Maraqsız sevgi əhvalatı - Seymur Baycandan yeni hekayə

Maraqsız sevgi əhvalatı - Seymur Baycandan yeni hekayə
20 iyul 2021
# 09:01

Kulis.az “Hekayə günü” Seymur Baycanın “Maraqsız sevgi əhvalatı” hekayəsini təqdim edir.

Aramızda yaş fərqi çox olsa da, biz Rəsul müəllimlə bərk dost idik. Pedaqoji İnstitutu bitirib, M. kəndinə gələndə ilk tanışlığa başladığım adam Rəsul müəllim oldu. O, orta boylu, qalın, ağ saçlı, iri qara gözlü, burnu azca qırmızı kişi idi. Həmişə uzunqol köynək geyinər, qalstuksuz küçəyə çıxmazdı. İstər yaxın adam olsun, istər uzaq, küçədə heç kimlə uzun-uzadı danışmaz, yüngülvari hal-əhval tutub tez ötərdi. Birinci gündən Rəsul müəllim mənə xoş təsir bağışlamışdı. O vaxtdan xeyli keçsə də hər şey yaxşı yadımdadı. İlk günlərdə kənddə özümə münasib otaq tapa bilmədiyimə görə hələlik məktəbdəki otaqların birində qalırdım. Rəsul müəllim onlarda qalmağımı təklif etdi, amma mən ona öz təşəkkürümü bildirib təklifdən imtina etdim. Tərslikdən həmin il qış çox tez başlamışdı. Kəndin ətrafındakı dağlara xeyli qar yağmışdı. Yaxşı qızdırılmayan otaqda soyuqdan çətinliklə yuxuya gedir, həmişə üşüyən ayaqlarımın qızdığını ancaq yuxuda hiss edir, səhər sinifdə tez-tez əsnəyirdim. Bu da gənc müəllim kimi məni utandırırdı. Bir gün tənəffüs zamanı müəllimlər otağında Rəsul müəllim məni kənara çəkib dedi:

- Görürəm, ev sarıdan yaman çətinlik çəkirsən. Havalar lap soyuyacaq. Burda qala bilməzsən. Bizə də getməyə razı olmadın. Qonşumuzda sənə otaq tapmışam. Dərsdən sonra gedək bax, xoşuna gəlsə onu sənə düzəldərəm.

Rəsul müəllimin tapdığı otaq xoşuma gəldi. Elə həmin gün çamadanımı götürüb ora qaçdım. Rəsul müəllimlə qonşu olmağımız münasibətimizi daha da doğmalaşdırdı. Qış axşamlarında məni çay içməyə dəvət edər, çay içə-içə dərdləşər və zehni yormayan mövzularda söhbətlər edərdik.

M. kəndində Rəsul müəllimin heç kimi yox idi. Ömrünün çoxunu bu yerlərdə keçirsə də tək idi. O da mənim kimi şəhərdən kəndə gəlmişdi. Pedaqoji İnstitutu fərqlənmə diplomu ilə bitirəndə onu şəhərdə saxlamaq istəmişdilər. Amma özü uzaq bir kəndə müəllim göndərilməyini xahiş etmişdi. Dağlarla əhatə olunmuş M. kəndində elə bir savadlı adam tapılmazdı ki, Rəsul müəllim ona dərs deməsin. Camaat arasında böyük hörməti olduğu üçün bir neçə dəfə müxtəlif vəzifələrə irəli çəkmək istəmişdilər, lakin razılıq verməmiş, müəllimliyi hər şeydən üstün tutmuşdu. Pensiyaya çıxmaq vaxtı çoxdan keçsə də, məktəbdən, uşaqlardan ayrıla bilmirdi. Onun Xallı adlı qara rəngli, qoca bir iti vardı. Bu qoca it öz damında hey büzüşüb yatırdı. Arabir hürmək istəsə də gücü çatmırdı.

Bir axşam biz yenə də Rəsul müəllimgildə oturub çay içə-içə şahmat oynayırdıq. Nə qədər səy göstərirdimsə, onu uda bilmirdim. Oyun zamanı Rəsul müəllimin tək yaşaması barədə düşünürdüm. Görəsən, niyə tək yaşayır? Bu sual məni çox bərk narahat edirdi. Özümü saxlaya bilməyib Rəsul müəllimdən nə üçün tək olduğunu, nə üçün tək yaşadığını soruşdum. O, öz piyadalarından birini əlinə götürüb dedi:

- Mənimki əvvəldən gətirmədi.

- Axı nə üçün, Rəsul müəllim?

- Nə bilim, gətirməyəndə gətirmir.

Şahmat taxtasını azacıq qabağa itələyib gəncliyində başına gələn əhvalatı nəql etməyə başladı:

- Vaxt var idi onun adı dilimdən düşməzdi. Reyhan… Reyhan… Reyhan… Məndən vur-tut ikicə yaş kiçik idi. Bir məhəllədə yaşayırdıq. Mən məhəllənin başında, Reyhan məhəllənin qurtaracağında qalırdı. Pak bir oğlan idim. Biclik bilməzdim. İnan, elə bilirdim günəş hər gün mənim üçün doğur. Arada şeir də yazırdım. O vaxt çox adam şeir yazırdı. Poeziyaya böyük maraq vardı. Poemaları əzbər bilən adamlar tanıyırdım. Mən səliqəli gənc idim. Üst-başım hər zaman tər-təmiz olurdu. Qızların məndən xoşu gəlirdi. Mənim gözüm isə onu - Reyhanı tutmuşdu. Gözləri iri deyildi, amma cazibədar idi. Baxanda adamı ovsunlayırdı, adamın ürəyini yerindən oynadırdı. Sonra Reyhan biganələşirdi, uzaqlaşırdı, özünü görməzliyə qoyurdu, saymırdı. Bununla da istədiyinə nail olurdu. Sevilirdi. Ədalı idi. Onu sevənlərin arasında cuhud da var idi, erməni də, tatar da… Ancaq o, məni seçdi. Bu, mənim özüm üçün də gözlənilməz oldu. Tək, yetim oğlan idim. Xalamın himayəsində böyümüşdüm. Xalam da Reyhana olan sevgimdən xəbərdar idi.

Reyhan görüşə hər dəfə rəfiqələri ilə gələrdi. Axır ki, bir dəfə qızları başımızdan əkdik. İkilikdə gəzə-gəzə yay kinoteatrının yanına gəldik. Kinoteatrın ətrafındakı ağacların üstünə çoxlu uşaqlar dırmaşmışdı. Ağaclara dırmanmış uşaqlara baxdım və ağaca dırmaşmaq yaşımın keçməsinə təəssüf etdim. Axı niyə hər şey göz açıb-yummamış tarixə dönür? Həyat niyə belə qısadır? Reyhan ovqatımın dəyişməsini hiss etdi. Səbəbini soruşdu. Ağaclardakı uşaqları göstərdim. Ovqatımın dəyişməsinin səbəbini dedim. Həmin axşam biz ilk dəfə öpüşdük.

Görüşlərimiz mehriban keçirdi. Reyhan görüşə elə xoşbəxt bir tərzdə gəlirdi ki, özümü dünyada ən bəxtəvər gənc sayırdım, səadətdən məst olurdum. Külək, yağış, qar - heç nə görüşümüzə mane ola bilmirdi. Reyhandan doymurdum. Təsəvvür edə bilmirdim ki, o, başqasının ola bilər. Günlər, həftələr keçir, biz bir-birimizə daha da möhkəm bağlanırdıq. Hətta şəkil də çəkdirmişdik. Ancaq hansı məhəbbət çayı axıra qədər sakit axır ki? Aramızdan qara yel əsdi. Reyhanın anası xəbər göndərdi ki, məni görmək istəyir. Reyhan dedi ki, bax ha, özünü bacardıqca tərbiyəli, ağıllı apar, anam çoxbilmiş qadındı.

Reyhanın anası məni gülərüzlə qarşıladı. Çiyninə ağ rəngli ipək yaylıq salıb uclarını qabaq tərəfdən bir-birinə bənd eləmişdi. O, çox diqqətlə mənə baxdı. Ancaq ifritələrin ağlına gələ biləcək bir hərəkət etdi. Barmağı ilə yanağımdakı xalı yoxladı ki, görsün əsl xaldı, ya yox.

- Qəşəng oğlansan. Ağıllısan, qanacaqlısan. Kimdən soruşmuşam hamı sənin mərifətindən razılıq edib. Reyhan da sənin xətrini çox istəyir. Sən necə, onu doğrudan da istəyirsən? İstəyirsən Reyhan xoşbəxt olsun?

- Hə istəyirəm. Çox istəyirəm.

- İndi özün de, sənin nəyin var Reyhanı xoşbəxt edəsən? Uşaqsan hələ. Səni xalan saxlayır. Arxan yox, gəlirin yox… Gələcəyin hələ sonra məlum olacaq. Mənim qızıma isə gələcəyi məlum olan adam lazımdı. Evli-eşikli, arxalı, gəlirli... Başa düşürsən? Əsl məhəbbət fədakarlıq sevir. Sən Reyhanın səadəti naminə özünü qurban verməlisən. Əlbəttə, əgər doğrudan da onu ürəkdən istəyirsənsə. Eşitmişəm az qala hər gün görüşürsünüz. Oğlum, bəs kənardan baxanlar nə deyər? Axı qızın adına ləkə gələr! Sonra gəl camaata sübut elə ki, qızım təmiz qızdı. Üzümə bax. Məni başa düşdünmü?

- Bəli.

- Deməli danışdıq.

- İndi mən nə etməliyəm?

- Reyhanla görüşmə. Reyhanın bir dəli əmisi var. Ona bir kəlmə desəm, bəsdi. Demək istəmirəm. Görüşdüyünüzü bilər, sənin üçün çox pis olar. Yetim uşaqsan, niyə vurub səni şikəst eləsin? Kiçik bir işi böyütməyə ehtiyac yoxdu. Güc-bəlaynan instituta girmisən. İnstitutu qurtararsan, bir iş tapıb işləyərsən. Hələ bir az böyü, kişiləş. Sən öz gələcəyin barədə düşün. Nə bilmək olar gələcəkdə nə baş verəcək? Bəlkə səni gələcəkdə barmaqla göstərəcəklər? Bəlkə rastına Reyhandan da qəşəng qız çıxacaq ? Üzümə bax. Düz demirəm?

- Düzdü.

- İnstitutu qurtaranda sənə kostyum alacam. Ayaqqabı da alaram. Qalstuk istəyirsən?

Qəribə sual idi.

- İstəmirsən?

Başımı buladım. Qadının geniş açılmış gözləri məni vahiməyə saldı. Məğrurluğum yoxa çıxdı. Özümü aciz hiss etdim.

İki ay görüşə bilmədik. Matəm içində idim. Xalam iztirab çəkdiyimi görüb narahat olurdu. “Alacağam o qızı sənə” - deyirdi. Bir gün bir neçə tanış-biliş arvadı başına yığıb Reyhangilə elçiliyə getdi, lakin çox tez, özü də məyus qayıtdı. “Qadın deyil, xalis ifritədir, xalan qurban, uzaq dur onlardan… Qorxulu ailədi. Özünə başqa qız tap. Hər tərəf qızdı. İtə daş atırsan, qıza dəyir ” kimi sözlər dedi. Məsələ məlum idi. Reyhanı mənə verməyəcəkdilər. Ayrılıq məni yandırıb-yaxırdı. Darıxırdım, partlayırdım, bir yerdə dayana bilmirdim. Reyhanın şəklini ürəyimin üstündə gəzdirirdim. Dərd çəkməkdən arıqlamışdım. Yemək yeyə bilmirdim. Rəngim saralmışdı. Adım da özümə yad görünürdü. Doğrudanmı hər şey qurtardı? Bəlkə o, məni heç sevmirmiş? Bəs olub keçənlər nə idi? Niyə mən uğursuz doğulmuşam? Elə bilirsən, bu suallara cavab tapmaq asan idi? İndiyə baxma, o vaxt ayrılmaq da, unutmaq da asan deyildi. İndikilərə bunu necə başa salasan? Kimi şahid gətirəsən? Nə başını ağrıdım, nəhayət, biz bir gün görüşə bildik. Həmin gün Reyhandan vazelin iyi gəlirdi. Görüşümüz çox gərgin keçdi. Biz ilk dəqiqələrdə susduq. O, birinci mənim danışmağımı istəyirdi. Ona Dərbəndə qaçmağı təklif etdim. Soruşma niyə məhz Dərbəndə? Özüm də bilmirəm. Nədənsə, mənə elə gəlirdi ki, qaçmalı olsaq, biz ancaq Dərbəndə qaçmalıyıq. Reyhan qaçmaq təklifimə rədd cavabı verdi:

- Özünü uşaq kimi aparırsan. Nə üçün qaçmalıyıq? Qaçıb nə edəcəyik? Sən niyə başa düşmək istəmirsən ki, sənə başqa cür qız lazımdı.

Pencəyimin cibindən şəklini çıxarıb soruşdum:

- Bunu neyləyim? Saxlayım, ya sənə verim.

- Saxlama. Mən çox düşündüm. Bunun axırı yoxdu. Mən çox acizəm. Adam da bu qədər qorxaq olar? Ən yaxşısı ayrılmaqdı. Bağışla, gör səni nə günə salmışam. Gözlərin yaman qızarıb. Bir yerin ağrımır ki?

- Heç yerimdən şikayətim yoxdu.

- Sən allah, özünə yaxşı bax. Elə mən özüm də pis günə düşmüşəm. Bəlkə də bu keçici bir haldır. Baxarsan, ən uzağı məni üç aya unudacaqsan. Mən sənin nəyinə lazımam?

O sözləri seçə-seçə danışır, görünür, qəlbimə toxunmaq istəmirdi.

- Mənə nifrət edirsən?

Sağ əlini götürüb ürəyimin üstünə qoydum və sual verdim:

- Döyünür?

- Hə, döyünür.

Heç nə demədim. Halbuki, o qədər söz demək olardı ki…

Biz ayrıldıq. Yay tətili başladı. Tətil qurtaranda Reyhanı hündürboy bir oğlanla qol-qola gəzən gördüm. Oğlan Reyhandan beş-altı yaş böyük olardı. Mən onun belə etibarsız olmasını ağlıma gətirməzdim. Elə bilirdim ki, biz ayrılandan sonra o, uzun müddət məni unuda bilməyəcək. Adamın başına bircə dəfə belə iş gələndə hər şeyə inamı sarsılır. Bu necə məhəbbətdir ki, yüngül bir təkana tab gətirə bilmədi. Məsələ insanın dar gündə özünü necə aparmasındadır. Sakit şəraitdə hamı yaxşı görünə bilər. Amma bir balaca çətinə düşəndə insanların əsl təbiəti açılır.

- Sonra nə oldu? - Rəsul müəllimə sual verdim. Maraqla dinləməyim onu daha şövqlə danışdırırdı.

- Nə olacaqdı? İnstitutu qurtardım, uzaq kəndə göndərilməyimi xahiş etdim. Məni bura yolladılar. Əvvəl bir az çətin oldu. Sonra həm işə, həm də camaata alışdım. Bir gün rayondan kəndə qayıdanda kəndin qırağında qarşıma iki qız çıxdı. Qızlardan biri xoşuma gəldi. Kim olduğunu öyrəndim. Tanış olduq. Bir-iki dəfə gizlin görüşdük. Evlənmək qərarına gəldim. Elçi göndərdim. Nişanlandıq. Toya hazırlıq gedəndə qız öldü.

Mən qızın nədən öldüyünü soruşmaq istəyirdim ki, Rəsul müəllim özü dedi:

- Göbələkdən zəhərləndi. Onun ölümü mənə çox pis təsir etdi. İnsanıq, ürəyimiz daşdan deyil. Meylimi uşaqlara saldım. İllər gəlib keçdi. Bir də ayılıb gördüm ki, saç-saqqalım ağarıb... Hər şeyi sənə danışdım, deməyə daha bir şey qalmadı. Fikirləşirəm, sənə daha nə danışa bilərəm, yadıma düşmür.

- Peşman deyilsiz?

- Nəyə?

- Ailə qurmadığınıza? Tək qalmağınıza?

Sözlərinin mənə nə cür təsir bağışlayacağını qətiyyən düşünmədən dedi:

- Nəyə peşman olacam? Şüurlu-şüursuz bütün canlıların sonu birdir. Bütün canlılar həyat səhnəsini tərk etməlidir. Nə etmək olar, hamımız ora gedəcəyik. Çarəmiz nədir?

Bu sözlərdən, bu kədərli səsdən diksindim.

- Belə bədbin fikirlər nəyə lazımdı?

O göz qapaqlarını geniş açaraq diqqətlə üzümə baxdı. Sonra gözləri qıyıldı.

- Bir de görüm, sən öz həyatından razısanmı?

- Nə mənada?

- Hər mənada. Ümumiyyətlə.

- Ümumiyyətlə, hələ ki, razıyam.

Rəsul müəllimin qarmaqarışıq sevgi əhvalatı mənə çox da maraqlı görünmədi. Açığı, daha maraqlı, kəskin süjetli, hadisələrlə, həyəcanlarla, dava-dalaşlarla bol əhvalat gözləyirdim. Nə bilmək olardı, bəlkə də o, hər şeyi axıradək açıq danışmadı, nələrisə gizlətdi? Amma hər halda onun söhbətində səmimilik vardı.

Rəsul müəllim ağzını geniş açdı, elə əsnədi ki, çənəsi şaqqıldadı. Gözləri yaşardı. Artıq gec idi. Soyumuş çaydan bir qurtum alıb ayağa qalxdım. O, həyət qapısına qədər məni ötürdü. Qaranlıqda görünməyən, olduqca sakit yağış yağırdı. Havadan at iyi gəlirdi. Uzaqda traktor işləyirdi. Motor gecə vaxtı elə səslənirdi ki, sanki orda nəhəng bir heyvan yıxılıb narahatlıqla can verirdi. Kəndin yuxarı başında maşın fənərlərinin işıqları görünür, işıq zülmət qaranlığı sağa-sola doğrayır və yox olurdu. Bəzi ağaclarda yarpaqların hamısı tökülməmişdi və külək əsəndə nəm yarpaqlar elə tərpənirdilər, elə bil, ah çəkirdilər.

Evə gəldim. Qarşıda məni uzun bir gecə gözləyirdi. Səhəri açmaq gözümə durmuşdu. Rahat yatmaq üçün yüz qram zoğal arağı içdim. Soyunub yerimə girdim və Rəsul müəllim haqqında düşündüm. Doğrudan da insanlar müxtəlifdirlər. Birinin az əhəmiyyət verdiyi, rahatlıqla unuda bildiyi hadisə başqasının həyatında silinməz izlər buraxır, taleyini tamam dəyişir. Həmin gecədən etibarən Rəsul müəllim gözümə xatirələrdən başqa heç nəyi olmayan insan kimi göründü.

# 6528 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #