Generalın milçəkləri - Furqandan yeni hekayə

Furqan, yazar

Furqan, yazar

16 avqust 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Furqanın “Generalın milçəkləri” hekayəsini təqdim edir.

Generalın yeməyindən milçək çıxmışdı deyə aləm dəymişdi bir-birinə. Üçmərtəbəli imarətdə uzun zamandan bəri aşpazlıq edən Əliş kişi uşaq kimi boynunu büküb dayanmışdı. General əsəbi şəkildə ağzına gələni deyir, əsgər kimi danlayırdı onu. Bəyaz salfet kağızının üzərinə qoyduğu ölü milçəyi şəhadət barmağı ilə sübut kimi Əliş kişiyə göstərir, Əliş kişi də arabir gözünün ucu ilə milçəyə baxırdı.

Artıq bu neçənci dəfəymiş. Keçən dəfə də yeməyin içindən ağ tük çıxıbmış. Əliş kişi artıq qocalıbmış. Məsuliyyətsizləşibmiş. Bir də belə bir hadisə olsa yerinə başqa aşpaz alınacaqmış. Düz on dəqiqədən sonra susub əlindəki qaşığı da milçəyin yanına qoyan general:

– Daha iştahım qalmadı! – dedi.

Əliş kişi də səssizcə otaqdan çıxıb asta addımlarla, səs çıxarmamağa çalışaraq birinci mərtəbəyə endi.

Üçmərtəbəli imarətin tikilməyi hardasa on il olardı. General, onda polkovnik idi, general olmağa çalışırdı. İmarət tikilənə qədər isə ailəsi ilə şəhərin mərkəzindəki dördotaqlı evdə qalırdı. İmarət hazır olanda bura köçdülər. Birinci mərtəbəni aşpaza və qulluqçulara verdilər. Əliş kişidən başqa evdə iki qulluqçu vardı. Biri evin və həyətin səliqəsinə baxır, bundan əlavə bağbanlıq edirdi. Digəri isə çirkli paltarları paltaryuyanda yuyub ütüləyirdi, yemək vaxtı masanı hazırlayırdı, yeməkdən sonra qabları yuyurdu.

İmarətdə hər şey qaydasında idi, bircə məsələdən başqa. General, ailəsi ilə birgə bura köçdüyü vaxtdan bəri milçəklərin kökü kəsilməmişdi. Daha doğrusu, kəsə bilməmişdilər. Onları qırıb qurtarmaq üçün çıxarmadıqları hoqqa qalmamışdı. Hər cür dərmandan tutmuş, yapışqana qədər. Amma bu iyrənc, balaca canlılar hələ də ürək bulandırırdılar. Maraqlısı da o idi ki, milçəklər ikinci və üçüncü mərtəbəyə çıxmır, elə bil, qəsdən birinci mərtəbədə məskən salmış, əl çəkmək istəmirdilər. Hətta, qışda da.

General məcbur qalıb zəhmindən istifadə edərək milçəklərə də komanda ilə hərəkət etməyi öyrətmişdi. General içəri girəndə Əliş kişi “farağat!” deyə qışqırır, içəridəki vızıltı kəsilirdi. General pilləkənləri qalxandan sonra Əliş kişi “azad!” deyirdi. Əliş kişi “azad!” komandasını verməyə də bilərdi. Bunu bir neçə dəfə yoxlamışdı. Sanki, milçəklər generalın ikinci mərtəbəyə çıxdığını bilirdilər. O, qalxandan sonra “azad!” komandası səslənməsə belə vızıldamağa, istədikləri yerə qonmağa davam edirdilər.

Milçəklər, yemək bişirən zaman Əliş kişiyə çox maneçilik törədirdi. Əliş kişi bir dəqiqədən bir əli ilə milçəkləri qovurdu. Amma yenə milçəklər hərlənib-fırlanıb Əliş kişini narahat edirdi. Heç bir dərman onların qarşısını ala bilmirdi. Bir xeyli milçək qırılırdı, əvəzinə daha çox milçək peyda olurdu.

Əliş kişi yemək bişirəndə “farağat!” deyə qışqırırdı ki, heç olmasa üç-dörd dəqiqə sakitçilik yaransın, yaranmırdı. Milçəklər Əliş kişinin general olmadığını, heç vaxt olmayacağını yaxşı bilirdi.

General istəmişdi boş vaxt olanda milçəklərə başqa komandaları da öyrətsin. Ən azından “sağa dön!”, “sola dön!”, “geriyə dön!” komandalarını bilsəydilər pis olmazdı, onları yönləndirmək, qapıdan çölə çıxarmaq olardı. Generalın isə buna vaxtı olmurdu. Vaxtı olsaydı, balaca oğluna velosiped sürməyi də öyrədərdi.

Son hadisədən sonra Əliş kişi düşündü ki, bəlkə general məni qovmamış özüm işdən çıxım. Onsuz da qeyri-rəsmi işdi. Bu gün istəsəm, elə bu gün də çıxa bilərəm.

Qərarını verdi.

Hava qaralandan sonra generalın şəxsi maşını həyətə girdi və sürücü cəld şəkildə qaçıb arxa qapını açdı. General maşından düşüb imarətə daxil oldu.

Bir azdan Əliş kişi boynubükük şəkildə onun qarşısında dayanıb işdən azad olunmaq istədiyini bildirdi.

Generalın kefi kök idi, gülümsəyirdi. Üzü qızarmışdı.

– Nə olub – dedi, – Əliş kişi? Bizi qoyub hara gedirsən?

– Qocalmışam, cənab general! - deyə cavab verdi Əliş kişi.

– Onu kim çıxardı, a kişi?

– Sizə layiq yeməklər bişirə bilmirəm daha...

General getdikcə ciddiləşirdi.

– Nə danışırsan, a kişi? On ildi sənin yeməklərinə öyrəşmişik biz.

– Günorta yeməyinizdən milçək çıxdı.

General ciddiləşdikcə Əliş kişinin səsi zəifləyirdi.

– Çıxır çıxsın da, – dedi general.

Əliş kişi heç nə demədi. İcazə istədi. Birinci mərtəbəyə düşəndə gözlərinə inanmadı. Bütün milçəklər “farağat!” komandasında dayanıb onun gəlişini gözləyirdilər.

İlk dəfə idi ki, milçəklər generala görə yox, Əliş kişiyə görə farağatda dayanırdılar. Əliş kişinin gözləri doldu.

Amma ağlına nə gəldisə, təzədən ikinci mərtəbəyə qalxıb olanları generala danışdı. Əsəbləşən general “ola bilməz!” dedi. Kameraya baxıb Əliş kişinin danışdıqlarının doğru olduğunu öyrənəndən sonra:

– İşdən azadsan, Əliş kişi! – dedi.

Əliş kişi son dəfə imarətdən çıxanda milçəklərin vızıltısı tamam kəsilmişdi deyə özünü general zənn etdi.

# 3708 dəfə oxunub

Oxşar xəbərlər

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel nitqi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel nitqi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

15:17 5 dekabr 2024
#
#
# # #