Eşidilməyən səs – Sara Bağırova

Sara Bağırova

Sara Bağırova

17 dekabr 2021
# 11:35

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Sara Bağırovanın “Eşidilməyən səs” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Daşıdığı adı ona hansı səbəbdən vermişdilər, İdrak bunu bilmirdi. Soruşub bilmək də istəmirdi. İdrak adı onu digər insanlardan fərqləndirmirdi ki. Adının anlamı da ona mövcud dünyada olan nə varsa dərk etmək imkanı yaratmırdı. Bütün insanlar kimi o da eşitdiklərini, duyduqlarını, gördüklərini dərk edə bilməyəndə suallarla dolurdu. Dərk edə bilmədikləri düşüncələrinə dolub fikirlərini qarmaqarışıq edəndə İdrak adının anlamını deyil, ağlını özündə saxlayan sualların cavablarını axtarardı.

Onun fikirlərini qarmaqarışıq edən deyimlərdən biri “İnsan təkcə qulaqları ilə eşitmir” olmuşdu. İdrak bu deyimin anlamını dərk edə bilməmişdi. O, bir-birinə zidd suallarına tam olaraq cavab tapa bilməyəndə belə qəbul etmişdi ki, insanlar bu deyimlə daxili duyğularını ifadə etmək istəyiblər.

Suallarını bu fikri ilə cavablayanda İdrakın içində səs yox idi. Bu deyim onun fikirlərini özündə saxladığı vaxtlarda da yaddaşı səssiz idi. O, daxilindəki səsi sonralar hiss etmişdi. Varlığındakı səsi hiss edəndə heyrətlənmişdi. Sanki ikinci varlığı var imiş kimi səsi iç dünyasında, qəlbinin dərinliyində hiss etməsi onu qorxutmuşdu. Eşidilməyən, amma hiss edilən səs onu başqa düşüncələrindən qoparmışdı. İdrak fikirlərinə hakim kəsilmiş səsin ağırlığını daşıya bilməmiş, çarə olacaqmış kimi varlığında hiss etdiyi səsin qəlbinə nə zaman dolduğunu xatırlamağa çalışmışdı. Amma yaddaşı ona heç cür kömək ola bilməmişdi. Suallarının cavabını yaddaşında tapa bilməyəndə belə qəbul etmişdi ki, daxilində olan səs onun unuda bilmədiyi tufanlı-yağışlı payız axşamında yaranıb.

Qarmaqarışıq səslərin hər tərəfi doldurduğu həmin axşam İdrak oyaq idi. Masasının üzərinə səpələmiş kimi yığdığı dərslikləri, dəftər-qələmləri ilə öz dünyasına dalmışdı. O gündəlik ev tapşırıqlarını hazırlamırdı. Həmin axşam İdrak xəyalında yaratdığı təbiət mənzərəsini kağıza köçürməyə çalışırdı. Çəkmək istədiyi rəsm ona olduqca əfsanəvi görünürdü deyə küləyin vıyıltısından, səs-küyü ilə ətrafı doldurduğundan xəbərsiz idi. Hətta qum dənəciklərinin pəncərəsinə çırpılıb çıqqıltı salmasını da hiss etməmişdi.

Onu öz dünyasından qoparan şimşək olmuşdu. Şimşəyin işığı gözlərinə dolub onu dalmış olduğu dünyasından qoparmışdı. İdrak nələr olduğunu tam olaraq dərk etməmiş ildırımın gurultulu səsi qulaqlarına dolub onu səksəndirmişdi. Sonra yenə şimşək çaxmışdı. İdrak qoruyurmuş kimi əlləri ilə üzünü tutub gözlərini bərk-bərk yummuş, şimşəyin işığını görmək istəməmişdi. Bu vaxt ətrafın qarmaqarışıq səsləri qulaqlarına dolmuşdu. Dağılıbmış kimi ətrafı bürüyən səslərin bir-birinə qarışıb pıçıltılar kimi eşidilməsi onu sıxmışdı. O əllərini üzündən çəkib qalxmaq istəyəndə ildırımın qorxunc gurultusu qulaqlarına dolub eşidə bildiyi bütün səsləri susdurmuşdu. İdrak bir az əvvəl eşitdiyi səsləri axtarırmış kimi hər tərəfə boylanmışdı. Səsləri eşidə bilməyib yumruqlarını köksünə sıxmışdı. Ürəyi yumruqlarının sıxıntısına dözə bilməyib çırpınmışdı. Ürəyinin səsi qulaqlarına axıb ona daxilindəki harayını çatdırmışdı. İdrak narazı baxışlarını pəncərəyə dikib bir-birini əvəz edən şimşəklə ildırımın səmanı nə vaxt tərk edəcəklərini gözləmişdi. Şimşək onun istəyini hiss edibmiş kimi xəsisliklə işıq saçıb gizlənmişdi. Amma ildırım susmaq istəməmiş, qorxunc gurultusu ilə göyləri titrətmişdi. Bir müddətdən sonra şimşək uzaqlara çəkilib işığını zəif göstərsə də ildırım xeyli gurlamışdı. Sonra ildırımın da səsi azalmış, göylərdən çəkiləndə isə son borcu imiş kimi buludları parçalayıb yağışını hər tərəfə ələmişdi.

İri damlaları ilə hər tərəfi bürüyən yağış əvvəlcə elə ildırımın özü kimi səslənsə də sonra həzin yağmışdı. Damlaları kiçilib narın yağanda yağışın səsi də həzin, sakit eşidilmişdi. Sonra yağış kəsib səsini də özü ilə aparmışdı. Yağışdan “miras” qalmış damlalar bir yerlərə dəyib səsləri çağırırmış kimi tıqqıltı salmışdı. Sonra ətrafın eşidilməz olan səsləri qayıtmışdı. İdrak duya bildiyi bütün səsləri eşitmişdi. Təkcə...

Təkcə içinə dolan səs qəlbində gizlənibmiş kimi eşidilməz qalmışdı.

Həmin gündən sonra illər, fəsillər dəyişmiş, yağışlar yağmış, şimşəklər çaxıb qaranlığı parçalamış, ildırımlar gurlayıb bütün səsləri səksəndirib susdurmuşdu. Amma onun varlığında gizlənmiş səsi heç nə susdura bilməmişdi. O özü də içindəki səsi susdura bilməmişdi. Qəlbi, ruhu ilə eşitdiyi səsi susdura bilməmişdi.

İdrak qorunurmuş kimi varlığında gizlənmiş səsin səssizliyini özündə saxlayıb bu haqda düşünmək istəməsə də tufanlı günlər ona öz daxili dünyasını xatırladırdı. Bəlkə də bu səbəbdən küləkli, yağışlı günlərdə pəncərə qarşısında dayanır, daxilindəki səsi ona eşitdirə biləcəkmiş kimi şəhəri “qamçılayan” küləyin vıyıltısına qulaq kəsilirdi.

Yağışlı günlərdə yarımadanın küləkləri dözülməz olur. Xəzri küləyinin şıltaqlığına bələd olan yerli sakinlər qapı-pəncərələrini möhkəm bağlayıb erkəndən yataqlarına çəkilirlər. Belə vaxtlarda axşamlar tez bitir. Şəhər sakinləri yağacaq yağışı, çaxacaq şimşəyi, qorxunc səsli ildırımı görüb-eşitmək istəmirmiş kimi yuxuları ilə özlərini ətrafdan ayırırlar. Belə axşamlarda İdrak hamı kimi özünü yuxuları ilə ətrafdan ayırmır, pəncərə önündə dayanıb varlığındakı səsi eşidə bildiklərinin birində tapmaq ümidi ilə ətrafa qulaq kəsilirdi.

Yenə ilin payız fəsli idi. İdrak yenə otağının pəncərəsi önündə dayanmışdı. Onun pəncərədən görə bildiyi bir neçə ağac idi. Bu ağaclar küləyin amansız çırpılmalarından qoruna bilmirdi. Külək ağacları yolurmuş kimi yarpaqlarını budaqlardan qoparıb ətrafa səpələyirdi. İdrak narazı baxışlarını pəncərənin eşiyindən ayırıb saata baxdı. Hələ tez idi. Buna baxmayaraq axşam vaxtından tez bitmişdi. Pəncərələrdən süzülməyə qorxurmuş kimi görünən işıqların sayı həmişə olduğu kimi deyildi. Şəhərin səkiləri, yolları da boş kimi idi. Ara-sıra sürətlə ötüb keçən maşınlar olmasaydı şəhərdə həyat dayanıbmış kimi görünərdi.

İdrak küləyin səsinin soyuğunu varlığında hiss edib üşüsə də pəncərənin qarşısından çəkilmədi. Başını qaldırıb səmaya baxdı. Buludların sıxlaşması güclü yağış yağacağını bildirirdi. Amma şimşək yox idi. Nə şimşəyin işığı var idi, nə də ildırımın səsi.

- Bakı küləklər şəhəridir. Kim deyibsə düz deyib.

İdrak ağlından keçən sözləri eşidəndə diksindi. Səs onun içində deyilməmişdi. O heyrətlə eşitdiyi səsə dönəndə atasını gördü. Atası onun iki addımlığında dayanmışdı. İdrak arxayınlıqla nəfəsini içinə çəkib ixtiyarsız gülümsündü.

- Belə başa düşürəm ki, ağlından keçən sözləri demişəm. - deyə Arif də gülümsündü.

İdrak başı ilə onun dediklərini təsdiq edib dinmədi.

- Yağışı gözləyirsən?

Ağlından keçənləri atasının bilməsi İdraka qəribə göründü.

- Sən mənim içimdən keçənləri necə bilirsən? - soruşdu.

- Təxminən. - deyə Arif stula oturdu.

İdrak deyəcəklərindən utanırmış kimi üzünü yana tutub:

- Səncə, mən yağışı niyə gözləyirəm? - soruşdu.

- Bax, bunu təxminən də olsa deyə bilməyəcəyəm.

İdrak sanki həmin an deməsə bir daha deyə bilməyəcəkmiş kimi tez:

- Mənim ağlımı özündə saxlayan bir deyim var. “İnsanlar təkcə qulaqları ilə eşitmir” deyimi. Bu deyimi eşitdiyim gündən anlamağa çalışıram. Mən bu deyimi tam olaraq dərk edə bilmirəm. - dedi.

- Niyə? - deyə atası təəccüblə ona baxdı.

- Bu deyimdə fikir yoxdur.

- Var. Təfəkkür var.

- Təfəkkür!?

- Hə. Yəni... Eşitmir, amma hiss edir, duyur.

İdrak öz-özü ilə danışırmış kimi:

- Bəlkə də elədir. Daha doğrusu... Sən haqlısan. Bu deyimdə fikir var, amma... Mən bu söz birləşməsini cümlə olaraq qəbul edə bilmirəm. Bu, konkret varlıqla əlaqəsi olmayan anlayışdır. - dedi.

- Hə. Varlığını yalnız ağıl və məntiqlə dərk etdiyimiz sözlər kimi. - Arif gülümsünüb - Anlaya bilmədiklərini dərk etmək istəyi hər kəsin fikirlərini qarışdırır. Bu anormal hal deyil. - dedi.

İdrak gizli ah çəkib:

- Mən anormal hal olduğunu demədim. - dedi.

Arif bir qədər susub:

- Bu fikir səni niyə narahat edir? - soruşdu.

- Deyilən söz izah olunmalıdır. Mən bu deyimin dərk olunacaq anlamını bilmək istəyirəm.

- Səni narahat edən deyimin anlamı deyil. Sənin narahatlığının səbəbi səsdir. Sənin daxili dünyanda səs var. Sən o səsi eşitmək istəyirsən. Eşidə bilmədiyin o səsi eşitmək istəyirsən.

İdrak qorxu qarışıq təəccüblə:

- Bu nədir? Psixoloji məntiq!? Yoxsa... Mənim hiss etdiklərim xəstəlikdir?-soruşdu.

- Yox. Sənin hiss etdiklərin anormal hal deyil. Hər kəs öz daxili dünyasında səsləri hiss edə bilər.

- Anormal olmadığını nəyə əsaslanaraq deyirsən?

Arif mümkün qədər sadə dillə izah etməyə çalışıb:

- Tibb əvvəlcə əmələ gəlmə səbəbini aydınlaşdırır. – dedi - Əvvəlcə səsin hansı səbəbdən yarandığını bilmək lazımdır. Məsələn, aldıqları zədələr insanların hissiyatına təsir edir. Hər an nəyinsə, kiminsə zədə aldıqları nahiyəyə toxunub zərər verəcəyindən qorxurlar. Kəskin dad, dadbilmədə ehtiyat hissi yaradır. Acı bibərin dadı xoş olmadığı üçün şirin bibərlərlə də ehtiyat edirlər. Mən bir yerdə xoşagəlməyən iy hiss etmişdim. Hər dəfə həmin yerə yaxınlaşanda eyni hissi yaşayıram. Görmə, eşitmə də bunu kimi.

- Bəs səs? Səs insanın daxilində niyə eşidilməz qalır?

- Sənin eşidə bilmədiyin səslə bu deyimin bağlılığı var?

- Yox.

- Bəlkə səs var imiş. İçində səs var imiş, bu deyim sənə onun varlığını hiss etdirib. Belə izah edim... İnsan beyninin yaddaş nöqtəsinin yerləşdiyi qatda hissəciklər vardır. Bu hissəciklər lazım olan vaxt nəyisə xatırlamaq üçün yaddaşa kömək edir. Yəni insanlar hər hansısa hadisəni xatırlamazdan əvvəl, xatırlanacaq hadisəyə uyğun nələri isə fikirləşirlər.

- Yox. Mən bu deyimi illər əvvəl eşitmişəm. Səsi isə az zamandır hiss edirəm. Mən bu səsi ildırımlı, yağışlı axşamdan sonra hiss etmişəm.

- Sən səsi hiss etdiyin günə qədər yağışın varlığını bilirdin. Bu yağışlarda islandığın anlar da olub. Həmin günə qədər şimşək də görmüsən, ildırım da eşitmisən. Düzdür?

- Hə.

Arif ayağa qalxıb:

- Elə isə həmin axşam nə etdiyini, nə ilə məşğul olduğunu xatırlamağa çalış. Səsin əmələ gəlmə səbəbini xatırlamağa çalış! - deyə otaqdan çıxdı.

İdrakın həyatda ən çox inandığı, güvəndiyi insan atası idi. Atası ona yaşayacağı həyatı sözlə deyil, bədii əsərlərlə, filmlərlə tanıtmışdı. O, İdrakı bədii ədəbiyyat oxumağa məcbur etməmiş, məsləhət bildiyi əsərlərin bir hissəsini danışmışdı. Onun “təsadüfən” danışdığı hər hansısa əsərin kiçik bir parçası, bir abzas, bir bənd şeir İdrakın həmin əsəri oxumasına bəs etmişdi.

Atasının oxuduğu əsərləri ona niyə danışdığını İdrak əvvəllər anlamamışdı. İllər keçdikcə başa düşmüşdü ki, atası seçib oxuduğu yazılarla onu həyata hazırlayır.

İndi atasının otağına gəlib onu tam olaraq dərk edirmiş kimi danışması İdraka səbəbsiz görünmədi. Atasının onu qarışıq fikirləri ilə tək qoymasının səbəbini də bilirdi. Bilirdi ki, atası otaqdan çıxıb getməklə ona nə etməli olduğunu deyir.

İdrak həyəcanla əlini sinəsinə sıxıb daxili dünyasının səssizliyində qalan səsi eşitmək üçün həmin axşamı xatırlamağa çalışdı. Yaddaşı ona səsləri deyi, illər əvvəl çəkmək istədiyi rəsmi xatırlatdı. İldırımın səsindən diksinib çəkə bilmədiyi bu rəsm onun yaddaşında deyildi. Rəsm tamamlanmadığı üçün onun yaddaşına dolmamışdı. O, rəsm dəftərini qovluqda saxlamasaydı, arabir qovluğu açıb ötəri baxmasaydı yəqin ki çəkmək istədiyi şəklin parçaları da yaddaşında itəcəkdi.

İdrak tez stolunun siyirməsini çəkib qovluğu çıxardı. Rəsm dəftərini götürüb tələsə-tələsə səhifələdi. Dəftərdə başqa heç bir rəsm olmasa da onun çəkdiyi ilk səhifədə deyildi. İdrak illər əvvəl çəkmək istədiyi rəsmi diqqətlə nəzərdən keçirdi. Bu onun çəkmək istədiyi rəsmin özü deyil, parçaları idi. Rəsmin parçaları dağılıbmış kimi vərəqdə qalmışdı.

İdrak tamamlamadığı rəsmi tam olaraq görmək üçün gözlərini yumdu. Onun xəyalında heç vaxt görmədiyi təbiət mənzərəsi canlandı. Bu, onun illər əvvəl çəkmək istədiyi mənzərənin eynisi idi. Onun xəyalında canlandırdığı təbiətin özü idi. İdrak yaddaşında “çəkdiyi” təbiətin səsini eşidirmiş kimi oldu. O, içindən sızırmış kimi varlığına yayılan səsi eşidə bilmək üçün nəfəsini içinə çəkdi.

İdrakın özündən başqa heç kimin eşitmədiyi, eşidilməyən bu səs sözsüz idi. Bu onun qəlbinin, ruhunun səsi idi. Daha doğrusu istəyinin. Onun illərdir eşidə bilmədiyi səs indi çəkmək istədiyi rəsmin parçaları ilə birləşib təbiətin sehrli nəğməsinə dönürdü.

İdrakın özündən başqa heç kimin eşidə bilmədiyi bu səs dünyanın bütün səslərini susdura biləcək qədər güclü idi.

SON

# 3185 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
#
#
# # #