Kulis.az Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadənin "Kiçik pəncərədən görünən dünya" memuarından bir parçanı təqdim edir.
1926-cı ilin baharında türkoloji qurultay açıldı. Böyük şair, dramaturq və filosofumuz Mirzə Fətəli Axundovun irəli sürdüyü əlifbamızın yeniləşməsi fikri ancaq sovet dövründə öz inkişafını tapdı və nə qədər zəruri olduğunu isbat etdi. Türkoloji qurultaydan əvvəl başda Səmədbəy Ağamalıoğlu olmaqla Mirzə Cəlil Məmmədquluzadə, Xuluflu, Xalid Səiddən ibarət olan komissiya Türküstan, Tatarıstan, Qazaxıstan və Krıma gedib yeni əlifbanın həyata keçməsində böyük iş aparmışdılar.
Türkoloji qurultaya Türkiyədən də nümayəndə heyəti gəlmişdi. Bu heyətdə türkiyəli Körpülüzadə Məhəmməd Fuad və bir də azərbaycanlı, vaxtı ilə tanınmış yazıçı və jurnalist Əli bəy Hüseynzadə də var idi.
Azərbaycan sovetləşəndən sonra birinci dəfə idi ki, Əli bəy Hüseynzadə Bakıya gəlirdi. Yeni əlifba komitəsinin üzvlərindən olan Xalid əfəndi Xocayev özbək idi. Təhsilini Türkiyədə almışdı. Bakıda müəllimlik edirdi. Xalid əfəndi Türkiyədən gələn qonaqları evlərinə dəvət etmişdi. Təsadüf elə gətirdi ki, mən də həmin qonaqlıqda oldum.
Xalid əfəndi əmim Rzaqulu ilə bacanaq idi. Bakının o vaxtkı Spasski (sonra Qasım İsmayılov, hazırkı Zərgərpalan) küçəsində yaşayırdılar. Bəhicə adlı bir qızları da vardı. Bu qonaqlıqda Cahan və mən ev sahibəsi Sitarə bacıya kömək edirdik. Cahan Talışinskaya Xalid əfəndinin arvadı Sitarə xanımın kiçik bacısı idi.
Qonaqların arasında Əli bəy Hüseynzadə, Fuad Körpülüzadə, Mirzə Cəlil Məmmədquluzadə, Rzaqulu Nəcəfzadə, Hüseyn Cavid, Xalid əfəndinin qonşusu, Türkiyədə təhsil almış bakılı doctor Orxanbəyli var idi.
Qurban Primov tar çalırdı. Əmim Rzaqulu isə oxuyurdu. Hərdən də Orxanbəylinin çəkdiyi qəhqəhə məclisi daha da şənləndirirdi. Mən hələ ömrümdə belə sirayətedici qəhqəhə eşitməmişdim. Orxanbəyli çox ucadan, pərdə-pərdə artan qəhqəhəyə başlar, başını dala ataraq uğunub gedərdi. Məclisin axırında Qurban dayı segah dəstgahını başladı. Əmim Rzaqulu isə Füzulinin “Pənbeyi daği cünun içrə nihandır bədənim” qəzəlini çox ürəkdən və çox da yanıqlı səslə oxuyurdu. Bu qəzəlin axırında Füzuli deyir:
Bülbüli-qəmzədəyəm, bağu-baharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.
Edəməm tərk Füzuli, səri-kuyin yarın
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!
Əli bəy dirsəklərini stolun üstünə dayadı və başını əlləri arasına aldı. Üzü görünmürdü. Çiyinlərinin tərpənişindən ağladığı aşkar bilinirdi. Mirzə Cəlil vəziyyəti hamıdan tez başa düşdü, odur ki, üzünü Xalid əfəndiyə tutaraq zarafatca:
- Qoçam, mənə bir stəkan su!.. – dedi.
Əmim Qurban dayıya işarə elədi. Qurban dayı tarda bir diringi çalmağa başladı. Orxanbəyli isə fürsətdən istifadə edib bülbül cəhcəhinə bənzər qəhqəhəsilə otaqda bir canlanma yaratdı. Əli bəy başını qaldırdı… gözlərindən axan yaş vətən məhəbbəti, vətən həsrəti yolunda idi. Mətləbin üstünü heç kəs açmadı. Məclisin havası dəyişmişdi…