"1... 2... 3... 4" - Banu Muharrem

Banu Muharrem

Banu Muharrem

13 dekabr 2022
# 11:20

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Banu Muharremin "1... 2... 3... 4" hekayəsini təqdim edir.


Ömrünün 21 il əvvəlinin uşaqlıq xatirələrini illər sonra xatırlaması cəhdi, sanki, şüşə qırıntılarının ayağa batmasının verdiyi ağrı kimi, saçı yolunmuş fəryad sızıltısıtək onun gicgahını döyəcləyirdi.

Qızmar yay fəsli idi. Amma 25 yaşlı Düha həyatında bəlkə də ikinci dəfə idi ki, belə üşüyürdü. Ona elə gəlirdi, ayaqları şaxtada o qədər donub ki, bir az da hərəkət etsə, dizləri yerindən ayrılıb düşəcək, qolları ağırlaşıb sıldırım qayalar kimi yerə çırpılacaq, bütün bədənini parça-parça edəcək. Həmin gün gözləri çökmüş, bənizi ağarmış, dodaqları çatlamış, saçlarının rəngi belə bozarmışdı. Əslində, həmin ana qədər tamamilə başqa halda idi. Sanki bir əsr sürən 8 dəqiqə kimi. Nə oldusa, elə onda oldu...

Var gücü ilə özünü toparlayıb ürəyində pıçıldadı: "Yox! İndi olmaz, özünü ələ al! Axı sənə kənardan baxırlar, burda tək deyilsən! İllər sonra həyatının arzusu gerçəkləşib, qoruduğun qüruru burda sındırmaq səni 25 illik zirvələrdən beş qəpiklik quyulara buraxar. Hə, sən bunu bacaracaqsan, sakitləş, bax belə! Ağlını başına yığ! Dişini dişinə sıx,döz biraz! Lənətə gələsən, az fikirləş bu tanış-tunuşu! Axı sən nə vaxt özünü qəlibindən azad edəcəksən!? Gözünün qarşısında ikicə nəfər adam var, həyəcandan onları belə görə bilmirsən, onlar sənə baxırlar, özü də qıyğacı... Toparlan! Sən daha dörd yaşındakı o uşaq deyilsən. Artıq sən anasan. Sənin öz övladın həminki yaşdadır, möhkəm ol! Bax belə!".

Bu pıçıltılar cəmi bircə dəqiqə çəkdi.Qoca qəbiristanlığın ucu-bucağı görünmürdü. Əllərini belinə sıxıb mənən qırılıb çökmüş onurğasını bacardıqca dik tutmağa çalışdı. Sanki şah damarı yerindən çıxıb boğazına dolanmışdı. Əvvəlcə məzarlığın yeni sahibləri tərəfi özlüyündə nişanladı. Məzarlıq boyu əks tərəfə qaçdı, sonra ayaqları səbəbsizcə ağrımağa başladı. Hər məzar sanki onu ayağından tutub durduğu ilk nöqtəyə geri qaytarırdı. Qamətini saxlayıb qarşısında baş daşlarının çərçivəsindən ona boylananlara diqqət etdi. Düha kiminsə ona acıqlı-acıqlı baxdığını, kiminsə ona təəssüfləndiyini, kiminsə "niyə bu qədər gec gəldiyini" soruşmasını, kiminsə narazılıq və ya qınağını aydın şəkildə eşidə və görə bilirdi. Bu, onu daha çox sıxır, onu bir az da tələsdirirdi. Baş daşlarının üstündəki yazıların hamısını oxumuşdu. Bəlkə də hər qəbirlə neçənci dəfədi ki, üzləşirdi. Nə qədər təngnəfəs olsa da qüruru nəfəsini susdururdu.
Onu tapmadığını görüb məyus olduğu an - həmin o xəyal, uşaqlıq təhtəlşüuru qurumuş palıdın gövdəsindən çıxan pöhrə kimi işığa tərəf boylanırdı.

Əslində, 21 il keçmişin xatirəsi belə yaranmışdı: Yanvar ayının nisbətən mülayim amma, rütubətli keçən günəşli günlərindən biri idi. Anası ilə tək yaşayan Düha hələ o zamanlar 4 yaşında idi. Anası dolanışıq ucbatından rayon bazarlarından başqa rayonlara qarışıq geyimlər alıb-satırdı. Bu səbəbdən də o, anasının hər gedişində onunla 4-5 gün ayrı qalmalı olurdu. Onda Dühaya nənəsi baxırdı. Anası hər gələndə ona o zamanların dəbi olan "Tom&Jerry"nin şort-mayka dəstlər, cığalalarda iri şirnilər alıb gətirər, onu sevindirərdi. Düha 4 yaşında olduğuna görə sadəcə 4-ə kimi saymağı öyrənə bilmişdi. Elə həyətdə qonşuların uşaqları ilə gizlənqaç oynayanda da 4-ə kimi sayırdı. Hər gecə dümağ buludlar kimi ağaran bumbuz yatağına uzananda da yatmazdan öncə saymağa başlayırdı. Nənəsinə "Üç gün tamam oldu, bir gün qaldı" deyib 4-cü gecənin tezdənini açmaq üçün yatmağa can atırdı.

Yenə də həmin sayılı gecələrdən biri, lakin 4-cü günün tamamı idi. Düha əvvəlcə narahat idi. Narahatlığını söndürmək üçün dəmir yatağın orta boşluğuna özünü tullayıb yellənməyə başladı. Sıxıntısının xıncını durmadan hoppanmağa xərclədi. Amma yorulub dirsəklərini dizlərinə qoyaraq yatağına oturdu. Qısa bir səssizlik sonrası içindəki uşaqlıq qüruru sındı, dikələ bilmədi. O, hönkürtü ilə ağlamağa başladı. Nənəsinin yorucu suallarından təngə gəlib onun dizlərinə başını qoyub darıxdığını pıçıldadı:

"Anam nə vaxt gələcək? Dörd gün bitdi, amma o gəlmədi. Mən düzgün sayıram", - deyə barmaqlarını cütləyib göstərdi. Sonra davam etdi: "Dörd gəlib getdi, amma anam gəlmir, heç xəbər də yoxdur. Bəs mən darıxıram axı! Nənə, özü də çox darıxıram... O mənə söz verir, həmişə də vaxtında gəlirdi. Amma indi xəbər yoxdur. Mən yata bilmirəm".

Həmişəki kimi ağlamaqla özünü ovunduran Düha yuxulamağa çalışdı. Mürgünün də 4-cü laylasında idi. Gecə saat 12-ni yenicə keçirdi. Anidən çöldən qışqırıq səsləri gəlməyə başladı. Dağların dibindən gələn canavar ulaşması gələn qışqırıqların nə olduğunu ayırd etməyə imkan vermirdi. Amma anasının gəlmə ehtimalı yüksək idi. Düha gözlərini nənəsindən tez açmışdı. Dikəlib oturdu. Divardakı saata baxaraq "Anam gəldi"- deyə gözləri sevincindən bərələ şəkildə gülümsədi.Bu səs nənəsini də oyatmışdı. Hə, doğrudan da anası gəlirdi. Amma..

Düha ilk dəfə idi belə yanvar gecəsi görürdü. Həyətdə saçını yolan qohumlar, onların ah-naləsi, hdizləri qatlanmış nənəsinin göz yaşları.. İlk dəfə idi nənəsini belə çökmüş, ümidsiz görürdü. Nə baş verdiyini anlamırdı. Qorxmamağa çalışırdı. Evdəki qarışıqlıq onun ağlını başından çıxarırdı. Nənəsinə suallar verir, cavab almadıqca daha da qorxurdu. Bu qarışıqlıq onun üçün tanımadığı cəhənnəm əzabı kimi idi.

Az sonra anası da gəldi. Daha doğrusu, gətirdilər. Yaşıl donda, qara plaşda, bumbuz, saralmış əlləri yanında döşəməyə uzatdılar. Düha anasını geyimindən tanıdı. Vahimədən ayılıb gözləri hədəqəsindən çıxacaq şəkildə nənəsinə dilləndi: "Nənə, mən düz bilmişəm. Bax, anam gəlib, anam gəlib..."

Nənəsindən səs gəlmədi. Düha nələr olduğunu anlamağa çalışırdı. Bir anda beynində qərarlaşdırıb, özünü isbatlamaq üçün anasına yetişmək istədi. Anası üzü üstə yatmışdı. İnsanların bəzisi sağa-sola qaçışır, bəzisi hönkürtüylə ağlayırdı. Düha bu an çox qorxdu. Evin bu başından o başına - anasına doğru qaçdı. Dühanın ən ali xoşbəxtliyə uzanan qolları evdə saralan işığın altındaca rüzgarın dayandığını hiss etdi. Evin işığı gözlərinə düşmüş, ayaqları yerdən üzülmüşdü. Anasını qucaqlayacağı anda kimsə onu belindən tutub qucağına almışdı. Axı anasına qovuşmaq istəyinin qarşısını kim ala bilərdi?!
Nələrin baş verdiyini anlamayan Dühanın səbri kəsildi. Ona anası üçün bu cür darıxmaq öldürücü idi. Anidən, gördüyü "Ögey ana" filmində İsmayılın atası üçün ağladığı kimi əlini anasına uzadıb ağlamağa başladı: "Ana, oyan. Ana, məni aparırlar, qoyma.."
Anasından səs çıxmadıqca Düha dəliyə dönmüşdü. Bəlkə də neçə nəfərin onu saxlamağa gücü yetmədi. İnsaflı ağbirçək nənələrdən biri "uşağı anasından gözü arxada apara bilməzsiz, a bala. Qoyun anasına toxunsun. Axırıncı dəfə qoxlasın anasını. Körpədir, dərdin alım, doysun anasından, buraxın" -deyə dilləndi.

Araya sakitlik çökdü. Dühanı kimsə qucağından yerə qoydu. O, sakitləşib ətrafındakılara baxa-baxa anasına doğru addımladı. Beynində ağbirçəyin dediyi cümlələr dolaşdıqca onun üzündə minlərlə sual izi yaratmışdı.Nə baş verir axı?! Sonunda rahat şəkildə anasının sol kürəyinə toxundu:
-Ana, ay ana... Bəsdir yatdın, mən burdayam, oyan. Ana, eşitmirsən bu qışqırıqları? Mən qorxuram. Sənin üzünə niyə bu örtüyü atıblar axı?! Bəsdir özünü ölülüyə vurdun. Ana, oyan", - deyə həyəcanla söylədi.Anası səs verməyincə onu iki əlli kürəyindən tutub silkələdi. Qolları taqətdən düşüb, gücü qurtardı sanki. Başını anasının kürəyinə qoyub dedi: "Ana, yuxum gəlir, gəl gedək yataq. Səni gözləyirdim dörd gündür".

Birdən anasının necə soyuq olduğunu hiss etdi, "Ana, üşümüsən? Oyan! Oyan!", - deyib var gücü ilə iki əllə anasının sol çiynini özünə doğru çəkdi. Və bu an anasının cəsədi arxası üstə çevrildi.

Bu, Dühanın gördüyü ilk kabus idi. Anasının parçalanmış sifəti onun gözlərinin qarşısında açılmışdı, sifətinin bir tərəfi yanaq sümüyünün qəlpələrindəcə itmişdi. Düha ilk dəfə idi ki, anasından belə qorxurdu.

Sonra hər şey bir göz qırpımında baş verdi sanki. Gözlərini kimsə ovucları ilə sıxıb onu qonşuya apardı. Amma orda qalmadı, bir çığır-bağırtı saldı ki, onu anasının yanına qaytardılar. Tezdən dəfn olacaqdı. Anası müsəlman adətləri ilə dəfnə hazır sübhü gözləyirdi. Bir neçə saat Düha anasının yanında yerdə uzandı. Qadınlar deyirdi: "Səs salma, sadəcə bax. Anan yatıb". Bu pıçıltılar ona rahatlıq verirdi.

Səhər saat səkkizdə o, tezdən oyanmışdı. Ev adamla dolu idi. Uşaqlar da çox idi. Özündən böyük qonşu uşaqları ona qıcıq verirdilər: "Daha sənin anan yoxdur, bilirsən? İndi sən həm atasız, həm də anasız qalacaqsan".
Sonra bir başqası dedi: "Ay axmaq, nə mal kimi baxırsan? Ölmək bilirsən nədir? Ölmək ölüb qurtarmaqdır. Qaranlıqdır, torpağın altıdır. Ananı aparıb torpağın altına qoyacaqlar. Qaçmasın deyə üstünə beton da vuracaqlar. Və bir də qayıtmayacaq".

Üçüncü uşaq da bu minvalla "Mən eşitdim ki, bir azdan meyiti aparıb basdıracaqlar. Gedib baxarıq?" deyə sual verdi.

Düha: "Doğrudan? Elə lap indi? Bu gün? Sabah aparsalar olmaz?” kəlmələri ilə rabitəsiz nitq qoydu ortaya.

Dördüncü uşaq: "Axmaq, meyiti saxlayıb iylətsinlər ki? Özü də, biz dəfnə qısa yolla qaçıb gizlin baxacağıq. Amma sənə olmaz. Sən balacasan. Bədbəxtin heç anasının dəfnini görməyə də yaşı çatmır" dedi.

Uşaqlar gülüşdülər.
Düha:
- "Yox, mən də gedəcəyəm. Anam hara mən də ora" - deyib bitirmişdi ki, araya çaxnaşma düşdü. İnsan səsləri yenə qarışdı bir-birinə. Elə bu an Düha anasını elə saya bildiyi qədər - dörd kişinin çiynində tabutda gördü.
Axı nə baş verirdi?! Birdən, göndərilmiş bir qadın arxadan dilləndi: "Bəxtsiz balam, qara qızım, gəl gedək, sənə halva verim, sən axı halvanı çox sevirsən, gəl".

Dühanın başı geri dönüncə qadın onu ordan uzaqlaşdırdı.

Xeyli vaxt keçəcəkdi. Düha halvanı yeyib bitirdiyində anası çoxdan qara torpağa basdırılmış olacaqdı. Düha bunu sonradan biləndə saatlarla ağlayacaqdı. Bu, onun üçün uşaqların onu ələ salmasından da ağır idi.

Dəfnin səhəri günü anası ilə sonsuzluğun ilk görüşünə getmişdi. Qohumları və qohunlarının ondan bir qədər böyük üç qızı ilə. Dühanın fikri uşaqların dediyi kəsə, gizli yolda idi. Amma nə idisə, hoppana-hoppana gedirdi. 1-2-3-4... 1-2-3-4.
Beləcə, gəlib iki yeni tikilmiş təkotaqlı yaşıl evin qarşısında dayandılar. Evin gözəlliyi Dühanın hədsiz marağına səbəb olmuşdu. Düha evin yaşıl rəngini sonsuz çəmənlərə bənzətmişdi.

Uşaqlar səsləndi:
-"Bax, bu ev mollanın evidi. Arxası qəbiristanlıqdı. Amma bəxtəvərin anası təzə qəbiristanlıqda basdırılıb".

Düha əvvəlcə dayandı, heç nə anlamadı.Sonra uşaqların üzündəki təbəssümdən yaxşı bir şey olduğunu düşünüb ayaqlarına baxa-baxa saymağa davam etdi: 1-2-3-4... 1-2-3-4...1-2-3-4...
"Çatdıq!" kəlməsində dayandı. Ürəyi yerindən çıxacaq kimi idi. Başını qaldıranda qarşısında anasını gördü.Asta səslə:- "Necə?Anam şəkilə dönüb? Bəs məni qucaqlamayacaq. Ölmək belə olur?"
- "Qucaqlamayacaq! Belə olur da. İndi torpağın altındadı. Gözünə, ağzına torpaq dolub.Torpaq udub onu, udub", - deyə yenə də bir uşaq dilləndi.

“Udub” sözü Dühanı udqundurdu. Qəribə idi ki, yeni məzarlıqda 4 qəbir var idi. 4-cü qəbir də anasınınkıydı, çəmənlər içində gülümsəyən anasının. Düha bir qədər fəxr etdi. Düşündü ki, anası qarlı-qaralı qışın buzlu uçurumundan aşağıya yuvarlanacaq mikroavtobusdakı digər 6-7 nəfərin həyatını öz ölümü ilə xilas edə bilib. Bütün qəzetlər yazmış, avtobus sürücüsü belə bir müsahibə vermişdi: "Bura Azərbaycanın ən ucqar nöqtələrindəndir. Əyləci basdım, yol buzlu və ensiz idi deyə xeyri olmadı. Gördük ki, avtobus geriyə gedir. Bunu görəndə xanımlar səs-küy etməyə başladı. Məni də həyəcanlandırmasınlar deyə onları sakitləşdirməyə başladım. Avtobus uçuruma doğru getdiyində qadınlardan biri qapını açıb özünü yola atdı. Allahdan ona heç nə olmadı. Az sonra başqa qadın da eynisi etmək istədi. Əynində uzun plaşı var idi, özünü atan anda mikroavtobusun qapısı üzünə bağlandı və plaşı qapının arasında qaldı. Qadın qollarını çıxara bilmədən yıxıldı, başı təkərin altına tərəf yıxıldı özü də və təkər sifətini bir neçə dəfə sürtüb hərəkətdən dayandı. Qadın özü dünyasını dəyişdi, amma bizlərin həyatını qurtarmış oldu. Allah rəhmət eləsin. Nə deyim, qismət..."

Dühanın ilk və son görüşü idi bu.. Bir də illər sonra anasıyla görüşəcəyindən xəbərsiz idi. Onu qarşıda yeni bir şəhər həyatı və unuda bilməyəcəyi əzablı keçmiş gözləyirdi. İndi həmin o vaxt gəlib çatmışdı. Bu an o an idi. Düha anası ilə yana-qıvrıla 21 ildən sonra görüşə gəlmişdi...

***
Məzarlıqda anasının yerini soruşduqda molla belə tanımamışdı. Məyusluğun cəhənnəminə qərq olan Dühanın birdən zehni aydınlaşdı, o, bura gəldiyi anda anasıyla ilk görüşünü xatırladı, 1-2-3-4...
Mollaya söylədi: "İllər əvvəl bu məzarlıq ilk salındığında burda cəmi iki ev var idi..."

Molla:
-"A qızım, məndən əvvəl dörd-beş molla udub bu qəbiristan, mən nə bilim axı dediyin adamı. İndi bura rayonun ən köhnə məzarlığıdır" deyəndə Düha:
- "Elə deməyin, ay baba, məzarlıqlar köhnələr, ölənlər isə öz yaşlarında qalar. Mən tapmalıyam anamın qəbrini. Gizlin, qaçaraq gəlmişəm, vaxt daralır mənimçün" -dedi.
Molla:
-"Ay qızım, necə tapaq bəs indi?".
Mollanın az əvvəlki cümləsi yenidən təkrarlandı.

Düha:
-"İndi bura rayonun ən köhnə məzarlığıdırsa, deməli, o vaxtın ən yeni iki evi indinin ən köhnə iki evidi. Ən qədim olan o iki evi mənə göstərə bilərsiz?!”- deyə ümidləndi.
-"Hə, odur e, bala, bax o", - molla barmağı ilə uzaqları işarə etdi.
Düha qaça-qaça o ev tərəfə getdi və az sonra düz evin qarşısında dayandı. Bilmədi nə etsin. O, evlərin həminki olduğuna da əmin deyildi.Məzarları necə gəldi, qazmışdılar.
Düha əllərini belinə qoyub biləklərində cütləyərək addımlarını saymağa başladı: 1-2-3-4... 1-2-3-4...1-2-3-4 və başını ayaqlarından qarşıya doğru qaldırdı.
Budur, anası saralmış bənizlə, nigaran baxışla, illərdi gözləyirmiş kimi ona baxırdı. Düha yerindəcə donub qalmışdı. Dili-dodağı qurumuşdu. Bəlkə də illərdi hər gün ağladığından idi, burada ağlaya bilmədi. Qulaqları quşların səsini, küləyin vıyıltısını eşitmirdi, yanındakıların təəccübünü və ətrafdakı yüzlərlə qəbri görmürdü. Ürəyinə su səpilmiş, buludların üstündən boşluğa dümüşdü sanki. Dinmirdi, qüruru qulağına "ağla" deyə pıçıldayırdı. Amma vüsala çatmaq hissi göz yaşlarını qurutmuş, Dühanı daşa döndərmişdi. Vəziyyətin ürəkaçan olmadığını görən tanışları onu ordan uzaqlaşdırmağa cəhd etdilər. Özünü soyuqqanlı kimi aparan Düha 5 dəqiqə məzara baxdıqdan sonra sakitcə "Gedək daha" -dedi.

Nitqi qurumuşdu. Düha maşına əyləşərkən gözləri məzarlığa baxar qalmışdı.Maşının qapısının çırpılması səsi onu görüşün təsirindən ayıltdı.O,nəhayət, ağlamağa başladı. Getmək istəmirdi. Göz yaşları boğazına, sinəsinə axır, saçlarının ucunacan gəlir, yerə düşürdü.

Kim bilir, növbəti görüş daha neçə ildən sonra baş tutacaqdı?! Göy guruldayır, güclü yağış yağırdı. Düha hardasa oxumuşdu ki, şaman inanclarına görə, insanlar öldükdən sonra təbiət hadisələri ilə dirilərə agah ola bilirlər. Bəlkə də anası da ağlayırdı. Torpağın altından deyə bilmədiklərini səma səsləri ilə bəlli edirdi. Bəlkə də qızının arxasınca su səpirdi.

Anasının saralmış cəsədindən sevmişdi sarı rəngi. Payıza vurulmuşdu. Anasının plaşındakı qara rəngə də, üzünə örtülən ipəyin ağ rənginə də vurulmuşdu. 4 rəqəmini sevirdi. Özü də 4-cü ayda doğulmuşdu. Kimsə 4,14, 44 rəqəmlərini pisləyəndə inciyirdi. Qadınlarda qısa saçları sevirdi, anasınınkı kimi. Dühanın da əlləri yaz-qış soyuq olurdu. Harda bir qəza görsə, susurdu. Harda yaralanmış birinin yarasını görsə soyuq-soyuq baxırdı. Məzarlıqdan qorxmurdu. Gülab iyini sevirdi. Ən sevimli şirniyyatı hələ də halva idi. Daha çox ona görə ki, o, halvanı yeyib bitirənə kimi 4 yaşındakı hadisələri təkrar-təkrar xatırlayırdı. Özünü o qədər öyrətmişdi ki, qüruruna anasının özləmindən, yastığının altından başqa hər şey, hər kəs xəbərsiz idi. Düha belə qız idi. Kiminsə üzünü öpəndə anasının dağılmış sifətini xatırlayırdı. Ən sadiqliyi onu məzara aparan yaddaşı idi. Bir də “ana” kəlməsi. Həmin kəlməni kimsəyə demədi. Uşağına saymağı öyrədəndə isə 4 rəqəmində ilişib qaldı.

Bir də "klas-klas” oynayan uşaqların səsi onu keçmişinə aparardı. Radiodan, televizordan eşitdiyi "Gəl yuxuma" mahnısı onu anası ilə yuxuda görüşə aparacaq kimi gəlirdi. Amma 21 ildə bircə dəfə də yuxuda görüş baş tutmadı. Bir ağrılı yeri var idi- anasının son gedişində Düha onu çox öpmüşdü. Anasının göz qapaqlarını öpmək xoşuna gəlirdi onun. Elə axırıncı dəfə də qapının astanasında anasının əyilməsini istəyib onun gözlərindən öpmüşdü. Həm də dəfələrlə. Anasının son sözü isə bu olmuşdu: "Balam, gözdən öpmək ayrılıqdır. Öpərsən, ölərəm, gedib qayıtmaram".

Dühanın beyninə işləyən göz-gözə sonuncu baxış idi. "Bircə dənə də öpüm, daha öpməyəcəm", - deyən balaca qız elə bircə dəfə öpdü. Daha öpə bilmədi.

***

Düha artıq evə dönmüşdü, hava çoxdan qaralmış, gecə düşmüşdü.
Yenə gecə saat 12-ni keçirdi.
Yenə sakitlik hökm sürürdü.
Yenə heç özü də bilmədiyi nəyisə gözləyirdi.
Yenə divarda saat vurur, əqrəblər addımlayırdı.
O isə ürəyində sayırdı: Bir, iki, üç, dörd... Bir, iki üç, dörd...


# 2415 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #