“Ən azı, iki səbəbə görə..." - Yusif Səmədoğluna hansı tələblər qoyulmuşdu?

“Ən azı, iki səbəbə görə..." - Yusif Səmədoğluna  hansı tələblər qoyulmuşdu?
21 oktyabr 2025
# 10:00

Kulis.az Nəriman Əbdülrəhmanlının “Yusif Səmədoğlu: Ədəbiyyat və kino arasında” yazısını təqdim edir.

Bu il anadan olmasının 90 illiyi qeyd edilən görkəmli nasir, Xalq yazıçısı Yusif Səmədoğlunun nəsri haqqında yetərincə yazılıb, hekayələri və romanları təhlilə cəlb olunub, ədəbiyyatımıza təsiri və ədəbiyyatımızdakı yeriylə bağlı sanballı fikirlər söylənib...

Amma onun ekran sənətindəki xidmətləri hələ araşdırılmayıb, “kinomuzun qızıl dövrü” adlandırılan 60-cı illərin ikinci yarısı, 70-ci illərin əvvəllərində kinoprosesin başlıca simalarından biri olduğu barədə hələ də araşdırmalara rast gəlmirik...

Halbuki, indi öyündüyümüz “Sən niyə susursan?”, “Torpaq. Dəniz. Od. Səma”, “Mən ki gözəl deyildim”, “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Bir cənub şəhərində”, “Şərikli çörək”, “Axırıncı aşırım”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, “Gün keçdi”, “Ulduzlar sönmür”, “Nəsimi”... filmləri həmin dövrdə kinoprosesə rəhbərlik eləyən unudulmaz sənətçimiz Adil İsgəndərovla yanaşı, Yusif Səmədoğlunun da danılımaz xidmətləri sayəsində araya-ərsəyə gəlib...

1.“60-cılar”dan biri

60-cı illərin ortalarında ədəbiyyatda olduğu kimi, kinematoqrafiyada da yenilənmə prosesi başlamışdı...

Artıq təcrübəli ekran ustalarıyla, televiziyadan “böyük kino”ya keçmiş Arif Babayev və Kamil Rüstəmbəyovla birgə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu, Ali Ssenaristlər və Rejissorlar Kurslarını bitirmiş Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Rüstəm İbrahimbəyov, Alla Axundova, Rasim İsmayılov, Zaur Məhərrəmov, Oqtay Mirqasımov, Eldar Quliyev..., M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun yetişdirmələri Həsən Məmmədov, Şahmar Ələkbərov, Hamlet Xanızadə... kinoda ilk addımlarını atırdılar. 1966-cı ildə Adil İsgəndərov C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru təyin ediləndən sonra isə bu proses daha nizamlı şəkil aldı, milli kadrlar ekran əsərlərinin araya-ərsəyə gəlməsində dominant rol oynamağa başladı.

1953-cü ildə M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olan, görkəmli nasir Konstantin Paustovskinin sinfində təhsil alan, IV kursdan ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinin beşinci kursuna dəyişilən, təhsilini başa vurandan sonra beş il “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri işləyən, Yusif Səmədoğlu da kinoya məhz belə bir vaxtda – 1965-ci ildə gəlmişdi.

Artıq onda o, Yusif Vəkilov kimi “Xəzri”, “Gözlər”, “Qartal”, “Simurq quşu” hekayələriylə diqqəti çəkmiş, 1960-cı ildə işıq üzü görən “220 saylı otaq” adlı hekayələr toplusu ədəbi aləmin marağına səbəb olmuşdu. Sonra atasının dostu, böyük türk şairi Nazim Hikmətin tövsiyəsilə əsərlərini “Yusif Səmədoğlu” imzasıyla qələmə aldı və yaddaşlarda elə beləcə də qaldı.

Yusif Səmədoğlu kinoprosesdə əvvəlcə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ssenari-redaksiya kollegiyasının üzvü, baş redaktor əvəzi, 1966-cı ildən baş redaktor, 1969-1976-cı illərdəsə direktor müavini kimi fəal iştirak elədi...

2. Adil İsgəndərovla çiyin-çiyinə

Elə ilk vaxtlardan Yusif Səmədoğlu kinostudiyada lentə alınan bədii və sənədli filmlərin bədii səviyyəcə yüksək olması üçün istedadını əsirgəməyib...

O, hələ baş redaktor əvəzi kimi, 1966-cı ildə rejissor Əjdər İbrahimovun quruluş verdiyi “İyirmialtılar” filminin yazıçı İsa Hüseynov (Muğanna) tərəfindən qələmə alınmış “Doktor Nəriman” adlı ssenarisinə yazdığı rəydə göstərirdi ki, “...ssenarinin birinci yarısı kompozisiya cəhətdən bir qədər dağınıqdır: özlüyündə maraqlı və mənalı olan mükalimələr əsərin dramaturgiyasına lənglik gətirdiyinə görə, gələcəkdə tamaşaçını yora bilər. Buna görə də əsərin birinci yarısında müəyyən ixtisarlar etmək zəruridir. ...Ssenarinin bəzi yerlərində əsərə xas olan daxili mükalimələrin dramaturgiyası gələcəkdə tamaşaçını yora bilər. Buna görə də bəzi yerlərdə hərəkətə, dinamikaya daha çox ehtiyac hiss olunur” (АMDƏİА, f. 330, siy. 5, iş 603, v. 5). Sonra ssenari yenidən işlənmiş, filmin dramaturji cəhətdən uğurlu alınmasına imkan vermişdi.

Yusif Səmədoğlu yaxından tanıdığı, ünsiyyətdə olduğu və yaradıcılıqlarına dəyər verdiyi istedadlı qələm sahiblərinin yüksək səviyyəli ekran əsərlərinin yaradılmasına cəlb eləməyə can atırdı. O, İsa Hüseynov, İsmayıl Şıxlı, Fərman Kərimzadə, Alla Axundova, Maqsud İbrahimbəyov, Anar, Rüstəm İbrahimbəyovun əsərlərinin ekrana yol tapmasında, nəticədə, bir-birindən sanballı filmlərin araya-ərsəyə gəlməsində xüsusi rol oynayıb.

Yusif Səmədoğlunun ədəbi ssenarilərə peşəkar və diqqətli münasibəti Moskva ilə ciddi konfliktlər şəraitində araya-ərsəyə gəlmiş “Dəli Kür”, “Bir cənub şəhərində”, “Qarlı aşırım”, “Ulduzlar sönmür”, “Nəsimi” filmlərinin uğurlu taleyinə də az göstərməyib.

O, ekran əsərlərindəki milli koloriti, tariximizə, mədəniyyətimizə və adət-ənənələrimizə xas cizgiləri saxlamaq üçün öz nüfuzundan və hökm sahibləriylə münasibətindən yararlanmağı bacarırdı...

3. Ssenari yaradıcılığında ilk adımlar

Yusif Səmədoğlu ssenari yaradıcılığına sənədli kinoda başlayıb...

Hadisə-xronka (“Dostluq məşəli”, 1965), portret (“Səməd Vurğun”, 1966; “Cəlil Məmmədquluzadə”, 1966) janrlarında çəkilmiş qısametrajlı sənədli filmlərdə Yusif Səmədoğlu həm xronikal, həm də faktoqrafik materialların imkanlarından yararlanıb. “Göllərin tacı” (1966) geniş ekranlı mənzərə filmində isə o, kompozisiyası və mətni ilə tamaşaçılara Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və həmin göllərin ən gözəli Göygölü təqdim eləyir. Film 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin “Prometey-67” zona kinofestivalı qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomuna layiq görülüb.

Sonralar Yusif Səmədoğlu xronikal “Monrealda Azərbaycan günü” (1967), “Polşada Azərbaycan günləri” (1970), “Azərbaycan SSR” (1971), “Azərbaycan teatrının 100 illiyi” (1974) filmlərinin və “Çiçək yağışı”, (1971) kino-oçerkinin ssenari müəllifi kimi də sənədli kino salnaməmizə öz töhfəsini verdi.

Əlbəttə ki, nəsrindəki kinematoqraik ab-hava Yusif Səmədoğlunun gec-tez bədii ssenari yaradıcılığına başlaması üçün də zəmin yaradırdı. O, bu sahədə ilk addımını qısametrajlı “Foto “Fantaziya”” (1970) televiziya filminin ssenarisi ilə atdı. Eyniadlı hekayəsinin motivləri əsasında qələmə aldığı ssenaridə sosial vəziyyəti çox ağır olan insanların mənəvi sarsıntılara məruz qalmasından, mövcud şəraitdən çıxış yolu tapa bilməmələrindən bəhs olunur.

Yazıçı sonralar “Axırıncı maqın sonu” (1974) adlı daha bir qısametrajlı bədii filmdə də həyatdakı neqativ halın – vəzifə adamlarının özbaşınalığının – ekrana gətirilməsində ssenarist kimi iştirak elədi.

Şübhəsiz, həmin dövrdə kinematoqrafımız “böyük əlamətdar hadisəyə” - Azərbaycanda sovet hakimiyyəti qurulmasının 50 illik yubileyinə də öz töhfəsini verməli idi. 1969-cu ildə mövzu seçimi ilə bağlı kinostudiyanın Bədii Şurasında aparılan müzakirələrdə Səməd Vurğunun “Komsomol poeması” ən məqbul variant kimi qəbul edilmiş, tarixi-inqilabi janrda yaradılacaq ekran əsərinin ssenarisi təbii olaraq Y.Səmədoğluya tapşırılmışdı. O, sonralar mövzu seçimini belə dəyərləndirirdi: “...Şairin “Komsomol poeması” kimi kinematoqrafın dilinə, stilistikasına yatımlı olan ikinci bir əsərini tapmaq çətindir. Məhz buna görə də mən kinostudiyada Səməd Vurğunun əsərlərindən birinin ekranlaşdırılması məsələsi meydana çıxanda istər-istəməz həmin əsərin üzərində dayandım. Çünki əsər kompozisiyası, süjet quruluşu, dramaturji ahəngi və digər başqa cəhətləri ilə yanaşı, güclü və canlı insan xarakterləri, böyük həyat həqiqəti yaratmaqda müasir kino sənətinin ən yüksək tələblərinə cavab verir. Buna görə də ssenari üzərində işləyərkən qarşıma poemanı kor-koranə şəkildə “ssenariləşdirməyi” yox, əsərin ekran ekvivalentini yaratmaq məqsədi qoymuşdum” (“Kino yenilikləri”, 1976, 21 sentyabr).

Filmin arxivdə qalan ədəbi ssenarisindən Yusif Səmədoğlunun mövzuya münasibətini və peşəkarlığını aydın sezmək mümkündü...

4. Yeddi oğulun çətin yolu

Amma filmin ekrana doğru yolu o qədər də asan olmamışdı...

Belə ki, Yusif Səmədoğlu əsəri “Dağlarda döyüş” filmi ilə diqqəti çəkən rejissor Kamil Rüstəmbəyovun təklifi ilə plana saldırmışdı. O, mövzunu romantik vestern səviyyəsinə qaldıra, əks əqidəyə xidmət eləyən obrazların insani xüsusiyyətlərini aça bilmiş, nəticədə əsər ssenaristlərin baxışında inqilabın qələbəsinə sidq-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan komsomolçular haqqında romantik hekayət kimi qələmə alınmışdı.

Hətta artıq K.Rüstəmbəyov filmin quruluşçu-rejissoru, Rasim Ocaqov quruluşçu-operatoru, Nadir Zeynalov quruluşçu-rəssamı, Xəyyam Mirzəzadə bəstəkarı təsdiq olunmuş, aktyor seçimi belə tamamlanmışdı. Lakin hansı səbəbdənsə (bəzi məlumatlara görə, K.Rüstəmbəyovun bəy nəslindən olması üzündən, ancaq güman ki, inzibati və ideoloji rəhbərlik onun belə bir məsuliyyətli yubiley filmi üçün yetərincə ekran təcrübəsinin olmadığını güman elədiyi üçün) SSRİ Dövlət Kinematoqrafiya Komitəsi hazırlıq prosesinin gedişində respublika Dövlət Kinematoqrafiya Komitəsi və kinostudiya rəhbərliyini filmi Tofiq Tağızadəyə həvalə etmək məcburiyyətində qoydu, üstəlik, Rasim Ocaqov həmkarı Rasim İsmayılovla əvəz edildi.

Yeni quruluşçu-rejissor T. Tağızadə isə artıq seçilmiş aktyorları dəyişmədən film üzərində işə başladı (Ələkbərov Ş. Xatirələr. “Yeni filmlər”, 1990, N9). K.Rüstəmbəyov isə növbəti il quruluş verdiyi eynisəpkili “Axırıncı aşırım” filmi ilə bu gümanları boşa çıxardı.

Sonralar R.İsmayılov yazırdı: “Ən azı, iki səbəbə görə bu filmi çəkməyə dəyərdi: birinci, Yusif Səmədoğlunun Səməd Vurğunun əvəzedilməz əsəri əsasında yazdığı gözəl ssenariyə görə (oxuyan kimi başa düşdüm ki, əsl mənim malımdır), ikinci, əsl peşəkar və böyük yumorist Tofiq Tağızadəyə görə... Filmin ssenarisi bu cümləylə bitirdi: “Bəxtiyar dar küçə ilə gedir. Peykanlıdan çıxanda süvarilərin sayı yeddiyə çatır”...” (“Mədəniyyət”, 2009, 8 iyul).

Yazıçı Y.Əzimzadə isə filmə yazdığı resenziyada ssenaristin və rejissorun işini yüksək qiymətləndirirdi: “…Ekranda poemanı yenidən oxudum… Yusif Səmədoğlu poemanı kor-koranə izləməyib, əsərin ruhunu, üslubunu, romantik vüsətini saxlamaqla, onu ekran sənətinin və ekranın tələblərinə uyğunlaşdırmağa çalışıb və əsasən, məqsədinə nail olub. Hadisələrin inkişafında, süjetdə qırıqlıq duyulmur, bir-birini əvəz edən səhnələrin dramatik vəhdəti tamaşaçını öz arxasınca aparır” (“Ədəbiyyat və incəsənət”, 1970, 10 oktyabr).

Təsadüfi deyil ki, ilk baxışı 1970-ci il sentyabrın 7-də Bakıda, 1971-ci il avqustun 9-da isə Moskvada baş tutan “Yeddi oğul istərəm” filmi tamaşaçıların qəlbinə dərhal yol tapdı, Yusif Səmədoğlu da daxil olmaqla, filmin yaradıcı heyəti həmin il Azərbaycan Lenin Komsomolu mükafatına layiq görüldü...

5. “Səmt küləyi” onu yenidən ədəbiyyata qaytardı...

Yusif Səmədoğlu yetərincə nüfuz sahibi olsa da, kinoprosesin əsas simalarından biri olduğu dövrdə belə, səlahiyyətlərindən və imkanlarından sui-istifadə eləməyib, öz mövzularını, yaxud əsərlərini plana salmaq üçün can atmayıb...

O, kinoprosesin içində olduğu 11 il ərzində ikinci dəfə də tammetrajlı bədii ekran əsərinin ssenarisi üzərində rəhbərliyin israrlı təklifiylə çalışıb. Çünki Azərbaycanın kino sahəsində xarici ölkələrlə əməkdaşlığının ilk nümunəsi olan “Səmt küləyi” (1973) filminin yaradılması böyük məsuliyyət tələb eləyirdi, onun isə “Yeddi oğul istərəm” lentinin uğurundan sonra tarixi-inqilabi mövzuda işləmək üçün təcrübəsi vardı.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə Çexoslovakiyanın “Barrandov” studiyasının birgə istehsalı olan, ssenarisini Yusif Səmədoğlunun çex həmkarları İrji Marek və LüdviqTomanla birgə qələmə aldığı film isə, əlbəttə ki, ciddi ideoloji çərçivə daxilində lentə alınıb. Azərbaycanda xaosun hökm sürdüyü 1918-ci ildə inqilabi hərəkatın iştirakçısı olmuş “cəsur çex əsilli kommunist” İvan Vatsekin xatirəsinə həsr edilən bu ekran əsəri dramaturji gərginliyi və maraqlı xarakterləri ilə yadda qalır.

1974-cü ildə Adil İsgəndərov C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsindən azad edildikdən sonra ekran sənətimizdə qısamüddətli, amma yetərincə uğurlu dövr başa çatdı. Az sonra – 1976-cı ildə Yusif Səmədoğlu da ədəbiyyata qayıtdı, fəaliyyətini “Ulduz” jurnalının, 1987-ci ildən də “Azərbaycan” jurnalının baş redaktoru kimi davam etdirdi. Amma ekran sənətimizə göstərdiyi xidmətləri də unudulmadı, 1979-cu ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görüldü.

“İncə dərəsində yaz çağı”, “Astana”, “46-cı ilin oyunları”, “Saat işləyir”, “Qalaktika”, “Soyuq daş”, “Beşik”, “Bayatı-Şiraz” hekayələriylə Azərbaycan nəsrini zənginləşdirən Yusif Səmədoğlunun 1984-cü ildə “Azərbaycan” jurnalında dərc edilən, Şərin bədii obrazını yaradan, taleyin kəskin dönəmlərində həyatın əbədi sualları qarşısında qalan adamların faciəsini və çətin ömür yolunu üç süjet xətti, üç ayrı-ayrı dövrün ictimai-siyasi mühiti və hadisələri ilə oxucuya çatdıran “Qətl günü” romanı isə böyük maraqla qarşılandı, həm də nəsrimizdə yeni mərhələnin başlanğıcı kimi qəbul olundu...

6. “Qətl günü”nün qətli

Az sonra “Qətl günü” romanı kinematoqrafçıların da diqqətini çəkdi...

Rejissor Gülbəniz Əzimzadə müəllifə əsərin ekran variantının yaradılmasını təklif elədi, əsərdəki kinematoqrafik imkanları sezən müəllif isə təklifdən boyun qaçırmadı. Amma mövzu ilə bağlı müraciət elədikləri SSRİ DKK onların qarşısına şərt qoydu: ekrana yalnız orta əsrlərdən söhbət açan dövr çıxarılmalı, razılaşmaya əsasən, ssenarini də müəllif yazmalı idi.

“Qətl günü” ədəbi materiala çoxcəhətli yanaşmanın nümunələrindən biri kimi ortaya çıxmalı idi. Romanın çoxqatlılığı, çoxşaxəliliyi, çoxmənalılığı kinematoqrafik obrazların yaradılması üçün rejissora zəngin material verir, bütöv bir xalqın tarixindəki faciəli məqamların bir fərdin yaddaş kodunda, XVIII yüzilliyin sonunda və əsrimizin 30-cu, 60-cı və 80-ci illərində baş verən hadisələrin vahid süjet ətrafında birləşdirilməsi ekran sənəti üçün böyük imkanlar açırdı...

Adətən, əsərləri üzərində uzun müddət işləyən Yusif Səmədoğlu ssenarini iki ilə bitirmiş, 1986-cı ildə təsdiq üçün Moskvaya, SSRİ DKK-nə göndərmişdi. Artıq ölkədə ictimai-siyasi vəziyyət dəyişməyə başladığından, əvvəlcə rejissor və ssenaristdən üç dövrdən bəhs edən əsərin ssenaridə yalnız orta əsrlərə aid hissəni saxlamaqla bağlı şərt qoyan DKK indi bunun əksini tələb elədi. Yazıçı məcbur qalıb ssenari üzərində bir il də işləyəndən sonra Komitə bu dəfə də başqa tələblər irəli sürdü. Yazıçı o tələbləri yerinə yetirməyə həvəs göstərmədiyi üçün ssenari üzərində işi G.Əzimzadə davam etdirdi.

Lakin artıq 1988-ci il idi, hər sahədə olduğu kimi, kinematoqrafda da mərkəzdənqaçma meylləri güclənmiş, DKK öz funksiyalarını itirməyə başlamışdı. Buna görə də G.Əzimzadə ikiseriyalı filmin ssenarini Moskvaya deyil, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına, həm də ilkin variantda təqdim elədi, 1989-cu ilin istehsalat planına salınmasına nail ola bildi.

Yusif Səmədoğlu həmin vaxt filmin qatları haqqında deyirdi: “Əsər zaman etibarilə tariximizin üç dövrünü – keçmişi, dünəni və bu günü bir-birinə bağlayan ümumi bir mövzuya – xalqın taleyi mövzusuna həsr olunub. Keçmişdə istilaların, yeni dövrdə isə repressiyanın qurbanı olmuş şəxsiyyətlər bu taleyin mərkəzidə dururlar. Nə qədər ki, xalq yaşayır, bu günahsız qurbanlarını – müqəddəslərini yad etdiyi kimi xatırlayacaq ki, bugünün mahiyyətini daha dərindən dərk etmək imkanını fövtə verməsin” (“Yeni filmlər”, 1990, N2).

Əsərdəki bütün olaylar, əsas qəhrəmanın – Xəstənin taleyi və duyğuları ilə qırılmaz şəkildə bağlıdır. Xəstə romandakı qəhrəmanların – zəif və güclü ruhun, cəlladların və qurbanların taleyinin daşıyıcısıdır. Ömrünün çətin məqamında yaddaşı və vicdanı ilə təkbətək qalan xəstə təkcə özünün yox, mənsub olduğu xalqın əvəzinə hesabat verir.

7. Keçmiş və bugünlə səsləşən film

Filmin çəkilişləri Azərbaycanda ictimai-siyasi vəziyyətin çox gərgin olduğu bir vaxtda Dağıstanın Dərbənd şəhərində və Quba rayonunda, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pavilyonlarında gerçəkləşdirildi... Kütləvi səhnələrin çəkilişində yerli əhalinin köməyindən istifadə edilən filmdə yalnız kinematoqrafik tələblərin doğurduğu dəyişikliklər edildi, romanın təhkiyəsi, süjet qatları, obrazları olduğu kimi saxlandı. Azərbaycanda baş verən hadisələrin motivlərini üzə çıxaran bu ekran əsərinin “...başlıca problemi əzablar hesabına yaranan incəsənətin fəlsəfi anlamı ilə bağlıdır: elə bir incəsənətin ki, yandırılıb məhv edilsə də, küllüklər altından cücərib bütün məhdudiyyətləri yararaq, zaman sərhədlərini ömür, xalqa öz tarixi ləyaqətini qoruyub-saxlamağa kömək edən mənəvi təməl rolunu oynayır.

Son illər respublikamızda baş verən dəhşətli hadisələrin ümumi mənzərəsi isə filmin “real” süjeti arasında “sərhəd” dirəkləri yoxdur. Bəlkə də bütün bunlar filmdə qaldırılan mənəvi problemlərin məntiqi davamıdır” (“Bakı”, 1990, 30 oktyabr). Xəstənin təxəyyül və xatirələrində canlanan hadisələr, onu əhatə edən mühit fonunda digər talelərin ekrana çıxarılması müəllif nəzəri ilə rejissor baxışı arasında üzvi bağlılığın nəticəsidir.

Fikrimizcə, Yusif Səmədoğlu əsərin motivlərinə əsaslanan, lakin bu günümüzlə daha çox səsləşən ssenari yazmaqla ekran variantında ədəbi materiala ikili münasibətini büruzə verib.

1990-cı ilin Qanlı Yanvar hadisələri filmin taleyinə də zərbə vurdu. Baş rolun ifaçısı H.Xanızadənin keçirdiyi sarsıntılara dözməyib fevral ayının əvvəllərində dünyasını dəyişməsi sanki yaradıcı heyəti şok vəziyyətindən çıxardı, filmi tamamlamaq üçün hərəkətə gətirdi. H.Xanızadənin obrazlarını səsləndirmək üçün sənət dostu Fuad Poladovu dilə tutmaq, onun bu əzablı işi sona çatdırması isə o qədər də asan omadı.

Beləliklə, 1990-cu il 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş, ilk baxışı fevralın 11-də baş tutmuş dramatik taleli “Qətl günü” filmi ekranlara çıxdı...

***

“Qətl günü” filmi rejissor yozumu ilə bağlı bir-birinə zidd mülahizələr doğurdu...

Bədii əsərin bu ekranlaşdırma faktını uğurlu sayan da, çatışmazlıqlarını qeyd edənlər də oldu. Bununla belə, hadisələrin çoxplanlı zaman ölçülərini, zaman-məkan rəngarəngliyini assosiativ formada, təsəvvürün, xəyalın imkanları hüdudunda qovuşduran “Qətl günü” filmi sanki öz taleyi ilə ekran sənətimizin sovet dövrünə nöqtə qoydu.

Azərbaycanın ictimai-siyai həyatında fəal iştirak eləyən, 1995-ci ildə Milli Məclisə üzv seçilən, 1998-ci ildə “Azərbaycanın Xalq yazıçısı” fəxri adına layiq görülən görkəmli qələm ustası, təəssüf ki, “Deyilənlər gəldi başa” romanını bitirə bilmədi, Vaqif Səmədoğlu demiş, əsər eynilə müəllifin taleyini yaşadı...

Bildiyimə görə, Yusif Səmədoğlunun arxivində ekranlaşdırılmamış “Vaqif” (S.Vurğunun eyniadlı poemasının motivləri əsasında) ssenarisi də var... Artıq gerçəkləşmiş ssenariləri belə, onun imzasının ekran sənəti tariximizdə yaşaması üçün yetərlidir...

2025, oktyabr

# 518 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər