Hilal - Cavid Nəcəfov

Hilal - Cavid Nəcəfov
13 dekabr 2022
# 18:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Cavid Nəcəfovun "Hilal" hekayəsini təqdim edir.


Ölüm qorxusu heyvani bir hissdir... Boğmaq lazımdır bu hissi. Yalnız, günahları səbəbindən dəhşətə düşən və əbədi hayata inananlar şüurlu surətdə qorxar ölümdən.

Anton Çexov

Ayaq basdığım hər qarış torpaq dabanlarımı, atdığım hər addım dizlərimi göynədirdi. Həkimlər duzlaşmadan olduğunu desələr də inanmağım gəlmirdi. Altmış nə yaşdır ki, adamın dizləri taqətdən düşə. Biz dağlar qoynunda, ayaqyalın böyümüşdük, yayda isti, qışda soyuq kəsərdi pəncəmizi, uzağı bir-iki gün sızlayardı. Bu göynəmə o sızıltıdan deyildi, dizlərimin təpərin alan, ayaqlarımın ağrısından səhərə qədər yatmağa qoymayan vətən həsrəti idi, vəssalam.

El-obadan didərgin düşəli hər qarış torpağa asi kəsilmişdim. Şəhərdəki həyət-bacası, pisdən yaxşı şəraiti olan iki metrlik hasarla əhatələnmiş halalca mülkümdə özümü dustaq kimi hiss edirdim. Elə bil, öz evimdə deyildim.. İçəridə divarlar, çöldə hasar, eşikdə yad baxışlar üstümə gəlir, cığırlar ilan olub əl ayağıma dolanır, sanki hər şey inadla hər dəfəsində köçkünçülüyün ilk illərində çəkdiyimiz zülm-zilləti xatırladırdı; Bir tərəfdən nabələd olduğumuz paytaxt həyatı, bir tərəfdə əlimizi biləyimizdən qıran yoxsulluq, qohum-qardaşın biri var, biri yox, birindən, ümumiyyətlə, xəbər yox. Gözümüzün içini parçalayan yetim baxışları, hər qapıda bir bədbəxtliyin naləsi. Qulağıma arabir tütək iniltisi gəlirdi. Zarıya-zarıya çoban havası çalınırdı. Eləbil zalımın ürəyinə tikan batmışdı. Bu səs fikrimi alıb bir neçə dəqiqəlik doğma torpaqlarımıza aparırdı.

Gerçəkliyin bərabərində sıxıntılarım da yavaş-yavaş qayıdır, artırdı. Axırda bu sıxıntı elə güc gəldi ki, təslim oldum. Dedim, gedib, barı, uzaqdan da olsa bizim dağları görüm, bəlkə, ürəyim açıla, həsrətim dinə.

Yola çıxdığımız gün torpaq həsrəti ürəyimi həmişəkindən daha çox göynətməyə başlamışdı. Bütün bu yolda olacağımız vaxt ərzində xatirələrlə girələnsəm bəlkə elə maşındaca ürəyim dayanardı. Düşüncələri başqa istiqamətdə yönəltmək vacib idi. Çoxdandı nəinki şəhərdən, heç qəsəbədən kənara çıxmırdım. Bakıdan uzaqlaşdıqca nəhəng çoxmərtəbəli evlər, günəşin ilk şəfəqlərində ağır iş gününə tələsən insanların balaca otaqlarında yandırdıqları işıqların kölgəsində görünən siluetlərilə birlikdə əriyib kiçilə-kiçilə gözdən itirdi. Magistral boyu monotonlaşan süst düzənlik arealı arabir yaşayış məntəqələrində canlılıq qazanır, beş-on kilometrdən sonra bağrı istidən və quraqlıqdan çatlamış torpaq yenidən günəşin od yağdıran şəfəqlərinə təslim olurdu. Torpağın sükutu adamın düşüncələrini də qurudur. Əgər ölümdən sonra həyat yoxdursa, çox güman ki, bədənlər çürüyüb canlı son hissəcik də məhv olandan sonrası məhz elə bu ucsuz bucaqsız quru çöllər kimi olmalıdır; cansız və mütləq sükut içində bir boşluq. Bəlkə elə həyatın özü bu sükutdan götürüb başlanğıcını?! Axı əvvəlində sükut olmadan söz necə mövcud ola bilərdi? Yox, yox, mütləq ilk öncə sükut vardı. O həm şəriksiz hakimi-mütləq, həm sadiq və pak qul, həm cənnət, həm iblis və həm də cəhənnəm, eyni zamanda həm hakim, həm də məhkum idi. O hər yerdə idi, lakin heç yerdə yox idi. Sükut, sıfır idi. Sükuta bir olan Tanrı təşrif buyurdu. O, kəlamını yaratdı, kəlamının qüdrətini sınamaq üçün qulları, qulların keyfiyyətini sınamaq üçün günahlar, iblislər, məhkəmə, cəza və mükafat kimi də cənnət və cəhənnəmi ərsəyə gətirdi, bütün yer kürəsini onların ixtiyarına verdi. Qullar, keyfiyyətləri dəyişdikcə üsyan etdilər, üsyan etdikcə keyfiyyətləri dəyişdi. Hər başqaldırmadan sonra bir fəlakət, hər fəlakətdən sonra bir məsih gəldi. Hər yeni peyğəmbər tanrıdan yeni əmrlər və qorxu dolu xəbərdarlıqlar gətirdi, iman etməyin mükafatı da hər dəfəsində artdı. Buna paralel olaraq imanın xüsusi çəkisi daha da azaldı, iman azaldıqca qullar itaətdən çıxmağa, tanrılaşmağa doğru addımlarını yeyinlətməyə başladılar. Vəd olunana inamın yerini əlində olanı qorumağa və artırmağa hərislik tutdu, çəpərlər çəkildi, hasarlar tikildi, mal-mülk toplandı. Var-dövləti digərlərindən üstün olanlar güclənməyə, digərlərinin üzərində qüdrət sahibi olmağa başladıqca hökmləri də böyüdü. Kimisi özünü tanrı elan etdi, kimisi tanrını inkar etdi, bəziləri onun öldüyünü car çəkdilər, sonda isə inanan-inanmayan hamı toplaşıb bu məsələni birdəfəlik həll etmək üçün göyə doğru qüllələr tikməyə başladılar. O, bu günahın müqabilində qullarını fərqli dillərə və rənglərə ayırmaqla cəzalandırdı. Qüdrətli və üstün zəkalı qullar bundan öz lehinə istifadə edib, özləri ilə eyni dildə danışan və eyni rəngdə olan zəifləri ram etdilər, fərqlilərə yönəlib onların mal və mülklərini, torpaq və azadlıqlarını zəbt etdilər.Qaliblərin qüdrəti artdıqca zülmü artdı, Tanrı və kəlamı cılızlaşdırıldı. Yaratdığının gələcəyindən ümidini üzən Tanrı onu öz ixtiyarına buraxdı, özünə ayrı bir sükut tapıb bir müddət dincəlmək ümidi ilə çıxıb getdi. Qüdrətlənmiş və artıq tanrılaşmanın son mərhələsini yekunlaşdırmaqda olan qullar isə, onunla haqq-hesabı çürütməkdən ötrü yer üzündə mümkün bildiyi hər yola əl atır, güclənir, savadını artırır, yeniliklər təcrübə edir, fürsət düşdükcə onun axtarışına çıxırlar. Qalan vaxtlarda hər imkanda daha zəif olanı məğlub edib, parçalayırlar.

Aran, sən nə çox belə qovğalar görmüsən. Yenə səssizliyə qərq olmusansa mütləq ki, budəfəki sükut Tanrını növbəti dəfə sıfırdan başlamağa dəvət edəcək. Görəsən onun yaratdığı yeni və daha təkmil varlıq sıfırdan birə doğru yolu nə vaxtsa başa vura biləcəkmi?
Üzü dağlara qalxdıqca toz və buxar yerini bizim tərəflərin sevgili nəfəsi kimi şirin, sərin nəmli havasına verdi. Göz işlədikcə hər yeri yaşıl otlar, bəstəboy kollar əhatələdi. Yenə qəfildən tütəyin səsini eşitməyə başladım, fikirlərdən ayırıb öz yanına çəkirdi bu hava məni. Çobanın ürəyinin tikanı mənim də köksümü göynədirdi.

Nəhayət çatdıq. Gülər üzlü qarşılama, salamlaşmalar, qucaqlaşmalar, hal-əhval soruşmalar, xoş-beş - yox, sıxır bütün bunlar məni. Çoban havasının səsi getdikcə daha yaxından gəlirdi. Gün günortaya çatmamışdı. Yaxşı bir at olsa üzüyuxarı getmək olardı. At istədim. Yaylağa tərəf çapacaqdım. Təkidlə, maşına mindirib göndərdilər. Yoxuşları maşın çətinliklə qalxdı. Bir müddətdən sonra isə ümumiyyətlə piyada gedəsi oldum. Sürünün yerini tuş verdilər, maşına oturanda sabah səhər arxamca gələcəklərini deyib, sürüb getdilər.

Yaylağın genişlənən yerinə yaxınlaşdıqca qoyun-quzunun mələşməsi, itlərin hürüşməsi artırdı. Heyvanlar sayıq olsalar da mənə ciddi məhəl qoymadılar. Uzaqdan bir qaraltı hay-küy sala-sala gəlirdi. Qaraltı yaxınlaşdıqca əlində ağac budağı, əynində keçədən gödəkcə, nimdaş şalvar olan enli kürəkli, üzü təraş olunmuş otuz-otuz beş yaşlarında bir kişi görünüşü almağa başladı. Həndəvərimə çatanda qonşum İsmayılın böyük oğlu Təbrizi çətinliklə də olsa tanıdım. Kürəyində tüfəng də var imiş. Uşaq vaxtı gözümün qabağında belə bir tüfəngi icazəsiz götürdüyünə görə atasının vurduğu şillədən sonra yerə yıxılmışdı. Daşa dəyən alnını qan aparmağı elə bil dünən olmuşdu. Qaşının üstündə hələ də çapıq izi vardı. Təbriz məni daha yaxşı tanıdı. İri əllərinin ikisini də mənə tərəf uzadıb görüşmək üçün uzatdığım əli xüsusi ərkanla tutdu. Hal-əhvaldan sonra söhbətləşə-söhbətləşə üzü qayalığa-çoban alaçığına tərəf addımlamağa başladıq.

Üç-beş qoyunla, əynimizdə nimdaş pencək, ayaqlarımızda cırıq qaloşla, qohum-əqrəbamızdan tapa bildiklərimizlə yük maşınlarının belində buralara gəldiyimiz günlərdən başlayıb dişimizlə, dırnağımızla özümüzə güzəran qurduğumuz vaxtlara qədər danışdıq, didərgin düşdüyümüz torpaqlarda yatan dədə babalarımızın sümüklərinin sızıltısına kövrəldik. Onda burnu fırtıqlı, gözü sulu uşaq olan Təbriz, indi qarşımızdaki ucu bucağı görünməyən yaylağa səpələnmiş qoyun-quzuya tək qahmar çıxırdı. Dediyinə görə növbədə olduğu vaxtlarda ayı ilə də, canavarla da, çaqqallarla da üzbəüz gəlməli olub. Bəzi vaxtlarda bir-iki heyvanın tələf olmasına baxmayaraq, kütləvi itkiyə yol verməyib. Belə şeylərdən danışmağı çox sevdiyi hiss olunurdu, özü də mübaliğəsiz, bər-bəzəksiz, hər hadisəni olduğu kimi təsvir eləməyə cəhd edirdi.

- Nadir hallarda hardansa bir ayı tapılıb gəlir. Qonur, iri ayıdır, qabaq pəncələrini torpağa təpəndə kürək əzələlərinin şəstlə yerini dəyişməsi, arxa pəncələri üstə qalxıb başını döndərib ətrafa vüqarlı baxmağı bu ərazilərə çoxdan bələd olduğu, sahibləndiyi hissini yaradır adamda. İtlər qorxularından hürməyə də cəsarət eləmirlər o gələndə. Sürü də elə inildəyir ki, elə bilirsən bir dərdə-azara yaxalanıblar, ah-vay edirlər. Gəlib iri bir qoçu boğub, sürüyüb aparır, sonra aylarla görünmür. Bu silahla onu vurmaq təhlükəlidir. Yaralansa, ölməsə, buralarda ondan qaçıb can qurtarmaq müşkül məsələdir. Havaya atəş açmaq da əbəsdir. Günlərin bir günü dağların o biri ucunda dağ keçiləri qartallarla əlbir olub sıldırımdan bizim qoca ayının başına qayalar fırladıblarmış. Ayı onlara pusqu qurub, əksəriyyətini parçalayıb, bir neçəsini sürüyüb qatıb bir çobanın qabağına. Deyilənlərə görə, çobanın yanında vaxt ötdükcə buynuzları çürüyüb, dırnaqları qırılıb, - indi adi qoyunlardan fərqlənmirlər.
- Elədir, oğul, ayını təkbaşına öldürmək, özü də bu silahla, qəliz məsələdir. Olmadı elə, oldu belə, burda bir dayağın yox, daş qayaya çıxıb gizlənməklə yaralı ayıdan xilas olmaq da mümkün deyil. Çox ağıllı, güclü heyvandır. Onu öldürmək üçün üç-dörd nəfər, yaxşı silahlanmış çevik ovçu lazımdır. O vaxtlar da bizim dağlarda ayı dolanardı. Fəxrlə deyərdik ki, dağlarımızda ayı var, meşələrin, torpaqların yiyəsidir, buraları çaqqal-çuqqaldan, qurd-quşdan qoruyur. Sürülərə, demək olar ki, yaxın durmazdı. Dağlarda o qədər ceyran-cüyür vardı ki, qoyun onun nəyinə gərəkdi. Heç kim ürək eləyib ayıya güllə atmazdı. Yadımdadır, bir neçə dəfə çobanları öldürüb apardığını eşitmişdik. El içində danışardılar ki, ayı bizim Əlibəyi o qədər qapazlayıb ki, adam qorxusundanmı, başına dəyən zərbələrdənmi ağlın itirib. O vaxtdan elə ona Dəlibəy deməyə başlamışdılar. İndi gör heyvan necə aclıq çəkir ki, sürüyə girməyi özünə peşə edib. Yoxsa ayının qoyun-quzu ilə nə işi?! Çaqqal deyil ki.

- Çaqqal demə, dayıcan. Yığıblar boğaza. Nə gələn kimi gəlirlər, nə qaçan kimi qaçırlar. Bir də görürsən bir hürüşmə, bir ulaşma götürdü sıldırımdan aşağıdaki dərəni. Bir dəstə tüfeyli kimi sülənirlər dərələrdə. Bilmirsən qorxudur, bilmirsən ah-vay edir. Elə bil arada adam dilində sözlər də deyirlər. Onların səsi gələn kimi, itlər də burda hürüşüb boğazların paralayırlar. İtlərsiz də, inan ki, burda qoçlar onları şil-küt edər. Di gəl, elə ki beş-altı dənəsi dərədən bu tərəfə ulaşa-ulaşa gəlməyə başladı, sürünün canına vicvicə düşür, aləm dəyir bir-birinə. İtlər hər dəfəsində çatıb bir-ikisini boğana qədər onlar da zəif bir-iki quzunun canını alırlar, çox vaxt aparmağa imkan tapmırlar. Ara yerdə heyvan tələf olur, o da elə öldürülən çaqqalların müqabilində itlərə mükafat kimi verilir.

- Mən uşaq olanda nənəm çaqqalların adam dili bildiyini bizə danışardı, bala. Rəhmətlik nənəmin dediyinə görə, onlar dərələrdə dağlarda insanları yamsılayar, mahnı oxuyub bayatı deyərlərmiş. Nitqləri ancaq eşitdikləri sözü və ya cümləni elə eşitdikləri situasiyaya uyğun yerdə təkrarlamaqdan ibarətmiş. Danışdıqları heç bir halda yeni bir düşüncə məhsulu olmazmış. Bütün bunları qarlı bir qış gecəsi ölkənin o biri başından gələn bir ağsaqqal qonaq nənəm hələ uşaq olanda babasına danışıb, babası isə hər dəfə o qonağı xatırlayanda ondan eşitdiklərini övladlarına nəql edərmiş. Qonaq babaya deyibmiş ki, kənd camaatı son vaxtlar gecələr dərədə "bayramlarını qara gətirərik", "musulmana dağ çəkərik" sözləri eşidirmiş. Camaat məsləhət üçün məsciddə məsələni qaldırıb, qışın ortasında müsəlmanların bayramı olmadığına görə çaqqalların sözünü ciddi qəbul eləməyiblər, hər ehtimala qarşı onları kənddən uzağa qovmağı qərarlaşdırıblar. Ağsaqqal qonaq nənəmin babasına, o da nəvələrinə nəsihət edib ki, çaqqalları kəndin həndəvərindən bacardıqca uzağa qovsunlar.

- Demək, bütün bunlar nağıl deyilmiş.

Əlimlə çiynini sıxdım. Mövzuya əlavə edəsi sözüm yox idi.

- Yaxşı, de görüm sürü ilə yola getmək rahatdı, yoxsa insanlarla?

Elə bil illərlə bu suala hazırlaşmışdı. Tələbə imtahanda ən çox oxuduğu suala cavab verən kimi gözlərimin içinə baxıb fikrimi yayınmağa qoymadı.

-Ayrı-ayrılıqda qoyun-quzu da insanlar kimidir. Hərəsinin ayrı dərdi, ayrı düşüncəsi, öz yolu, öz istəkləri var. Əmrə çətin tabe olurlar, gözdən qaçan kimi, öz bildiyini eləməyə, sürüdən uzaqlaşmağa cəhd edirlər. Lakin, elə ki itlər təhlükə xəbərini yaydı, sürünün böyür -başını yığdı, bütün istəklər, insanların şəxsi fikirləri kimi yadlarından çıxır, sürünün ümumi axarına uyğunlaşırlar, eyni istiqamətdə gedir, eyni vaxtda dayanıb otlamağa başlayırlar. Quzu sürüdə qalsa çobana, dağa daşa qaçsa qurda-quşa yem olacaq. Yalnız bu iki seçimin heç birinin çıxış yolu olmadığını anlasa, nicat tapa bilər. Bunu anlayacaq şüuru, yol axtarmağa cəhd edəcək cəsarəti olmadığına görə üçüncü yolu heç vaxt tapa bilməyəcək. İnsanlarsa azad iradələrini qorxularından üstün tuturlar, insanı heyvandan fərqləndirən cəhət zəkası hesabına təhlükəni görməsi, iradəsi ilə onu ram edə bilməsidir, onlar mütləq üçüncü -həqiqətə aparan yolu axtarıb tapacaq.

- Belə çıxır ki, bu yolu tapmaqda insana tanrı hökmü, din işığı gərək deyil?

- Kəlamından kənarda tanrı dərkolunan deyil. İnsan artıq anlayır ki, həqiqət sözün işıqlandırmağa kifayət etmədiyi qədər dərindədir.

İri gözləri alov kimi parlayan bu dünənki uşaq indi mənə nəinki qarşımdaki düzənliyə səpələnmiş saysız hesabsız qoyun-quzunun, elə bu dağların, cığırların, ayağımızın altında ovuc içi kimi görünən kəndin də sahibi kimi görünürdü.

- Tütəyin var?

- Yox, dayıcan, tütəyi olan yun papaqlı çobanları mən ancaq televizorda görmüşəm.

- Bəs axı onda mən eşitdiyim çoban havasını kim çalırdı?
- Həə, o havanı hərdən mən də eşidirəm. Sıldırımın o biri tərəfindəki dərədən gəlir.
- O tərəflərdə məgər bu havanı bilən çoban qalıb?
- Ha boylanıram, görə bilmirəm kim olduğunu. Bizim tərəflərin adamı deyil. Yolu bilsəm də dərəni keçməyə cəhd eləməmişəm. Çaqqal qaynaşır oralarda.

- Heç keçmə də. Düz edirsən. Hə, deyirdin qurdlar da sürüyə girir?

- Son vaxtlar o qədər qəribə hadisələr olur ki. Eşitmişik ki, qurd sürüyə girib quzuları boğub qırar. O günlərdə bizim sürüyə də bir dəstə canavar girmişdi. Gecə vaxtı, ay bədirlənmişdi. Quzuların arasına düşən çaxnaşmadan hiss elədim ki, sürüyə vəhşi heyvan girib. Amma qoyun-quzuya tərəf addım da atmadılar. İtlərə sarı cumdular. Tüfəngimi götürdüm ki, itlərlə boğuşanda hamsısını bir-bir qırım. Lakin boğuşmaq əvəzinə iki dəstə üz-üzə dayanıb, bədirlənmiş aya tərəf ulamağa başladılar. Qaynayıb-qarışıb bir dəstəyə çevrildilər. Ulaşmaqlarından baş partlayırdı. Sonra itlərin yalından onlarla birlikdə yedilər. Bir birləri ilə qoxlaşıb cütləşəndən sonra canavar dəstəsi çıxıb getdi.

- Canavarla itin mələzi yaxşı heyvan olur, amma gərək əhliləşdirməyi bacarasan. Yaxşı, bala, gün qaralmamış mən dərəyə tərəf bir hərlənim, qayıdanda söhbətimizi davam edərik.

- Bilirəm, səni fikrindən döndərmək çətin məsələdir, dayı, sağ-dalamat get, gəl. Hərdən məni də o hava çox çəkir özünə tərəf. Di gəl ki, nə yalan deyim, qorxuram. Bu sıldırımın o tərəfindən-dərədən də, çaqqallardan da, ayıdan da qorxuram. Orda harayıma nə tüfəng, nə itlər, nə camaat gəlməz deyə qorxuram. Quzular burda başsız qalsa qurda-quşa yem olar deyə qorxuram. Sonra mən ya da ailəm bu qədər xərcin borcun içindən çıxa bilmərik. Gedirsənsə, mənə səni yolundan eləmək düşməz. Yaxşı olar ki, çaqqallardan uzaq durasan. Al, xəncərimi götür. Çox məcbur qalsan, özünü qoruyarsan.
Çoban havası yenə eşidilməyə başlamışdı. Fikrimi tamamilə alıb aparana qədər son sözlərini yeknəsəq eşitsəm də uzatdığı xəncəri qınından tutub belimdəki kəmərə keçirdim. Axşama görüşməyə vəd edib, üzü sıldırıma tərəf addımlamağa başladım.

Tütəyin uzun sızıltıları gurlaşırdı. Qulaqlarımdan gözlərimə, sinəmə dolan yanğını hiss edirdim. Hər zəngulə o yanğını alışdırır, ciyərlərimdəki közü alovlandırırdı. Sıldırımdan aşağı gedən dar cığırda sürüşə-sürüşə, kol-kosdan yapışıb üzü dərəyə enməyə başladım. Şalvarımdan keçən tikanlar ayaqlarımı, topuqlarımı cızır, verdiyi səthi ağrılar içərimdə olan sızıltıları söndürürdü. Axırı birtəhər qayalıqdan aşağıdaki enli cığıra çata bildim. Təngnəfəs olmuşdum. Nəfəsimdən alov yağırdı. Dərə boyu çayın ətrafı xırda ağaclarla əhatələnmişdi. Təbiət buralarda özünü bəşəriyyətin faciəsindən xəbərsizmiş kimi apara bilirdi. Köhnə cığırların üstünü örtən çır-çırpının, kol-kosun illərin həsrətindən, ürəklərin fəryadından, acı gözyaşlarından nə xəbəri ola idi ki. Dərəyə yaxınlaşdıqca tütəyin səsi artırdı. Çoban çox uzaqda ola bilməzdi. Günortadan xeyli keçir, hava qaralmağa başlayırdı. Çayın dayazlaşan yerinə tərəf ağacların altı ilə bir müddət gedəndən sonra nəhayət üstündə iri daşların addım məsafəsində düzülmüş olduğu yerdən o tərəfə keçə bildim. Kövrək ağacların, kolların budaqlarından yapışıb dərə yatağını adladım səs gələn tərəfə.

Dağların ovcunda dümdüz yayılmış sini kimi düzənlikdi buralar. Günahsız yeniyetmə kürəyinə çəkilmiş şallaq kimi yollar salınmışdı. Hardan gəlib, hara getdiyi bilinmirdi. Tək-tük boy atan ağaclar çarmıx kimi haçalanır, onsuz da öləziyən günəş işığında kölgə salmırdılar. Kölgəsiz ağaclardan birinin altında qara bir at bağlanmışdı. Səs o ağac tərəfdən gəlirdi. Ətrafa göz gəzdirdim. Təhlükəli heç nə görükmürdü. Yeyin addımlarla getdim ağaca sarı. Gəlib düz tütəyi çalanın qarşısında dayandım. Məni görcək tütəyi qoydu kənara. Papağı gözünün üstündən qaldırdı. Bu adam mənə necə də oxşayırdı. Əynində qədimi zərli bəy libası, belində kəmərə bərkidilmiş qılıncı, üzündə saqqal olan mən idim eləbil. Ayağa qalxdı. Baba ocağında nənəmin otağında bir dəfə bir xalçada buna oxşar geyimdə, əli belində bığıburma bir bəy şəkli görmüşdüm. Nənəm demişdi ki, bu babamın babasıdır.

Gözümün içinə zillənib durdu. Duruşu şux, baxışı zəhmli idi. İndiyədək heçnədən qorxmadığımı düşünən mən, ölümü, zülmü gözə alıb bura qədər gələn mən, bu adamın gözünün içinə baxa bilmədim. Dizlərim titrədi, dilim topuq vurdu. On beş yaşında uşağınki kimi səs tonum yumşaldı:

- Səsin arxasınca gəlmişəm. Tütək səsinin.

- Təksən?

- Hə, təkəm.

- Nədi, o boyda diyarda bir sən eşitmisən o səsi?

- Bilmirəm.

- Kimsən? Kimlərdənsən?

- Cavanşirlərdən Hacı Mərdanın nəvəsi Pənahdır adım.

- Bəs Hacı Mərdan kimin nəvəsidi?

- Məhəmməd Əli Ağanın.

- Niyə buralara sizlərdən heçkim gəlmir, oğul, hanı mənim tayfamın qalanı?

- Gələrlər, dədə, gələrlər. Deyərəm gələrlər.

- Onlara de ki, qılıncları bellərində, papaqları başlarında, at belində gəlsinlər.

- Deyərəm, başım üstə, dədə.

- Saraclıya, Ustaclıya, Bəhmənliyə, Kəngərliyə, bütün Qacara, bütün Əfşara xəbər yetir oğul, torpağımızda çaqqal ulaşır, çaparaq gəlsinlər.

- Yetirərəm, dədə.

Qara atın tərkinə minib, papağını başında bərkidib boynunu arxaya döndərdi, qaşlarını çatıb son dəfə mənə baxdı. Atını mahmızlayıb üzü dağlara tərəf çapdı. O gözdən itənə qədər donub qaldım. Niyə, görəsən, məndən başqa heç kim bu səsə qulaq vermir. Məgər, bir tək mənəm səsi eşidən? Sual vaxtı deyildi. Hava qaralanacan dərəni aşmaq lazım idi.
Dizlərim titrəyə-titrəyə gəldiyim yolu geri qayıtmağa başladım. Dərəyə çatanda uzaqdan danışıq səsləri eşitdim. Dərəni dayaz yerdən, daşların üstündən adlayıb ağacların arasından geriyə döndüm, gəldiyim yola baxanda hilal işığında bir dəstə çaqqalın hürüşə-hürüşə, danışa-danışa dərə boyunca çayın dayaz yerinə tərəf gəldiyini gördüm. Onlar çaya yaxınlaşdıqca, arabir səsləri aydın eşidilirdi. Nəsə eləbil mahnı zümzümə edirdilər:

- Ayın parası qırıqdı,
Bizim işimiz fırıqdı.
Düşmənimiz, qurddu, itdi,
Ayı gəlməsə işimiz bitdi.

Başda gedən, digərlərinə nisbətdə daha iri olanı:

- Kəs səsini, ayıya xəbər çatıb, buralardadı, az zingildə-deyib oxuyan çaqqalın boğazından yapışdı, dartıb çaya atdı.

- Ay Allah, rəhm elə, öldür məni canım qurtarsın.-səsi birdən dəyişib qadın naləsi kimi çıxdı, tüklərim biz biz oldu. Bu çaqqal cümləni necə də əzbərləyib.
Orada dayanmaq olmazdı. İrəlidə bir koğuş vardı. Qabağını kollar örtmüşdü. Ora girib, getməklərini gözləmək lazımdı. Əlimdə xəncər, koğuşun içində, qaranlıqda gözlədim. Arada bir ulaşan çaqqallar, mən olduğum yerə yaxınlaşanda yavaşladılar. Sıldırıma burdan qalxacaqları məlum oldu.
Səslər yaxından daha təmiz eşidilirdi.

- Ayı dəqiq gələcək?
- Gələcək, dırmaş, tez elə.
- Gəlməsə itlər bizim dərimizi soyacaq.
- Kəsin səsinizi.

Uzaqdan itlərin hürüşməsi eşidilməyə başladı.

Hardasa lap uzaqda, bir qurd uladı. Çaqqalların sıldırıma dırmaşdığı yerdən bir guppultu gəldi, arxasınca yenə tanış səs və yalvarışlar.

- Ana, ana, kömək elə, öldüm.
- Vay, yazıq balam, binəva balam. Allah, öldür məni, bala dərdi göstərmə.
Dözməyib koğuşdan çıxdım. Qaranlıqda bir cüt işıldayan göz mənə baxırdı. Nisbətən balaca çaqqal sıldırımdan sürüşüb yerdəki ağac kötüyünün iti çıxıntısına keçmişdi. Uşaq kimi ağlayır, dilini çıxarıb qan qusurdu. Yanındaki iri olan isə qadın kimi nalə çəkir, fəryad qoparır, ölməkdə olanın üzünü yalayırdı.
Hər ikisinin səsi, dedikləri sözlər illər öncə üzləşdiklərimlə eyni idi. Xəncəri çıxardım, var-gücümü toplayıb diri olanın üstünə şığıdım, qaçmağa macal tapmamış kürəyinə batırdım. Digəri artıq ölmüşdü. Vaxt çox az idi. Nisbətən maili olan qayalıqların çıxıntılarına tutunub üzü yuxarı gedən cığıra çıxdım. Qəfil ayı nərəsinin səsi gəldi bizim yaylaq tərəfdən. Ardınca hürüşmələr, çaqqal ulaşmaları eşidildi. Tez çatmaq lazım idi yaylağa. Təbriz tək o qədər vəhşi heyvanla bacarmaz. Qoyun-quzu tələf olacaq kömək gəlməsə. Yaylağa doğru dırmaşdıqca boğuşma xırıltıları, didişən heyvanların zingiltiləri artırdı. Ardıcıl açılan iki atəş səsi və arxasınca boğuq bir nərilti gəldi. Çox keçmədi ki, çaqqal çığırtıları içində "Ayı yaralandı" "Axır ki" sözləri aydın eşidilməyə başladı. Özümü yetirməli idim. Gec ola bilərdi. Qayalıqları aşıb yaylağda sürünün olduğu yerə uzaqdan baxdım. Çaqqallar zingildəyə-zingildəyə mən olan tərəfə – üzü dərəyə, maili cığıra tərəf qaçırdılar. İtlər onların arxasınca gəlirdilər. Yerimi dəyişib qayalara dırmaşdım. Gözlərim Təbrizi axtardı. O biri başda ayı onu qayalara sıxışdırıb üzərinə gedirdi. Qurdlar ona macal vermir, didişdirirdilər. Uzaqdan "Silahı doldur, at" "Nə gözləyirsən, tüfəngi doldur, ürəyindən vur" deyib haraylasam da, Təbriz qorxu və həyəcan içində tüfəngin qundağına dirsəklənib özünü qayaya doğru sürüyürdü. Ayı, pəncəsi ilə boğazına yapışmaq istəyən bir qurdu vurub yerə sərdi. Digərinin boğazından yapışıb kənara atdı, yolunu dəyişib yaylağın əks tərəfinə-gəldiyi qayalıqlara tərəf yönəldi. Kürəyindən yaralanmışdı. Yaradan pəncəsinə qara qan axırdı. Səntirləyə-səntirləyə sürətini artırıb qurdlardan uzaqlaşdı. Üzü qayalığa tərəf gedib, bir neçə saniyənin içində gözdən itdi. Sıldırım tərəfdən hürüşə-hürüşə üzü qurdlara tərəf gələn itlər, qurdların yığışdığı yerə çatdılar. Yenə bir birinə sürtünüb yalaşıb bir dəstə halına gəldilər. Mən yaralanıb qayalıqlara qısılmış Təbrizə doğru gedirdim. Ortalıqda yerə sərilmiş xeyli cəsəd vardı. Çuxurlara dolmuş qanın üzərinə işığı düşən hilala tərəf üzünü tutan dəstə ulamağa başladı. Günəşin işıqları göy üzündəki ayı yavaş-yavaş gözdən itirməyə başlamışdı, qurd qanı üzərindəki hilal isə parlamağa davam edirdi.


# 1971 dəfə oxunub

Oxşar xəbərlər

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
# # #