Rafiq Hümmət: “Bakıda yaşasam da, bakılı ola bilmədim”

Rafiq Hümmət: “Bakıda yaşasam da, bakılı ola bilmədim”
12 fevral 2015
# 11:59

Fevralın 13-də istedadlı şair, publisist, tərcüməçi, AYB Gürcüstan bölməsinin rəhbəri, Tiflisdəki “Varlıq” Mədəniyyət Mərkəzinin sədri, “Varlıq” qəzetinin baş redaktoru Rafiq Hümmətin 50 yaşı tamam olur. Qələm dostu Nəriman Əbdülrəhmanlının onunla söhbətini oxucularımıza təqdim edirik.

- İstədin, istəmədin, 50 yaş hesabat dövrüdü – yasamın, güzəranın, yaradıcılığın hesabatını verməlisən. İndi sən – Rafiq Hümmət həmin hesabatı necə görürsən? Səncə, uğurların çox olub, yoxsa uğursuzluqların?

- Uğurlarım da, uğursuzluqlarım da kifayət qədərdir. Hesabatımı hər gecə yatmazdan öncə Allahıma vermişəm. Özümü biləndən, enerjimin böyük hissəsini süni və məkrli əngəlləri aşmağa sərf etsəm də, dayağı sadəcə Allah olan bir kasıb fəhlə balası olaraq, kimlərinsə qəbul edib-etməməsindən asılı olmayaraq, harda yaşamışamsa, orda öz mühitimi oluştura bilmişəm. Doğmalarımı, dostlarımı ölümünə sevdiyimdən, maddi cəhətdən kasıb olmağım heç vaxt onları məndən uzaqlaşdırmayıb, hətta tam əksinə, daha da yaxınlaşdırıb. Uşaq vaxtlarımdan çap olunmuşam, az-çox tanınmışam, amma heç zaman özünü reklama, nəfsin cazibəli çağırışına uymamış, dəbdəbə, parıltı azarkeşi olmamışam. Ömrümün xeyli hissəsini mənə quyu qazanları quyudan çıxartmağa sərf etmişəm. Ali məktəbi bitirəndən üzü bəri bir çox cazibəli vəzifələrdə çalışsam da, heç zaman imarət, mal-mülk bir yana, heç ucuz bir arabam da olmayıb və bütün bunlara görə heç zaman üzülməmişəm də. 100-dən çox kitab nəşrə hazırlayıb çap etdirmişəm, onların arasında özümün bir kitabım da yoxdur. Və 50 ilin o üzünə boylananda – harasına baxsam, sadəcə sevgi görürəm: ağrısı-acısı, sevinci-fərəhi, sarsıntısı-iztirabı, eşqi-məhəbbəti bitib-tükənməyən bir sevgi. Bilmirəm, bu hesabat səni qane etdimi?

- Sənin ruhun sınırsızdı, içində təkcə doğulub-böyüdüyün Borçalını, Türk dünyasını yox, bütövlükdə dünyanı sığışdıra bilirsən. Bəlkə də ruhi ağrılarının səbəbi elə budur?

- Əslində ruhun hamımızda sınırsız olduğu qənaətindəyəm. Sadəcə hamı sənət adamı kimi doğulmur və hər kəs öz sınırlarının sərhədsiz olduğunu sərgiləyə bilmir. Mən bir qələm adamıyam və illər öncə sənin də qeyd etdiyin kimi, əsasən öz iç dünyamın rəsmini çəkirəm. Sərhədsiz saydığım bu iç dünyama isə heç bir sədd, sınır qoymamışam – orda Borçalı ilə, Tiflislə birgə, Azərbaycan da var, Türk dünyası da, bu taylı-otaylı kainat da. Ruhi ağrılara gəlincə, deməliyəm ki, indiki dünyamızda ruhən, hətta əksəriyyət etibarilə, cismən də, ağrısız-acısız adam yoxdur; sadəcə kimi o ağrıları ədəbi palitraya köçürür, kimi içindəcə yaşayır. Bir qrup adam yığnağı da var ki, onlar nə özlərində, nə də başqalarında ağrı hiss etmədən bu dünyanın mənəvi atmosferini qəddarcasına zorlayırlar və əfsuslar olsun ki, hazırda dünya da elə onlara söykənib…

- Arada bir müddət Bakıda yaşadın, daha doğrusu, bu şəhərlə dil tapmağa çalışdın. Amma olmadı, yola gedə bilməyib könlünlə bağlı olduğun mühitə qayıtdın. Bakı sənə nə verdi, yaxud səndən nəyi aldı?

- Beş-altı il Bakıda yaşasam da, bakılı ola bilmədim. Əslində şəhərlə dil tapdım, Bakını hər zaman çox sevmişəm, amma özümlə dil tapa bilmədim. Öncə kiçik bir biznes qurdum və güvənim üzündən iflas etdim. Yaradıcılıq və fəaliyyət baxımından isə xeyli uğurlarım oldu. Az müddətdə qəzet redaktorluğuna qədər yüksəldim, ədəbi yaradıcılıqla ciddi məşğul oldum, sıx-sıx çap olundum, şeirlər kitabım çıxdı, tanındım… Amma nə olsun, həftələrlə gecəli-gündüzlü çalışdım, yenə ailəmi zor dolandırdım, bununla belə, müşahidə etdim ki, mənim rəhbər vəzifədə olduğum müəssisənin qapıçısı ev də alır, maşın da alır, Allah daha artıq eləsin, əməllicə dolanır. Amma dolaya-dolaya dolanır, məsələn məndən xahiş edir yazı yazdırır, çap etdirir və qazanır. Mən isə fərsizəm axı, belə işlər indən belə yüz il yaşasam da mənlik olmayacaq. Xatirindədirsə, bir dəfə də məni sən xilas elədin. Ortaq dostumuz məni bir nazirliyin jurnalına redaktor “düzəltmişdi”. Sevincək müjdələmək üçün qaçdım sənin yanına, sən də dedin ki, tez öyrən aylığın-donluğun nə olacaq, bəri başdan gəlirini-çıxarını bil. Səhər tezdən utana-utana idarə rəisi olan kuratorumdan maaşım haqqında soruşanda, cavabından az qaldım havalanım: “Bala, sənə bu boyda vəzifə etibar etmişik, sən aylıqdamı istəyirsən?.. ” Axşamadək birtəhər oturdum, sonra da o gedən getdim… Dostumuz öncə məni qınasa da, sonra gülməkdən uğunub getdi. Güman ki, fərsizliyimə gülürdü. Digər bir nazirliyin “Yaddaş” adlı jurnalında redaktor “işlədim”. Bir aydan çox gecə-gündüz çalışıb araya-ərsəyə gətirdim və ilk nömrəsini Qarabağa, onun maddi-mənəvi abidələrinə həsr etdim. Gözəl də alınmışdı. Amma qismət də ayrı şeydir – jurnal səhifələnərkən direktoru həbs etdilər – ayrılan pulu çoxdan basıb yeyibmiş; ara yerində özümün və rəhmətlik Eyvaz Əlləzoğludan götürdüyüm bir çox qiymətli kitablar, başqa əşyalarım da güdaza getdi. Fürsət düşmüşkən, yadındadır yəqin, o böyük qəzetin redaktoru da neçə aylıq maaş-qonorarımı vermədi, elə səninkini də verməmişdi… Aylıq maaşa möhtac olan adam üçün bunların nə demək olduğunu özü bu duruma düşənlər məncə yaxşı anlayar. Bütün bunlar, üstəgəl, kənddə üzümə həsrət qalmış qoca atam-anam, yuxularımdan çıxmayan doğma məkanlar və dostlarımın təkidi məni qayıtmağa vadar etdi. Nə verib-almasından asılı olmayaraq isə, Bakı mənim dünyada ölümünə sevdiyim üç şəhərdən biridir – Tiflis və İstanbulla birgə.


- Neçə illərdi ki, AYB Gürcüstan bölməsinin sədri, “Varlıq” Mədəniyyət Mərkəzinin rəhbəri, Varlıq” qəzetinin baş redaktorusan. Bu müddətdə hansı ağrıları yaşadığından xəbərim var. Bu qayğılar səni nələrdən eləyib?

- Maşallah, vəzifələr ard-arda düzüləndə yamanca da zəngin görünür… Amma, bildiyin kimi, “Varlıq” qəzeti artıq bir ilə yaxındır ki, nəşr olunmur, redaktorluğumu hələlik yalnız kitablar üzərində davam etdirirəm. AYB-nin Gürcüstan bölməsi olaraq isə, nə az, nə çox, düz on il büdcəsiz, maaşsız, ofissiz əlimizdən nə gəlirsə etmişik. Bir neçə kitabın nəşri üçün maliyyə dəstəyini çıxmaq şərti ilə, keçirdiyimiz əksər tədbirlər də, cəmi bir neçə nömrəsini nəşr etdirə bildiyimiz 16 səhifəlik “Ədəbi Gürcüstan” qəzeti də, bir çox kitablarımızın çapı da illərlə əsasən özümün bir çox fədakar və xeyirsevər dostlarımın sayəsində baş tutub. 2009-cu ildə Tiflisdə “Varlıq” Mədəniyyət Mərkəzi fəaliyyətə başladıqdan sonra isə ədəbi-mədəni fəaliyyətimizi əsasən bu Mərkəz vasitəsilə davam etdiririk. İki kitabımızın çapına Azərbaycan Parlamentinin üzvü Qənirə Paşayeva, daha iki kitabımızın çapına Gürcüstanın Mədəniyyət və Turizm Nazirliyi, “Ədəbi Gürcüstan” antologiyasının çapına Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, ikidilli “Koroğlu” və “Min bir Azərbaycan bayatısı” kitablarının çapına və bir çox tədbirlərimizin keçirilməsinə Azərbaycanın Gürcüstandakı Səfirliyi dəstək veriblər. “Varlıq” Mədəniyyət Mərkəzinin yaranmasında və bir müddət olduqca məhsuldar fəaliyyət göstərməsində Azərbaycanın Gürcüstandakı Səfirliyinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, Azərbaycan Parlamentinin sabiq üzvü Gültəkin Hacıbəylinin, bir çox dostlarımızın böyük maddi və mənəvi dəstəkləri olub. Hər cür çətinliyə, təklənməyə, nankorluğa, qədirbilməzliyə rəğmən, indi də çalışıram, əllərimi işdən soyutmuram, gələcəyi dumanlı da olsa görür, nə təltifə uçunur, nə də tərifə sulanıram. Etiraf edim ki, gördüyümüz işlərin sanbalı kiçik olmasa da, ya onları lazımi şəkildə göstərə bilməmişik, ya da gərəkən insanlar görsələr də, görməzliyə vurublar. Sualına birbaşa cavabım isə belədir: bu qayğıların məni maddi cəhətdən zor duruma salmasına, mənəvi cəhətdən xeyli sarsıntılar keçirməmə səbəb olmasına baxmayaraq, bunun həm də bir tale olduğunu gözəlcə anlayıram. Sənin “Qurban” romanın barədə qələmə aldığı çox bəyəndiyim bir yazıda hörmətli həmkarımız Cavid Cabbaroğlunun bir neçə cümləsini burda təqdim etmək istəyirəm: “...Hökumət xaricdəki diplomatik nümayəndəliklərinin taleyi ilə maraqlanmaq gücündə və taqətində olmadığı üçün səfir ciddi maliyyə sıxıntıları ilə üzləşib. Bu sıxıntılar o dərəcədə dəhşətli səviyyəyə çatıb ki, Yusif Vəzir evində kirayədə qaldığı yaşlı qadının verdiyi çörəyə möhtac duruma düşüb…” Haşa, nə özümü, nə bir başqasını bu böyük ustadla müqayisə üçün gətirmədim bu sitatı, sadəcə 50 yaşımın astanasında daha bir həqiqəti dərk etdim: Qafqaz kimi qarışıq bölgələrdə dəbdəbə şairin, yazıçının asan nail ola biləcəyi və daşıya biləcəyi yük deyil, elə o üzdən də Tanrı bilərəkdən izdihamlı sarayların qapısını onların üzünə qapadır…

- Əlli yaşında cəmi bir kitabın işıq üzü görüb, biri də gürcü dilində nəşr olunacaq. Əslində, şair bir-iki kitabıyla ədəbiyyatda qalır. Hələ işıq üzü görməmiş şeirlərindən ötrü narahat deyilsən ki?

- Elə o bir kitabım da əsasən sənin fədakarlığın sayəsində çap olunub. Çünki, tənbəl olmasam da, özüm üçün ona-buna ağız açmağı sevmirəm. Təkcə son səkkiz ildə Tiflisdə düz 30 kitabı nəşrə hazırlayıb çap olunmasına vəsilə olmuşam. Özümün çap olunası kitablarımı isə maddi durumun buna imkan verəcəyi zamana saxlamışam, iş isə elə gətirib və çox vaxt zamanın çərxi elə hərlənib ki, alacaqlarım da verəcəklərə dönüşüb. Hazırda çapını gözləyən 3 kitabımdan biri – gürcü dilində şeirlər kitabım artıq mətbəədədir ki, bu da bildiyin kimi, Nurafizin etdiyi növbəti dost fədakarlığıdır. Qismət olarsa, bu il irihəcmli şeir kitabımı və “13+1 portret” adlı düşüncələr kitabımı da nəşr etdirmək fikrindəyəm. Narahatlığa qalmış isə, yəqin ki, əsası şeirləri ya kağızın, ya da bilgisayarın yaddaşına köçürməkdir, qalanı düzələn şeylərdir. Ən əsası isə, hesab edirəm ki, çap olunmuş və hələ çap olumamış əksər şeirlərimlə mən özümün də, yaşadığım zəmanənin də portet cizgilərini qismən də olsa ruhumdan köçürə bilmişəm və indinin özündə də, Allahıma şükürlər olsun, məhsuldar sayılacaq səviyyədə bədii yaradıcılıqla məşğulam. .

- Nə müddətdi ki, həm də Azərbaycan və gürcü ədəbiyyatları arasında körpü rolunu oynayırsan. Səncə, bu gün o əlaqədə nə çatışmır?

- Bu əlaqədə, çox, həm də lap çox şeylər çatışmır. İki ölkə arasında iqtisadi, siyasi əlaqələrin bunca yüksək templə inkişaf etməsinə baxmayaraq, ədəbi-mədəni əlaqələr barədə bunu demək mümkün deyil. Zənnimcə, bu məsələyə kompleks şəkildə yanaşılmalı, obyektiv və faydalı iş, qabiliyyət əmsalı yüksək olan şəxslərdən ibarət ortaq komissiya yaradılmalıdır. Sovet dövrünü söymək indi dəbdədir, amma ədəbi əlaqələr sahəsində hazırda ö dövrdə görülən işlərin onda biri qədər iş görülmür. Pulu, imkanı, yiyəsi və ya nüfuzu olan öz əsərini, ya da öz yaxınlarının əsərini tərcümə və çap etdirə bisə də, gerçək ədəbi mənzərə ortada yoxdur. Məsələn, tərcümən sayəsində azərbaycanlı oxucu Qoderzi Çoxelinin bənzərsiz hekayələrinə heyran qalsa da, əslən gürcüstanlı olmana baxmayaraq, səni gürcü oxucu yazar kimi tanımır. Mən özüm xeyli gürcü şairinin şeirlərini təmənnasız olaraq tərcümə və çap etdirmişəm, amma gürcü dilində indiyədək cəmi bir neçə şeirim çap olunub. Hazırda Gürcüstanda gürcü dilindən tərcümə edəcək bir çox peşəkar tərcüməçilərimizin olmasına baxmayaraq, görülən işlərin həcmi istənilən səviyyədə deyil və əsasən fərdi təşəbbüs xarakteri daşıyır. Heç cür reallaşdıra bilmədiyim gürcücə “Azərbaycan hekayələri antologiyası” və “Azərbaycan şeiri antologiyası” kimi gərəkli layihələr uzun illərdir ki, maliyyə yoxluğundan masa üzərində qalmaqdadır. Əvəzində bir günlük reklam parıltılı layihələr maneəsiz reallaşır və unudulur. Hesab edirəm ki, qalıcı və uzunömürlü işlər üçün uzun zaman, böyük enerji sərf edilməli və arxasında gərəkən maliyyə dəstəyi olmalıdır. Üstəgəl, ədəbi işlər işbazlara deyil, gerçək ədəbiyyat adamlarına həvalə olunmalıdır.

- “Borçalı ədəbi mühiti” deyimini mətbuatda da, tədqiqatlarda da tez-tez işlədirlər. Səncə, bu deyim indi özünü doğruldurmu?

- Düşünürəm ki, ədəbiyyat mühitlərə bölünməməlidir – o ya olur, ya da olmur. Amma əsrlər uzunu Gürcüstanda yaranan və yaşayan Azərbaycan ədəbiyyatı var və sanıram indən sonra da dünya durduqca davam və inkişaf edəcək. Gürcüstanda Azərbaycan dilinin, Azərbaycan ədəbiyyatının sınırları yalnız Borçalı ilə məhdudlaşmamalıdır, hərçənd bəzi tədqiqatçılarımız “Borçalı ədəbi mühiti” deyərkən, ümumən Gürcüstandakı Azərbaycandilli ədəbi mühiti nəzərdə tuturlar və bəlkə də doğrusu elə budur. Fakt isə budur ki, uzun müddət bütövlükdə Azərbaycan ədəbi-ictimai fikrinin formalaşdığı məkanların başında Tiflis şəhəri dayanmışdır. Bundan başqa, Qarayazıda, Kaxetdə, məlum Stalin sürgününə qədər Mesxet türklərinin yaşadığı geniş bir bölgədə çox zəngin ədəbi-mədəni irsimiz formalaşmışdır. Xatirindədir, ötən əsrin 80-ci illərinin sonuna qədər Tiflisdə bizlərin də içində bulunduğu ədəbi mühit günü-gündən necə canlanırdı. Lakin, məlum hadisələr, Qamsaxurdiyanın dağıdıcı millətçiliyi çoxlarını, xüsusən də ziyalıları pərən-pərən saldı, Borçalıda və digər bölgələrdə yaşayan soydaşlarımızın taleyi bir müddət Allahın ümidinə buraxıldı. Və, təbii olaraq, bu ölkədəki ədəbu gücümüz də kəskin dərəcədə zəiflədi. Zor da olsa, təxminən 20 ildən sonra hər şey yavaş-yavaş məcrasına düşməyə başlayıb. Həm də, şükürlər olsun ki, hazırda bu ölkədəki şair-yazıçılarımızın sırası gənc ədəbi qüvvələrin hesabına genişlənməkdə və inkişaf etməkdədir.

- Sən Sözlə Həyatın hüdudlarını müəyyənləşdirə bilirsənmi? Səndən ötrü Həyat – yəni gerçəklik harda bitir, Söz – ruhunun söylədikləri harda başlayır?

- Sözün düzü, əvvəllər bu barədə heç düşünməmişəm. Bu məqamda isə düşünürəm ki, Həyat ilə Söz – gündüz və gecə, yuxu və oyaqlıq kimi bir şeydir. Söz – Həyatın ağrı-acılarını, sevinc və kədərini, sevgi və həsrətini… əbədiləşdirmək üçün Tanrı tərəfindən şairlərə verilmiş bir vasitədir. Həyat və Söz sınırsız-sərhədsiz iç-içə, bir-birində yaşayır, fəqət Həyat müvəqqəti, Söz isə əbədidir, hətta heç vaxt oxunmasa belə…

- Oğul balan Anar da Sözlə təmasdadı, ilk hekayələrini, pyeslərini qələmə alıb. Onun taleyindən narahat deyilsən ki?

- Etiraf edim ki, Anarı bu sahədə görməyi çox da arzulamadım, ancaq seçiminə də hörmətsiz yanaşmadım. Hekayələr yazdığını bilməmə rəğmən, “Ədəbi Gürcüstan” antologiyasında bütün gənc yazarlara yer ayırsam da, onun yazılarını çap etmədim; nə özü bunu istədi, nə də mən israr etdim. Pyeslərini, monoloqlarını heç zaman öncədən mənə oxumadı. O daha çox aktyorluq, rejissorluq sahəsinə meyllidir, aktyorluq təhsili alıb, hazırda Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin sənətşünaslıq fakültəsinin tələbəsidir, eyni zamanda paytaxtda Azərbaycandilli radioda mədəniyyət sahəsində proqramlar hazırlayıb sunur. Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının səhnəsində bir çox yaddaqalan obrazlar yaradıb, Gürcüstanda dilimizdə ilk dəfə olaraq böyük səhnədə Stand Up Şou ilə çıxış edib, zənnimcə pis də qarşılanmayıb. Amma istərdim ki, məndən fərqli olaraq, heç olmazsa o və digər gənclərimiz zəhmətinin qarşılığını alsınlar, onsuz da problemlərlə dolu olan həyatı maddi çətinliklərin aradan qaldırılmasına deyil, sənətdə uğurlar qazanmağa həsr etsinlər. Burasını da qeyd edim ki, hazırda Gürcüstanda istedadına güvəndiyim parlaq ədəbi gənclik yetişir və bu üzdən elə də narahat deyiləm. Mənim üçün onların hamısı Anardır və ya Anar da onlardan biridir və onların əksəriyyərinə heç bir zaman əlimdən gələn dəstəyi əsirgəməmişəm.

- Və sonda... Əlli yaş səndən ötrü nədi, Rafiq Hümmət?

- Əslində, 50 yaşa gəlib çatmağın özü Tanrının bir lütfüdür. Bununla belə, illər artdıqca yaşadığımız sevinclərimizlə birlikdə dərdlərimiz də böyüdü. 50 yaşa yürüyən yolda iki əziz qardaşımın, bir neçə əvəzolunmaz dostumun vaxtsız itkisi ilə üzləşdim. Sevdiklərimi sonunadək sevdim, sevəmmədiklərimdən uzaq olmağa çalışdım, amma nifrət, kin bəsləmədim. Bircə yaşam düsturum oldu: “sev ki seviləsən!”. Özümü biləndən dərk etdim ki, yüz il də yaşasa da, insan öz ömrünü üç-beş gün ömrü olan kəpənək çiçəklərə həsr etdiyi kimi yaşamalıdır. Bununla belə, ağsaqqal şairimiz Nəriman Həsənzadənin uşaq vaxtlarımdan yadımda qalan bir bəndini də bu sualın cavabına yekin olaraq qeyd edirəm:

İllər pillələrmiş bizdən ötəri,

Yollara gah bürkü, gah şaxta düşür.

Şöhrətin sevinci, yaşın kədəri

Tərs kimi ikisi bir vaxta düşür…

# 2360 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #