Samirinin şifrəsi: " Lə misəs" - Zaman Piriyevin hekayəsi

Samirinin şifrəsi: " Lə misəs" - Zaman Piriyevin hekayəsi
9 oktyabr 2023
# 14:00

Kulis.az Zaman Piriyevin "Samirinin şifrəsi: " Lə misəs" adlı yeni hekayəsini təqdim edir.

Musanın atası Yaqub Qüdsi tanınmış şərqşünas idi. Soyadı Səfərəliyev olsa da, bütün respublika onu bu cür tanıyırdı. Qədim şərq mətnlərini ərəb, ibrani, fars dillərində oxuyub tədqiq edirdi. İlk oğlu olanda adını Musa qoymuşdu. Sonra kiçik oğlu doğuldu. Adını Harun qoydu. Anası Yasəmən və bir neçə ağsaqqal qohumu ona bu adlara görə irad da tutdular ki, niyə uşaqların adını cuhud adları qoymusan. Yaqub müəllim isə bu adları, hansısa dinə bağlılığa görə deyil, yalnız özünə agah olan səbəblərə görə qoyduğunu deyirdi.

Onun iş otağı olduqca səliqəsiz, hər tərəfdə qalaqlanmış kitablardan və vərəqlərdən keçilməz sədd kimi idi. Otaqdan həmişə qeyri-adi iy gəlirdi. Yazı masasının üstündə səliqə ilə qoyulmuş Tövrat, İncil və Quran kitabları bu dağınıq, qarmaqarışıq otaqda Yaqub müəllimin əl atıb tuta biləcəyi yeganə həqiqət kimi görünürdü. Yerə səpələnmiş qovluqlar, vərəqlər, rəfdəki nizamsız kitablar, onun fikir dünyasının yekcins olmadığını, şübhələr, tərəddüdlər içində vurnuxduğunu göstərirdi.

Yaqub müəllim öldükdən sonra, daha doğrusu müəmmalı şəkildə öldükdən sonra bu otağa heç kim girməmişdi. Yalnız ölən günün səhəri prokurorluq əməkdaşları Yaqub müəllimin ölüm səbəbini araşdırmaq üçün otaqda olmuş, bəzi əlyazmaları incələmiş, lakin işə yararlı olan heç bir şey tapmadıqlarından çıxıb getmişdilər. Yaqub müəllimin öldüyü gün gecə saat 3 olardı. Arvadı Zöhrə qışqırıq səsinə oyanıb onun otağına girdikdə, Yaqub müəllimin rənginin göyərdiyini, alnında ərəbcə hərflər yazıldığını görmüşdü. Masanın üstündə kiçik bir kağızda "Mənə toxunmayın! " və alnındakı ərəb hərflərinin eynisi yazılmışdı. Dərhal şəhər milisinə zəng etmiş, səhər milis işçiləri, sonra isə prokurorluq əməkdaşları gəlmiş, müayinə üçün Yaqub müəllimin meyidini aparmışdılar. Zöhrə hadisəni onlara olduğu kimi danışıb yazılı vərəqi də göstərmişdi. Lakin onun alnındakı yazı ilə bağlı dediklərinə inanmamış, bunu hadisənin təsiri ilə baş verən qarabasma hesab etmişdilər.

Ölüm səbəbi kimi ürək tutması göstərilmişdi. Ekspertiza rəyində onun bədəninin müxtəlif yerlərində döymələr şəklində yazılar olduğu müəyyən edilmiş, lakin heç bir xəsarət və cızıq aşkar edilməmişdi. Müxtəlif rakurslardan şəkilləri çəkilib işə əlavə edilmişdi. Bir müddət istintaq orqanları bu işlə bağlı araşdırma aparmış, lakin cinayət əlamətləri aşkar edilmədiyindən ekspertiza rəyində olduğu kimi ürək tutması ölümün səbəbi göstərilib "20.95-97" nömrəsi ilə arxivə göndərilmişdi.

O gündən bu otağa heç kəs ürək edib girməzdi. Zöhrə uşaqlarına bu otağa girmələrini qadağan etmişdi. Uzun illərdən sonra evi təmir etdirsələr də, bu otağa toxunmamışdılar. Zöhrə hər dəfə evi satıb başqa ev almaq istədikdə, Yaqub müəllim onun yuxusuna girib: "Ona toxunma! Ona toxunma!"- deyirdi.

Aradan illər keçmiş, Musa və Harun orta məktəbi bitirib ali məktəblərə qəbul olmuşdular. Musa atası kimi şərqşünas olmaq istəyirdi. Burda təhsilini bitirdikdən sonra Misirə getmiş, məşhur "əl-Əzhər" universitetinin Ərəb dili və ədəbiyyatı fakültəsində "Orta Şərqin mifoloji təsəvvürləri" mövzusunda doktorluq dərəcəsi almışdı. Vətənə qayıtdıqdan sonra Əlyazmalar institutunda elmi işçi kimi işə başlamışdı. Hələ burda oxuyarkən atasının haqqında deyilən tərifləri çox eşitmişdi. Onun elmi işləri ilə maraqlanmış, fəaliyyətini öyrənməyə çalışmışdı. Atasının aspirantı olmuş Nüsrət müəllimlə xeyli söhbət etmişdi. O, Yaqub Qüdsinin dini mətnlərdə mistik varlıqlar haqqında araşdırma apardığını demişdi. Musa atasının öldüyü gecəni xatırlayır, anası Zöhrənin yazılarla bağlı dediyi sözlərini unuda bilmirdi.

Musa işdən çıxıb tələm-tələsik evə gəldi. Paltarlarını dəyişmədən mətbəxə anasının yanına keçib bir başa söhbətə başladı.
- Ana, mənə atam barədə danış.
- Ay bala, atanın nəyindən danışım, iyirmi ildir ölüb gedib, heç yada salan da yoxdur. İndi elə adamlar hardadır?!
- Mənə o gecə gördüklərini danış. Uşaq olsam da, bəzi şeyləri xatırlayıram.
- Musa, oğlum, o günləri fikirləşməsən yaxşı olar. Atan cavan öldü. Qırx beş yaş nə idi ki?! Altmışı haqlamışam, sizi əziyyətlə böyütmüşəm. Mən də övlad toyu görmək istəyirəm. Qardaşın da səndən həya edir, qabağa düşmək istəmir. Sən evlən ki, onun da önü açılsın. Deyəsən istədiyi də var.
- Ay ana, hər dəfə deyirəm ki, qoy Harun evlənsin. Həkim adamdır, gərək əsəbləri möhkəm olsun. Mənə baxma, mənim kağız-kuğuzdan başqa görəcəyim heç nə yoxdur.
- Elə atan da kağız-kuğuzu bəhanə edib otuz beş yaşında evləndi.
- Mənə də o kağız-kuğuz maraqlıdır. Atam nə yazırdı, nə fikirləşirdi.
- Atan böyük alim idi, hər adam onu başa düşməzdi. Hər dəfə mənə deyirdi ki, insan inancsız yaşaya bilməz. Allaha bağlı idi. Axır vaxtlar tez-tez iş otağında yuxuya gedirdi. Ayılanda yanıma gəlirdi. Bədəni buz kimi olurdu. Hərdən əsməcə tuturdu. Deyirdim özünü həkimə göstər. Deyirdi ki, həkim mənim dərdimdən anlamaz. Bir dəfə rəhmətlik nənən hardansa bir molla tapıb ona qorxu duası yazdırmışdı. Atan buna çox əsəbləşdi. Duanı açıb nə görsək yaxşıdır, kağızda rəqəmlər yazılıb.
- Yadındadır, o rəqəmlər?
- Heç yadımdan çıxar? O qədər güldük ki, buna. 20.95-97.
- Hmm... görəsən, bu nə məna verirmiş?
- Nə məna verəcək ki? Hansısa fırıldaqçı olub, görüb nənən avam arvaddır, pulunu alıb yola verib. Nə isə, başqa söhbət edək. Acsan, yemək verim?
- Yox ac deyiləm.
- Axşama plov dəmləmişəm, qardaşın da gəlsin, birlikdə yeyərik.
- Yaxşı. Mən bir az uzanım, yorulmuşam.
- Yaxşı, gözümün nuru.

Nə vaxt yuxuya getdiyini bilmədi. Yuxuda qatar gördü. Nömrəsi 20.95-97 idi. Sonra relsin üzərində böyürən bir öküz gördü. Ətrafında üzləri qapqara adamlar dövrə vururdu. Öküz buynuzlarında günəşi yuxarı qaldırmışdı. Ayaqlarının altına sərilmiş yeni doğulan Ayı qəzəblə təpikləyirdi. Qara üzlü adamlar xorla nəsə oxuyurdular. Qardaşı Harun kənarda ağlayırdı. Bu vaxt qatar sürətlə öküzün üzərindən keçdi. Yerində toz-torpaq qaldı. Güclü külək əsdi, tozu dənizlərə səpələdi.

Səsə ayıldı. Harun idi. Yaxasından yapışıb silkələdi.
- Azmış adamlara niyə mane olmadın?!
- Anamın alim oğlu yenə yuxuda nə görüb?!
Harunu möhkəm qucaqlayıb bağrına basdı.
- Hə, qəribə yuxu görürdüm.
- Ay bala, gəlin, süfrə hazırdı.
- Ana, molla duanın yerinə hansı rəqəmləri yazmışdı?
- Nə mollası, a bala?
- Nənəmin dua yazdırdığı molla.
- 20.95-97. İstəyirsən birini də sənin üçün yazdırım.
- Ana-bala nə iş çevirirsiz?
- Yeməyinizi soyutmayın. Dədə-baba plovu bişirmişəm. Rəhmətlik Yaqub da çox sevərdi bu plovu.

Musa yeməyi elə bil çiynindən arxaya atırdı. Heç özündə deyildi. Yuxunu yozmağa çalışırdı. Misirdə oxuyarkən şərq mütəfəkkirlərinin rəqəmlər haqqında mistik görüşlərini, müxtəlif əbcəd hesablamalarını öyrənmişdi. Amma başı o qədər dumanlı idi ki, bir nəticəyə gələ bilmirdi.
Bu fikirlər içində səhərə qədər yerində qurcalandı. Evdən çıxıb hara gedəcəyini qərarlaşdıra bilmirdi. İşə getmək hayında deyildi. Zəng edib bu gün gec gələcəyini dedi. Maşını parkın yanında saxlayıb, xeyli o tərəf-bu tərəfə gəzişdi. Ağlına nə gəldisə, maşına oturub sürətlə uzaqlaşdı.
Arxiv idarəsinə girib özünü təqdim elədi. Atasının ölümü haqqında sənədlərə baxmaq istədiyini dedi. Gənc qız kiməsə zəng etdi.
- Samir müəllim, institutun müəllimi gəlib. Əlini trupkaya tutaraq: "Müəllim, hansı institut?"
- Əlyazmalar institutu.
- Samir müəllim, əlyazmalar institutu, sənəd var, onunla tanış olmaq istəyir.
...yaxsı, oldu, yaxsı ..
- Müəllim, ikinci mərtəbəyə qalxın, müdir sizi gözləyir.

Samir müəllim şəhər adamına oxşamırdı. Üzü elə qara idi ki, elə bil pambıq tarlasında işləyib yay uzunu.
- Buyurun, xoş gəlmisiz. Samir Abdulov.
- Şad oldum. Mən Əlyazmalar institutunda baş elmi işçiyəm. Musa Qüdsi. Atam da həmin institutda işləyib. Yaqub Qüdsi. İyirmi il əvvəl dünyasını dəyişib. Mən onda uşaq idim. Onun ölüm sənədləri ilə tanış olmaq istəyirəm.
- Müəllim, üzürlü sayın, amma bir az gözləməli olacaqsınız.
- Eyb etməz, gözləyərəm.

Müdirin masasının üstündə öküz heykəlinə baxıb, dünən yuxuda gördüklərini xatırladı.
Təxminən yarım saatdan sonra onu oxu zalına çağırdılar. Budur, sənədlər onun qarşısındadır. Qovluğun üzərindəki nömrəni görəndə özünü itirir. "20.95-97". Bu artıq təsadüf ola bilməz. Musa müəllim ehtiyatla qovluğu açdi. Yaqub Qüdsi ( Səfərəliyev). Azərbaycanlı alim, şərqşünas. Həyatı və elmi yaradıcılığı, ailəsi və nəsil şəcərəsi ilə bağlı qeydlər və ölüm tarixi və səbəbləri haqqında məlumatlar var. Rəsmi tibbi ekspertiza rəyində ürək tutmasından vəfat etdiyi yazılır. Sənədlərə üç ədəd fotoşəkil də tikilib. Böyüdücü lupa ilə şəkillərə diqqətlə baxır. Bədənində döymə şəklində yazılar var. Həyəcan bütün bədənini bürüyür. Ərəbcə yazıdır.Bütün diqqətini yönəldir. "لا مساس" (lə misəs) yazılıb. Dərhal tərcüməsini götür qoy edir. Qadağa, mənə toxunma! Bu sözü harda oxuyub? Yaddaşını qurcalayır. Quranda belə bir söz olduğunu xatırlayır. Amma harda, hansı surədə? Sənədləri qaytarıb tez çölə çıxır. Bu nə yazılar idi?! Qovluğun üzərindəki rəqəmlər, yuxuda gördüyü qatarın nömrəsi ilə eyni idi. Bəs mollanın dua əvəzinə kağıza yazdığı rəqəmlər? Bunu necə izah etsin. Bu qədər təsadüf ola bilməz!

Yol boyu rəqəmləri fikirləşib instituta çatır. Pilləkənləri qalxanda rəqəmlərin şifrəsini çözür. İyirminci surə, 95-97- ci ayələr. Otağa girib Quran kitabını açır. İyirminci surə, Taha surəsidir. Ayələri oxuduqca bədənini soyuq tər basır. Samiri adlı birinin dediyi söz fısıltı kimi qulaqlarının dərinliklərinə girir: lə misəs! Mənə toxunmayın! Musa peyğəmbər qardaşı Harunun saçından, saqqalından tutub silkələyir. Həddini aşıb öküzə ibadət edənlərə mane olmadığı üçün onu tənbeh edir.

Samirinin səsini heç cür kəsə bilmir: "Sizin içinizdəyəm, ailənizdə, dünyanızda mən varam. Habili öldürən Qabil mənəm. İskariotlu İuda mənəm. İsa peyğəmbəri mən satdım. Mən ibn Sayadam. "Dux.. Dux.. Dux.." Harda yetim bir uşaq ağlayırsa, qanlı əllərim onun başını sığallayır. Mənə toxunmayın! "
Musa yuxu ilə reallıq arasında nə qədər qaldığını xatırlamır.

Bütün işçilər getmişdi. Otaqdan çıxanda hava qaralmışdı. Qorxu dolu həyəcanla evə gəldi.
- Ay Musa, niyə gec gəldin? Acsan, yemək verim sənə?
- Acam, amma yemək istəmirəm...
Ana, atamın otağının açarları hardadır?
- Ay bala, neçə ildir o otağa heç kim girmir. Nə işin var orda?
- Atamın sənədlərinə, yazılarına baxmaq istəyirəm.
- Qorxuram. O gecə atan orda öldü. Qışqırdı, mən otağa girəndə artıq ölmüşdü.
- Narahat olma, ay ana. Atamın yazılarını oxumaq, onlara toxunmaq istəyirəm.

Qapını açanda qəribə iy başını gicəlləndirdi. İşığı yandırıb otaqdakı səliqəsiz kitablara, qovluqlara, yerə tökülmüş kağızlara baxdı. Masanın arxasına keçib oturdu. Hər yeri toz basmışdı. Bir-bir qovluqları açıb içindəki yazılara baxdı. Şərq ədəbiyyatı, Ərəb şerində qədim dini mətnlərin izləri, Samirinin şifrəsi: Lə misəs. Axtardığını tapdığı üçün sevindi. Atasının öz xətti ilə yazdıqlarını oxuyur:
" Samiri, təkallahlılığa qarşı savaşan bütün sistemlərin kod adıdır. Həm Tövrat, həm də Quran onun insanları bütpərəstliyə çağırdığını qeyd etmişdir...
... müxtəlif hadisələrdə Samirinin izi görünməkdədir. Ayrı-ayrı obrazlarda hər zaman ortaya çıxmışdır. Bəlkə Dəccal da odur...

... Musa peyğəmbər Allahla danışmağa getdikdən sonra Samiri Onu aparan mələyin ayaq izlərinin yerində otlar bitdiyini gördü, sonra ordan bir ovuc torpaq götürüb xalis qızıl ilə qarışdırıb öküz heykəli düzəltdi. Öküzün ağzındakı və arxasındakı deşiklərdən külək keçdikdə qəribə səslər çıxırdı. Samiri insanlara dedi ki, sizin rəbbiniz odur. Mən sizin görmədiklərinizi görürəm. Əslində Musa bunu sizə deməyi unutdu. Ona ibadət edin! ...
... cəza kimi cüzam xəstəliyinə tutuldu. " Mənə toxunmayın!" deyib insanlardan qaçdı, mağaralara sığındı. Ona tabe olan yəhudilərə cəza olaraq özlərini öldürmələri əmr edildiyi halda, Musa peyğəmbər onu qovdu, lakin öldürmədi...
... onun ardıcılları Tövrata qarşı Tanah adlı kitab uydurdular...
... Samiri yenilməzdirmi? Hər dəfə ortaya çıxdıqda onu Musa məğlub edəcək. Lakin yaşayacaq, yeni musalar doğulana qədər gizlənəcək...

Otaqda kağızlar uçuşmağa başladı. İşıqlar söndü. Musa dərin bir boşluq içində çəkisizliyə düşdü. Ürəyinin olmadığını hiss etdi. Böyük bir öküz buynuzlarında günəşi yuxarı qaldırmışdı, qəzəblə böyürürdü. Ayaqlarının altında məscidlər, sinaqoqlar, kilsələr dağılır, kitablar yanırdı. Alov dilimləri qırmanc kimi insanları qamçılayır, öküzün ayaqlarının altına yıxırdı. Ağ saqqallı kişilər ağlayıb göyə yalvarırdılar. Bu vaxt göydən səs gəldi:
- " Ey Musa,qorxma! Sən qalib gələcəksən. Oxu! "
Musa uca səslə oxudu: Ey Samiri, rədd ol! Sən ömrün boyu deyəcəksən ki, mənə toxunmayın!
Bir anda hər şey dəyişdi. Öküz yerə çökdü. Dəstə-dəstə əbabil quşları gəlib onu dimdiklərində göyə qaldırıb gözdən itdilər. Samiri qaçıb təpənin üstünə çıxdı. Parça-parça əti yerə tökülürdü. " Lə misəs, lə misəs", (mənə toxunmayın! mənə toxunmayın!) deyib ağlayırdı.
.........
- Musa, bu gün istirahət günüdür, bəlkə ananı da götürüb harasa gedək?
- Atanın otağını təmizləyib səliqəyə salmaq lazımdır. Qoy ruhu şad olsun.
Nə vaxt evimizə gəlin gələr, o təmizləyər.
- Ay Allah sənə çox şükür! Deyəsən arzum ürəyimdə qalmadı.
Sərin meh pəncərəni yüngülcə çırpdı. Baharın xoş ətri evə yayıldı.

# 1158 dəfə oxunub

Oxşar xəbərlər

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

Hamiləlik testi - Çinarə Ömrayın hekayəsi

15:00 2 may 2024
Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

Orta böyüklükdə adi bir milçək - Knut Hamsunun hekayəsi

14:30 2 may 2024
Potaş - Furqanın yeni hekayəsi

Potaş - Furqanın yeni hekayəsi

09:00 1 may 2024
Sevgi şərhi - Fərhad Amurun hekayəsi

Sevgi şərhi - Fərhad Amurun hekayəsi

17:00 30 aprel 2024
Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
# # #