Əlifba bayramı - Yusif Yusifzadə

Yusif Yusifzadə

Yusif Yusifzadə

9 dekabr 2022
# 17:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Yusif Yusifzadənin "Əlifba bayramı" hekayəsini təqdim edir.

Uşaqlığım yaddaşımda özünə bu qədər dərin yer etməsə idi, yəqin ki, yazıçı olmazdım. Məndən yaxşı musiqiçi ola bilərdi ya da məktəbdə müəllim. Səbirli adamam. Əsəbiləşmirəm, əsəbiləşməyi bacarmıram. Son illərdə ümumiyyətlə, əsəbiləşməyi unutmuşam. Uşaqlıqda isə davakar idim. Tez-tez dalaşırdım. Məktəbdə, küçədə, yolda. Ancaq nə vaxt ki, musiqi məktəbinə getməyə başladım, tarı əlimə aldım, gözəl, cavan, zərif müəllimlər gördüm, pianino notları qulağımdan girib ürəyimdən çıxdı, oldum sakit, tərbiyəli, səliqəli uşaq. İncəsənətlə əlüstü tanışlıq ruhumu təzələdi, vərdişlərimi dəyişdi, daxilimdəki ibtidai adamı əhliləşdirdi, mənə nəzakət qaydalarını özüm də bilmədən öyrətdi. Tam səmimiyəm, özümün də xəbəri olmadan, çevrilib oldum fiziki tərbiyə dərsində qızlarla voleybol oynayan, dərsdə sakit dayanan, saç uzadan oğlana. Bir sözlə, mədəniləşdim. Daha sinif-sinfə davalarda iştirak eləmirdim. Ürəyimdə hansısa sonatanın notları çalınırdı, hər gün gördüyüm 14-cü əsr Fransa kralı Gözəl Filip görkəmindəki adamlar dərsdən evə, evdən dərsə məni bu notların sədaları altında müşayiət edir, ən yaxın dostuma çevrilirdilər. Onların üzü, səsi mənə haradansa tanış gəlirdi. Gözəl Filip kimi geyinən bu adamlar təkcə, musiqi məktəbinin kif basmış divarından yox, başqa bir yerdən də mənə doğma idilər. Mən bu adamlarla əvvəldən tanış idim. Özümü onların arasında yad hiss etmirdim. O adamlarla məni bağlayan mənəvi tellər, hadisələr daha qədim idi. İndinin söhbəti deyildi.
Bəli, onları birinci sinifdə görmüşdüm. Gözəl Filipə oxşayan adamlarla bir dəfə də, belə doğmalaşmışdım.

Onda heç musiqi məktəbinə də getmirdim. Məktəbdə ilk ilim yekunlaşırdı. Məktəb həyatının ilk döngəsinə çatmışdım. Əlifba bayramına hazırlaşırdıq.
O vaxtdan mən özümü xüsusi uşaq hesab edirdim. Məhlədə qaydalarını özüm təyin elədiyim oyunlar qurur, gündəlik izlədiyimiz türk seriallarını məhlə oyununa çevirirdim. Qaydalar sadə idi. Onları istədiyim vaxt yeniləri ilə əvəz edir, yox sayırdım. Oyunları mən yaratdığıma görə mexaniki qalib idim, dostlarım ikinci yer uğrunda mübarizə aparırdı. Ənənəvi oyunlar da oynayırdıq. Hə də, nə vaxta qədər yeni oyunlar oynaya bilərdik?! Uşaqlar da birinci olmaq istəyirdilər. Ənənəvi oyunlarda bəxtim gətirmirdi. Gizlənqaçda birinci tapılırdım, qaçdı-tutduda birinci tutulurdum, bənövşədə bəndə düşürdüm. Bir sözlə uduzurdum. Özüm yaratdığım oyunlarda isə məğlubiyyətdən söhbət belə gedə bilməzdi. Uşaqlar mənim qoyduğum qaydalarla qalib gəlsələr belə onlara deyirdim:

– Bu sayılmaz, mən bir qaydanı sizə deməyi unutmuşam. Ağlımda o qaydanı tutub oynadığıma görə uduzdum. Təzədən oynamaq lazımdır.

***

Özümü illeqal üsullarla xüsusiləşdirdiyimdən, əlifba bayramında da mən əsas oğlan olmalı idim. Səhnənin ulduzu, alqışların sahibi məndən başqası ola bilməzdi. Hər şey də buna doğru gedirdi.
Əlifba bayramımızın anonsu belə verilmişdi.

– Uşaqlar, əlifba bayramında göstərəcəyimiz səhnəciklər “ Arşın mal alan” musiqili komediyasından olacaq. Mən özüm musiqini çox sevirəm, incəsənəti duya bilirəm, kifayət qədər komediya da izləmişəm. Daha sizə “Tık-tık xanımı” verə bilməzdim, yaraşmazdı. Mən sənətlə iç-içə böyüyümüşəm, elə gün olmayıb ki evdə mahnı oxumayım. Mənim adıma, sanıma yaraşan səviyyədə səhnəciklər göstərməlisiz. Yaxşı hazırlaşaq, elə olmasın ki, iki gözünüzü basıb bir deşikdən çıxarım.

– Yaxşı müəllim, xorla cavab veririk.

İbtidai sinifdə oxuyanda müəllimimiz də, başqa ibtidai sinif müəllimləri də, tez-tez bu “tənbehdən” istifadə edirdi. Anam da bacılarım da məni bu sözlərlə təhdid edirdilər. “Basıb iki gözünü bir deşikdən çıxararam”. Prosesi təsvir edəndə az qalırdı ağlayam. Qorxurdum. Amma gözlərimin yerindən çıxmasını tam təsəvvür edə bilmirdim. Müəllim yaxınlaşır, iki barmağını qayçı kimi aralayır, iki gözümə soxur, şəhadət barmağı orta barmağa müqayisə də zəif və daha qısa olduğuna görə iki gözüm şəhadət barmağının basıldığı deşikdən çıxır, bəs yaxşı sonra necə olur, axı mənim iki gözüm də çıxdı.
Rollar bölüşülür, müəllim məni Əsgər obrazına layiq görür. Niyə ? Mənə də maraqlıdır. Genetik olaraq, mənə ötürülən fiziki göstəricilər lap uşaqlıqdan bəlli idi, mən yaraşıqlı deyildim. Səliqəsiz geyinirdim. Bundan başqa, kütlə içində danışa bilmirdim, hətta bir dəfə dərsdə ayaq yoluna icazə almağa utanıb, altımı islatmışdım, özümü, fikirlərimi ifadə etməkdə çətinlik çəkirdim. Danışıq qabiliyyətim zəif idi. Mən ancaq uşaqlar arasında danışa bilirdim, böyüklərdən qorxurdum. Məndən Əsgər olmazdı. Amma sual olunsa ki, bu obrazı canlandırmaq istəyirdimmi? Əlbəttə! Özümü türk aktyorlarına bənzədirdim. Özümü türk aktyorlaırna bənzətməyim hər günorta anamla Seda Sayanın verilişinə baxmağımın nəticəsi idi.

Rollar bölüşdürüldükdən sonra məşq prosesi başlamalı idi ancaq baş rol asan əldə olunmur. Mübarizə, iradə və ən əsası bəxt lazımdır.
Növbəti gün “sinifkomun” valideyni sinifə gəldi. Başında quş yuvası olan bu qadın gördüyüm ilk mənfi xarakter idi. Oğlunu nar cubuğu ilə döyürdü.

– Müəllimə, bu necə ola bilər, Vüqar sinifkomdu amma Əsgər rolunu o canlandırmır? Uşağım dünəndən ağlayır, gözünün yaşı qurumayıb. Deyir, mən “Arşın Mal Alan” operasını əzbər bilirəm. Sonra başlayır evin içində oxumağa
– Arşın mal allaaann, arşın mall alan. Arşınn malllll alannnn.
Başında quş yuvası olan valideyn nəfəsini dərir, cibindən qapaqlı telefonunu çıxarır.

– Xahiş edirəm, Əsgər rolunu Vüqara verin əks halda mənim uşağımı döydüyünüzə görə sizi Misir Mərdənova şikayət edəcəm. Əlimdə videolar var.
Dolu, sarı, iti baxışlı orta yaşlı sinif rəhbərimiz çox az fikirləşdi, çünki, təhdid tutarlı idi. İbtidai sinif müəllimimiz hamımızı vəhşicəsinə döyürdü amma Vüqarın üstündə ağlasığmaz üsullar sınayırdı. Onun başını partaya çırpır, belində, başında reykalar sındırır, səsi yanotaqdan eşidilən qapazlar vurur, üzünə tüpürürdü. İbtidai sinif müəllimimiz şagirdi döyməyi, alçaltmağı sevirdi. Evdə həyat yoldaşı ilə dalaşıb məktəbdə acığını bizdən çıxırdı.

Sinif rəhbərimiz cavab verdi:
– Yaxşı, qoy Vüqar olsun əsas obraz.
Müəllimimiz və başında quş yuvası olan valideyn bir birinə yaxınlaşdılar, ağız-ağıza dayandılar.
– Onsuz, o biri uşaq süyümsüz uşaqdı. Vüqar yaraşıqlıdır. Müəllimim pıçıltı ilə dedi.
İkisinin əli də göyərçin qanadına döndü. Sinif rəhbərimiz Vüqarı səslədi

– Vüqar, bura gəl görüm, oğlum. Əsgər obrazını sən oynayacaqsan, yaxşı oyna elə olmasın ki, iki gözünü basıb bir deşikdən çıxarım. Başında quş yuvası olan valideyn və sinif rəhbərimiz gülüşdülər. Vüqar da güldü. Bunlar hamısı bizim gözümüzün qarşısında baş verdi.

***

Əsgər obrazı əldən çıxdı. Mənə “5 rəqəmi” haqqında şeir və dörd nəfərlə ifa elədiyimiz “Gülə-gülə” xalq mahnısı qaldı. Anam isə övladının əlindən alınan rola görə mübarizə aparacaq qədər ambisiyalı deyildi. Ona bu barədə deyəndə ,

– Əşi, yaxşı oldu, demişdi.

“5 rəqəmi” haqqında şeir və “Gülə-gülə” mahnılarını hər məşqdə məharətlə söyləyir, bir tərəfdən də Vüqarın sözlərini əzbərləyirdim. Qızların rəngli örpəklərlə onun başına dolanıb,
“Arşın malçı mal göstər bir-bir yerə sal göstər,

Göstər-göstər hər nə var qızlar bəzənmək istər”
deyə, oxuması çox xoşuma gəlirdi. Qızların ortasında olmaq istəyirdim.

Məşqlər hər dərs günün son saatında baş tuturdu. Müəllim deyəndəki,

– Uşaqlar, dəftər, kitablarınızı yığışdırın məşqə başlayırıq.

Hamımız eşşək kimi anqırırdıq, bir birimizə təpinirik, əl qol atırdıq. Dəqiq ifadə eləmək lazımdısa sevinirdik. Müəllim bir-ikimizi görk olsun deyə ağladana qədər döyməsə sakitləşmirdik.

Məşq bizim üçün də tamaşa idi, rolunu canlı ifa edə bilməyən, sözlərini unudan yoldaşlarımızın döyülməyi bizə ləzzət verirdi. Döyülən sinif yoldaşlarımıza baxıb onların yerində olmadığımıza görə sevinirdik. Məktəb həyatı boyu döyülən uşaqlara baxıb zövq almışam. Təəssüf ki, indi bu məziyyətdən məhrumam və buna görə çox əzab çəkirəm.

Məşqlər davam elədi, hamı sözlərini əzbərlədi. Bizim sinif “Arşın mal alan” musiqili komediyasından müəllimimizin seçdiyi səhnəciklərin sözlərini balaca və təmiz yaddaşına doldurdu.

***

Səhər saat yeddidir. Atam çoxdan işə gedib. Mən valideynlərimin otağında yatmışam. Bacım məni oyadır. Onun səsini quyunun dibindən eşidirəm. Oyanan kimi qarnım ağrıyır, ürəyim bərk-bərk döyünməyə başlayır, həyəcanlanıram. Yerimdə pəncərəyə tərəf fırlanıram. Hava qaranlıqdır. Qaranlıqdan qəsəbənin yiyəsiz və ac küçə itlərinin səsi gəlir. Bizim it də həmcinslərindən geri qalmır. O da hürür, yəqin aclıqdan. Atamın onu çox hürdüyünə görə gecə söyə-söyə döyməyi yadıma düşür. Yerimdə çox qurdalanmıram. Bu gün əlifba bayramıdır. Anam köynəyimi ütüləyir, oyaq bacım ayaqqabımı təmizləyir.

Qışda qəsəbəmizin məktəb yolunun üstündə yazın qəfil gəlişi ilə yoxa çıxacaq gölməçələr əmələ gəlir. Anam məni məktəbə aparanda və gətirəndə həmişə deyir “ayaqlarını aralı qoy, palçığa girmə”, bu səbəbdən sünnətli uşaq kimi gəzirəm, faydası yoxdu palçıq ayaqqabımı, şalvarımın balaqlarını yaman günə qoyur amma ikimiz də öyrəşmişik. Belə olmalıdır.

Şirin çay içirəm, kostyumumu geyinirəm, anamla əl-ələ tutuşub ala qaranlıqda ac, yiyəsiz və itaətkar küçə itlərinin müşayiəti ilə yarısı ibtidai məktəb olan sovetdən qalma uşaq bağçasına yola düşürük. Yolda bağçanın həyətinə bibilərimin, anamın və bacılarımın palaz yumağa getdiyini xatırlayıram. Ora qəsəbənin yeganə asfaltlı yeri idi. Hamı orda palaz yuyurdu. Bacılarım istisna olmaqla hamı rəngbərəng xalatlar geyinirdi. Hamısı danışır, gülürdü. Heç kim palazları niyə burda yuduqlarını soruşmur, palazları uzun yolboyu çiyinlərində daşıdıqlarına görə deyinmir, heç kim etiraz eləmirdi. Belə olmalı idi.

Yolda anama baxıram. Boyu uzundur atamdan da uzun, bunu müşahidə eləmək anam olan hörmətimi və sevgimi artırır. Onun bu qədər böyük olduğu halda atamdan qorxmasını anlaya bilmirəm. Mən sinifdəki böyük qızlardan qorxurdum.

Məktəbə çatırıq. Sinif yoldaşlarımı tez tapıram. Səliqəli geyiniblər, həyəcandan qızarıblar, hamısının əlində bir para vərəq var. Hamısı təkrarlayır. Sinif yoldaşım Kazım yanıma gəlir.

– Vüqarın babası ölüb, o, gəlməyəcək. Müəllim deyir onun yerinə sən olacaqsan.

Mən xoşbəxtlikdən göyə uçuram. Orda sonradan Fransa kralı Gözəl Filipə oxşadacağım adamları görürəm onlar məni salamlayır.


# 1732 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #