"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ
20 oktyabr 2026
# 17:00

Kulis.az “Miksteyp” rubrikasında “Qal, sənə qurban” mahnısı haqqında materialı təqdim edir.

Azərbaycan musiqi xəzinəsində elə mahnılar var ki, onları dinlədikdə kədərin içində doğmalıq, incə bir insan istiliyi hiss edirsən. Bəhram Nəsibovun bəstələdiyi “Qal, sənə qurban” da məhz belə mahnılardandır.

İllər boyu radio və televiziya efirində “xalq mahnısı” kimi təqdim olunsa da, bu nəğmənin arxasında cavabsız suallar, fərqli talelərin kəsişdiyi kədərli yaranma tarixi və üç müəllifin izi dayanır.

Xalq artisti Nəzakət Teymurovanın 2002-ci ildəki solo konsertində ifa etdiyi mahnını dinlədikdə qavalın hər zərbəsində, tarın hər mizrabında illərlə yığılıb qalmış kədəri hiss etmək olur.

Mahnının yaranması ilə bağlı bir-birinə zidd hekayələr mövcuddur.

1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov “Süsən-sünbül” pyesi üzərində işləyərkən “Qal, sənə qurban” şeirini obrazlardan birinin dilindən əsərə daxil edir. Manafov müsahibələrində dəfələrlə bu üç bəndlik mətnin özünə məxsus olduğunu bildirmişdi.

Bəstəkar-gitaraçı Bəhram Nəsibov isə həmin şeirə özündən bir bənd əlavə edir və ona melodiya bəstələyir:

"Amandır, qəlbinə düşməsin əğyar,

Yanağında qara xal, xal sənə qurban..."

Lakin mahnının taleyi bununla bitmir. 1972-ci ildə müğənni Təranə Vəlizadə həyat yoldaşı Eyvaz Həsənovdan küsüb atasının evinə gedir. Eyvaz bəy günlərlə sarsıntı keçirir, hətta soyuq içki içdiyindən səsi batır. Təranə xanım evə qayıdanda masanın üstündə mahnının sözləri yazılmış kağız görür. Eyvaz Həsənov məhz həmin gecə daxili sükutunu və kövrəkliyini ifadə edən məşhur bəndi mətnə əlavə etmişdi:

"Getmə, kimsəsizəm, qal, sənə qurban...

Bu dilsiz, ağızsız lal sənə qurban..."

Ən kədərlisi isə odur ki, Bəhram Nəsibovun peşəkar musiqi təhsili olmadığına görə sovet dövründə onun adı rəsmi mediada müəllif kimi çəkilmirdi. Mahnı uzun illər “xalq mahnısı” kimi efirə verildi. Türkiyə sənətçiləri tərəfindən oxunanda isə bəstəkarın adı tamam unuduldu. Zaman keçdikcə Asif Babazadə kimi başqa adların da bu şeirə müəllifliyini iddia etməsi bir tərəfdən nəğmənin xalqın qəlbində tutduğu böyük yerdən, digər tərəfdən sahibsiz qalan incilərin acınacaqlı taleyindən xəbər verir.

“Qal, sənə qurban” mətni təkidli yalvarış deyil. Bu, sevən insanın bütün qürurunu kənara qoyub göstərdiyi saf fədakarlıqdır. Mətndəki “qurban” kəlməsi sadəcə xitab deyil, varlığını sevdiyi insanın varlığında əritmək istəyən aşiqin ruh halıdır.

Mahnı fəlsəfi misralarla açılır:

"Getmə, kimsəsizəm, qal, sənə qurban,

Bu dilsiz, ağızsız lal sənə qurban.

Məndən şirin dilli, mən dərdli dili...

Çağırsan, gələrəm, gəl, sənə qurban..."

Buradakı “dilsiz, ağızsız lal” təşbehi insanın dərdin qarşısında sözsüz qalmasını ifadə edir. Bəzən böyük sevgini ifadə etməyə sözlər bəs etmir. Baxış, sükut və yanında qalmaq istəyi hər şeyi demək üçün kifayət edir.

Nəzakət Teymurova həmin konsertdə xalq çalğı alətləri orkestrinin həzin müşayiəti ilə mahnını sadəcə oxumur, sanki Bəhram Nəsibovun, Eyvaz Həsənovun və o dövrün itirilmiş sevgiləri adından fəryad edir. Xüsusilə nəqarətdəki zillər və kövrək xanəndə səsi dinləyicini birbaşa 1970-ci illərin Bakı küçələrinə aparır.

“Qal, sənə qurban”ı təkcə bəstəkar mahnısı kimi qiymətləndirmək azdır. O, teatr pyesindən doğulan, inciklik yaşanan evdə kağıza köçürülən, müəllifsiz qalsa da, xalqın qəlbinə yoltapan zamansız sevgi nəğməsidir.

Bəhram Nəsibovun bu ölməz əsəri hər səslənəndə əsl sənətin diplomun, titulunun olmadığını xatırladır. Onun pasportu yalnız insan qəlbidir.

# 92 dəfə oxunub

Oxşar xəbərlər

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
320 tonluq gəmini dağın başına çıxaran adam - Kino tarixinin inanılmaz hekayəsi

320 tonluq gəmini dağın başına çıxaran adam - Kino tarixinin inanılmaz hekayəsi

15:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər