Maralın güzgüsü - Elçin Aslangildən yeni hekayə

Maralın güzgüsü - Elçin Aslangildən yeni hekayə
19 sentyabr 2023
# 17:00

Kulis.az Elçin Aslangilin "Hekayə müzakirəsi" layihəsində "Maralın güzgüsü"adlı yeni hekayəsini təqdim edir.

– Siz də mənim gördüyümü görürsünüz? Gözlər - şabalıdı rəngdə. Yanaqlar - qıp-qırmızı. Dodaqlar - al qırmızı. Qaşlar - hamar, maili. Çənədə azca batıq var. Güləndə muncuq kimi dişlər, yanaqda zənəxdanlar görünür. Gözəldirmi? Gözəldir. Çox gözəldir! Başqa nə görürəm? Adamları görürəm. Hamı mənə baxır. Hamı məni görür. Hamı məni sevir. Hamı niyə qışqırır? Axı belə olmaz?! Belə olmamalıdır! Tələsdirməyin məni. Qışqırmayın! Güzgü... Tələsdirməyin məni! Güzgüdə... Tələsdirməyin! Gör, saçım nə gündədir? Heç gözlərimə sürmə də çəkməmişəm. Hanı mənim dodaq boyam? Nə pis adamlarsınız? Məni niyə tələsdirirsiniz?

Əslində, bu hekayə belə başladı. Mən sənə hamısını danışacam...
– Sən şampan içirsən? Şampan deyirəm ee sənə, gündüz vaxtı çıraqla tapılmır. Amma mənimçün tapılır. İçirsən?
Yox!
– Niyə?
– Mən komsomol şərəfinə ləkə gətirə bilmərəm!
– Gözlərin qəşəngdir ha, ölməyəsən səni! Mənim ol. Nə istəsən, sənə verərəm! Ev, pul, ağ “Volqa”! Yuxarıda adamım var. Bir sözüm bəs edər. Sabah zəng edərəm Bakıya, “Volqa”nı göndərər. Canım haqqı, mənim olsan, dünyanı verərəm sənə!
Yoldaş prokuror! Siz nə danışırsınız? Mən elə qızam?!
Yox, elə qız deyilsən, məni səhv başa düşdün.
Mən elə bildim ki, kənd kulubundakı oğurluqla bağlı çağırmısınız məni.
Hə, o məsələ haqda danışacağıq. Maral, mən səni sevirəm. Ölürəm səndən ötrü!

Birdən yadıma düşdü ki, necə olubsa, kreslodan qalxıb, bir az əvvəl mənimlə üz-üzə oturmuş Maralın başının üstünü kəsdirmişəm. Özümə söz vermişdim, Maral gələndə kreslodan qalxmayacam. Böyük qarnımı masanın arxasında gizlədəcəm. Nə qarın, a kişi? Mən prokroram ee! – Prokurorun özü ilə dialoqu cəmi bir neçə saniyə çəkdi. Əvvəl sol əlini uzatdı Maralın saçını sığallamaq üçün. Qız başını kənara çəkəndə sağ əlini qəfil Maralın budları arasına soxdu.
Maral, sənin bu qısa yubkandan danışmayan kişi qalmayıb rayonda... Nə yumşaq budların var! Bir dəfə öp məni.
Maral stulda çırpınırdı. Qışqırmağa, əl-qol atmağa da qorxurdu.
Yoldaş prokuror, xahiş edirəm... Eləməyin, çox xahiş edirəm...
Aaz, nə xahiş? Az, ölürəm ee sənin bu budların üçün. Qoy bir dəfə dişləyim budundan.
Yoldaş prokuror...
Məmələrinə bax, offf...
Yoldaş prokuror, qapı döyülür...
Kimdir?
...
– Bilirsən, kim idi Maral? Komsomol idi. Rayon tədbirlərini hazırlayırdı. Pionerlərə Lenin baba haqda şeirlər əzbərlədirdi. Rayon da nə rayon: yayı isti, payızı palçıq, qışı sərt. Yay axşamları adamlar ditdilinin dızıltısı gələn kimi evlərinə təpilib tezcə yuxuya gedər, səhər də erkən durardılar. Bir yandan ditdili, bir yandan da şoran torpağın kasad məhsulu ilə hökumət planını doldura bilməmələrinin danlağı. Payızın dizə çıxan palçığı, qışın iliyə işləyən şaxtası da rayon camaatının ömrünü çürüdürdü.

Sən heç bilmirsən Maral necə gözəl idi!

Arvadlar deyirdilər ki, raykomdan tutmuş prokurora qədər vəzifəli kişilərin hamısı Maralla yatıb. Deyirdilər, çoxunu Maral özü yoldan çıxardıb. Nə təhər? – “Odey, yenə burcuda-burcuda gəlir. Yubkasına bax bunun, yanbızının ucundandı. Döşü-başı da dimdik. Kül sənin qız başına!”.
Maralın gəncliyi haqda eşitdiklərim bunlardır. Bütün kişilər ölürmüş Maralçün. Şordan qorxan Yusif də əvvəllər şordan qorxmurmuş. Maralı sevib deyə, başına hava gəlib. Sonra başlayıb şordan qorxmağa. Deyirlər, Yusif Maralı dəli kimi sevirmiş. Binəva bir gün əli əsə-əsə Maralın qonşusu Xədicə arvada bir məktub uzadıb: “A Xədicə xala, bunu o qıza verərsən”. Xədicə arvad məktubu burnuna tutub iyləyib: “Ə, oğraş, dalına şalvar ala bilmirsən, Marala duxulu məktub göndərirsən? A qurumsaq, nə vaxt baxıram, anan bazardan şor alır. Üç övnə şor yeyən adamsan, Maral hara, sən hara!”.
Söz Yusifi bərk tutub. Dabanına tüpürüb, qaçıb evlərinə, mətbəxdən şor torbasını götürüb, “Zəhərə qalasan, a şor!” qışqıra-qışqıra torbanı boşaldıb toyuqlara.

Dədəsi Alkaş Əli arağın başağrısından alnını ova-ova ayaqyalın yüyürüb həyətə, Yusifin şoru toyuqlara tökdüyünü görəndə şığıyıb üstünə, boynunu qoltuğuna keçirib, var gücü ilə burub, əli keyiyənə qədər döyüb. Zöhrə arvad pambıqdan qayıdanda görüb ki, oğlunun ağzından köpük gəlir. O dava-dərman qalmayıb ki, Zöhrə arvad gözünün ağı-qarası bir oğluna yedirtməsin. Seyidağa baba “Qul huvəllahı” oxuyub, Yusifin kürəyindən üç dəfə vursa da, sağalda bilməyib. O gündən Yusifin dili batıb. Arvad Alkaş Əlinin təpiyinə-yumruğuna dözüb, inəyini satıb, oğlunu Bakıya aparıb. Oğluna Bakıda da çarə qılan olmayıb. Sonralar Yusifin boynu sağ çiyni üstə əyilib, elə əyri də qalıb. Zöhrə arvad dərddən vərəmləyib ölüb. Anasının öldüyü gün arvadların haray-qışqırığına Yusifin dili açılıb. Həmin günün səhəri şor qayıran qonşu Nazlı arvad Yusifə bir ovuc şəkər tozu, bir fincan isti çay, bir nəlbəki də şor gətirib. Yusif şoru görən kimi qışqırıb, evdən qaçıb. Alkaş Əlinin ömrü arağa qarışıb, axıb gedib; o, Zöhrə arvaddan bir il sonra ölüb.

Mən Yusifi ilk dəfə altı yaşım olanda görmüşəm. Aşura günü idi, nənəmlə məscidə gedirdim. Yusifin də onda olardı 50 – 55 yaşı. Gördüm, uşaqlar “şorrr” deyib, Yusfin dalınca qaçırlar. Yusifin qorxudan bərəlmiş gözlərini heç vaxt unutmaram. Elə təngnəfəs qaçırdı ki, elə bil baş götürüb qeybə çəkiləcəkdi...
– Bilirsən, indi bunları sənə niyə danışıram? Danışıram ki, yaxşı qulaq verib bir hekayə yazasan. Yaxşı bir hekayə yazmasan, kişi deyilsən! Lap belə vicdansızın yekəsisən! Niyə yazmalısan? Ona görə yazmalısan ki, adamlar bir-birini necə öldürdüklərini görsünlər!.. Siqaret çəkirsən? – O, əlindəki siqaret qutusuna baxıb soruşdu:
– Maraqlı hekayədir, hə? Yadımdan çıxmamış hamısını danışım... İndi mən səninlə üz-üzə durub danışıram. Gözlərinin içinə baxıram, orada Maralı görürəm. Sənə bir sualım var: gözəl Maral qəfil necə dəli Maral oldu? Bilirəm, indi deyəcəksən ki, biz gözəl olan hər şeyin qənimiyik. Deyəcəksən ki, bizim cəmiyyətdə hörmət və sayğı görmək üçün ya dilindən fahişə olmalısan, ya bədənindən... Kiminsə, nəyinsə fahişəsi olmaq qaçılmazdır! Susursan, hə? Qorxaq! Sən həqiqətləri deyə bilməyən, dilini güngörməzinə qoymuş qorxaqsan! Axı sən Maralı görmüşdün... Görürdün, ona necə yaltaqlanırdılar? Niyə? Prokurora görə? Yoxsa özü vəzifə sahibi olduğuna görə? Bəlkə, gözəl olduğuna görə?

Siqaretindən dərin bir qullab alıb havaya üfürdü, danışdığı hekayəyə qaldığı yerdən davam etdi:

Mən heç bilmirdim, Maral elə gözəl olub. On doqquz yaşım olardı, söhbətini nənəmdən eşitdiyim Maralı Bayquş Həmiddən soruşdum. Biz bakkuşa uşaq vaxtı “bayquş” deyirdik axı... O İran bakkuşları yadındadır? Bir də burma şirin su var idi. Burma şəffaf qabın içində şirin qırmızı sular satardı Bayquş Həmid. Bakkuşu da, o suyu da İrandan gətirərdi. Babat imkanlı kişi idi. Arvadı cütbacı Səriyyə də gavalı qurusunun başına min hoqqa gətirib, satdırardı Bayquş Həmidə. Gavalı qurusunu duzlu suda qaynadıb kağız kuloklara doldurardı. O qədər dadlı olurdu ki, islanmış kağızı ləzzətlə saqqız kimi çeynəyib udardıq axırda. Hələ də turş alça qurusundan düzəltdiyi lavaşın dadı damağımdan getməyib. Elə yalayardıq duzlu alça lavaşını... Mən o vaxtı rayona baş çəkəndə Bayquş Həmidin budkası ömrünün son günlərini yaşayırdı. Taxta budkanın ayaqları çürümüşdü. “Ay Həmid baba, budkanın ayaqları çürüyüb, vallah, yıxılacaq, başına uçacaq, bunu düzəlt” - dedim. “Heş zad olmaz, a gədə. O gün qapıdakı tut ağacını yıxıb öz qəbrimə fərş kəsmişəm. Budkaya pəpə yoxdu” - dedi.

Bayquş Həmiddən Maralı soruşdum:
Həmid baba, Maral gözəl idi?

Bayquş Həmid uzaqdan gəldi; cavanlıqda hamambaz olduğundan, hamamda kişilərin üç söhbətdən ikisini Maraldan saldıqlarını danışdı. Dedi, bir gün kisəçi Əlsahab “O Maralı verələr mənə, salam bu hamama, bilirsən nağayraram ona! Pəh! Burda pambıq yağım da var, sən öl!” – deyib, dolabın siyirməsini çəkəndə, başının üstündə ona qanlı-qanlı baxan yarıçılpaq prokuroru görüb. Kisəçi Əlsahab dilini udub. O hadisədən üç gün sonra kisəçini basdılar pambıq yığmağa. Heç bir həftə çəkmədi, xəbər çıxdı ki, Əlsahab pambıq sahəsində zəhərlənib ölüb.

Bayquş Həmidin yanından çıxıb, şəhər yoluna tərəf gedəndə gördüm ki, Maral üzü mənə tərəf gəlir. Təsəvvür edirsən?! Bir anlıq elə bildim yatmışam, Maral yuxuma girib. Əlində iki bazar torbası da var idi. Əvvəllər də o torbalarla görmüşdüm Maralı.

Maralın heç kimi yox idi. Yetimxanadan göndərişlə oxumağa, ordan da rayona işləməyə gəlmişdi. Dünya gözəli Maral otuz yaşında qəfildən ağlını itirmişdi. Nənəm Maraldan danışanda tez-tez deyərdi: “Yazığa çalağan beyni yedirtdilər, havalandı”.

Torbalarının içi həmişə paltarla dolu olardı. Açıq-qırmızı, açıq-sarı, açıq-göy, açıq-mavi, rəngbərəng qısa yubkalar, gözəl koftalar, alt paltarları, corablar, dodaq boyaları, sürmələr, qələmlər. Bir qadını gözəl göstərəcək hər şey var idi torbalarında. Maral o torbaları qoltuğuna vurub bütün günü pay-piyada dolaşardı rayonu.

Bir dəfə qonşumuz quşbaz Rəşadla şəhər yoluna çıxan dairəyə tərəf gedirdik. Rəşad məndən dörd yaş böyük idi. Bütün günü göyərçin uçurdur, fit çalıb, göyərçinləri mayallaq vurdururdu. Bir də gördük, Maral bizə tərəf gəlir. Rəşad dişini ağarda-ağarda torbaları üzünün qırışları zənəxdanını boğmuş Maralın əlindən dartıb aldı, yolun ortasına boşaltdı. Torbaların içindəkini elə o vaxt görmüşdüm. Maral ağlaya-ağlaya yola səpələnmiş gözəlliyini yığır, hərdən başını qaldırır, nəsə demək istəyirdi. Maral paltarlarını torbaya yığıb qucağına sıxdı, titrək səslə dedi: “Quşların ölsün, Rəşad!”.

Mən o hadisədən üç ay sonra Bakıya, universitet oxumağa getdim. Bir neçə ay sonra qardaşımdan eşitdim ki, Rəşadın göyərçinləri qırılıb. Rəşad özü də qurşanıb narkotikə. İllər keçdi, küçədə Rəşadın anasını gördüm, oğlunu xəbər aldım, “Qoca olmasaydım, Rəşad məni də kişilərə satıb nəşəyə verərdi”.
Bayaqdan hekayəni bir göz qırpımında danışıb bitirmək istəyən adam qəfil susdu. Alnını ovuşdura-ovuşdura dedi:
Deyəsən, bir az əvvəl səni bərk acıladım. Bilirəm, acıdil adamam. Ona görə hamının məndən zəhləsi gedir. Hə, siqareti də çox çəkirəm. Bura bax, səncə, niyə Tanrı dünyanı yaradandan sonra yaratdığından əl götürüb?

***

Elə bir vaxt gəlib çatdı ki, nənəm də ölmüşdü, babam da, Bayquş Həmid də. Xədicə arvad lap çoxdan ölübmüş, xəbərim olmayıb. Yusif sağ idi; küçələrdə sərgərdan dolaşırdı. Yenə uşaqlar Yusifi görən kimi “şorrrr” qışqırıb dalınca düşürdülər, Yusif də qaçırdı. Nəfəsi kəsilənəcən qaçırdı...
Bir gecə hay-həşirə çıxdım küçəyə. Gördüm ki, camaat harasa qaçır; nə ditdilidən qorxan var idi, nə də hökumət planını doldurmaq dərdi. On beş il olardı sovet höküməti yıxılmışdı. Qonşumuz Əhməd kişidən camaatın hara qaçdığını soruşdum, “deyəsən, Maralın evi yanır” dedi.

Əl fənərimi qapıb, qaçdım Maralgilə. Camaat darvazanın ağzına yığılıb, yanğınsöndürənləri gözləyirdi. Kimsə qışqırdı: “Ay camaat, bilən var, Maral evdədir?”.

Biz, bir neçə cavan oğlan, barının üstündən aşıb həyətə hoppandıq. Evin həyətə açılan pəncərəsinin öləzi işığında Maralı gördüm. Qapıya qaçdım, fənərlə qapıya işıq saldım. Dəmir qapının yarığından tüstü buğumlanırdı. Var gücümlə qapıya bir neçə dəfə təpik vurdum, arxadan gilidləndiyini anladım. Həyətə baxan hər iki pəncərəyə dəmir şəbəkə vurulmuşdu. Evin yan divarında da dəmir çərçivə görəndə, acızliyimi dərk etdim. Dəmir şəbəkənin qalın çərçivəsinə baxa-baxa Maralın dünyadan nə qədər qorxduğunu o an başa düşdüm.

Oğlanlardan biri darvazanı açımışdı. Həyətə doluşmuş adamlar su axtarırdı. Kimsə pəncərənin şüşəsini sındırdı. Arvadlar dayanmadan qışqırırdı: “Maral, ay Maral, çıx evdən!”. Fənərin işığını pəncərəyə yönəltdim. Maral əynində açıq-qırmızı gecəliyi, tüstünün təzəcə dolmağa başladığı otağın bir pəncərəsindən həyətə baxır, nəsə deyir, sonra o biri pəncərəyə tərəf gedirdi. O, bir pəncərədən o birinə gedəndə, nədənsə iki pəncərə arasındakı bir metrlik divarın dalında ləngiyir, yenidən peyda olurdu.

Taxta pəncərələr çırthaçırtla yanırdı. Alovun dilləri evin damına qalxırdı.
Şor Yusif! – kimsə bağırdı.

Eyni anda bir neçə nəfər fənərlə damı işıqlandırdı. Yusif taxtapuşdan evə girirdi.
Quruyub qalmışdım. Ağlaşma, qışqırtı, gəlib çıxmayan yanğınsöndürənlərın qarasına söyüşlər... hər şey bir-birinə qarışmışdı. Bu qaraqışqırığın arasında bir ümid çırağı var idi - Yusif!

Maral bir anlıq taxtaları yanıb tökülmüş pəncərənin dəmir şəbəkəsinin arxasında göründü. Yusif onun pəncərədən aralı çəkirdi. Arvadlar birağızdan qışqırdılar: “Maral, evdən çıx, yanarsan!”

Maral nəsə deyirdi. Adamlar onun nə dediyini eşitmək üçün susdular. Dəmir şəbəkə arxasından Maralın qışqıra-qışqıra dediyi sözlər axdı: “Aaaaz, çıx deyirsiniz ee, mən hələ bəzənməmişəm axı!”

Səhərüzü yanğın söndürüldü. Yusiflə Maralın kömür cəsədlərini evdən çıxarıb harasa apardılar.

Camaat dağılışdı.

Külə dönmüş evə girdim. Pəncərədən həyətə baxdım. İki pəncərənin arasındakı bir metrlik divara bədənnüma güzgü vurulmuşdu. Maralın hər dəfə bir pəncərədən o birinə keçəndə bu divarın arxasında ləngiməsinin səbəbi aydın oldu. O, divara vurulmuş güzgüdə özünə baxırmış. Güzgünün üstünə qonmuş hisi əlimlə sildim. Yox, güzgüdə Maralın əksi qalmamışdı.
– Bilirsən, indi bunları sənə niyə danışdım? Danışdım ki, yaxşı qulaq verib bir hekayə yazasan. Yaxşı bir hekayə yazmasan, kişi deyilsən! Lap belə vicdansızın yekəsisən! Niyə yazmalısan? Ona görə yazmalısan ki, adamlar bir-birilərini necə öldürdüklərini görsünlər. Bax, belə!

O, güzgünün önündə dayanıb özünə gözəl dəli Maralın əhvalatını danışırdı...

# 2983 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #