Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi
11 dekabr 2024
# 09:00

Kulis.az 2024-cü ilin Ədəbiyyat üzrə Nobelçisi Han Kangın "İşıq və bağ" adlı mühazirəsini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.

(Nobel mühazirəsi, Stokholm, 7 dekabr)

Ötən yanvar ayında yaxın vaxtlarda daşınmaq məqsədilə saxlancımı gözdən keçirəndə köhnə ayaqqabı qutusuna rast gəldim. Qutunu açanda uşaqlıq çağlarımdan qalmış bir neçə köhnə gündəlik tapdım. Jurnal yığınlarının arasında, üz qabığında diyircəkli qələmlə “Şeir kitabı” yazılmış broşür vardı. Nazik kitabça iki qatlanmış və tutqaclarla bərkidilmiş beş qalın A5 kağızından düzəldilmişdi. Başlığın altına biri solda altı millimetr yuxarı qalxan, digəri sağda yeddi millimetr aşağı enən iki dalğavari cizgi əlavə eləmişdim. Yoxsa özünəməxsus cild illüstrasiyasıydı? Bəlkə, sadəcə qaralamaydı? İl – 1979 – və adım kitabın arxa tərəfində qeyd olunmuş, ön və arxa cildlərdə olduğu kimi, eyni qələmlə iç səhifələrə də cəmi səkkiz şeir yazılmışdı. Hər səhifənin alt hissəsində xronoloji sırayla səkkiz ayrı-ayrı tarix sıralanmışdı. Səkkiz yaşındakı düşüncəmlə qələmə aldığım misralar həddən artıq məsum və cilasız idi, amma gözlərim aprel tarixli, bu misralarla başlayan bir şeirə sataşdı:

Eşq hardadı?

O – tappatap döyünən sinəmin içində.

Eşq nədi?

Qəlblərimizi bir-birinə bağlapan qızıl bağ.

Broşürü düzəltmək üçün sərf elədiyim o günortaüstünün xatirələrinə dalıb bir andaca qırx il əvvələ getdim. Qısa, gödək qələmim, kağız, pozan, atamın otağından gizlincə götürdüyüm iri metal tutqac yadıma düşdü. Ailəmizin Seula köçəcəyini öyrənəndən sonra kağız parçalarına, qeyd dəftərçələrinə və çalışma kitablarının kənarlarına, ya da gündəliyimin səhifələrinə qaraladığım şeirləri bir kitabda toplamaq arzusuna düşdüyümü xatırladım. Eyni zamanda, “Şeir kitabı”mı tamamlayanda kimsəyə göstərmək istəməməyimlə bağlı təsvirolunmaz hiss keçirdiyim də yadıma düşdü.

Gündəlikləri və kitabçanı tapdığım yerə qoyub qapağını örtməzdən qabaq telefonumla şeirin şəklini çəkdim. O zaman yazdığım bəzi sözlərlə indiki halım arasında müəyyən bir əlaqə olduğunu duyduğuma görə, bu cür hərəkət elədim. Sinəmdə, döyünən qəlbimin içində. Qəlblərimiz arasında. Birləşdirən qızıl bağ – işıq saçan bağ.

***

On dör il sonra ilk şeirimin, ardınca da ertəsi il ilk qısa hekayəmin dərc olunmasıyla yazıçı oldum. Təxminən üç il ərzində qələmə aldığım ilk uzun əsərimi beş il sonra dərc etdirəcəkdim. Şeir və qısa hekayə yazmaq prosesi xoşuma gəlmişdi, hələ də bu cürdür, amma mənim üçün roman yazmaq xüsusilə təsirlidir. Əvəzində şəxsi həyatımın sanballı qismini verdiyim kitablarımı bir ildən yeddi iləcən müddətdə bitirməli oldum. Məni işləməyə vadar eləyən şey də budur. Duyduğun suallara dalma və üzərində durma üsulum zəruri və qaçılmazdır, ona görə də bu mübadiləni qəbul eləmək qərarına gəlirəm.

Roman üzərində çalışdığım vaxtlarda suallara dözür, onların əhatəsində yaşayıram. O suallara cavab tapanda - bu da ki, həmin sualların cavablarını tapdığım anla eyni deyil – yazı prosesini bitirirəm. O vaxtacan artıq başladığım məqamdakı kimi olmuram, vəziyyət dəyişdiyinə görə də hər şeyi yenidən başlayıram. Zəncirin halqaları, yaxud domino daşları kimi bir-birinə bənd olan, birləşən və davam eləyən növbəti suallar gəlir, nəticədə yeni əsər yazmağa meyillənirəm.

2003-2005-ci illərdə üçüncü romanım “Vegetarian qadın”ı yazanda bəzi acı suallarla qarşılaşdım: İnsan tamam məsum ola bilər, ya yox? Zorakılığı hansı həddədək dəf eləyə bilərik? İnsan adlı məxluqata aid olmaqdan boyun qaçıran adam hansı vəziyyətlə qarşılaşır?

“Vegetarian qadın” romanının zorakılığı rədd edərək ət yeməməyi seçən, axırda da bitkiyə çevrildiyinə inanıb sudan başqa bütün yemək-içməkdən boyun qaçıran qəhrəmanı Yeong-hye bu cür ironik vəziyyətə düşür: özünü xilas eləmək üçün sürətlə ölümə doğru gedir. Əslində, ortaq qəhrəmanlar olan Yeong-hye və bacısı İn-hye dağıdıcı qarabasmalar və sarsıntılar zamanı səssiz-səmirsiz fəryad eləsələr də, axırda bir yerdədirlər. Yeong-hyenin bu hekayətdə sağ qalacağına ümid bəsləyib son səhnəni “təcili yardım” maşınında təsvir elədim. Maşın yamyaşıl ağacların altından keçən dağ yoluyla aşağıya doğru sürətlə irəliləyəndə sərvaxt olan bacı da diqqətlə pəncərədən bayıra baxır. Bəlkə, bir cavab gözləyir, bəlkə də, etirazını bildirir. Roman tamamilə bu sorğu dolu vəziyyətdən – baxmaq və meydan oxumaq, bir cavab gözləmək - ibarətdir.

“Vegetarian qadın”ın ardınca gələn “Müqəkkəb və qan” romanı da bu sualları davam etdirir. Zorakılıqdan boyun qaçırmaq üçün həyatı və dünyanı rədd eləmək mümkün deyil. Axırda bitkiyə çevrilə bilmərik. Bəs, onda necə yaşayacağıq? Mövqelərin toqquşduğu bu sirli romanda uzun müddət ölümün kölgəsiylə boğuşan əsas obraz dostunun qəfil ölümünün intihar olmadığını sübuta yetirmək üçün həyatını riskə atır. Son epizodda onun ölümdən və xarabalıqdan qurtulmaq üçün süründüyünü təsvir eləyəndə özümə bu sualları verirdim: Axırda həyatda qalmalı olmayacağıq? Həyatımız həqiqətə şahidlik etməli deyil?

Beşinci romanım “Yunan dil dərsləri” ilə daha da irəli getdim. Bu dünyada yaşamağa davam etməliyiksə, bu, hansı anlar sayəsində mümkün olur? Lal qadın və kor kişi yalnız yolları kəsişəndə sükut və zülmətin içiylə addımlayırlar. Hekayətdəki təsirli məqamlarda iştirak eləməyi arzuladım. Roman sükut və qaranlıqda qadın əlinin uzanıb kişi ovcuna bir neçə kəlmə yazdığı məqamacan özünəməxsus asta-asta irəliləyir. Sonsuzluğa yayılan o parlaq anda həmin iki obraz özlərinin də mülayim xasiyyətlərini büruzə verir. Belə bir məqamda sual vermək istəyirdim: Görəsən, bəşər övladının ən mülayim cəhətlərini nəzərə alaraq, oradakı qaçılmaz hərarəti oxşaya-oxşaya bu qısa, zorakılıqla dolu dünyada yaşaya bilərik, ya yox?

Sualımın cavabını tapanda növbəti kitabım barədə düşünməyə başladım. Bu, 2012-ci ilin yazında “Yunan dili dərsləri” romanımın nəşrindən az sonra baş verdi. Öz-özümə işığa və hərarətə bir addım da yaxınlaşan roman yazacağımı söylədim. Bu həyatı və dünyanı bağrına basan əsəri parlaq, şəffaf hisslərlə doldurdum. Az sonra ad tapdım, ilk variantın iyirminci səhifəsini yazmışdım ki, əl saxlamaq məcburiyyətində qaldım.

Müəyyən bir şeyin o romanı yazmağıma imkan vermədiyini dərk elədim.

***

O zamanadək Kvancjou barədə yazmaq fikrinə düşməmişdim.

Ailəm 1980-ci ilin yanvarında, yəni, kütləvi qətllərin başlamasından təxminən dörd ay əvvəl Kvancjoudan çıxanda doqquz yaşındaydım. Bir neçə il sonra bir kitab rəfində “Kvancyou foto-albomu” nəşrinin kötüyünü görəndə, ətrafdakı yaşlı adamlardan yayınıb ona baxanda on iki yaşındaydım. Həmin kitab çevrilişi planlaşdırmış yeni hərbi qüvvələrə müqavimət göstərən zaman dəyənəklərlə, süngülərlə və silahlarla öldürülmüş Kvancjou sakinlərinin və tələbələrinin foto-şəkillərindeən ibarət idi. Sağ qalanlar və ölənlərin ailələri tərəfindən gizlincə nəşr edilən və yayılan kitab medianın şiddətli təzyiqlər altında gerçəkləri təhrif elədiyi dövrdə həqiqətə şahidlik eləyirdi. Uşaq vaxtı o görüntülərin siyasi əhəmiyyətini başa düşə bilməmişdim, kədərli simalar isə beynimdə insanlarla bağlı sanballı sual kimi özünə yer elədi: Bu, bir insanın başqasına qarşı davranışıdır, ya yox? Sonra bir universitet xəstəxanasının qabağında qan vermək üçün gözləyən sonsuz insan növbəsinin foto-şəklini görəndə fikirləşdim: Bu, bir insanın başqası üçün davranışıdır, ya yox? Bu iki sual toqquşur, ziddiyyət təşkil eləyirdi, çözə bilmədiyim düyünə çevrilmişdi.

Beləcə, 2012-ci ilin bir yaz günü, parlaq, həyatla dolu roman yazmağa can atanda bir daha cavabı tapılmamış bir sualla rastlaşdım. İnsanlara olan tam inam hissimi çoxdan itirmişdim. Belə bir vəziyyətdə dünyanı necə bağrıma basa bilərdim? Başa düşdüm ki, irəliləmək istəyirəmsə, bu qaçılmaz ikiləşməylə üz-üzə gəlməliyəm. Bunun da yeganə yolu onu dəf eləyib yazmaq idi.

O ilin çox hissəsini 1980-ci ilin mayında Kvancjouda baş vermiş hadisələrin əsas mövzuya çevriləcəyini təsəvvür eləyə-eləyə, romanımın layihəsini cıza-cıza keçirdim. Dekabrda Manguol-dong rayonundakı qəbiristanlığa baş çəkdim. Günortadan xeyli keçmiş, əvvəlki gün şiddətli qar yağmışdı. Bir qədər sonra hava qaralanda əlim sinəmdə, ürəyimin üstündə soyuq qəbiristanlıqdan çıxdım. Öz-özümə dedim ki, növbəti romanım Kvancjou hadisələrini səthi deyil, bütün çılpaqlığıyla əks etdirməlidir. 900-dən artıq şahid ifadəsindən ibarət olan kitab əldə elədim, bir ay müddətində hər gün doqquz saat ərzində orada toplanmış ifadələri oxudum. Sonra yalnız Kvancjou deyil, digər dövlət zorakılığı hadisələri ilə bağlı yazılarla da tanış oldum. Ardınca daha uzaqlar və keçmişə nəzər salanda insanların bütün dünyada və tarix boyu dəfələrlə gerçəkləşdirdikləri kütləvi qətllər barədə yazılanları mütaliə elədim.

Romanımı araşdırdığım həmin dövrdə beynimdə, əsasən, iki sual vardı. İyirmi yaşlarımda hər yeni gündəliyimin ilk səhifələrinə bu misraları yazmışdım:

İndiki zaman keçmişi dərk eləməkdə yardımçı ola bilərmi?

Sağlar ölənləri xilas eləyə bilərmi?

Oxuduqca bunların cavabsız suallar olduğunu anladım. Ən qaranlıq cəhətləriylə bu daimi qarşılaşmam sayəsində insanlığa qarşı uzun müddətdən bəri itirdiyim inamımın olan-qalan qalıqlarının da tamamilə dağıldığını hiss elədim. Az qala, romanı qələmə almaqdan əl çəkdim. Sonra gecə məktəbində dərs deyən gənc bir müəllimin gündəliklərini oxudum. Utancaq və sakit gənc olan Parrk Yong-jun 1980-ci ilin mayında on gün sürən Kvancjou qiyamında öz-özlərini idarə eləyən vətəndaşlardan ibarət dəstəyə qoşulmuş, əyalət idarəsi yaxınlığındakı binada vurulub öldürülmüşdü. Əsgərlərin səhər tezdən geri qayıdacağını bilsə də, o, qərargahda qalmağa üstünlük vermişdi. O, gündəliyinin son gecəki səhifəsində yazmışdı: “İlahi, nəyə görə məni bu qədər incidən və əzab verən vicdan sahibi olmağa məcburam axı? Yaşamaq istəyərdim”.

İndiki zaman keçmişi dərk eləməkdə yardımçı ola bilərmi?

Sağlar ölənləri xilas eləyə bilərmi?

Daha sonra “İnsan əməlləri” əsərinə çevriləcək təfərrüatları qələmə alanda bəzən keçmişin, həqiqətən, bu günü anlamaqda yardım elədiyini və ölənlərin sağları xilas elədiklərini başa düşdüm. Arabir yenə qəbiristanlığa baş çəkirdim, həmişə də nədənsə aydın hava olurdu. Gözlərimi yumurdum, Günəşin narıncı şüaları göz qapaqlarıma düşürdü. O işığı həyatın öz işığı kimi duyurdum. İşığın və havanın məni təsvirəgəlməz hərarətlə bürüdüyünü hiss eləyirdim.

O foto-albomu görəndən sonra belə beynimdə bu suallar qalmışdı: İnsanlar necə bu qədər vəhşiləşə bilir? Bəs, necə olur ki, bu qədər amansız zorakılığın qarşısında eyni anda dayanırlar? İnsan növünə aid olmaq nə deməkdir? İnsani dəhşət və insanlıq şərəfinin bu iki uçurumu arasındakı boşluqda mümkünsüz bir yolu dəf eləmək üçün ölənlərin yardımına ehtiyacı vardı. Eynilə “İnsan əməlləri” adlı romanda olduğu kimi, balaca Dong-ho əlindən yapışıb darta-darta anasını Günəşə doğru getmək üçün dilə tutur.

Əlbəttə, ölənlərın, yaşlıların, ya da sağ qalanların başlarına gətirilənləri geri qaytara bilməzdim. Onlara yalnız öz cismimdəki hissləri, duyğuları və həyatı verə bilərdim. Romanın əvvəlində və axırında şam yandırmaq fikrinə düşüb mərhumların cənazələrinin qoyulduğu və dəfn mərasiminin keçirildiyi bələdiyyə idman salonunda açılış səhnəsi qələmə aldım. Orada, on beş yaşlı Dong-honun meyitlər üstünə ağ mələfə çəkdiyinin və şam yandırdığının şahidi oluruq. Mən hər bir alovun açıq-mavi qəlbinə nəzər salıram.

Romanın Koreya dilində adı “Sonyeon-i onda”dır. Son kəlmə “onda”, “oda” felinin indiki zamanıdır. Sonyeonə, oğlan, ikinci şəxs kimi, “siz” deyə müraciət ediləndə, nə qədər səmimi olursunuz olun, solğun işıqda oyanır və indiki zamana doğru addımlayır. Onun addımları – ruhun addımlarıdır. Get-gedə yaxınlaşıb indiyə çevrilir. Əsəri yazarkən öyrəndiyimə görə, insan zülmünün və şərəfinin həddən artıq paralel şəkildə mövcud olduğu zaman və məkan Kvancjou kimi xatırlananda, bu isim yalnız bir şəhərə şamil edilmir, ortaq isimə çevrilir, bizə zaman və məkan ərzində dönə-dönə, həm də daim, elə indi də indiki zamanda gəlir.

***

Roman, nəhayət, bitib 2014-cü ilin yazında nəşr ediləndə oxucuların əsəri oxuyan zaman duyduğu kədər məni sarsıtdı. Yazdığım müddətdə duyduğum kədərlə oxucularımın mənə bildirdikləri kədər arasında necə bir əlaqə ola biləcəyi barədə düşünmək üçün bir qədər vaxt sərf eləməli oldum. O kədərin arxasında nə dura bilərdi? Bəlkə, ora insanlığa olan inamınızı qoymaq istəyirsiniz, həmin inam sarsılanda da mənliyimizin yox edildiyini duyursunuz? Yoxsa kədərdən kədər doğulur, bəzi kədərlər də eşqin sübutudur?

Həmin ilin iyun ayında bir yuxu gördüm. O yuxuda seyrək qar altında bir vadiylə gedirdim. Vadidə minlərlə qapqara ağac kötüyü, hər birinin arxasında da qəbir vardı. Arabir ayağım suya batırdı, geri dönüb baxanda vadinin üfüqü olduğunu güman elədiyim kənarından ümmanın sürətlə yaxınlaşdığını gördüm. Nədən belə bir yerdə qəbirlər vardı? Maraq məni bürüdü. Dalğalar dənizin yaxınlığındakı alçaq təpələrə səpələnmiş bütün sümükləri süpürüb aparmazdı? Ən azı, nə qədər ki, gec deyildi, o sümükləri yenidən hündürdəki çuxurlarda basdırmaq olmazdı? Amma bunu necə eləyəcəkdim? Kürəyim belə yox idi. Su da artıq topuqlarımacan qalxmışdı. Oyandım, hələ qaranlıq olan pəncərədən bayıra baxanda o yuxunun mənə vacib bir şey söylədiyini hiss elədim. Yadımdadır, yuxunu qələmə alandan sonra fikirləşdim ki, bu, növbəti romanımın başlanğıcı ola bilər.

Ancaq bunun nə ilə nəticələnəcəyi barədə hələ qəti bir fikrim yox idi, bir də gördüm ki, gümanımca həmin yuxudan qaynaqlana biləcək bir neçə gələcək hekayənin əvvəlini yazıb bir kənara qoymuşam. Axır ki, 2017-ci ilin dekabrında Jeju adasında kirayə otaq tutdum, sonrakı iki il ərzində vaxtımı Jeju və Seul arasında gedib-gəlməklə keçirdim. Meşələrdə, dəniz sahilində və kəndin küçələrində gəzən zaman hər an saf Jeju havasını – küləyini, işığını, qarını və yağışını – duya-duya romanın əsas cizgilərinin aydınlaşdığını hiss elədim. “İnsan əməlləri”ndə olduğu kimi, qırğından sağ qurtulanların ifadələrini oxudum, materialları araşdırdım, sonra sözə çevirməyin, az qala, mümkün olmadığı qəddar təfərrüatlardan qəti uzaqlaşmadan, mümkün qədər ölçülü-biçili şəkildə “Mən vidalaşmıram” romanına çevrilən əsəri yazdım. Kitab o qapqara ağac kötüklərini, dalğalı dənizi gördüyümdən təxminən yeddi il sonra nəşr edildi.

Romanın üzərində işləyəndə dəftərçəmə bu qeydləri yazdım:

Həyat yaşamaq istəyir. Həyat hərarətlidir.

Ölmək – soyumaqdır. Qarın ərimək əvəzinə sifətinə yapışmasına nail olmaq.

Öldürmək – üşütməkdir.

Tarixdə insanlar və kosmosda insanlar.

Külək və ümman axınları. Bütün dünyanı bir-birinə bağlayan dairəvi su və hava axını. Biz bir-birimizə bağlıyıq. Bağlı olmağımız üçün dua eləyirəm.

Roman üç hissədən ibarətdir. İlk bölüm təhkiyəçi Kyunghanın Seullu dostu İnseonun Jeju dağlarında qalın qar altında qalmış, xilas eləməli olduğu evcil quşa doğru sürünə-sürünə getməsi, ikinci bölüm isə onu yönləndirənin yoxuşa qalxması barədədir. Kyungha və İnseon bəşəriyyətin ən qaranlıq gecələrindən birinə – Jejuda mülki adamların qətlə yetirildiyi 1948-ci ilin qışına – və ümmanın dərinliklərinə gedirlər. Üçüncü və sonuncu bölümdə onlar ümmanın dibində şam yandırırlar.

Romanın süjet xətti iki dostun növbəylə şamı tutması ilə irəliləsə də, əsl qəhrəmanı, həm Kyungha, həm də İnseonla bağlı olan adam - İnseonun anası Jeongsimdir. O, Jejudakı qırğından sağ qurtulub, əməlli-başlı dəfn mərasimi keçirmək məqsədilə sevdiyi adama məxus sümüklərin bircə parçasını belə əldə eləmək üçün çarpışır. Jeongsim yas mərasimindən vaz keçmir, əzaba qatlaşır, sevdiyi adamı unutmur. Onun uzun müddət eyni cür şiddətli və qızğın kədərlə, həm də sevgiylə qaynayan həyatını nəzərdən keçirəndə, güman ki, bu suaları vermək istəyirdim: Hansı həddədək sevə bilərik? Hüdudumuz haradadır? Axıracan insan kimi qalmaq üçün nə qədər sevməliyik?

***

“Mən vidalaşmıram” romanının Koreyada nəşrindən üç il keçməsinə baxmayaraq, növbəti romanımı hələ bitirməmişəm. Davamını arzuladığım kitab uzun müddətdir ki, məni gözləyirdi. Dünyaya gələndən cəmi ikicə saat sonra vəfat eləyən bacıma, qısa müddətə də olsa, həyatımı borc vermək istəyiylə yazdığım “Bəyaz kitab”la birbaşa bağlı əsərdir. Hər zaman olduğu kimi, müəyyən bir şeyin nə vaxt bitəcəyini təxmin eləmək mümkün deyil, amma yavaş-yavaş da olsa, yazacağam. Bu vaxtacan qələmə aldığım kitabların üstündən keçib, həyatın imkan verdiyi qədər uzağa gedənədək, ta ki döngəni burulub artıq gözlərimdən itdiklərini sezənədək çalışacağam.

Mən onlardan uzaqlaşdıqca, kitablarım sərbəstcə öz həyatlarını davam etdirəcək, qismətlərinə düşən səyahətə çıxacaqlar. Ön şüşəsində yaşılımtıl işıq yanan “təcili yardım” maşınının içində həmişə birgə olan bacılar da elədir. Eynilə yenidən dili açılacaq qadın da qaranlıqda, sükut içində barmağıyla kişinin ovcuna yazı yazacaq. Bu dünyada cəmi iki saat qalandan sonra vəfat eləyən bacım və körpəsinə son məqamadək “Ölmə, yalvarıram, ölmə!” deyən gənc anam da yaşayacaq. Yumulu göz qapaqlarımın arxasında tünd-narıncı işıltıya çevrilən, məni təsvirəgəlməz dərəcədə hərarətli işıqla bürüyən o ruhlar nə qədər irəli gedəcəklər? Hər bir cinayət məqamında, ağlagəlməz zorakılıq nəticəsində əzilən, heç vaxt vidalaşmayacağına and içən insanlar əllərindəki həmişə və hər yerdə yanan şamı nə qədər uzağa aparacaqlar? Yoxsa o işıq qızılı bağ üzərində fitildən-fitilə, qəlbdən-qəlbə gedəcək?

***

Ötən ilin yanvar ayında köhnə ayaqqabı qutusundan tapdığım broşürdə 1979-cu ilin aprel ayında yazmış əvvəlki mənliyim mənə bu sualları vermişdi:

Eşq haradadır?

Eşq nədir?

Amma 2021-ci ilin yazında “Mən vidalaşmıram” kitabının nəşrinə qədərki bu iki suala cavabın özümdə olduğunu düşünürdüm:

Dünya niyə bu qədər qəddar və əzabvericidir?

Bəs, dünya necə bu qədər gözəl ola bilər?

Uzun müddət bu fikirlər arasındakı gərginliyin və daxili mübarizənin yazılarım üçün təkanverici qüvvə olduğuna inandım. İlk romanımdan son romanımadək beynimdə gəzdirdiyim sualar dəyişib aydınlaşdı, amma yalnız ikisi dəyişməz qaldı. İki, ya üç il əvvəl isə qəlbimdə şübhələr oyanmağa başladı. Həqiqətən, özümə sevgi – bizi bir-birimizə bağlayan kədər – barədə 2014-cü ilin yazında, “İnsan əməlləri” Koreyada nəşr ediləndən sonra sual vermişdim? İlk romanımdan son romanımadək araşdırmalarımın ən dərin qatı daim eşqlə bağlı olmamışdı? Eşq, əslində, həyatımın ən qədim və başlıca çaları ola bilərdi?

O uşaq 1979-cu ilin aprel ayında “qəlbim” adlanan xüsusi bir yer olduğunu yazmışdı (O – tappatap döyünən sinəmin içində). Eşqin nə olduğuna gəlincə, bu, onun cavabıydı (Qəlblərimizi bir-birinə bağlapan qızıl bağ).

Yazanda bədən üzvlərimdən istifadə eləyirəm. Görməyin, dinləməyin, iyləməyin, dadmağın, həssaslığın, hərarətin, soyuğu və kədəri sınaqdan keçirməyin, ürək döyüntülərinin və bədənimin yeməyə-içməyə ehtiyacını duymasının, yeriməyin, qaçmağın, küləyi hiss eləməyin bütün hissi təfərrüatlarından faydalanıram, dərimdə yağışı və qarı, əl-ələ tutmağın təsirini sınaqdan keçirirəm.

Fani varlıq kimi vücudumda qan dolaşan zaman hiss elədiyim canlı hissləri sözlərimə aşılayır, sanki elektrik cərəyanı göndərirəm.

Həmin cərəyanın da oxucuya çatdığını duyanda heyrətlənir, kövəlirəm. Belə məqamlarda bizi bir-birimizə bağlayan dil bağını, sualların o cərəyanlı, canlı varlıq vasitəsiylə oxucularla necə təmasa girdiyini bir daha sınaqdan keçirirəm. Bu sərlövhənin köməyiylə də mənimlə təmasa girən və bundan sonra da girəcək hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm.

# 1710 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #