Qağa, durma, gəl! - Kərim Kərimlinin hekayəsi

Qağa, durma, gəl! - Kərim Kərimlinin hekayəsi
11 yanvar 2024
# 11:00

Kulis.az Kərim Kərimlinin "Qağa, durma, gəl!" hekayəsini təqdim edir.

Proloq

…O zamanlar – uzaq şəhərlərə, başqa respublikalara, hətta Azərbaycan daxilində rayon və şəhərlərə birbaşa zəng etmək mümkün olmayan vaxtlarda “Uruset”lə, eləcə də Bakı, Gəncə və başqa şəhər və rayonlarla telefonla danışmaq üçün əvvəlcədən – bir neçə saat, bir sutka, bəzən hətta bir neçə gün qabaqcadan sifariş vermək lazım gəlirdi. Özü də əsasən gecələr rahat danışmaq olurdu. Yəni haradasa uzaqlarda olan bir şəxslə telefonla danışmaq üçün danışıq əvvəlcədən sifariş edilir, danışmaq istədiyin adama, ünvana bir və ya bir neçə gün qabaq teleqram gedirdi. Həmin teleqramda deyilirdi ki, Filankəsov Filankəs, filan tarixdə saat filanda filan şəhərlə danışığa dəvət olunursunuz. Həmin Filankəs də o teleqramı götürüb deyilən vaxt gedirdi rayon mərkəzindəki poçt, teleqraf, ATS yerləşən binanın qabağına. Həmin teleqramı oranın işçilərinə göstərib oturub növbəsini gözləyirdi. O biri şəhərdəki adam da eləcə.

***

…Murad maşından atılıb yerə düşdü. Yoldan evlərinə qədər olan məsafəni, – təxminən 100 metr, – üzü yoxuşa sürətlə qaça-qaça çıxdı. Həyəcan və sevinc bir-birinə qarışmışdı. Ürəyi möhkəm döyünürdü. Bax indicə anası hənirtiyə çıxacaq, onu görən kimi, “Son beşiyim – evim-eşiyim”lə başlayan məşhur oxşamasını söyləyəcəkdi. Gör neçə illərdi bu sözlər ananın dilindən düşmürdü. Anasına heç irəli gəlməyə aman verməyəcək, qabağına yüyürüb onu qucaqlayacaq, bərk-bərk sinəsinə sıxacaq, ayaqlarını yerdən üzüb bir üç dəfə göydə fırlayacaqdı.
– Yavaş, a bala, qadan alım, sümüklərimi sınıqladın, neyləyirsən? – sevincindən gözləri yaşarmış anası deyəcəkdi.
Anasını yerə qoyan kimi onu öpüşlərə qərq edəcək, sonra da əvvəl atasını, sonra bir-bir ailənin başqa üzvlərini, ardınca da qonum-qonşu, qohum-əqrəba, təsərrüfatdakı işlər, bir sözlə, dil boğaza qoymadan hamı və hər şey barədə soruşacaqdı…
Yox, deyəsən bu sevdası baş tutmayacaq…

Anası onu qarşılamağa çıxmadı. Qapı-baca yiyəsizdi. Evdə də heç kim yox idi. Həyət bom-boş, evdə heç kim yox, çağırışına da cavab vermirlər. O boyda malikanədə qu deyirsən qulaq tutulur. Çox təəccübləndi. Ən azı anası evdə olmalı idi. Əlbəttə, anası da ya qonşuya, ya da qohumlardan kiməsə gedə bilərdi. Ancaq həm ailələri böyük idi, həm də iri təsərrüfatları vardı. Heç vaxt buraları kimsəsiz, həyət-bacanı, bağ-bostanı, mal-heyvanı, toyuq-cücəni, ev-eşiyi bu şəkildə tamamilə sahibsiz qoyub harasa getməzdilər.

Qıvraq ən yaxın qonşuya keçdi, qaçaraq çəpərdən onların həyətinə tullanıb vaxtilə sinif yoldaşı olan oğlanı adı ilə çağırmağa başladı. Bilirdi ki, Kənan indi evdə olmaz, amma belə çağırırdı ki, kimsə çıxsın. Aynəbəndin pəncərəsi açıldı. Kənanın bacısı Qızılgülün başı göründü. O, gül kimi təbəssümü ilə gülümsəsə də, kədərli olduğu dərhal hiss olunurdu. Onun qəmgin baxışları, bəlkə də, təzəcə tumurcuqdan çıxmış qızılgülə bənzəyən dodaqlarındakı heyranedici təbəssüm Murada salamı unutdurdu. Onsuz da, narahat idi, qızı daha da gözəl göstərən hüznlü görkəmi isə onu lap həyəcanlandırdı:
– Nə olub? Niyə bikefsən? – deyə soruşdu. – Bizdə də heç kim yoxdur…
– Hamı mamangildədir, – Qızılgül başını qaldırıb çənəsini qarşı həyətlərdən birinə, meyvə bağının içində qırmızı kirəmit damı görünən evə işarə etdi. – Hamı ordadır. Anangil də… Bizimkilər də…
– Bəs sən niyə getməmisən? – o, heç başa düşmədi ki, bunu Qızılgüldən soruşdu, yoxsa soruşmaq istədi. Ancaq elə o andaca başa düşdü ki, artıq

Qızılgülün çölə-bayıra tez-tez çıxmayan, hər sən deyəndə bulaq başına enməyən, eləcə nazlana-nazlana evdə gəzib, eyvandan bu kəndin, demək olar ki, hər evində olduğu kimi onların da həyətini bəzəyən gül-çiçəkli bağçaya tamaşa edən vaxtlarıdır. Qızılgül özü artıq qızlar bulağından bir cam suyu başına çəkib və tellərini sığallayıb. Bunu başa düşən kimi də Qızılgülə gül dodaqlarını aralayıb nəsə deməyə imkan verməyərək dərhal da soruşdu: – Bilmirsən nə məsələdir, nə olub?
– Alıdan… Xəbər gəlib… – bir az əvvəl Qızılgülün qonur gözlərində ötəri gözünə sataşan bulud onun bütün gözəl çöhrəsini bürüdü, azacıq duruxub əlavə etdi: – Deyəsən, pis xəbərdir.
– Pis xəbər?! – təlaşla soruşdu.
Bu nə xəbər ola bilərdi, görəsən? Maması oğlu Alı Moskvada yaşayırdı. Hərbi xidmətini Moskvanın Odintsovo rayonunda çəkmişdi. Hətta Murad

Ukraynadan onun yanına da getmişdi. Əsgərlikdən gələndən sonra isə Alı kənddə cəmi bir neçə ay qalıb yenə də oraya – Moskvaya qayıtmış və orada yaşayıb işləməyə başlamışdı.
– Necə yəni pis xəbər?! – Murad həyəcanla təkrar soruşdu. – Yaxşı sağ, ol! – deyib geri döndü.

Darvazadan çıxıb yolu fırlanmağa ərindi, daha doğrusu, tələsdiyindən səbri çatmadı. Qızılgülün adətən eyvanın pəncərəsindən seyr etdiyi, həyəti iki yerə bölən tor çəpər boyunca sıralanmış və bir-birindən gözəl güllər açmış qızılgül kollarının üstündən quş kimi uçub o yana düşdü. Sürətlə qaçıb bir-bir qonşu çəpərlərin üstündən atılaraq əvvəlcə Qızılgülün əmisigilin həyətinə, sonra isə məhəllədəki ən gözəl meyvə bağlarından olan Ağaverdi kişinin bağına düşdü. Bağı dioqanal boyunca qaçıb mamasıgil tərəfə tullanmağa hazırlaşanda ani olaraq geriyə boylandı. Məsafə artıq xeyli uzaq olsa da, hələ də eyvanın açıq pəncərəsinin qarşısında dayanıb onun arxasınca baxan Qızılgülün təzəcə açılmış yaz bənövşəsinin ləçəyi qədər zərif çöhrəsindəki bənövşəyi buludu, yenicə tumurcuqdan çıxmış çəhrayı-məxməri qızılgül qönçəsini xatırladan dodaqlarındakı heyranedici incə təbəssümü və qonur gözlərindəki kədər pərdəsini sanki bir də gördü və sonuncu çəpəri də atlanıb böyürtkən kollarının arxasında gözdən itdi.

Kənddəki bir çox evlərin dəmir darvazalarından fərqli olaraq taxtadan, amma olduqca ustalıqla və səliqəli düzəldilmiş, bəzəkli və naxışlı darvazadan içəri girən kimi qarşılaşdığı mənzərəni görəndə Qızılgül də yadından çıxdı, onun seyr etdiyi qızılgül bağçası da…
Mamasıgilin həyətində iynə atsan yerə düşməzdi. Nişanlı, deyikli və ərgən qızlardan başqa, demək olar ki, bütün məhəllə arvadlı-kişili, uşaqlı-böyüklü, qocalı-cavanlı burada idi.

Mamasının əri Həsən kişinin – Şofer Həsənin camaat arasında böyük hörməti, nüfuzu vardı. Qırx ilin sürcüsü idi. Kəndə ilk avtomobili o gətirmişdi və son dövrlərədək də ölkənin avtomobil sənayesi inkişaf etdikcə hər çıxan təzə maşından kəndə gətiriləndə birinci ona etibar etmişdilər. Camaatın təbirincə desək, “şoferin rəisdən-prokurordan hörmətli vaxtlarında” da, sonralar da, lap elə indi də hamının xeyrinə-şərinə yaramışdı, yarayırdı və gündüzün, gecənin hansı vaxtında olursa olsun, hökumət işində olmadığı vaxtlar daima ixtiyarında olan yük maşını ilə hamıya kömək etmişdi və edirdi də. O, tez-tez zarafat etsə də, yaxşı yumor hissi olsa da, xasiyyətcə ciddi adam idi və ağayana davranışı, qonum-qonşuya, qohum-əqrəbaya mehriban, canıyanan münasibəti onu camaatın gözündə ucaltmışdı.
Darvazanın önündə donub qaldı. Gözləri sürətlə adamların üzündə gəzdi. Mamasının əri ağsaqqal Həsən kişi ikimərtəbəli evin aynabəndinin qabaq tuşunda bir qədər aralıdan tökülmüş iki maşın çay qumu dağılmasın deyə ətrafına düzülüb-çəkilmiş üçqat kərpic sırasının üstündə çəpəki oturmuşdu. Elə ilk baxışdan əlacsız görkəmi diqqəti cəlb edirdi. Onsuz da, qapqara kişi indi sanki bir az da qaralmış, gözləri ölmüş, dodaqları qurumuşdu. Kişinin, iraq olsun, elə bil, beli sınmışdı. İkinci mərtəbədəki aynabənddən qadınların ağlaşma səsi gəlirdi. Xasiyyətcə kür olan maması Xanım xanımın çılğın səsi hamının – qalan bütün qadınların cəhdini üstələyirdi. Hələ eygilik vaxtlarda Xanımdan silən qonşu qadınlar indi bir az da sanki qorxuya düşərək çox fəal şəkildə ona züy tuturdular.
Murad birbaşa Həsən əminin üstünə yeridi. Əyilib onunla ikiəlli görüşdü. Kişinin əlləri əsirdi. Muradın əlindən tutub ayağa qalxmaq istədi. Taqəti çatmadı. Bir azca dartındı. Qayıdıb yerində oturdu. Xətrini çox istədiyi Muradı öpmək üçün boğazını qabağa uzatdı. Ancaq Muradın bu seremoniyaya hövsələsi çatmadı. O, demək olar ki, tay-tuş olduğu, ürəyində bir sevgi bəslədiyi maması oğlunu çox istəyirdi və onun haqqında eşitdiyi xəbəri dəqiqləşdirməyə, hətta Qızılgülün gözəl dodaqlarından çıxanda belə xof yaradan “pis xəbər”in nədən ibarət olduğunu bilməyə tələsirdi.
– Həsən əmi, nə xəbərdi bu, nə olub? – deyə tələsik soruşdu.
Həsən kişi onun əllərini bir az da sıxdı. Göyərmiş dodaqları səyridi. Gözlərinin hərəsindən bir damla yaş çırtlayıb çökmüş üzü ilə aşağıya dığırlandı.
– Belim sınıb… Evim uçub… Dünyam dağılıb… Başıma daş düşüb… – dedi. – Daha nə olacaq?!
– Həsən əmi, sən nə danışırsan?! – Murad həyəcanla dedi. – Bir səbrli ol görək. Bir hövsələni bas. Bir az toxtaq ol. Normal dillə de görək nə olub.
– Alıdan…
– Ay evi yıxılmış hardasan ey? – elə bu vaxt sanki ildırım şaqqıldadı. Kimsə aynabəndin açıq pəncərəsinə atılıb nalə çəkməyə başladı. – Evimiz yıxılıb, niyə indi gəlirsən? Komamız dağılıb, niyə indi gəlirsən? Başımıza daş düşüb, niyə indi gəlirsən?
Bu, Muradın maması idi və “Murad gəldi!” xəbəri aynabəndə bitişik kəllayı otağın daş pilləkənini “qalxıb”, həmin kəllayı otaqla aynabənd arasındakı “yay mətbəxi” rolunu oynayan dəhlizdən “keçib”, artıq geniş aynabəndə “daxil olaraq” oradakı bütün arvadların qulağına çatmışdı. Biri də Muradın öz anası olmaqla, arvadların bir neçəsi, konkret desək, şüşəbənddəki pəncərələrin sayı qədəri başlarını həmin örtülü pəncərələrin şüşələrinə söykəyərək sadəcə sızıltı ilə göz yaşı tökür, açıq pəncərədən haray salmaq hüququnun yeganə sahibi olan Muradın maması isə dünya proletariatının dahi rəhbəri Vladimir İliç Lenin kimi irəli-geri qabarıb-çəkilərək, arıq sinəsini sürahi-tribunaya gərərək az qala Muradı ittiham edirdi: “…niyə indi gəlirsən?”
Murad isə, məlumdur ki, doğma kəndə heç də məhz bu hadisəyə görə gəlməmişdi.
Həyətdəki insanların hamısının başı aynabəndə tərəf döndü. Adamların arasından bir “Ah-uf!” dalğası keçdi. Murad da hamı kimi aynabəndin açıq pəncərə-tribunasına tərəf baxıb tez də üzünü Həsən kişiyə tərəf döndərdi:
– Həsən əmi, nə, nə? Alıdan nə? Sözünü de! – deyə tələb etdi.
– Alıdan telqram gəlib… – kişi özünü toplayıb axır ki, sözünü deyə bildi.
– Hə, nə olsun? – Murad özünü saxlaya bilməyib qışqırdı. – Nə olsun axı teleqram gəlib Alıdan?! Adamdan teleqram gələndə yas qurarlar? Vay-şivən qopardarlar?
– Pis telqramdı… – kişinin dodaqları yenə səyridi. – Pis xəbər yazılıb telqramda…
– Nə yazılıb? Nə pis xəbər yazılıb, Həsən əmi? – Muradın hövsələsi bir tikə olmuşdu. – Sən özün oxumusan teleqramı, Həsən əmi? Nə yazılıb orda, bir de görüm axı nə yazılıb?
– Yox, özüm oxumamışam, – kişi titrəyən səslə cavab verdi.
– Bəs niyə oxumamısan özün, Həsən əmi?
– Mən rusca nə bilirəm ki?
Muradın gözləri böyüdü:
– Teleqram rus dilindədir?
– Hə!
– Bəs kim oxuyuib onu rus dilində, sizə kim tərcümə edib teleqramı?
– Qafar… Qafar müəllim…
– Qafar kimdir? Qafar müəllim kimdir? – artıq Muradın da deyəsən, getdikcə həyəcanı artırdı ki, o da karıxıb Şofer Həsən kimi teleqramı oxuyan adamın adını iki dəfə təkrar elədi. Hətta üç dəfə: – Hansı Qafar müəllim?!
– A kişi, sizin də, bizim də qohumumuz yoxdurmu? – Həsən kişi də əsəbiləşməyə başlamışdı. – Qafar müəllim də, tanımırsan Qafar müəllimi? Qulamov Qafar. Rayonda idarə müdiri işləyən Qulamov Qafar müəllim.
– Hə-hə, – Murad tələsik dedi. – Qafar müəllim teleqramı oxuyub nə dedi?
– Dedi, telqramda yazılıb ki, “Qağa , durma, gəl!”
– Necə?! – Murada, elə bil, qəfil şapalaq dəydi.
– Hə, Alı yazıb ki, qağa, durma, gəl!
– Həsən əmi, məni dolamısan? Bu qədər camaatı barmağınıza sarımısınız?
– O nə sözdür mənə deyirsən, bala? Mənim belə vaxtımda…
– A kişi, bu teleqramı əgər sənin oğlun vurubsa, – Murad onun sözünü kəsdi, – deməli, sağ-salamatdı də, lap elə tutaq ki, heylə yazıb, deməli, başına hər nə iş gəlibsə də, özü sağdır də. Sağ-salamat olmayan adam necə teleqram vura bilər, başa düşmürsünüz?
Kişi bir az dirçəldi.
– Hanı teleqram? – Murad hirslə soruşdu. – Ver görüm onu bura!
Şofer Həsən çənəsini aynabəndə tərəf uzadıb dedi:
– Yuxarıdadı.
– Teleqramı arvadlar ortalığa qoyub ağlayırlar, – Muradın Həsən kişi ilə söhbət etdiyi müdətdə onların başına toplaşan adamlardan biri dedi.
Murad toplaşmış adamların əhatəsindən çıxıb eyvanın altına getdi.
– Gülzar, Gülzar! – deyə çağırmağa başladı. – Gülzar, – üzünü Xanım mamasının bayaqkı “tribuna” yerinə keçib aynabəndin açıq pəncərəsindən baxan, ağlamaqdan gözləri qıpqırmızı qızarıb şişmiş maması qızına tutdu. – O teleqramı burdan ver mənə.
– Dayan, indi gətirirəm, – Gülzar xırıltılı səslə cavab verdi.
– Yox, burdan ver! – Murad az qaldı ki, qışqırsın.
– Yaxşı.
Qızın eyvandan çəkilməyi ilə qayıtmağı bir oldu. Adi dəftər vərəqi boyda, lakin ondan nazik və sarıya çalan bir vərəqi gətirib, eyvandan bir az aşağı sallayıb əlindən buraxdı. Murad ətrafa toplaşmış adamların baxışlarının müşayiəti ilə yavaş-yavaş, yellənə-yellənə aşağı düşən, burada bayaqdan bəri adına “teleqram” deyilən vərəqi tutdu. Əlində bir dəfə silkələyib sahmanladı. Baxıb çevirdi və elə durduğu yerdəcə oxumağa başladı.

***

Murad əvvəlcə yerindəcə quruyub qaldı. Lakin bu, bir an çəkdi, bircə an. Göz qırpımından da az!
Onun bundan sonrakı hərəkətləri həyətdə toplaşanlara da, eyvandan boylananlara da kənd toylarında camaatın pul verib oynatdığı dəlilərin hərəkətini xatırladırdı. Onun dəli kimi qəhqəhə çəkib gülməsindən isə camaatın gözləri kəlləsinə çıxmışdı.
Murad isə, doğrudan da, sevincindən atılıb-düşmək, çırtıq çalıb oynamaq istəyirdi: maması oğlu nəinki sağ-salamat idi, ümumiyyətlə ona heç nə olmamışdı və oxuduğu teleqramdan da göründüyü kimi keyfi saz, damağı da çağ idi.
Nəhayət, anası aynabəndin açıq pəncərəsindəki “tribuna”nı “ələ keçirib” bir az da qürurlu səslə tələb etdi:
– Ay bala, ürəyimizi üzdün tay, hövsələmiz bir tikə oldu, zəhrimiz çatladı, bir de görək nə yazılıb orda!
– Hə, hamınız diqqətlə qulaq asın, – deyə Murad teleqramı oxumağa başladı. O, əvvəlcə lap birinci sözdən başlayaraq teleqramın «Куда»[1] yazılmış qrafadakı ünvanı, ardınca «Кому»[2] yazılmış qrafadakı «Гасанову Гасану»[3] və nəzərdə tutulan tədbirin baş tutacağı tarixi oxudu. Sonra isə teleqramın mətnini oxumağa başladı: «…Приглашаетесь на телефонные переговоры с Москвой»[4] . Teleqramda göstərilən telefon danışığının o biri başında olacaq adamın kimliyini bildirən qrafada isə belə yazılmışdı: «Гасанов Алы Гасан оглы».[5]
Murad başını qaldırıb onun dilindən nicat gözləyən Şofer Həsənin və yuxarıdan təntiyərək baxan Xanım mamasının üzünə baxıb bir də şaqqanaq çəkdi:
– Yəni, demək istəyirlər ki, hörmətli Həsən müəllim və əziz Xanım xanım, Moskvada yaşayan oğlunuz, – bu yerə çatanda Xanım maması az qaldı ki, özünü eyvandan aşağı atsın, – sizinlə telefonla danışmaq istəyir… Sizə xoş xəbərlər vermək, xoş sözlər demək istəyir, – təbii ki, burasını özündən uydururdu. – Buna görə də, sizi sabah yox, o biri gün axşam saat 22:30-da, yəni on birin yarısında rayon mərkəzindəki Telefon Qovşağına dəvət edir…
– Necə yəni?! – Həsən kişinin səsi yenə titrədi, amma, deyəsən, bu, başqa titrəyiş idi.
– Maman sənə qurban, bala, sənin başına dönüm, bala! – Xanım mamasının səsində isə sevinc payı dağ çayı kimi çağlayırdı.
– Nə yaxşı gəldin, ay savaddı balam! – bunu da anası fəxrlə dedi. – Camaat burda qırılıb qurtarmışdı daha…
– Boy!
– Bayy!
– Sən bir işə bax!
– Allah, sənə çox şükür!
– Balam, bəs Qafar müəllim niyə elə tərcümə eləyib?
– Ə, Qafarın qandığı qrafa var? İdarə müdiri olmaqla deyil ha!
– Elə demə, Qulamov yaxşı oğlandır…
…Bunlar isə toplaşan adamların dilindən çıxan müxtəlif reaksiyalar idi.

Epiloq əvəzi

…Həmin gün Muradın Xanım mamasıgilin həyətindəki ağlaşma əvvəlcə gurultulu, şaqqıltılı gülüşməyə, sonra toy-bayrama çevrildi, axırı isə yemək-içmək məclisi ilə qurtardı…

# 3177 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #