"Sevgi hər şey olduğunu bilməkdir..." - Məşhur hind filosofdan deyimlər

"Sevgi hər şey olduğunu bilməkdir..." - Məşhur hind filosofdan deyimlər
8 sentyabr 2026
# 15:30

Bu gün məşhur hind filosof, ruhani lider, quru Nisarqadatta Maharajın anım günüdür.

Kulis.az onun çıxışlarından bəzi fikirləri təqdim edir.

Saxta olan hər zaman səni əziyyətə salan şeydir – saxta arzu və qorxular, saxta dəyər və ideyalar, insanlar arasındakı saxta münasibətlər. Saxtanı at, onda ağrıdan azad olarsan; həqiqət xoşbəxt edər, həqiqət azad edər.

***

Müdriklik heç nə olmadığını bilməkdir, sevgi hər şey olduğunu bilməkdir və həyat bu ikisinin arasında axıb gedir.

***

Ehtiyacın olmayan şeyləri diləməyi dayandıranda ehtiyac duyduğun hər şeyi alacaqsan.

***

Yolun məhz məqsədin özü olduğunu və hər hansı bir nöqtəyə çatmaq üçün deyil, onun gözəlliyindən, müdrikliyindən zövq almaq üçün həmişə yolda olduğunu anlayanda, həyat artıq bir öhdəlik olmaqdan çıxır, sadə və təbii bir hala gələrək özlüyündə bir səadət səhrasına çevrilir.

***

Sizə sadəcə sakit bir ağıl lazımdır. Ağlınız sakitləşən kimi hər şey öz yerini tapacaq. Günəş doğanda dünyanı necə hərəkətə gətirirsə, özünüdərk də ağılda eləcə dəyişikliklər yaradır. Təmkinli və sabit özünüdərkin işığında daxili enerjilər oyanır və sizin heç bir sərf etmədən möcüzələr yaradır.

***

Ağıl uçurum yaradır, ürək isə onu adlayıb keçir.

***

Tək istədiyiniz xoşbəxt olmaqdır. Hansı formada olursa-olsun, bütün arzularınız xoşbəxtlik həsrətidir. Əslində, özünüzə yaxşılıq arzulayırsınız... Arzunun özü yanlış deyil. O, həyatın özüdür, bilik və təcrübədə böyümək istəyidir. Yanlış olan sizin seçimlərinizdir. Hansısa xırda şeyin – yemək, seks, güc, şöhrət – sizi xoşbəxt edəcəyini düşünmək özünü aldatmaqdır. Yalnız sizin əsl varlığınız qədər dərin və usuz-bucaqsız olan bir şey sizi həqiqətən və qalıcı şəkildə xoşbəxt edə bilər.

***

Anlamağa çalışmayın! Yanlış anlamamağınız bəs edər.

***

Sevgi seçici deyil, arzu seçicidir. Sevgidə yadlar olmur. Eqoizm mərkəzi artıq qalmadıqda, həzz arzusu və ağrı qorxusu da yox olur, artıq insan xoşbəxt olmaqla maraqlanmır.

***

Səndəki şüur ilə məndəki şüur, zahirən iki görünsə də, əslində birdir, birliyə can atır və bu, sevgidir.

***

Sual: Məsləhət görürsən ki, eqoizm həddinə çatacaq dərəcədə özümə qapılım. Məgər başqa insanlara olan marağımdan da keçməliyəmmi?

Maharaj: Başqalarına olan marağınız eqoistdir, özünüzə yönəlib, özünüzlə maraqlanırsınız. Siz başqaları ilə fərd olaraq deyil, yalnız onların sizin öz haqqınızdakı təsəvvürünüzü zənginləşdirdiyi və ya ucaltdığı qədər maraqlanırsınız. Eqoizmin zirvəsi isə yalnız öz bədəninin qorunması, saxlanılması və çoxalması ilə maraqlanmaqdır. Bədən dedikdə adına və formasına aid olan hər şeyi nəzərdə tuturam – ailəniz, tayfanız, ölkəniz, irqiniz və s. Öz adınıza və formanıza bağlanmaq eqoizmdir. Nə bədən, nə də ağıl olmadığını bilən insan eqoist ola bilməz, çünki onun eqoistlik edəcəyi heç nəyi yoxdur. Və ya deyə bilərsiniz ki, o, qarşılaşdığı hər kəs üçün eyni dərəcədə "eqoistdir"; hər kəsin rifahı onun öz rifahıdır. "Mən dünyayam, dünya özüməm" duyğusu tamamilə təbii hala gəlir; bu qurulduqdan sonra artıq eqoist olmağın heç bir yolu qalmır. Eqoist olmaq bütünə qarşı hissənin adından tamah salmaq, əldə etmək, toplamaq deməkdir.

***

Ağıldakı çaxnaşmalar kəsilmədən yüz dəfə ölə bilərsiniz. Və ya bədəninizi qoruyub təkcə ağılda ölə bilərsiniz. Ağlın ölümü müdrikliyin doğuluşudur.

***

Ehtiyacın olan hər şey onsuz da içindədir, sadəcə özünə hörmət və sevgi ilə yanaşmalısan. Özünü qınamaq və özünə inamsızlıq ağır səhvlərdir. Ağrıdan daimi qaçışınız və həzz axtarışınız özünüzə bəslədiyiniz sevginin əlamətidir, sizdən yeganə xahişim budur: Özünüzə olan sevginizi qüsursuz edin. Heç nəyi əsirgəməyin – özünüzü sonsuzluğa və əbədiyyətə qərq edin və anlayın ki, onlara ehtiyacınız yoxdur; siz bunlardan da ötəsiniz.

**

Nə baş verirsə, sənin tərəfindən, sənin üçün, sənin vasitənlə baş verir; sən qavradığın hər şeyin yaradıcısı, zövq alanı və məhvedicisisən.

***

Mütləq mükəmməllik haradasa yaxın və ya uzaq gələcəkdə deyil, burada və indidir.

***

Özünüz haqqında nə düşünməyinizdən asılı olmayaraq hər şeyi kənara qoyun və mükəmməllik anlayışınız nə olursa olsun, elə davranın ki, sanki mütləq şəkildə mükəmməlsiniz.

***
Tək ehtiyacınız olan cəsarətdir.

***

Əşyalarla davranmaq üçün əşyalar haqqında bilik lazımdır. İnsanlarla davranmaq üçün uzaqgörənlik və rəğbət lazımdır. Özünlə davranmaq üçün isə heç nəyə ehtiyac yoxdur. Olduğun kimi ol, şüurlu varlıq ol və özündən uzaqlaşma.

***

Həmişə elə anlar olur ki, insan özünü boş və yadlaşmış hiss edir. Belə anlar çox arzuolunandır, çünki bu, ruhun öz lövbərlərini qoparıb uzaq sahillərə doğru üzməsi deməkdir. Bu, təcrübiləşməkdir – köhnə bitdiyi və yenisinin hələ gəlmədiyi an. Əgər qorxursunuzsa, bu hal sizə narahatlıq verə bilər, amma əslində qorxulu heç nə yoxdur. Təlimatı xatırlayın: qarşınıza nə çıxırsa, ötəsinə keçin...

***

Özünə o qədər nəhəng bir həbsxana tikmisən ki. İndi isə onu dağıtmaq üçün eyni qədər enerji sərf et. Əslində, dağıtmaq asandır, çünki saxta olan üzə çıxarıldığı an yox olub gedir.

***

Sabit inam taledən daha güclüdür. Tale səbəblərin nəticəsidir, əsasən təsadüfidir və məhz buna görə də zəif toxunub. İnam və gözəl ümid onu asanlıqla üstələyəcəkdir...

# 71 dəfə oxunub

Oxşar xəbərlər

"Ağıl və dərrakə hisslərin könüllü qullarıdır..." - Alman mütəfəkkirdən sitatlar

"Ağıl və dərrakə hisslərin könüllü qullarıdır..." - Alman mütəfəkkirdən sitatlar

13:50 8 sentyabr 2026
"Məgər gülüş sayəsində insan qala bilmərikmi?" - Amerikalı romançıdan sitatlar

"Məgər gülüş sayəsində insan qala bilmərikmi?" - Amerikalı romançıdan sitatlar

16:00 7 sentyabr 2026
Mərcan xala və polipləri - Orxan Saffarinin hekayəsi

Mərcan xala və polipləri - Orxan Saffarinin hekayəsi

13:36 7 sentyabr 2026
"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

12:00 7 sentyabr 2026
Ördək balası - Yeni hekayə

Ördək balası - Yeni hekayə

10:55 7 sentyabr 2026
Omaroğlunun qayıtması - Vaqif Nəsibin hekayəsi

Omaroğlunun qayıtması - Vaqif Nəsibin hekayəsi

12:30 6 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər