlısını yadına sala-sala oxuyur.

Cəfər Cabbarlını kim sevmir ki, onun əsərlərini, pyeslərini gənc vaxtlarımdan oxuyardım. Bu mahnı məni gənclik illərimə qaytardı.

Aliyə xanım durub getməyə hazırlaşanda axşam naharını mənimlə etməynə güclə razı saldım. Məcbur olub təzədən oturdu. Nahar edəndə hiss etdim ki, iştahı yoxdur:

Niyə belə iştahsız yeyirsən? Elə bil sən xörəyi yox, xörək səni yeyir. – Candərdi gülümsədi. Sonra ağzındakını zorla udaraq: – Axır vaxtlar, Sevilcan, yeyirəm boğazından keçmir,dedi.

Əlbət, soyuq olub sənə. – Təşvişlə üzünə baxdım.

Ola bilər.

Gəl sənə yumşaq bir şey bişirim. Quymaqla aran necədir? Darçınlı, sarıköklü quymaq. – Bu quymaq hardan ağlıma gəldi, özüm bilmədim. – Sən mənə kömək elə, Aliyə xanım. Bakı quymağından, qazmağı da bir barmaq qalınlığında olsun.

deyirəm ki... Bişirək, deyirsən, bişirək .

O saat unu, yağı, şəkəri, darçını, sarıkökü mizin üstünə düzdüm. Tez bir zamanda unu yağda qovurub, üstünə qaynar su töküb dəmə qoyduq. Quymaq hazır olandan sonra üstünə şəkərlə darçın töküb ikimizin payını çəkdim. Quymaqdan bir-iki qaşıq yesə qaşığı yerə qoydu: – Vallah, Sevilcan, elə bil dünyanı yemişəm. Boğazımdan keçmir.

Evinə gedəndə əlimdən tutub nəsə demək istədi, ancaq demədi, susub qapıdan çıxdı.

* * *

Rəfiqəm yenə bir müddət həyətdə görünmədi. Qəribədir. Yenə telefona cavab vermirdi. Olmaya məndən qaçır. Bəlkə mən onu bezdirmişəm. Ancaq onun üçün yaman darıxmışdım. Aliyə xanımın oxuduğu mahnılara, maraqlı söhbətlərinə, duzlu, məzəli əhvalatlarına həsrət qalmışdım. Bir gün işdən çıxıb evə gələndə həyətdəcə üz-üzə gəldim. Sevindiyimdən qışqırdım.

Aliyə! Aliyə xanım! – Başını qaldırıb mənə baxdı. Arıqlamışdı. Bozarmış kostyumu onu daha yaşlı göstərirdi. Yerişi əvvəlki yeriş deyildi. Yaxınlaşıb qucaqladım. – Niyə görünmürsən? Niyə telefonuma cavab vermirsən? Səndən nigaran qalmışdım, – soruşdum.

Candərdi gülümsədi. Özünü gümrah göstərmək istədi, ancaq alınmadı. Güclə nəfəs ala-ala: Eh, ay Sevilcan, – dedi, – işim başımdan aşır. Yarımçıq qalan işlərimi yoluna qoya bilsəydim. Bir qurum var. “Aydınlığa doğru”. Elə gözəl işlər görürlər ki… Onlarla birgə qocalar evinə getməliydim. Yardım aparacaqdıq. Gedə bilmədim. Onun əzabını çəkirəm. Gərək gedəydim.

Olmuya xəstələnmisən?

Halsız-halsız gülümsədi. “Yox” desə hiss etdim ki, ağrıyır, vəziyyəti yaxşı deyil.

Düzünü de, Aliyə xanım. Bəlkə mən sənə nəsə edə bilərəm.

Yox, yoxQalxım evə. Yorğunam, – deyə gözlərini məndən yayındırmaq istədi, sonra əlimdən tutub bir xeyli üzümə baxdı:Məni bağışla, əzizim, gedim evə, bir dincəlim.

Mən hardan biləydim ki, mənim onunla son görüşümdür bir daha onu görməyəcəyəm. “Axı, niyə məndən qaçır? Niyə xəstəliyini gizlədir? Görünür, heç kəsi narahat etmək istəmir”.

İki gün keçir. Aliyə xanıma zəng edirəm götürmür. “Nolub axı, yenə niyə hamıdan qaçır”. səhəri gün mənə zəng gəlir. Polisdən.

Kim? Kim?

Polisdir danışan. Siz Aliyə Arif qızı Ələkbərovanın rəfiqəsi olmusunuz? Bizə sizin nömrəni qonşusu verib.

Necə yəni olmusunuz? Mən onun ən yaxın rəfiqəsiyəm.

O bu gün səhər rəhmətə gedib.

dediniz? Necə yəni rəhmətə gedib?

Necəsi yoxdur kiBizə təcili yardımdan zəng ediblər. Bilmək istəyirik mərhumun qohumlarından tanıyırsınızmı? Tanıyırsınızsa xəbər vermək lazımdır.

Göz yaşlarımı saxlaya bilmirəm. Udquna-udquna: – İndi o haradadır? Mən onun yaxınıyam. Qohumlarıyla? Yox, yox, əlaqəm yoxdur.

– Maşına qoymuşuq. Morqa aparacağıq.

Gözləyin... Xahiş edirəmMən bu saat gəlirəm. – Ev başmağımla həyətə qaçıram. Həyəcanla polislərdən birinə yaxınlaşıram. Üstü örtülü maşının arxa qapısından üzünə kimi mələfə çəkilmiş Aliyə xanımın nəşi görünür. Onun vəfat etdiyini eşidən qonşular da həyətə düşüblər.

Xahiş edirəm morqa aparmayın. – Oğlum yaşında olan cüssəli polisə yalvarıram:Mən gedim sizinlə, məscidə aparaq.

Yox, xanım, əvvəlcə xəstəxanaya, ordan da morqa. Bilək nədən ölüb. Qohumlarından tapılsa bizə xəbər edin. – Polis telefon nömrəsini yazıb mənə verdi.

Qohum demirsiniz? Biz onun qohumları. – Qonşulardan yaşlısı Gülyaz xanım özünü qabağa verdi. – Nolub bəyəm bizə?Sonra həyətə yığışanlar yerbəyerdən sahə polisini fikrindən döndərməyə çalışdılar.

Yox, xanım, qanunsuz görə bilmərik. Yenə deyirəm mərhumun qohumundan heç olmasa biri tapılsa bizə xəbər edin.

Mən birdən rəfiqəmin telefon kitabçasını xatırladım.

Evinə baxmaq lazımdır. Qohumlarının nömrəsi kitabçada ola bilər.

Aliyə xanımın qapıbir qonşusukiraynişin, cavan gəlin rəhmətliyin dünyasını dəyişdiyi anı gördüyü üçün qorxu hissi keçirtdiyindən dodaqları əsə-əsə dilləndi: – Aliyə xanımın telefon kitabçası yox idi. Halı pisləşəndə zarıltı səsi eşidib evinə qaçdım. Yaxşı ki, qapısı açıq idi. Qohumlarının ünvanını, telefon nömrəsini soruşdum, demədi, əlini yellədi. Vallah. – Gəlinin gözləri yaşardı: Rəhmətlik o qədər mənə əl tutub kiGördüm, vəziyyəti ağırdı, təcili maşın çağırdım. Mədəsində o şoğaribdən idi. Yayılmışdı.

Mənim, hətta qonşuların yalvarışlarına baxmayaraq polis maşını işə saldı. Maşın yerindən tərpənib döngəni burulur. Ardınca qaçmaq istəyirəm. Ayaqlarım yerimir. Aliyə xanımın vəfat etdiyini bir-birilərinə xəbər edib həyətə töklüşən qonşuların hamısının üzündə qəm-qüssə var. Döyüküb qalıblar. Bilmirlər kimə başsağlığı versinlər. Dönub mənə baxırlar. Qadınlardan biri heysiz-heysiz oturacağa çökdüyümü görüb mənə təsəlli verir. Hətta mənə başsağlığı da verlənlər olur. Kimsə mənə evdən su gətirir. Qonşuların ağbirçəyi: – Belə olar, – deyir, – Yığışıb məscidə aparıb yudurdardıq, kəfənlədərdik, yer tapıb basdırardıq da. Nolub bəyəm... Müsəlman döyülük. Bəs adama deyərlər. Allah bilir, xəstəxanaya aparsalar yarıb tökəcəklər. – Özünü bizim yanımıza təzəcə yetirən qarşıdakı binanın sakini:

Vay, vay, – deyə vaysındı: – Özbaşınalığa bax. Elə bil əşyadı, maşına qoyub ya Allah biz getdik.

Can verəndə yanında kim olub? Görən deyib, vəsiyyət eləyib? Qonşuların hamısı kirayənişin qadına baxıb sorğu-sula tutdular. Axı Aliyə xanım dünyasını dəyişəndə bu gəlin yanındaydı.

Bəs evini? Evini kimə vəsiyyət eləyib?

– Kimin adına yazdırıb, görən?

Kirayənişin gəlin hələ sarsıntıdan qurtara bilmədiyi üçün əsə-əsə deyir:

Heç demədiƏliylə vəsiyyətnaməsinin yerini göstərdi. Tapdım. Bir evinin özəlləşdirmə sənədi ordaydı. Hamısını evlər idarəsindən gələnə verdim. Qonşu qadınları maraq bürüdü: – Ay gəlin, bəs bilmədin evini, evini ey kimə bağışlayıb?

Kimə? İndi deyərəm. O binanı görürsüz? Gəlin evin səmtini qonşulara göstərdi. Hamımız binaya sarı boylandıq. Şəhid ailəsinin eviydi. Evin sahibi Füzuli uğrunda döyüşdə həlak olmuşdur. Ailə bir otaqlı evdə yaşayır. Üç uşağı ilə. Rayon icra nümayəndəliyi otağın eyvanına Aliyə xanım kimi şəhidin dəfn edildiyi gün Azərbaycanın üç rəngdli bayrağını sancmışdı. Aliyə xanım o evə tez-tez gedərdi. Yadıma saldım. Bir dəfə məni özüylə o evə aparmışdı. Şəhid ailələrinə yardım paylayanda.

Baxın, evini o ailəyə vəsiyyət eləyib. Bir vəsiyyətində yazıb ki, onu kimsəsizlər qəbirstanlığında basdırsınlar. Sonra da yazıb ki, kimsəsizlərimi tənha qoymaq istəmirəm. Onların yanında rahatlıq taparam.

Elə beləcə yazıb? – Qonşulardan biri təəccüblə soruşdu.

, vallah, özüm oxudum.

* * *

Gecə rəfiqəminbu talesiz qadının nigarançılığını çəkə-çəkə, səksəkəli halda yerimdə uzandım. Yata bilmirdim. Bir çıxış yolu tapmalı, onu polisdən hansı xəstəxanaya, hansı morqa apardıqlarını öyrənməli idim. Ürəyimdə özümə təskinlik verərək yuxuya getdim. Bir neçə ildir ki, yuxu görmədiyim halda gecə Aliyə xanım yuxuma girdi. Çox qəribəydi, rəfiqəm lap qarşımda dayanmışdı gəlinlik paltarında həzin səslə mənə sevdiyi mahnısını oxuyurdu, “Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm”. Sonra səsi eşidilməz oldu. Aliyə xanım harasa çəkilib qeyb olmuşdu.

# 130 dəfə oxunub

Oxşar xəbərlər

Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
Adlar və ayamalar - Aliq Nağıoğlunun hekayəsi

Adlar və ayamalar - Aliq Nağıoğlunun hekayəsi

15:00 1 dekabr 2024
Marsel - varlanmaq istəyi - Sabir Əhmədli

Marsel - varlanmaq istəyi - Sabir Əhmədli

10:00 30 noyabr 2024
Adsız ağrı - Luici Kapuananın hekayəsi

Adsız ağrı - Luici Kapuananın hekayəsi

14:00 29 noyabr 2024
“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

“Müharibənin evi yıxılsın, müharibədən sonra rahat yata bilmədin” - Ümid Nəccari

13:00 28 noyabr 2024
Həqiqəti heç kim bilmədi - Günün hekayəsi

Həqiqəti heç kim bilmədi - Günün hekayəsi

13:30 26 noyabr 2024
#
#
# # #