Şüşəgöz – Tağı Türk

Tağı Türk

Tağı Türk

17 dekabr 2021
# 11:38

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Tağı Türkün “Şüşəgöz” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Qorqan kəndinin kassiri rayon mərkəzində, bankın qarşısında atın yüyənini çəkdi. Ayağını üzəngidən götürüb yaşına uyuşmayan tərzdə yerə tullandı. Atı çəkə-çəkə aparıb budaqları salxım-salxım sallanan söyüd ağacına bağladı. Sonra uzunboğaz çəkməsinə əl gəzdirib, par-par parıldatdı. İri addımlarla piləkənləri qalxıb, içəri keçdi. Dəhlizin sonundakı kabinetin qapısını astadan döydü.

- Gəl, - İçəridən Təhməzovun mülayim səsi eşidildi.

- Salam, yoldaş Təhməzov!

- Ay əleyküm salam! Xoş gəlibsən! İşlər necədir, ay Abbas?

- Salamatlıqdır.

- Kolxozda vəziyyət necədir?

- Şükür. Həmd olsun Allaha ki, hökumətimiz kolxozçuların daim qeydinə qalır. Üzümüz gülür. Budu ha, gəlmişəm əmək haqlarını aparmağa.

- Ayaqüstə niyə durmusan? Əyləş, – deyə Təhməzov ona yer göstərdi.

Kassir Abbas stulu çəkib oturdu. Təhməzov tütün torbasından bir çimdik tütün çıxarıb qəlyanı doldurdu. Kömür sobasından od götürüb qəlyanı yandırdı. Sonra acgözlüklə dərin bir qullab vurub dedi:

- Ay Abbas, yolda dəyib-dolaşmırlar sənə?

Sualdan özünü itirən Kassir Abbas qəlyanın qalın tüstüsündə itib batan Təhməzova bir qədər nəzər yetirib dilləndi:

- Yox əşi, nə danışırsınız, hansı zamanədə yaşayırıq? İndi qaçaq-quldur dövrü deyil, onların kitabı otuzuncu illərdə bağlandı. Şanlı sovet hökumətimiz onların axırına çoxdan çıxıb.

- Sən yenə işini ehtiyatlı tut, deyir siz tərəflərdə yeni quldur dəstələri peyda olub. Kəndlərin kassirlərinə hücum edirlər.

- Əşi, heylə şey olmaz.

- Sən mənə qulaq as, bir şey bilməsəm demərəm.

- Yoldaş Təhməzov, kürkümə birə salma, – Kassir Abbas kəkələdi. Bir anlıq boğazı qurudu, bədəninə gələn soyuq tər onu daha da hövsələdən çıxartdı: “Görəsən yoldaş Təhməzov düzmü deyir?” Fikri dağnıq halda gözünü bir nöqtəyə – Vladimir İliç Leninin divardan asılmış şəklinə dikdi. Bir müddət beləcə gözlərini şəkildən çəkə bilmədi. Təhməzovun səsi onu fikrindən ayırdı:

- Abbas, buraya qol çək, – barmağı ilə dəftərdəki qrafanı göstərdi.

Kassir Abbas bankdan kolxozçuların məvaciblərini alıb çantasına qoydu. Sonra Təhməzovla sağollaşıb pilləkənlərdən aşağı düşdü. Yenə yaşına uyuşmayan tərzdə tullanıb atına mindi. Asta-asta kəndə tərəf yön aldı.

Kassir Abbas atını asta-asta sürür, hərdən ətrafa göz gəzdirirdi. Yoldaş Təhməzovun sözü yadına düşdükcə udqunur, yəhərin üstündə qurcalanırdı. Rayon mərkəzindən aralandıqca daha da narahat olmağa başladı. O, atın yüyənini boş buraxıb sol əli ilə yalmanından yapışdı. Sağ əli ilə isə pul çantasının qulpundan bərk-bərk tutdu. – Əşi Təhməzovdur də danışır, indi quldur nə gəzir, hər ay mən bu yolu gəlib gedirəm, gözün üstündə qaşın var deyən də yoxdur, – deyə pıçıldadı. Özünə təskinlik verdi.

Amma ürəyində bir narahatlıq var idi:

– Bəlkə Təhməzov düz deyir, quldurlar qabağımı kəsib kolxozun pulunu əlimdən alsalar nə edərəm, hökumətə nə cavab verərəm? – dedi.

Sonra öz-özünə kolxoz sədrini məzəmmət etdi:

- Evi yıxılmış kolxoz sədrinə dedim axı mənə bir tüfəng versin.

Rayon mərkəzindən xeyli aralıda, yolun kənarındakı qamışlıqda bir nəfər oturub gözlərini yola dikmişdi. O, Kassir Abbası gözləyirdi. Dəqiq bilirdi ki, toran qovuşanda pusquda durduğu qamışlığın yanından keçəcək. Kassir Abbası yaxşı tanıyırdı, onu neçə dəfə izləmişdi, silahsız olduğunu dəqiq bildiyi üçün elə qamışlığın yanında qarşısını kəsib pulu ondan almağı qərarlaşdırmışdı.

Toran qovuşanda kassir Abbas həmin adamın gizləndiyi qamışlığa çatdı. Pusquda duran adam əyilə-əyilə qamışlığın arası ilə gedib onun qabağını kəsmək istədi. Birdən yaxın məsafədən at kişnərtisi eşidildi. Başını qaldırıb boylandı, qamışlığa tərəf üç atlının gəldiyini gördü. Atlılar gəlib kassir Abbasa çatanda diqqətlə baxıb onların milis işçiləri olduqlarını yəqin etdi.

- Anam namaz üstəyimiş, – deyə pusquda duran adam aşağı çöküb dərin bir nəfəs aldı.

Atlılardan biri milis rəisi Göyüşov, digərləri sıravi əməkdaşlar idi.

Göyüşov üzünü Abbasa tutdu:

- Ağsaqqal, hardan gəlib, hara gedirsən?

- Yoldaş rəis, Qorqana gedirəm, bankdan gəlirəm. Kəndin kassiriyəm. Gəlmişdim kolxozçuların məvacibini aparmağa.

- Adın nədir? – rəis diqqətlə kassirin üzünə baxdı, sonra əlavə etdi: – İndiyə niyə qalmısan?

- Yoldaş rəis, şəhərə bir az gec gəlmişdim, ona görə toranqovuşana qaldım. İsmim də Abbasdır. Hacı oğlu Abbas.

- Yolda-rizdə şübhəli kimsə görmədin? – deyə Göyüşov soruşdu. – Qorxub eləmə, elə-belə soruşuram.

Kassir Abbas qorxub həyəcanlansa da biruzə verməyib dedi:

- Yox əşi, nədən, kimdən qorxuram. İndi kimin hünəri var dövlət adamına əl qaldırsın?

Milis rəisi Kassir Abbasın həyəcanlı olduğunu hiss etmişdi. Amma bu haqda bir söz demədi.

- Sənə yaxşı yol, – dedi. Atın başını geriyə döndərib: – Buradan baxırıq, yavaş-yavaş get, – deyə əlavə etdi.

Kassir Abbas gözdən itənə qədər milislər gözləyib, getdilər. Pusquda duran adam milislərin getdiyinə əmin olandan sonra qamışlığın arası ilə dərə aşağı qaçdı. Yılğın ağacına bağladığı atına çatıb, yüyənini ağacdan açdı. Tullanıb mindi. Kassirin arxasınca sürətlə çapıb gözdən itdi.

Kassir Abbas evlərinə çatanda şər qarışmışdı. Çantanı evin girəcəyində kətilin üstünə qoyub arvadına səsləndi:

- Ay Zöhrə, heyvan nobatdan gəlib, mən onları yerinə salıb, yerbəyer edib gəlirəm, kətilin üstünə çanta qoydum, gəl onu götür.

Kassir Abbas bir inək, yeddi qoyun saxlayırdı. Deyirdi, bəsimizdi, bir mənəm, bir də arvad. Çox heyvan nəyimə lazımdır. Baxa da bilmirəm. Heç nobata da getmirdi. Oğul-uşaqdan da heç nəyi olmadığı üçün nobata onun əvəzinə qardaşı oğlu Hüseyn gedirdi. Əslində heç çox heyvan saxlamağa da icazə vermirdilər. Kolxoz qurulanda hamının heyvanını bir yerə yığmışdılar. Adını da qoymuşdular ümumi təsərrüfat. Hər ailə az sayda heyvan saxlaya bilərdi – bir inək, beş qoyun. Amma qanunu pozanlar da var idi. Kimin imkanı var idi, əlli-altmış qoyun da saxlayırdı. Bunun üçün gərək, heyvanı olmayan qohumlarının adına yazdıraydın.

Qoyunları ağıla salıb, qapısını örtdü. İnəyi isə mıxa bağlayıb qabağına ot atdı. Atı da rahatladıqdan sonra, əl-üzünü yuyub evə keçdi. Həyat yoldaşı otağın yuxarı başında yer salmışdı. Kassir Abbas döşəkçənin üstündə bardaş qurub oturdu. Zöhrə əvvəlcə süfrə saldı. Sonra evi işıqlandıran neft lampasını süfrənin kənarında kətilin üstünə qoydu. Təndir çörəyi, motal pendiri və bir kasa da qatığı süfrəyə düzdü. Plov da bişirmişdi. Bir boşqab da plov gətirdi. Kassir Abbas əvvəlcə motal pendirindən yedi, sonra acgözlüklə qatıq kasasını başına çəkdi. Ağzını marçıldada-marçıldada arvadına səsləndi:

- Ay Zöhrə, möhkəm yorulmuşam, otura bilmirəm. Mitəkkə gətir, söykənəcəm.

- Niyə, ay kişi, daş daşımaqdan gəlirsən? – deyə güldü. – Çaydanı dəmə qoyub gəlirəm, – dedi.

Zöhrə o biri otaqdan yükün üstündən bir mitəkkə gətirib ərinə verdi. Kassir Abbas mitəkkəyə söykənib asta-asta plovdan yeyir, hərdən-bir də qatıq kasasını başına çəkirdi.

- Ay Zöhrə, doydum, tay yemirəm, – mətbəxdə çay dəmləyən arvadına səsləndi. – Gəl yığışdır. Bir stəkanda çay süz gətir. Hə, bir də çantanı gətir.

Zöhrə bir əlində armudu stəkan, o biri əlində çaydan otağa daxil oldu. Təəccüblə:

- Hansı çantanı deyirsən? – deyə soruşdu.

- Necə yəni hansı çantanı? Pul çantasını deyirəm də, kolxozçuların əmək haqqı olan çantanı.

- Mənə çanta verməmisən, ay kişi.

Mitəkkəyə söykənən Kassir Abbas cəld ayağa qalxdı:

- Necə yəni verməmişəm, bayaq çantanı kətilin üstünə qoyub səni çağırmadımmı?

- Dediyin kətil budur ha, burada, – üstünə lampa qoyduğu stulu göstərdi. – Sənə yemək verəndə gətirib qoydum buraya. Mən kətilin üstündə çanta görməmişəm. Deyəsən qocalmısan, ay kişi, yaddaşını da itirmisən. Dur gör, hara qoymusan.

- Mən nə yaddaşımı, nə də ağılımı hələ itirməmişəm, – deyə kassir Abbas lampanı götürüb otaqdan çıxdı. Çantanı qoyduğu yerə baxdı. – Çanta nə gəzir, görən kim götürdü, mənim evimi kim yıxdı? – dedi. Boynu bükük halda otağa qayıtdı. – Evin tikilsin, ay arvad. Camaat arasında məni bihörmət elədin...

... Kənd camaatı kassir Abbası halal, dürüst bir insan kimi tanısa da, hökumət dövlətin pulunu mənimsədiyi şübhəsi ilə onu həbs etmişdi. Bu gün isə məhkəməsi idi.

- Qalxın ayağa, möhtərəm hakim gəlir, – məhkəmə nəzarətçisi ucadan qışqırdı.

Hamı cəld ayağa qalxdı. Hakim zala daxil olub, öz yerinə keçib əyləşdi. Sonra əli ilə zaldakılara oturmaları üçün işarə etdi. Kassir Abbas da oturmaq istədi. Məhkəmə nəzarətçisi:

- Siz ayaqüstə qalın, – dedi.

Kassir Abbasın yaşı keçsə də, qocalıq onu əldən salmamışdı. Amma indi heyi kəsilmişdi. Həmişə gümrah, at belində dərədən-dərəyə şütüyən bu qocanın hakim qarşısında beli bükülmüş, qəddi əyilmişdi. Sanki yumağa dönmüşdü. Sovet hökuməti qurulandan, onun məhkəmə zalında durduğu yerdən onlarla həmkəndlisi “gedər-gəlməzə” göndərilmişdi. Yaxın qohumu Mürsəl kişinin müxtəlif bəhanələrlə “Xalq düşməni” adlandıraraq güllələnməsi yaddaşında böyük iz buraxmışdı. İndi həmin ilin – otuz yeddinci ilin xofu hələ də canından çıxmamışdı.

- Abbas kişi, danışın görək, – deyə hakim sözə başladı.

- Nə danışım, oğlum?!

- “Oğlum” yox, “möhtərəm hakim”, – məhkəmə nəzarətçisi qaşlarını çatıb kassir Abbasın üstünə qışqırdı.

- Möhtərəm hakim, mən kəndimizdə kolxoz qurulandan kassir işləyirəm. Hər ay rayon mərkəzinə gedir, kolxozçuların əmək haqlarını bankdan alıb gətirib paylayıram. İşlədiyim müddətdə heç vaxt dövlətin əmlakına, puluna kəm baxmamışam.

- Bəs, sizi kim yoldan çıxartdı?

- Heç kim.

- Onda belə çıxır ki, dövlət pulunu mənimsəməyi boynunuza alırsınız və qeyd edirsiniz ki, bu əməli təkbaşına törətmisiniz.

Kassir Abbas özünü itirdi, əl-ayağı əsdi. Qəddi bir az da əyildi. Gücünü toplayıb özünü ələ aldı, dedi:

- Qurbanın olum, möhtərəm hakim, mən elə söz demədim axı. Mənim bir ayağım burada, biri də o dünyadadır. Mən bu qədər pulu neyləyirəm, övladım da yoxdur, bir mənəm, bir də qoca qarım.

- Siz başa düşün ki, dövlətə külli miqdarda ziyan vurmusunuz. Və gəlib burada yalan danışmaqla məsuliyyətdən qaça bilməzsiniz. Bu işdə başqa kimin əli var? Çünki bu işi siz təkbaşına görə bilməzdiniz.

- Vallah mənim heç bir günahım yoxdur. Və heç kimlə də əlbir olmamışam. Mən evimizə qədər gəlib çıxmışam. Çantanı da kətilin üstünə qoyub yoldaşımı çağırmışam ki, gəlib götürsün. O, mənim səsimi eşitməyib. Kimsə də gəlib oğurlayıb.

- Yaxşı, siz bankdan çıxanda, yolboyu şübhəli kimisə görmədiniz?

- Xeyr. Şəhərdən çıxandan bir qədər sonra milis rəisi iki milis nəfərilə qarşıma çıxdı. Mən uzaqlaşana qədər də gözlədilər.

- Göyüşov bunu təsdiqləyib. Sizi yolda soymayıblarsa, deməli evinizdə kiməsə vermisiniz. Necə ola bilər ki, əvvəla, siz o qədər pulu kətilin üstünə qoyasınız? İkincisi isə, tutalım lap qoydunuz. Gözqırpımında, siz orada ola-ola, kim götürdü? Sizin söylədikləriniz inandırıcı deyil. Səmimi olmadığınız aşkardır. Və dövlətin pulunu mənimsədiyinizə görə məsuliyyətə cəlb olunmusunuz və layiqli cəzanızı da almalısınız…

Məhkəmə keçirilən zalın qapısı möhkəm döyüldü. Hakim sözünü yarımçıq kəsib, məhkəmə nəzarətçisinə, – gör kimdir? – dedi. Nəzarətçi cəld qapıya tərəf yüyürdü. Bir nəfər zala daxil olub ədəb-ərkanla salam verdi. Hündürboylu, təxminən otuz beş-qırx yaşlarında olan kişinin əlində çanta var idi. Ayağına xrom çəkmə geyinmişdi. Köhnə olsa da təmiz və səliqəli qənfeyi şalvarı diqqəti cəlb edirdi. Göy gözləri belinə bağladığı gümüş kəməri kimi par-par parıldayırdı. Hamının gözü onda idi.

- Kimsən, nə cürətlə məhkəmənin işini pozursan? – deyə hakim qəzəbləndi.

- Pulu gətirmişəm.

Hamı təəccüblə bu qəribə adama baxırdı. Məhkəmə zalındakı adamlardan heç kim onu tanımırdı və hamı onun hansı puldan bəhs etdiyini anlamağa çalışırdı. Kassir Abbas “çağrılmamış qonağ”ı başdan ayağa süzdü. Gözü əlindəki çantaya sataşdı, gözləri doldu:

- Bu mənim çantamdır, – deyə pıçıldadı. Üzündə az da olsa təbəssüm yarandı. Qəddini dikəldib dedi: – Möhtərəm hakim, yoldaşın əlindəki çanta mənimdir. Həmin oğurlanan çantadır.

Gələn adam zalın girəcəyində dayanıb kipriklərini çalmadan, iti baxışlarla məhkəmə zalını nəzərdən keçirdi. Sonra gəlib düz hakimin qarşısında dayandı.

- Bu kişinin heç bir günahı yoxdur, pulu mən oğurlamışam, – dedi. Çantanın ağzını açıb hakimə tərəf uzatdı. – Baxın, həmin pullar da içindədir, əl də vurmamışam, – deyə içindəki pulu hakimə göstərdi.

- Kimsiniz? Kolxozun pulunu niyə, harada, necə oğurladığınızı danışın, – təəccübünü gizlədə bilməyən hakim dilləndi. Sonra əlavə etdi: – Yalan ifadə verməyin də bir cinayət olduğunu unutmayın.

- Allah bəndəsi.

- Vətəndaş, özünüzü təqdim edin. Deyəsən, məhkəmədə olduğunuzu unudursunuz, – hakim hiddətləndi.

- İcazə verin, əhvalatı danışım, sonra özümü təqdim edərəm.

- Buyurun, danışın!

Çantanı hakimin qarşısına qoyub sözünə davam etdi:

- Bu kişini bir neçə aydır izləyirəm. Silahsız olduğunu bildiyim üçün rayon mərkəzindən xeyli aralıda qamışlığın yanında çantasını əlindən alacaqdım. Orada bəxtim gətirmədi. Elə qamışlıqdan çıxıb qabağını kəsmək istəyirdim ki, milis rəisi Göyüşov yanında da iki milis işçisi qəfil peyda oldu.

- Hə, Abbas kişi də milis rəisi ilə qarşılaşdığını deyib. Göyüşov da ifadəsində bunu təsdiqləyib, – deyə hakim eynəyini burnun üstündən bir balaca yuxarı qaldırıb astadan dilləndi.– Davam edin!

- Milislər çıxıb gedəndən sonra atıma minib kassirin arxasınca çapdım, amma çata bilmədim. O, artıq kəndə girmişdi. Hər tərəfdə adamlar qaynaşırdı. Amma geriyə yol yox idi. Mütləq çantanı ondan almalı idim. Kassirin arxasınca həyətlərinə qədər getdim. Atımı bayırda ağaca bağlayıb həyətə girdim. O, çantanı evin girəcəyində kətilin üstünə qoyub kiməsə səsləndi. Sonra ağıla tərəf getdi. Bundan yaxşı fürsət ələ düşməzdi.

Bu qəribə adamın pulu nə üçün oğurladığını və nəyə görə gəlib təslim olduğunu öyrənmək üçün hamı diqqət kəsilmişdi.

- Mən istəmərəm ki, kimsə mənə görə əziyyət çəksin, məhkum edilsin. Ona görə gəlib təslim oldum, biləsiniz ki, bu qoca kişinin heç bir günahı yoxdur, – deyə sözünə davam etdi. Danışdıqca boğazının damarı şişir, parlayan göy gözləri şüşə kimi bərq vururdu. Birdən boğazı qurudu, dayanmadan öskürməyə başladı. Sonra boğazını arıtlayıb dedi: – Möhtərəm hakim, həyəcandan boğuluram, icazə verin bir stəkan su içim.

Hakim məhkəmə nəzarətçisinə göstəriş verdi ki, gedib su gətirsin. Nəzarətçi zaldan çıxan kimi o, sözünə tələsik davam etdi:

- Mən kətilin üstündən çantanı beləcə götürdüm, – deyə o, bayaq danışmağa başlayanda hakimin qarşısına qoyduğu çantanı götürdü. – Yavaş-yavaş, əyilə-əyilə həyətin qapısından bu şəkildə çıxdım, –“çağırılmamış şahid” məhkəmə zalının qapısını açıb bayıra çıxdı.

- Sonra? – hakim ucadan səsləndi. Səs gəlməyincə hakim bir də qışqırdı: – Vətəndaş, sonra necə oldu?

Bir dəqiqədən artıq vaxt keçmişdi. Hakim əlini masanın üstünə çırpıb ayağa durdu, hirsindən gözləri hədəqədən çıxmışdı. O, bir də ucadan qışqırdı:

- Vətəndaş, bir az ciddi olun, gəlin ifadənizi davam etdirin.

Qapı açıldı, hakimin ürəyi yerinə düşdü, dərindən bir nəfəs alıb əyləşdi. Məhkəmə prosesini izləyənlər qapıya tərəf boylandılar, elə hakim də gözünü qaldırıb qapıya tərəf baxdı. Gələn məhkəmə nəzarətçisi idi. Əlində bir bardaq su vardı.

Hakim:

- Vətəndaş hanı? – deyə yenidən qeyzləndi.

- Hansı vətəndaş? – məhkəmə nəzarətçisi təəccüblə çiynini çəkdi.

- Bir az əvvəl burada ifadə verəni deyirəm.

- Bilmirəm, mən onu burada qoyub getmişdim ki...

- Bax gör haradadır?

Məhkəmə nəzarətçi bayıra çıxıb, tez də qayıtdı:

- Möhtərəm hakim, heç yerdə yoxdur, onu tapa bilmədim

Hakim yenidən cəld ayağa qalxdı. Eynəyini masanın üstünə çırpdı. Qaşlarını çatıb, fikrə getdi. Astadan nəsə mızıldandı. Sonra yavaş-yavaş yerinə əyləşdi.

- O, bizə kələk gəldi, – öz-özünə danışırmış kimi astadan dedi. – Öskürməyi də yalan imiş. Məni aldadıb nəzarətçini zaldan çıxartdırdı. Müttəhimin günahsız olduğunu söyləyib, pulu da götürüb aradan çıxdı.

Artıq iş-işdən keçmişdi. Hakim çox fikirləşdikdən sonra kassir Abbasa bəraət verdi. Kassir Abbas donub yerində qalmışdı.

- Görəsən bu mərd insan kim idi?– gözlərini hələ də qapıya zilləyən kassir Abbas pıçıldadı.

Amma bu suala cavab verən olmadı. Çünki zaldakı adamlardan heç biri bilmirdi ki, həmin adam Yağlıvənd kəndinin Kavxalı obasından olan, “Şüşəgöz” ləqəbli Ağaoğlu Salmandı.

# 1727 dəfə oxunub

Oxşar xəbərlər

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

09:00 30 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Mamam - İlqar Rəsulun yeni hekayəsi

Mamam - İlqar Rəsulun yeni hekayəsi

14:00 22 oktyabr 2024
Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

Ölüm - həyatın davamı?... - Əli Şirin Şükürlünün hekayəsi

18:40 21 oktyabr 2024
Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

15:00 18 oktyabr 2024
"Mənim adım Emiliya Del Valle" -  Gənc yazıçı həqiqət axtarışında

"Mənim adım Emiliya Del Valle" - Gənc yazıçı həqiqət axtarışında

10:27 18 oktyabr 2024
#
#
# # #