Cənnətdən çiçək... - Aynurə Abbaszadə

Aynurə Abbaszadə

Aynurə Abbaszadə

2 dekabr 2021
# 13:01

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aynurə Abbaszadənin “Cənnətdən çiçək...” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Yadıma gəlir. Uşaq vaxtı anam hər gün bulaqdan su gətirməyə gedəndə mənə bir Xarı bülbül gətirərdi. Xarı bülbülü çox sevirdim çünki. İndi məndən niyəsini soruşsalar, deyə bilmərəm niyə. Rəngimi, yoxsa ətrimi xoşuma gəlirdi, ya başqa nəsə bilmirəm. Amma sadəcə sevirdim onu. Oturub saatlarla ona tamaşa edirdim niyəsini bilmədən. bəlkə də, Şuşamın iyini hiss eləyirdim onda. Vətən qoxusunu hiss eləyirdim. Hətta indi də uşaq vaxtı anamın mənə topladığı qurumuş Xarı bülbülləri, daha doğrusu, onların çubuqlarını saxlayıram. Otağımın divarından çərçivələtdirib asmışam. İşdən qayıdanda isti çayımı içə-içə oturub dayanmadan ona tamaşa edirəm. İnanmazsınız, bəlkə də, amma onda qurumuş gülə deyil, sanki bir insana baxıram. Uşaqlığıma, keçmişimə baxıram. O da mənə. Buz kimi, kəskin baxışlarıyla. Nəsə demək istəyir, nəyinsə xiffətini çəkir sanki. Nəyinsə həsrətini...

Hə, mən Xarı bülbülü çox sevirdim. Amma anam təkcə mən onu sevirdim deyə Xarı bülbül gətirmirdi hər gün. Mənim on bir yaşım var idi onda. Özümdən beş yaş kiçik də bir bacım var idi. Anam bulağa gedəndə atam da naxırda olurdu deyə biz evdə tək qalırdıq. Ona görə də evdə sakit oturub balaca bacıma göz-qulaq olum deyə gətirirdi. Nadinclik eləməyim deyə. Mən də bunu bilirdim. Ona görə də sakitcə oturub anam gələnə kimi bacıma göz-qulaq olurdum. Və mükafatımı da alırdım.

Mən etdiyim hərəkətlərin, dediyim sözlərin bəzən, həqiqətən, özüm də səbəblərini bilmirəm. Belə vaxtlardan birində anamdan dəxli olmadığı halda soruşdum ki, ana sən öləndən sonra mənə Xarı bülbül gətirə bilməyəcəksən? Bəs hər gün mənə kim gətirəcək onu? On bir yaşında uşağın belə bir sual verməsini heç cür gözləməyən anam bir an duruxdu, arvad elə bil yerindəcə donmuşdu. Arada olan sükut məni elə qorxutdu ki, özüm də peşman olub tez səhvimi düzəltməyə çalışdım: “Bilirəm, ana. Sən mənə cənnətdən göndərəcəksən Xarı bülbülləri. Axı cənnətdə də həyat var. Bilirəm, Xarı bülbül cənnətdə, bir də Şuşada bitir ancaq. Məktəbdə demişdi müəllim. Sən də ora gedəndən sonra mənə oradan gətirəcəksən onları. Elə deyilmi, ana? Söz verirsənmi? Mən də sənə söz verirəm, anacan, sən yaşlananda da mən sənə hər gün Xarı bülbül gətirəcəyəm. ” Anam bir müddət heç nə, bir kəlmə belə demədi. Sonra bircə kəlmə - “Söz verirəm” – deyib sadəcə güldü, ya da gülməyə çalışdı. Eynilə mənim o gülüşü (əgər o gülüş idisə), anamın son gülüşünü xatırlayanda gülməyə çalışdığım kimi...

Anam yenə də həmin gün bulaqdan su gətirməyə getdi. Həmişə o yarım saata, uzağı bir saata evə qayıdardı. Bu dəfə isə o gecikirdi. İki saat keçmişdisə də, hələ də qayıtmamışdı. Bir saat da keçdi. Anam hələ də gəlməmişdi. Atam hətta inəkləri naxırdan gətirmişdi. Anamın bulaqdan gəlmədiyini biləndə çox narahat oldu. Bacım da ac idi, yemək yeməmişdik. Həmişə anam bulaqdan qayıdandan sonra yeməyimizi bişirərdi. Ona görə bacım da çox narahat olmuşdu atamla bərabər. Mən isə adətim üzrə anamla birgə öz mükafatımı da səbirsizliklə gözləyib onun üçün də narahat olurdum. Atamın narahatlığı qorxuya çevrilirdi yavaş-yavaş. On bir yaşım olmasına baxmayaraq, onun içindəki qorxunun səbəbini hiss eləmişdim sanki...

Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri biz də bilirdik. Müharibənin qızğın vaxtı idi. Hər kəsin içində bir qorxu, bir səksəkə vardı. Çünki heç kim sabah başına nə gələcəyini, ümumiyyətlə, sabaha sağ çıxıb-çıxmayacağını belə bilmirdi. Belə bir vaxtda isə anamın qayıtmaması... Atam ermənilərin səssiz Şuşaya hücum eləməsindənmi qorxurdu, ya başqa nədənsə, bilmirəm. Amma bir onu bilirdim ki, o, anamın başına nəsə bir pis hadisə gəlməyindən qorxurdu. Hər keçən dəqiqə isə bu qorxunun doğruluq payını bir az da artırırdı. Yarım saat da keçdi. Şər qarışırdı artıq. Anam isə hələ də qayıtmamışdı. Atam daha dura bilməyib anamın arxasınca getdi. Məni isə - “Bacından muğayat ol!” - deyə bərk tənbeh elədi. Bacım isə çox qorxmuşdu, dayanmadan ağlayırdı. Mən isə onu sakitləşdirə bilmirdim. Özüm də ondan betər qorxurdum. Çünki nə olduğunu anlamışdım, deyəsən...

Atam anamı axtarmağa gedəndən xeyli sonra qayıtdı. Artıq bacımı sakitləşdirə bilmirdim. Özüm də çarəsizliyimdən ona qoşulub hönkürə-hönkürə ağlayırdım. Ancaq yaxşı ki o, sonra ağlaya-ağlaya da yuxuya getdi. Atamı qayıdanda görmədi. Anamı o vəziyyətdə görmədi...

İlk dəfə idi ki, qaranlıqdan qorxmadan çöldə oturub onları gözləyirdim. Anamın yenə də həmişəki kimi əlində Xarı bülbül, gülə-gülə mənə sarı gələcəyini gözləyirdim. Amma belə olmadı. Atam anamın cansız bədəni ilə gəldi. Qana bulaşmış əlində tutduğu qıp-qırmızı Xarı bülbüllə. Mən isə qorxumdan meyid kimi donub qalmışdım. Eynilə atam mənə anamın niyə öldüyünü deyəndə donub qaldığım kimi. Amma onda qorxumdan yox, utancımdan donub qalmışdım. İlk dəfə hiss elədiyim, boynumda ağır bir yük kimi oturan vicdan əzabının ağırlığından donub qalmışdım.

Atam anamı tapanda paltarı cırılmış, hər tərəfi isə sıyrıq içində imiş. Dağdan yuvarlanmışdı, çox güman ki. Həm də çox pis yuvarlanmışdı göründüyünə görə. Dağa isə sırf mənə görə, mənə Xarı bülbül gətirsin deyə dırmaşıbmış. Çünki anam hər dəfə bulaqdan su götürəndən sonra dağa çıxardı Xarı bülbül toplamağa. Özü demişdi mənə bunu – “Mən gələnə kimi sən bacına göz-qulaq ol. Anan dağ döşündən sənə ən gözəl Xarı bülbülü gətirəcək, mənim ağıllı balam!” deyə. Atam mənə onları danışanda, anamın əlində olan o qanlı Xarı bülbülü görəndə o an sadəcə utancımın verdiyi mənəvi əzabın altında əzilib qalmışdım. Atam isə kədərini boğaraq axı nə üçün anamın dağa çıxdığını anlamağa çalışırdı. Bir kəlmə belə deyə bilməmişdim onda atama. Sadəcə anamın cansız bədəninə sarılıb ağlamışdım. O qanlı Xarı bülbülü bağrıma basaraq ağlamışdım...

Mayın 6-ı dəfn elədik anamı. Qırx illik həyatımın yeganə günü idi ki, saniyəsinə kimi xatırlayıram o günü. Filanıncı dəqiqənin filanıncı saniyəsində nələr baş verdiyini xatırlayıram, məsələn. Hər şeyi xatırlayıram, həyatımın ən dözülməz, ən çox ağladığım, vicdan əzabının, boynu büküklüyün nə olduğunu dərk etdiyim həmin günündən. Mənə hələ də ən çox əzab verən isə odur ki, anamın məzarına belə doya-doya sarılıb, doya-doya ağlaya bilmədim. Kənddə xəbər yayılmışdı ki, ermənilər Şuşaya yaxınlaşır. Artıq hər kəs, məmə deyənindən pəpə deyəninə qədər hər kəs anlamışdı. Düşmən gəlirdi. Ya burada qalıb öz torpağında ölməli, ya da qaçıb ailənin, övladlarının canını xilas eləməlisən. Hamı ikincini seçdi. Əvvəllər belə olsaydı, kənddən çıxan adamı lağa qoyardılar. Ancaq indi belə olmadı. Çünki kimsə kimisə lağa qoyacaq vəziyyətdə deyildi. Hamı öz canının hayında idi.

Atam da getməyimizə qərar vermişdi. Ancaq mən getmək istəmirdim. Axı necə gedə bilərdim ki?! Anama verdiyim sözü tutmamışdım axı mən! Anamı necə tək qoya bilərdim axı?! Onsuz da buz kimi torpağın altında o, çox üşüyürdü, çox nəfəssiz qalmışdı. İsti vətən torpağını onun üçün necə buza döndərə bilərdik biz?! Torpağın üstündə ona nəfəs olmalıykən onu necə düşmən umuduna qoyub qaça bilərdik biz?! Axı o çox qorxardı! Axı o Xarı bülbülsüz qalardı! Axı mən Xarı bülbülsüz qalardım! Başqa yerdə xarıbülbül bitmirdi axı. Yox, yox! O, Xarı bülbülsüz qalmayacaqdı. Axı Xarı bülbül cənnətdə, bir də Şuşada bitir. Anam isə bu dünyanın cənnətindən o dünyanın cənnətinə köçmüşdü. Deməli, orada da o, Xarı bülbül toplayacaq. Mənə oradan göndərəcəkdi onları. Amma mən?! Mən ona göndərə biləcəkdimmi? Heç bundan sonra ömrümdə Xarı bülbül görüb-görməyəcəyimi belə bilmirdim. Getməmək üçün çox səbəbim vardı, ya da getməyə haqqım yox idi. Anamın mənə görə qarışdığı torpağı tərk eləməyə haqqım yox idi. Atam isə məni sürüyə-sürüyə də olsa, aparacaqdı buradan. Bunu da bilirdim. On bir yaşında bir uşağın sözünü kim dinləyib onu burada tək qoyardı ki?!

Çıxmalıydıq Şuşadan. Atam buna görə də bacardığı qədər xırda, əlinə gələn şeyləri götürüb yır-yığış edirdi. Atamdan o an sadəcə bir sual soruşdum: “Ata, bəs anam?! Biz Şuşaya nə vaxtsa qayıdanda onun qəbrini tapa biləcəyikmi?”. Eynilə iki gün əvvəl anama sual verəndə olduğu kimi oldu. Atam da ilk başda duruxdu. Maddım-maddım üzümə baxırdı. Amma o, anam kimi gülməyə çalışmadı. Ağladı. Həm də hönkür-hönkür ağladı. Məni bağrına basıb ağladı. Dodaqları yerinə gözləri dinmişdi. Gözləri mənlə danışmışdı. Mən anladım. Biz, bəlkə də, heç vaxt Şuşaya qayıtmayacaydıq. Qayıtsaq belə, anamın heç bir nişanəsi olmayan, sadəcə kiçik bir daş parçasına adı yazılmış qəbrini tapa biləcəkdik. Mən ən çox da bununla barışa bilmirdim. Heç olmasa, son dəfə anamın qəbrini görmək üçün atamdan icazə aldım. Atam isə göz yaşlarını boğub sadəcə: “Bir az tez gəl!” - dedi. Birbaş dağlara tərəf qaçdım. Anamın həmişə getməyimdən qorxduğu o dağlara. Son dəfə, bəlkə də... Mən əsl cənnəti bax o an görmüşdüm (əgər mənə desələr ki, öləndən sonra cənnətə düşməyəcəm, zərrə təəssüflənmərəm. Mən onsuz da cənnətdə doğulmuşdum, tək arzum isə o cənnətdə ölmək olardı sadəcə).

Şuşa da anlamışdı bizim onu tək qoyacağımızı. Xarı bülbülün boynu bükülmüşdü sanki bir günün içində. Anamın həmişə mənə gətirdiyi kimi şax, məğrur deyildi o gün. Mənim boynum isə onlarınkından daha çox bükülmüşdü. Gözümdən axan yaşı silib tez-tələsik iki Xarı bülbül qoparıb birbaş kəndimizin qəbirstanlığına qaçdım. Anamın qəbrinin yanına gəlib qopardığım Xarı bülbülün birini onun məzarının üstündə torpağa basdırdım. Onunla öz ümidimi basdırırdım orada. Bunu bilirdim. Bəlkə, bir gün qayıdarsaq, onun qəbrini o xarıbülbül sayəsində tapa bilərəm deyə. Bəlkə də, anama verdiyim sözə bir gün də olsa, əməl edə bilim deyə. O gün anama çox sözlər deyə bilərdim. O qədər istərdim ki, məzarının başında qalıb əkdiyim Xarı bülbülü öz göz yaşlarımla suvarmağı. Ancaq bacarmadım. Qopardığım digər xarıbülbülü də anamın öldüyü gün mənə gətirdiyi qanlı Xarı bülbülün yanına – cibimə qoyub evə getdim. Anam gətirəcəkdi əslində onu mənə. Şuşada olduğum son gün anam gətirəcəkdi. Əgər anam sağ olsaydı...

...Şuşadan çıxdığım son gün həyatımın ən kədərli günü idisə, ora qayıtdığım gün ən gözəl günü olacaqdı. Hələ anamın qəbrini tapsaydım, daha da gözəl olacaqdı deyə düşünmüşdüm aradan keçən iyirmi səkkiz il ərzində. Ümidim günü-gündən azalırdı həmin günü - həyatımın ən gözəl gününü yaşayacağıma dair. Amma elə bir gün oldu. Gec də olsa, oldu. İyirmi səkkiz ildən sonra Şuşa azad olunmuşdu. İllər sonra ilk dəfə idi ki, nəfəs alırdı Şuşa. İlk dəfə idi ki, nəfəs alırdı bütün Şuşalılar. Deməli, mən də artıq Şuşaya gedə bilərdim. Artıq anamın mənə cənnətdən göndərdiyi Xarı bülbülləri toplaya biləcək, artıq mən elə öz doğulduğum cənnətimdə də ölə biləcəkdim...

Şuşaya bir tək çərçivələtdirib divardan asdığım Xarı bülbüllərlə yola çıxdım. Qurumuş, boynu bükük Xarı bülbüllərlə. Çox çətindir uşaq ikən çıxdığın torpağa iyirmi səkkiz il sonra başını ağardaraq, həyatın alnına atdığı qırışlarla qayıtmaq. Hər şeyin, amma hər şeyin dəyişdiyini görmək. Heç bu torpaqlarda olmayıbmışsan kimi, yad kimi gəzmək. Sənin illərlə qoruyub-saxladığın Xarı bülbüllərin boynunun büküldüyünü görmək.

Birbaş o vaxt kəndimizin qəbirstanlığı, indi isə xarabalığa çevrilmiş torpaq sahəsinə getdim. İyirmi səkkiz ildir sinəmdə gəzdirdiyim, iyirmi səkkiz il əvvəl anamın qəbrinə basdırdığım ümidimlə. Yüyürərək getdim. Ancaq hər şey məhv olmuşdu, heç nə, amma heç nə əvvəlki kimi deyildi. Ümidim puça çıxmışdı. Anamın qəbrini tapmadım.

Ümumiyyətlə, burada heç kimin qəbrini, qəbir bir yana, nişanəsini belə tapmaq olmazdı. Hər şey dağıdılmışdı. Mənim ümidlərim kimi. Məhv olan arzularım kimi. Əlimdən sadəcə yerə çöküb ağlamaq gəldi. Şuşadan çıxdığımız gün atamın ağladığı kimi. Hönkür-hönkür. Çarəsizcəsinə. Buradan getmək istədim. Tez. Bacardığım qədər tez. Bu an gözümə bir az aralıda topa bitmiş ümidlər – Xarı bülbüllər sataşdı. Diqqətlə baxanda gördüm ki, düzümlə bitmişdi. Sanki kimsə öz əlləriylə əkmişdi onları. Bu böyüklükdə ərazidə bir tək orada bitmişdi. Bir tək orada. Daha da bərkdən hönkürdüm. Amma bu dəfə sevincdən, sevinc göz yaşlarıyla. Anamın qəbrini tapmışdım. Anam mənə verdiyi sözü tutmuşdu. Anam mənə mənim Şuşada olmadığım hər gün cənnətdən Xarı bülbül göndərmişdi...

# 3228 dəfə oxunub

Oxşar xəbərlər

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
#
#
# # #