İndi yaşadığım məhəllədə bir meydança var idi. Məhləuşaqlarım futbol oynayırdı, mən baxırdım. Əlbəttə mən də oynamaq istəyirdim. Amma lazım olmurdum. “Zəifsən” deyirdilər... Adam tapmayanda uzaqbaşı qapıçı qoyardılar.
Məktəbdə də eyni vəziyyət.
Ali məktəbə hazırlaşırdım. Ən tanınmış müəllimlərdən dərs alırdım. Atam hər ay repetitorlara filan qədər pul ödəyirdi. Mən dərs kitablarının arasında rus futbol jurnallarından cırdığım səhifələri oxuyurdum.
Universitetə qəbul olundum.
Jurnalistika.
Qız fakültəsi.
Oğlan qıtlığı.
Dedim, aha, bu dəfə oynayacam.
Birinci idman dərsimiz “Məhsul” stadionundaydı. Qrup yoldaşlarımla bölüşdük, dedik, futbol oynayaq, 10 dəqiqə keçməmişdi, dedilər, çıx-çıx-çıx...
***
...amma futbolu sevirdim. Jurnalistika deyəndə ağlınıza hansı pedaqoqlar gəlir? Ən tanınmış müəllimlər.
Cahangir Məmmədli?
Qulu Məhərrəmli?
Zeynal Məmmədli?
Bu adamların hamısı mənə dərs deyib o universitetdə. O gün Zeynal müəllimlə üz-üzə gəldik. Tanımadı. Hardan tanısın?! Adam üzümü görüb ki?! Mən onun dərslərində arxa partada özümdən əvvəlki tələbənin arxasında gizlənib, “Futbol+” qəzeti oxuyurdum...
***
Universiteti qurtarmışdım. Bekarçılıqdı. CNN-dən təklif gözləyirəm. Evdə oturmuşduq, əmim əlində qəzet hay-küylə girdi içəri ki, təzə telekanal açılır - İctimai Televiziya - sabah get, dəy ora. Tanış adam da tapdılar. Zəng elədilər, tapşırdılar. Getdim. Soruşdular nə istəyirsən, dedim, sadə çay. Zarafat eləmirəm. Televiziyanın binasında təmir gedirdi, kimin nə görüşü varsa, aşağıda çayxanada həll eləyirdi. Dedilər, nə istəyirsən, dedim, idman jurnalisti olmaq istəyirəm. Söhbət əsnasında içəri bir nəfər girdi. İTV-dəki tanışım məni bu dostuna tapşırdı ki, bu sizin qəzetdə idmandan yazsın, təcrübə toplasın, hər şey cəhənnəm, stadionların yerini tanısın, sonra biz bir də yoxlayarıq. Getdim. O adam da məni bir başqa adama caladı, bir də baxdım ki, idman mətbuatındayam.
***
İşlədiyim qəzetin adı “Futbol+qol” idi. Çin malı “Futbol+”... Ofisimiz “Nəsimi bazarı”nın yanındaydı. Bu xalqın o boyda Nəsiminin adını bazara qoyması da bir başqa hikmətdi.
Nə isə. Bir neçə aydı işləyirdim, redaksiyada oturmuşduq, şöbə müdiri dedi ki, bir uşaq gəlib, bazarın yanında gözləyir, get, qarşıla gətir. Getdim gətirdim. Adı Süleyman idi. Dedi, tələbəyəm, futbolu sevirəm, istəyirəm, futboldan yazam. Süleymanla dostlaşdıq. Hər gün işdən çıxıb evə gedəndə, yolda söhbətləşirdik. “Turan” azarkeşiydi. Başa salmağa çalışırdım ki, jurnalist olmaq istəyirsənsə, heç bir yerli kluba azarkeşlik eləməməlisən. Deyirdi ki, “Turan” təkcə futbol klubu deyil, Turan - ideologiyadı. Mən də onsuz türkçü, millətçi, turançıydım. Bu uşaq məni elədi “Turan” klubunun azarkeşi. İş o yerə gəlmişdi ki, “Turan”ın Bakıdakı, Sumqayıtdakı bütün səfər oyunlarına gedirdim...
***
“Turan”dan yazı yazmışdım, zəng gəldi ki, komandanın sponsoru Tahir Yusifov səni görmək istəyir. Getdim. Müsahibə götürmək istəyirdim, razılaşmadı, dedi, söhbət eləyək sadəcə, dedim onda gedirəm - razılaşdı. Müsahibədən sonra köməkçisi məni yola salanda əlini cibimə atdı, imkan vermədim. Xeyli güləşdik, pilləkəndən düşən kimi qaçdım. Yağış yağırdı. Redaksiyaya qədər 2 avtobus dəyişməliydim. Cibimdə 20 qəpik var idi. 1 saat piyada getdim. Palçıqda addımlaya-addımlaya fikirləşirdim ki, Nail, bəlkə də o pulu götürməliydin...
Redaksiyaya çatmışdım, Tahir Yusifov eşitmişdi ki, pulu götürməmişəm, zəng vurdu, xeyli təriflədi. Dedi, Tovuz futboluna sənin kimi vicdanlı insanlar lazımdı... O danışdıqca “otopleniye”nin üstündəki yaş corablarıma baxırdım. Sağollaşanda dedi, nə qulluğun olsa, bu nömrədəyəm. Heç vaxt zəng eləmədim. Heç o da eləmədi.
***
İdman mətbuatından getmişdim. Bir futbolçuyla birləşib şou-biznes mövzulu qəzet açmışdıq. Mətbuatdakı bütün dostlarımı yığıb aparmışdım ora. Hərəyə də bir vəzifə. Baş redaktor, baş redaktorun müavinləri, şef redaktor, onun müavini, redaktorlar, redaktorların müavinləri, şöbə müdirləri – 40 nəfər. Bir neçə nəfər də şou-biznesdən yazan jurnalist gətirmişik. Onlara arada pul veririk, amma idman mətbuatından gələnlər qardaşlığa işləyir.
“Tarqovı”da ofis. Mafia oynayırıq, yeyirik, içirik, əylənirik. Prodüserlərin biri girir, o biri çıxır. Bir də ayıldım ki, qəzetin pulunu xərcləyib qurtarmışam...
Qəzet bağlandı. Əlimə nə keçdisə, satdım, futbolçu qardaşa borcumu birtəhər qaytardım... Amma daha dost deyildik, münasibətimiz pozulmuşdu...
***
İdman mətbuatına qayıtmışdım. Təzə sayt açmışdım. Ayna Sultanovanın heykəlinin yanında bir ofis götürmüşdük. Qardaşım “aytişnik”di, əlindəki köhnə materiallardan bizə 3 kompüter yığmışdı, evə gedəndə söndürmürdük ki, səhər açılmaya bilər...
İşləməyə həvəs yox idi. İnternetdə milyonçuların həyatı barədə yazıları çıxarıb, evə gələndə avtobusda oxuyurdum. Bir gün yenə vərəqləri “printer”dən çıxaranda bir dostumuz zəng elədi ki, gəl, filan çay evinə, işim var. Dostumuz dediyim futbol adamıdı, hər halda. Yığışdıq 4-5 nəfər, getdik. Çıxana yaxın bir nəfər gəldi. Dostumuz bizi ona, onu da bizə qədim elədi – “Turan” futbol klubunun yeni prezidenti. Biznesmen. Hamımız çox şad olduq. Gecəyarıya qədər söhbətləşdik, dağılışdıq.
***
“Turan”ın yeni sponsoru ilə çay içirik... O danışır, mən şoka düşürəm - mən danışıram, o gülür. Zarafat eləmirəm, dünən günortaya qədər milyonçuların həyatı barədə yazıları vərəqə çıxarıb oxuyurdum, indi qarşımda milyonçu oturmuşdu...
***
Ofisdəydim. Yenə bekarçılıq. Qardaşım gəldi, gördü “Futbol menecer” oynayıram, əsəbləşdi. Dedi, 28 yaşın var, sənin tayların pul qazanır, sən də oturub burda “Futbol menecer” oynayırsan... Dedim, elə demə, mən burda klub prezidentiyəm. Başını buladı, getdi...
Axşam “Turan”ın prezidenti zəng elədi ki, neynirsən? Görüşdük. Dedi, yığış get Tovuza. Klubu sənə tapşırıram... Əlbəttə qəbul elədim. Axı günorta kompüterdə “Futbol menecer” oynayırdım...
***
Getdim Tovuza. İllər əvvəl Nəsimi bazarının yanında qarşıladığım, sonradan məni “Turan” azarkeşi eləyən Süleyman klubda mətbuat katibiydi. Məni qarşıladı, dedim, gəlmişəm reportaj yazmağa. 3 gün gecə onlarda qaldım, gündüzlər klubun bazasını gəzdim, hamını müşahidə elədim. Qayıtdım Bakıya, çantamı yığdım, yenə Tovuza... Süleymana zəng elədim, dedim, iclas çağır. Gördüm, təəccüblə üzümə baxır, dedim, mən sizin yeni vitse-prezidentinizəm...
Sonra bir xeyli sakitlik. 5 il əvvəl mənə “Turan”ı sevdirməyə çalışanda heç birimizin ağlına da gəlməzdi ki, mən bir gün bu klubun rəhbərliyində olacam.
***
Gəncədə bir oteldə klubun sponsoru olan şirkətin məhsulunun təqdimatında idik. Klub prezidenti ilə viski içirdik. Bir oğlan yaxınlaşdı. İkimizlə də görüşdü. Futbolçu idi. Yaxşı tanıyırdım. Gedəndən sonra prezident dedi ki, bunu “Turan”a gətirək? Dedim, danışaram... Danışmadım. Onsuz da gəlməyəcəkdi. O futbolçu illər əvvəl birlikdə şou-biznes qəzeti açdığımız həmin adam idi...
***
29-cu yaş günümə ev hədiyyə eləmişdilər. Getdim baxmağa. Qalxdıq yuxarı. Pəncərəsi “Məhsul” stadionuna açılırdı. Bir xeyli o yerə baxdım. İllər əvvəl qrup yoldaşlarımın məni oyundan çıxardıqları o yerə... İstədim, var gücümlə qışqıram ki, bəs deyirdiz, mən futbol bilmirəm?! Alo, tanıdınız məni? Danışan “Turan” futbol klubunun vitse-prezidentidi!