"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə

"Ümid yeri saydığın adamlara yaxından baxanda..." - Corc Oruellin "1984" əsərindən bir hissə
8 iyun 2026
# 10:00

8 iyun 1949-cu ildə görkəmli ingilis yazıçı Corc Oruellin "1984" romanı nəşr olunub.

Kulis.az romandan bir hissəni Vilayət Quliyevin tərcüməsində təqdim edir.

Haradansa, dəhlizin dərinliklərindən qovrulmuş qəhvə ətri gəlirdi. “Qələbə” qəhvəsinin yox, əsl qəhvənin ətri! Uinston qeyri-iradi ayaq saxladı. Bir neçə saniyəliyə uşaqlıq illərinin yarıunudulmuş dünyasına qayıtdı. Sonra qapı bağlandı. Qəfil qırılan səs bir daha eşidilmədiyi kimi qapı arxasında qalan qəhvə qoxusu da kəsildi. Küçələrdə bir neçə saat dolaşdı. Ayağındakı varikoz yarası yenə zoqquldayırdı. Son üç həftədə ikinci dəfə idi ki, İctimai Mərkəzin təşkil etdiyi axşamlara getmirdi. Kobud səhvə yol verirdi.

Aydın məsələdir ki, orada davamiyyət diqqətlə yoxlanılır. Əslində, Partiya üzvünün boş vaxtı yox idi. Yuxu istisna olunmaqla o, heç zaman tək qalmırdı. İş, yemək və yatmaq saatlarından başqa, qalan bütün vaxtını ictimai fəaliyyətə sərf etməli idi. Tənhalıq meylinə, hətta təkbaşına, yoldaşsız gəzib-dolaşmağa yaxşı baxılmırdı. Yenidildə bu meyillə bağlı söz də vardı – özyaşar, yəni tənha, fərdiyyətçi, yalnız özü üçün yaşayan adam. Uinston riskə yol verdiyini bilsə də, axşamüstü Nazirlikdən çıxarkən aprel havasının ilıq mehi onu təkbaşına qəzməyə şirnikləndirmişdi.

Səmanın belə lacivərd rəngini son bir neçə ildə ilk dəfə görürdü. Bu ilıq havalı bahar axşamı ilə müqayisədə İctimai Mərkəzdəki uzun, səsliküylü tədbirlər, darıxdırıcı oyun və mühazirələr, yağlıtəhər cinin yaratdığı qeyri-səmimi ünsiyyət abhavası birdən-birə ona dözülməz görünmüşdü. Ani hissin təsiri ilə düz avtobus dayanacağından geri dönüb özünü Londonun başgicəlləndirici labirintinə atmışdı. Əvvəlcə cənuba, sonra şərqə, ardınca da şimal istiqamətinə üz tutmuşdu. Axırda naməlum küçələrdə yolu itirmiş, ayağının apardığı səmtə getməyə başlamışdı. “Əgər tək ümid varsa, o da prollara olan ümiddir” – gündəliyində belə yazmışdı. Mistik inancla gözgörəsi səfehliyin bir-birinə qarışdığı bu ifadə bayaqdan beynində dolaşırdı. Deyəsən, bir vaxtlar Sent-Pankras vağzalının yerləşdiyi şimal-şərq səmtinə, yoxsullar məhəlləsinə gəlib çıxmışdı. Əyri-üyrü qapıları olan kiçik iki mərtəbəli evlərin sıralandığı daş döşənmiş küçə ilə gedirdi. Qapılar hamısı səkiyə açılırdı. Bəlkə də, bu səbəbdən evlər adama siçovul yuvalarını xatırladırdı. Küçə boyu ara-sıra çirkab gölməçələrinə təsadüf olunurdu.

Həm giriş qapılarının önündə və içərisində, həm də hər iki tərəfə açılan dar dalanlarda xeyli adam gözə dəyirdi. Dodaqlarını bayağı tərzdə boyayıb qızartmış cavan qızlar, onların dalınca sülənən ərgən oğlanlar, qızların on-on beş il sonrakı vəziyyətlərinin əyani nümunəsi adlandırıla biləcək iri dallı, şişman qadınlar, ayaqlarını bir-bir götürüb-qoyan beli bükülmüş qarılar, çirkli gölməçələrdə oynayan, analarının qışqırtısını eşidən kimi qaçıb dağılışan ayaqyalın, başıaçıq, çirkli-paslı uşaqlar hər tərəfi bürümüşdü. Az qala, hər üç-dörd pəncərənin biri sınıq idi, çalınçarpaz taxtalarla mıxlanmışdı. Uinstona diqqət yetirən yox idi. Amma arada onu ehtiyat qarışıq maraqla süzən tək-tük adamlar tapılırdı. Qapıların birinin qarşısında eni ilə uzunu eyni olan iki qadın qırmızı əllərini önlüklərinin üstündə çarpazlayıb oturmuşdu. Yaxınlaşanda danışıqlarının bir neçə cümləsi aralıdan qulağına çatdı.

– Hə, deyirəm, bunlar hamısı çox yaxşıdır. Mənim yerimdə olsaydın, sən də eyni şeyi eləyərdin, deyirəm. Kənarda durub danışmaq asandır, mənim çəkdiklərimi sən də çəksəydin, deyirəm...

– Elədir, – deyə o birisi təsdiqləyirdi. – Elə məsələ də bundadır. Səslər qəfildən kəsildi. Tuşlarına çatanda qadınlar məkrli halda susub diqqətlə ona baxdılar. Düşmən kimi baxmırdılar, sadəcə, qarşılarına indiyə qədər görmədikləri qəribə canlı çıxıbmış kimi, qorxu və ehtiyatla gözdən keçirirdilər. Partiya üzvünün göy kombinezonu bu küçələrdə nadir hallarda görünürdü. Konkret bir işin olmasa, belə yerlərə gəlməyin özü ağılsızlıq idi. Qarşısına patrul çıxsaydı, mütləq saxlayacaqdılar. “Sizin sənədlərinizə baxa bilərikmi, yoldaş? Burada nə edirsiniz? İşdən saat neçədə çıxmısınız? Evə həmişə bu yolla gedirsiniz?” – və digər bir-birinə bənzəyən suallar... Evə fərqli yollarla gedib-gəlmək qadağan edilməmişdi. Lakin Fikir Polisi hər gün yolunu dəyişməyindən xəbər tutsaydı, nəzarətə götürülməyin üçün kifayət idi. Birdən bütün küçə hərəkətə gəldi. Hər tərəfdən xəbərdarlıq çığırtıları eşidildi. Adamlar dovşan kimi qaçıb özlərini içəri saldılar. Uinstonun bir neçə addımlığında qapıdan cavan bir qadın küçəyə sıçradı, gölməçədə oynayan oğlan uşağının golundan yapışıb ani hərəkətlə önlüyünə bükdü, təzədən geri qaçdı. Eyni anda tində əyninə qarmonabənzər qara kostyum geyinmiş kişi göründü, Uinstona tərəf qaçıb əli ilə yuxarını göstərərək:

– Parovoz! – deyə qışqırdı. – Yuxarı bax, komandir! Parovoz gəlir. İndicə düz başına düşəcək. Tez, tez ol yerə uzan.

Prollar nədənsə raket mərmisinə “parovoz” deyirdilər. Uinston bir göz qırpımında üzü üstə yerə sərildi. Prollar belə təsadüflərdə heç vaxt yanılmırdılar. Mərmi səsdən sürətli hərəkət etsə də, elə bil, hansısa fövqəltəbii instinkt düşmə istiqamətini bir neçə saniyə əvvəl onlara xəbər verirdi. Uinston əlləri ilə başını tutmuşdu. Partlayış səsi bütün küçəni lərzəyə saldı. Belinə yağış damlaları kimi tappıltı ilə nəsə töküldüyünün fərqinə vardı. Bir azdan silkələnib ayağa duranda şüşə qırıqları olduğunu gördü. Yoluna davam etdi. Təxminən, iki yüz addımlıqda mərmi bir neçə evi dağıtmışdı. Göydən hələ də qara tüstü sütunu sallanırdı. Əhəng tozunun içindən güclə görünən adamlar dağıntı yerinə toplanırdılar.

Düz qarşısında, səkinin ortasında kiçik əhəng tozu qalağı vardı. Üstündə tünd-qırmızı rəngli ləkə görünürdü. Uinston qalağa yaxınlaşanda ləkə saydığı şeyin biləyindən qopmuş insan əli olduğunu gördü. Köpüklənmiş qıpqırmızı qanın dəymədiyi yerlərdə əlin, sanki, gipsdən düzəldilmiş kimi ağappaq və hamar olduğu diqqətini çəkdi. Əli təpiklə vurub səkinin kənarındakı çirkab kanalına atdı. Adamlara çox yaxınlaşmamaq üçün sağ tərəfdəki döngəyə buruldu. Üç-dörd dəqiqə sonra partlayış zonasından çıxdı. Ətrafdakı küçələr heç nə olmayıbmış kimi öz solğun və miskin həyatı ilə yaşayırdı. Axşam saat səkkizə yaxınlaşırdı.

Prolların pivə dükanlarında (ona öz aralarında “pab” deyirdilər) iynə atsan, yerə düşməzdi. Aramsız açılıb-örtülən çirkli qapılardan hər tərəfə turşumuş pivə, sidik və çürük taxta ovuntusunun iyi yayılırdı. Küçənin tinindəki evin yanında bir-birinə sıxılmış üç kişi dayanmışdı. Ortadakı, əlində açıq qəzet tutmuşdu, qalan iki nəfər isə onun çiyinləri üzərindən diqqətlə qəzetə baxırdılar. Uinston nisbətən yaxına gələndə də sifətlərinin ifadəsini seçə bilmədi. Amma hərəkətlərindən hansısa məsələ ilə çox
bərk maraqlandıqları sezilirdi. Yəqin, mühüm xəbər oxuyurdular. Onlara lap yaxınlaşanda üçlük birdən ayrıldı. İki nəfər əl-qolunu ölçə-ölçə qızğın mübahisəyə başladı. Belə getsə, bir azdan yumruqlar işə düşəcəkdi.

– Qulaq as, gör sənə nə deyirlər, başıboş! Yeddi rəqəmi ilə qurtaran nömrə axırıncı on dörd ayda bir dəfə də udmayıb.
– Mən isə deyirəm, udub!
– Mən isə deyirəm, yox! Son iki ilin bütün nəticələrini evdə kağıza yazmışam. Hər şeyi saat dəqiqliyi ilə qeydə alıram. Bir də sənə deyirəm ki, yeddi ilə qurtaran...
– Yox, elə məhz yeddi ilə qurtaran udub. Mən o nömrəni əzbər bilirəm. Son rəqəmləri dörd və yeddi idi. Fevral ayında, fevralın ikinci yarısında...
– Yalansa sənin lap!.. Dedim axı, hamısını bircə-bircə yazıram. Yenə deyirəm, bir dəfə də olsun sonu yeddi rəqəmi ilə...
– Daha bəsdir, qurtarın! – deyə üçüncü adam mübahisəyə qatıldı.
Aydın idi – onlar Lotereya haqqında danışırdılar. Bir neçə addım aralanandan sonra Uinston çevrilib arxaya baxdı. Yenə sifətləri qızarıb-pörtmüş halda, qışqıra-qışqıra, əllərini ölçə-ölçə mübahisə edirdilər. Lotereya özünün həftəlik nağılvarı uduşları ilə prolların ciddi maraq göstərdikləri ən mühüm ictimai hadisə idi. Təxminən, bir neçə milyon adam üçün Lotereya uduşu həyatın yeganə də olmasa, əsas məqsədlərindən sayılırdı. Lotereya onların sevinci, ümidi, dəliliyi, intellektual fəallıq mənbəyi idi.

Maraq o qədər böyük idi ki, hətta oxuyub-yazmağı güclə bacaran adamlar da Lotereya söhbəti gələndə mürəkkəb hesablama məharəti və qeyri-adi yaddaş nümayiş etdirirdilər. Böyük bir dəstə uduş sistemlərinin, uğur qazanmaq ehtimallarının, hətta gözmuncuğuların satışından yaxşı pul qazanırdı.
Uinstonun Rifah Nazirliyinin nəzarəti altında olan lotereya biznesi ilə heç bir əlaqəsi yox idi. Amma hər tirajdan sonra elan edilən böyük uduşların, əslində, saxtakarlıq olduğunu bilirdi. ( Partiyada bunu bilməyən yox idi). Yalnız kiçik məbləğlər ödənilirdi. Böyük məbləğləri isə xəyali şəxslər udurdular. Okeaniyanın ayrı-ayrı hissələri arasında normal əlaqə qurulmadığı şəraitdə bu saxtakarlığı həyata keçirmək elə də çətin iş deyildi.

“Əgər tək ümid varsa, o da prollara olan ümiddir”. Bu fikirdən bərk yapışmaq lazımdır. Əlbəttə, onu sözlə ifadə edəndə güclü səslənir, ümid yeri saydığın adamlara yaxından baxanda isə belə fikrə düşməyin özü qəhrəmanlıq kimi görünür. Burulduğu küçə üzüaşağı enirdi. Buralar ona dumanlı da olsa, tanış gəlirdi. Haradasa, yaxınlıqda prospektə çıxış olmalı idi. Qabaqdan danışıq səsi gəlirdi. Dar küçənin qurtaracağında meydançaya enən pilləkənlər vardı. Bu meydançada çox vaxt köhnə, öləzimiş göy-göyərti satırdılar. Yalnız indi harada olduğunu xatırladı. Prospektə çıxış da burada idi. Beş dəqiqəlik məsafədəki növbəti döngədə xırdavat dükanı yerləşirdi. İndi gündəliyini yazdığı qeyd kitabçasını da oradan tapmışdı.

Bir az aralıdakı dəftərxana ləvazimatı satılan dükandan isə qələmlə mürəkkəb almışdı. Pilləkənin başında bir anlıq ayaq saxladı. Küçənin üzbəüz səmtində ilk baxışdan şüşələri tutqun görünən, əslində isə tozdan çirklənib-bozarmış balaca, çirkli pivəxana vardı. Beli bükülmüş, amma hərəkətlərindən diribaşlıq yağan, ağ bığları xərçəng ayaqlarını xatırladan bir qoca cırıltılı qapını açıb özünü pivəxanaya saldı. Dayanıb ətrafına baxan Uinston fikirləşdi ki, yaşı səksəni haqlayan qoca İnqilab zamanı, yəqin, ortayaşlı bir adam olub. Həm bu qoca, həm də onun həyatdakı tək-tük həmyaşıdları yoxa çıxmış kapitalizm dünyası ilə əlaqənin sonuncu bağlarıdır. Partiyada həyata baxışları İnqilabdan əvvəl formalaşan belə adamlar çox az idi.

Əllinci və altmışıncı illərin böyük təmizləmələri zamanı köhnə nəsil nümayəndələrinin çoxu məhv edilmişdi. Tək-tük salamat qalanları isə elə qorxutmuşdular ki, ağıl və düşüncə qabiliyyətlərini həmişəlik itirmişdilər. Odur ki, əsrin birinci yarısı haqqında az-çox həqiqəti danışmağa qabil adamları (əgər belələri vardısa) yalnız prolların arasından tapmaq olardı.

Uinston uşaqlar üçün tarix kitabından gündəliyinə köçürdüyü sətirləri xatırladı. Ağlına dəli bir fikir gəldi. Bu dəqiqə pivəxanaya girəcək, qoca ilə tanış olacaq, suallarına cavab istəyəcək. Ona deyəcək: “Zəhmət olmasa, danışın, uşaqlıq illərinizi necə keçirmisiniz? O zaman həyat necə idi? Yaşayış bizim vaxtdakından yaxşı idi, yoxsa pis?”

Sonradan qorxub fikrindən daşınmamaq üçün tələsik addımlarla aşağı endi, dar küçənin qarşı tərəfinə keçdi. Ağılsızlıq etdiyini bilirdi. Düzdür, prollarla danışmağa, yaxud onların pivəxanalarına getməyə rəsmən qadağa qoyulmamışdı. Lakin belə qəribə hərəkətin diqqətdən kənarda qalacağını düşünmək də sadəlövhlük olardı. Əgər patrullar gəlsəydilər, qəflətən halı pisləşdiyindən bura girdiyini deyə bilərdi. Təbii ki, çətin inanacaqdılar. Qapını itələyib açan kimi qaxsımış pendir və qıcqırmış pivə iyi burnuna vurdu. İçəri girəndə pivəxanadakıların səs-küyü yarıbayarı azaldı. Uinston arxanı görməsə də, hamının nəzərlərinin onun göy rəngli partiya kombinezonuna zilləndiyini hiss edirdi. Əllərindəki kiçik oxlarla küncdəki hədəfi nişan alıb atan oyunçular da azı, yarım dəqiqəliyinə ara verdilər. Arxasınca gəldiyi qoca, piştaxtanın qabağında barmenlə – iri gövdəsi, əyri burnu və kök əlləri olan cavan oğlanla höcətləşirdi. Əllərində pivə parçları olan müştərilər bir kənarda dayanıb baxırdılar.
– Səndən adam kimi xahiş edirlər, – qoca sinəsini qabağa verib xoruzlanırdı. – Sən isə deyirsən ki, bu avara pivəxananda bir pintlik parç yoxdur.
– Başa düşmürəm, bu pint dediyin nə zəhrimardır, – deyə barmaqlarının ucu ilə piştaxtaya dayaqlanan barmen soruşurdu.
– Eşitdiniz, nə deyir? Hələ adını barmen qoyub, pintin nə olduğunu bilmir. Pint yarım kvartadır. Dörd kvarta isə bir qallondur. Bəlkə, burada sənə əlifba öyrətməliyəm?
– Ömrümdə eşitməmişəm, – barmen eynini pozmadan dilləndi. – Biz litrlə, yarım litrlə satırıq. Pivə parçlarının hamısı da göz qabağındadır.
– İstədiyim, sadəcə, bir pint pivədir, – qoca sakitləşmək bilmirdi. – Bir pint pivə süzmək sənə belə çətindir? Axı mənim vaxtımda sizin bu lənətə gəlmiş litrlər, yarım litrlər yox idi.
– Sənin vaxtında hamı ağacda yaşayırdı, – barmen müştərilərə baxıb mübahisəyə son qoyan tərzdə dilləndi.

Möhkəm gülüşmə düşdü. Uinstonun gəlməsi ilə yaranan naqolaylıq öz-özünə aradan götürüldü. Qocanın tükləri ağarmış sifəti indi də qızarıb-pörtmüşdü. Əsəbiliklə geri dönəndə Uinstonla toqquşdu. Uinston hörmətlə onun qoluna girdi.
– İcazə verin, sizi pivəyə qonaq eləyim, – dedi.
– Siz çox nəcib adamsınız, – deyə qoca yenə bayaqkı kimi sinəsini qabağa verdi. Deyəsən, heç Uinstonun əynindəki göy rəngli kombinezonu da görməmişdi. Hikkəli əda ilə barmenə tərəf çevrildi. – Bir pint pivə süz. Bir pint deyirəm, başa düşdün?
Barmen iki yarımlitrlik parçı piştaxtanın altındakı çəlləkdə yaxaladı, qara-qəhvəyi rəngə çalan pivə ilə doldurub onlara tərəf itələdi. Prolların pablarında pivədən başqa heç nə vermirdilər. Amma onlara cin satılmasa da, tünd içki tapmaq elə çətin deyildi. Ox atanlar təzədən qızışmışdılar.

Piştaxtanın qabağına toplaşan müştərilər isə yenə Lotereya biletlərindən danışırdılar. Uinstonun içəridə olması, deyəsən, hamının yadından çıxmışdı. Qoca ilə pəncərənin qarşısındakı masada üzbəüz oturmuşdular. Heç kəsin söhbətlərini eşidəcəyindən qorxmadan arxayın danışa bilərdilər. Uinston bura gəlməklə özünü böyük təhlükə qarşısında qoyduğunu başa düşürdü. Amma xoşbəxtlikdən pivəxanada teleekran yox idi. Buna içəri girən kimi diqqət yetirmişdi.
– Mənə bir pint də süzə bilərdi, – deyə parçın arxasından sifəti güclə görünən qoca yenə deyinirdi. – Yarım litr azdır. Heç pivənin dadını əməlli-başlı hiss etmirsən. Bir litr isə çoxdur. Sonra tualetin yolunda qalırsan. Hələ qiymətini demirəm...

# 138 dəfə oxunub

Oxşar xəbərlər

"Kütlə həqiqəti sevmir..." - "İntellektualların xəyanəti" kitabından sitatlar

"Kütlə həqiqəti sevmir..." - "İntellektualların xəyanəti" kitabından sitatlar

13:00 7 iyun 2026
Təbəssüm - Rey Bredberinin hekayəsi

Təbəssüm - Rey Bredberinin hekayəsi

12:00 5 iyun 2026
Balaca qadın -  Frans Kafkanın novellası

Balaca qadın - Frans Kafkanın novellası

18:45 3 iyun 2026
Alman kilsəsi - Afaq Məsudun hekayəsi

Alman kilsəsi - Afaq Məsudun hekayəsi

10:00 3 iyun 2026
"Çox vaxt "yox" sadəcə "bəli"nin ön sözüdür..." - İngilis şairdən sitatlar

"Çox vaxt "yox" sadəcə "bəli"nin ön sözüdür..." - İngilis şairdən sitatlar

13:40 2 iyun 2026
Sezai bəy - Orxan Kamalın hekayəsi

Sezai bəy - Orxan Kamalın hekayəsi

11:00 2 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər