Ayin – Tural Atəş

Tural Atəş

Tural Atəş

17 dekabr 2021
# 14:01

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Tural Atəşin “Ayin” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bu hekayə qorxu hekayəsi deyil, lakin qorxuludur...

Ev sükuta bürünmüşdü. Hamı yuxuya getmişdi, yəqin ki. Vaxt idi. Bir azdan işgəncə başlayacaqdı, bilirdi. Yatağın içində dizlərini qarnına yığmış, yorğanı gözlərinə qədər çəkib gözləyirdi. Canını bu əzabdan xilas edə biləcək yeganə şey yatmaq idi. Lakin “O”nun gəlişini gözləyəndə yuxu da gəlmirdi. Ən çox Allahın yuxusuna girməyini istəyirdi. Tanrıya edəcəyi o qədər gileyi, şikayəti var idi ki. İndi Tanrı da onu görməzdən gəlirdi. Yatmalı idi. Yoxsa gecə çətin keçəcəkdi. O gələndən sonra isə, heç yata bilməyəcəkdi. Yorğanı üzünə çəkdi, gözlərini bərk-bərk yumdu. Pıçıldadı:

– İlahi, yuxuma gəl.

İlahinin başı daha ciddi məsələlərə qarışmışdı, ona məhəl qoyan yox idi. Bu qara şey nə idisə, onu yalnız bir ilahi qüvvənin, müqəddəs nəyinsə xilas edə biləcəyinə inanırdı. Gözünü möhkəm-möhkəm yummaq işə yaramırdı. Yuxuya gedə bilmirdi.

– İlahi, yuxuma gəl...

– İlahi, yuxum gəlmir!

Yuxusu da qorxudan gizlənmişdi. Yorğanın altında da nəfəsi daralırdı. Bir balaca açıb hava aldı.

Onun gəlişini qeyri-şüuri hiss edirdi. Yorğanı bir az da qaldırıb qapının ağzına nəzər saldı. Həmişəki yerində dayanmışdı. Bədəni titrəməyə başladı. Nəfəsini tutub baxırdı. O şey gələndə qapını açmırdı. Bir də görürdü ki, qapının ağzında peyda olub. Görünüşü dəhşətli idi. Necə olduğunu tam anlamırdı. Sanki qara bir tüstü topasıydı. Adətən, onun bir hissəsini görürdü; qara, boğazı olmayan başını, iri gözlərini. Necə irəlilədiyi, bədəninin, əllərinin nə formada olduğu haqqında heç bir təsəvvürü yox idi. Tir-tir əsirdi. “Qara şey” ona doğru sürünməyə başlamışdı. Ən pisi isə, hər dəfə peyda olandan əvvəlkindən daha iri görünürdü. Hər gəlişi ilə sanki daha böyüyür, nəhəngləşirdi. Birinci dəfə gələndə qapının ağzında balaca topa idi...

İlk başda yalnız qapının ağzında ortaya çıxırdı. Bu qorxunc gəlişlər təkrarlandıqca bir az daha yaxınlaşırdı. Belə-belə yatağa çatmışdı.

Qaranlığa bürünmüş “nəsə” aramla irəliləyirdi. Gözlərini belə qırpmadan ona baxırdı. Nəfəsi daralır, ürəyi az qalırdı köksündən çıxıb çarpayının altına soxulsun. Yatağa çatmağına iki addımlıq məsafə qalanda təlaşla yorğanı üzünə çəkdi. Titrəyirdi, əllərini ağzının üstündə birləşdirib dişlərinin şaqqıltısını saxlamağa çalşırdı. Gəlib düz çarpayının yanında dayandığını hiss edirdi. Aralarında, bəlkə, bir nəfəslik məsafə qalmışdı. Daha dəhşətlisi, ardıcıl irəliləyişlərini nəzərə alanda, növbəti gəlişdə ona çatacaqdı – hədəfə. O an başına nə gələcəyini bilmirdi. Öldürəcəkmi? Aparacaqmı? Daha dəhşətli nəsə edəcəkmi? Bunları düşünəcək halda da deyildi. Qorxudan “iç səsinin” də nitqi batmışdı... Bircə kəlimə deyirdi təkrar-təkrar:

– İlahi, yuxuma gəl...

– İlahi, yuxum gəlmir!

Yatmaqdan keçmişdi. Yalnız dan yeri söküləndə, hava qismən işıqlananda rahatlayıb yuxuya gedə biləcəkdi... Min il sonra doğacaq günəş tək ümid yeri idi...

***

Beş yaşına az qalırdı. Bu kabusun nə zamandan peyda olduğunu bircə özü bilirdi.

Bəzən gecələr yatağını isladırdı. Evdə qalaktikalar arası savaş ondan sonra başlayırdı. Vəhşicəsinə döyülmələr, yer titrədən bağırtılar, qəribə cəzalar. Bunu bilə-bilə eləmədiyini izah etmirdi, edə də bilmirdi. Hələ tam formalaşmamış xarakterində qaçmaq, yalvarmaq yox idi. Sakitcə anasının döyüb qurtarmasını gözləyirdi. Sonra boğazında düyünlənən qəhərini, gözündə püskürməyə hazır olan yaşları götürüb bir kənara çəkilirdi. Anasına qarğışlar edirdi. Adını eşidib nə olduğunu bilmədiyi Qurandan, sirli bir yer zənn etdiyi qəbiristanlıq və başqa müqəddəs sandığı hər şeydən anasının cəzalandırmalarını xahiş edirdi nifrətlə. Atasını da qınayırdı. Oğlunu qorumurdu...

Döyüləndə heç vaxt ağlamırdı. Dişlərini sıxıb dayanırdı. Eşşək vurub qabırğasını qıranda da ağlamamışdı. Qaçanda, oynayanda qırılan qabırğa içəri batıb ağrı verərkən də ağlamırdı, bir yerdə oturub ağrının keçməsini gözləyirdi. Dərdini, qorxularını kiməsə demirdi. Hər şeyi içində çəkməyə alışmış, öz balaca dünyasını yaratmış, ora qapanmışdı. Mənasız şeylərə gülən, lüzumsuz məsələlərə görə bağıran insanlar güvənini qırmışdı.

Yatağını islatmağın da kədərli bir tarixçəsi var idi. Atası səhərlər işə yollanırdı. Bir dəqiqə rahatlığı olmayan anası da evin işlərini görmək üçün tez-tez haralarasa gedirdi.

Bulaqdan su gətirmək üçün evdən çıxan qadının getdiyi istiqaməti təxmin edərək onun arxasınca yola düşmüşdü. Üstündən xeyli keçəndən sonra qışın soyuğunda uşağın yoxa çıxdığından xəbər tutmuşdular. Onu evdən 100-120 metr aralıda nazik paltarlarla qara batmış, donmuş halda tapmışdılar. Tapılanda dili söz tutmurdu. Səssiz-səmirsiz donmuşdu. İslatdığı, batırdığı şalvarı yanağına süzülmüş göz yaşları kimi donmuş, bədəninə yapışmışdı...

Özünü islatmaq “ənənəsi” bu hadisədən sonra bəlasına çevrilmişdi. El arasında “süzənək” adlandırılan xəstəliyə tutulmuşdu. Belə xəstəliyi olanlar neylədiyini tam hiss etməzmişlər.

Bəzən həyətdə oynaya-oynaya da özünü isladırdı. Görənlər zarafatla soruşurdular:

– Kim elədi?

Təəccüblə islatdığı şalvarına baxırdı. Doğrudan da, bunun necə baş verdiyini anlamır, özünə bəraət qazandırırdı:

– Leli xala.

– Kim elədi?!

– Sədidə.

– Kim elədi?

– Bimirəm!

Bir şeydən əmin idi: özü etməmişdi.

“Süzənək”lə başlamışdı kabusu da. İlk başlarda yatağını isladanda, əsəbləri pozulmuş anası onu döyür, cəzalandırırdı. Qadına görə belə tərbiyə metodu doğru idi. Öz anasından belə görmüşdü. Həyatı əziyyətlə, travmalarla keçən, nevroz olan birinin əlindən gələn valideynlik bu qədər idi. Güclülərin gücsüzləri əzdiyi dünyada gücünün çatdığı tək adam balası idi. Balasını əzirdi...

Körpənin nəinki böyüdüyü evdə, boy atdığı toplumda, mövcud olduğu planetdə uşaqları döymək adi hal sayılırdı. Doğulduğu ölkədə “qızını döyməyən dizinə döyər” kimi qəddar bir ata sözü var idi.

Zamanla döymək metodun işə yaramadığını görmüş, hərşeyşünas qonşu qadınların, nəsil-nəcabətin ortaq qərarı ilə yeni taktikanı sınamağı qərara almışdı qadın: qorxutmaq!

Qorxutmaq onun üçün döyülməkdən daha dəhşətli idi. Növbəti dəfə islanmış yatağında oyananda anası qəzəblə qolundan tutub dama doğru dartışdırırdı:

– Bəsdir daha! Qışın soyuğunda döşək yumaqdan əllərim gömgöy olub! Damdabacaya deyəcəyəm səni aparsın! Boğaza yığılmışam!!!

Hələ balacalıqdan evin üstündə damdabaca adlı bir qorxulu canlının yaşadığına onu inandırmışdılar. Gecələr köhnə damdan gələn cırıltı, çırtıltı da onu əmin edirdi ki, doğrudan da orda damdabaca adlı nəsə var, yalnız gecələr fəaliyyətə başlayır, əsas düşməni də uşaqlardır. Dadabacadan anasından daha çox qorxurdu. Qadın onu dama doğru dartanda qorxudan nəfəsi tıxanırdı. Ağlamaq, yalvarmaq istəsə də, bacarmırdı. Anası qolunu buraxıb çürümüş pilləkənlə yavaş-yavaş dama dırmanırdı:

– Bəsdir! Sənin kimi uşağı olmaz olsun! Çağırım gəlsin, aparsın! Sən də dincəl, biz də!

İnadı, qüruru qırılmışdı. Qorxu ilk dəfə onda qalib gəlmişdi. Var gücü ilə bağırmışdı:

– Çağırmaaa! Bir də eləməyəcəyəm...

Bu fəryada daş da yumşalardı, lakin qadının qəzəbdən daşlaşmış ürəyi yumşalmırdı. Əlacı olsa, özünü yerə çırpıb ağlayardı. Amma üstünü bulamağına görə Damdabacanı çağırmaq bir yana həm də döyüləcəkdi. Ağlamaq, zarımaq, özünü yerə çırpmaq hüququ belə yox idi.

O axşam “görən, ordakı söhbətləri eşitdi?” düşünüb əsməcə tutmuşdu. Damdabaca ilk dəfə elə o gecə qapının ağzında peyda oldu. O gecədən başlaımışdı dəhşətli əzablar. Hər dəfə yerini islatdıqca “Damdabaca çağırmaq ayini” təkrarlanırdı. Elə həmin gecə də Damdabaca mütləq qapının ağzında görünürdü.

Rahatlığı, xoşbəxtliyi gözünü yumanda başlayırdı. Kirpikləri bir-birini qucaqlayanda yeni bir dünyaya atılırdı. Bu nəhəng, dəbdəbəli dünyanın kralı, sultanı, şahı – hər şeyi özü idi. İnsanların anlaşılmaz, qəddar, sərsəri dünyasından qopub gözlərindən sehrli səltənətinə keçid edəndə ruhu azadlıq tapırdı. Amma indi gözlərinin arxası da təhlükəli idi. Savaşa bilmədiyi, öhdəsindən gəlməyi bacarmadığı bir düşmən möhtəşəm Dünyasını istila etmişdi. Anasının Damdabacası onun səltənətinə də yol tapmışdı... İndi nə gözlərinin önündə, nə də arxasında azad idi...

Xəyal qurmağa davam edirdi: Kaş sehrli çubuğum olardı, ucundan işıq çıxan. Damdabacanı göyərçinə çevirərdim. O zaman heç kim ondan qorxmazdı...

Hər gəlişində Damdabaca daha da böyüyürdü. Onun qorxusu artdıqca Damdabacanın da boyu, qaranlığı artırdı... Hər gəlişi ilə Damdabaca çarpayısına daha da yaxınlaşırdı. Gecələri bu qara, qəribə təhlükə ilə mübarizədə keçirdi. Bu savaşda təklənmişdi. Damdabacanın cəbhəsi gündən günə böyüyürdü. Ona gülənlər, bir dəfə də qorumayan atası, anası Damdabacanın cəbhəsindəydi, o isə təkbaşına. Damdabaca hər gün qalibiyyətə yaxınlaşırdı. O məğlub olurdu. Basqı altında, əzilərək böyüyən uşaqlar özünə dost qazana da bilmir, ömürləri böyü mənən yalqız olurlar. Onun da heç kimi yox idi. Damdabacanın şanlı ordusunun sıralarında isə, ən əziz adamları dayanmışdı.

Artıq yatağına çatmaq üzrə idi. Son gəlişində aralarında bir nəfəslik məsafə qalmışdı. Növbəti “Damdabaca çağırmaq ayini”ndən sonra onu nə gözlədiyini bilmirdi. Mütləq bir şey etməliydi son savaşda. Eləcə təslim olmaq fikri yox idi. Ya durub otaqdan qaçacaqdı, ya da,.. Hələ planın bu hissəsini hazırlamamışdı.

Qorxurdu. Çox qorxurdu... Qorxunun özündən daha qorxunc nə var ki?...

***

Qızı paltosunun ətəyini dartanda fikirdən ayıldı.

– Ataa. Baax, saqqızım saçıma yapışıb...

Əlini üç yaşını beş ay öncə tamamlamış qızının pişik tükü kimi yumşaq saçlarında gəzdirdi. Saqqızın düyümündən yapışdı. Qopartmaq mümkün deyildi.

Körpə yalnız saçı üçün narahat idi. Bilirdi ki, buna görə onu danlamayacaqlar. Axı böyüdüyü ailənin bir qızıl qanunu var idi: uşaqlara bağırmaq olmaz, vurmaq olmaz... Təlaşla soruşdu:

– Saçımdan kəsib çıxaracaqsan?

Diz çöküb üzünün qızının bərabərinə gətirdi. Gülümsəyə-gülümsəyə körpənin narahat, nigaran çöhrəsinə göz gəzdirdi.

– Quzum, heç qıyaram kəsim? Evə gedək, bir şey düşünərik.

İnternetdən oxumuşdu saça yapışmış saqqızı necə qoparmaq olar, amma unutmuşdu. Yoldaşının o metodu bildiyinə arxayınıydı.

– Anan bilir necə qoparmaq olar. Gedək evə, çıxaraq.

Qızın əlindən tutdu. Otağa son dəfə göz gəzdirdi... Universitetə qəbul olandan sonra çıxdığı idi. O vaxtdan bir daha gəlməmişdi bu evə. Köçmüşdülər bu əzab dolu xatirələri olan kasıb “saraydan”.

Otağın kirəc suvağı saralmış, tavan içəri doğru sallanırdı. Divarın salamat yerlərində uşaq vaxtı nişanə qoyduqları yazılar, cızıqlar hələ də qalırdı. Pəncərələrin şüşələrinin çoxu qırılmışdı. Bircə kənd evinin yetmiş santimetirlik daş divarları qarın, yağışın qarşısında mətanətlə dayanmışdı. Yatağının olduğu yerdə suvaq tamam qopub yerə tökülmüşdü. Hamıdan erkən oyanardı, dırnaqları ilə kirəci taqqıldadardı. Bəlkə də, onun balaca baramaqlarının zərbələri suvağı illər sonra qoparmışdı... Dayandığı yerdə ilk dəfə zühur etmişdi Damdabaca.

Böyüyəndən sonra öyrənmişdi ki, doğrudan da, damlarda baca olurmuş. Hansı alçaq, hansı vicdansız damda bacanı Damdabacaya çevirmişdi?! Hansı ağılla?! Həyətlərdindəki hisli, möhrə divarlı köhnə tikilinin də üstündə balaca bir baca var idi, xatırlayırdı. Evin içindəki kürsünün tüstüsü ordan çıxarmış. Elə o hisli evlərin birində icad etmişdilər damdabacanı.

Damdabaca ilk müəllimi olmuşdu. Dözmək, dirənmək kimi həyati dərsi ondan almışdı. Damdabaca onu güclü, möhkəm birinə çevirmişdi. Ona qorxuları ilə savaşmağı, həyatın cəsurlara aid olduğunu demişdi. Qorxaqların yalnız özündə deyil, ətrafındakı insanlara da zərər verdiyini başa salmışdı...

Otağın bu kimsəsiz halına ürəyi sıxılırdı. Bu ev, sallaq tavan, çatlaq divarlar sanki birləşib onu əzməyə çalışırdı. Paltosunun düymələrini açdı, dərindən nəfəs aldı.

İllər sonra uşaqların qorxuları, kabusları haqqında bir təcrübə aparmışdı. Yeddi uşağın hərəsinə bir vərəq vermiş, öz qorxu obyektlərinin necəliyini təsvir etməyi xahiş etmişdi. Hər uşağın kabusunun görünüşü və davranışının fərqli olduğunu öyrənmişdi. Ordan nəticə çıxarmışdı ki, körpə vaxtı vurulan travmalar, qorxular onlarda fərqli izlər qoyur...

“Gedək”, “gedək” deyib onu tələsdirən körpəsini qucağına aldı. Öpə-öpə, qıdıqlaya-qıdıqlaya, əzizləyə-əzizləyə avtomobilə doğru yönəldi.

***

Evdən gələndən sonra özündə deyildi. Sanki kədərli, ağır xatirələr də onunla bərabər gəlmişdi. Kompüterdə başını qatmağa çalışırdı. Qızının deyinə-deyinə ona doğru gəldiyini görüb başını qaldırdı:

– Nə oldu, quzum?

Körpə atanın nəvazişli səsindən daha da doluxsundu:

– Anam mənə hirsləndi...

Yoldaşının hirslənmədiyini bilirdi. Uşaq o qədər həssas idi ki, tonla danışanda özünə sığışdırmırdı. Yanında başqaları belə bir-birinə bağıranda narahatlıq keçirirdi.

– Anama de bir də mənə hirslənməsin!

Gülümsündü:

– Yaxşı. Deyərəm, göyçəyim.

– De ki, qardaşıma da hirslənmək olmaz!

Uşağın təəssübkeşliyinə qəhqəhə çəkməkdən özünü zorla saxlayırdı. Bilirdi ki, qızına güləndə acığına gəlir.

Bir az sonra yenidən yanına gəldi:

– Ataa. Anama dedin?

– Dedim, quzum.

Alnına tökülən tellərini yana çəkə-çəkə dəqiqləşdirməyə çalışdı:

– Harda dedin, mən eşitmədim axı?

– Otaqda uşaq yatırdır deyə, vatsapla yazdım. (Həqiqətən, nə demişdisə, yazmışdı, məsələnin əslini də elə vatsapla öyrənmişdi. Qızın canfəşanlığına xeyli gülmüşdülər.)

Gəlib ədəb-ərəkanla yanında əyləşdi. Bir ağbirçək ədasıyla sözə başladı:

– Ona bir də yaz kiii, uşaqlara hirslənmək olmaz. Axı uşaqdırlar. Çığırmaq pisdir. Hamıya de ki,..

Balasını qucaqladı... Sinəsinə sıxdı. Qız ordaca ağıllı-ağıllı danışmağa davam edir, o isə onu qorxulardan uzaq böyüdəcəyinə milyonuncu dəfə söz verirdi ürəyində. Axı qızının böyüdüyü evdə bir qızıl qayda var idi: uşaqlara bağırmaq olmaz, vurmaq olmaz...

# 3474 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #