“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza
6 noyabr 2026
# 12:00

Kulis.az Nadir Yalçının “100 yaşlı ecaza” yazısını təqdim edir.

“Sunca” markalı – yanı fənərli, qırmızı düyməli, qara rəngli, antenalı radiomuz var idi. Hələ də mənim üçün öz sehrini itirməyən o sirli qutunu belə tanımışam.

Həmin radio 9-cu mikrorayonda – Mir Cəlal küçəsində yerləşən doqquzmərtəbəli binanın yeddinci mərtəbəsindəki mənzilimizdə ən maraqlı əşya idi. Mətbəxdə sovetdənqalma iri televizor vardı və işlək deyildi. Radionun da daimi yeri o televizorun üstü idi. Adətən nənəm yemək bişirəndə, səhər yeməyində, günorta ilə axşamın arasındakı darıxdırıcı saatlarda, anam axşam yeməyində çirklənən qabları yuyanda radionu yandırırdılar.

Bir də evdə nəsə dava-dalaş düşəndə mən ayağımın altına kətil qoyub radioya tərəf boylanırdım, onu işə salıb səsini ucaldırdım. Beləcə, həmin səs-küy radiodan ucalan hansısa söhbətə, yaxud mahnıya qarışıb yoxa çıxırdı, ən azı mənim üçün...

İndi həmin mənzilin xiffətini çəkəndə birinci yadıma düşən əşya o “Sunca” markalı radio olur. O evin səsi həmin radionun içinə çəkildi və birdəfəlik kilidləndi.

Sonralar hara köçmüşüksə, nənəm özünə təzə radio aldırıb. Onların əksəriyyəti yadımdadır. Biz televizordan çox həmin balaca, tünd rəngli qutuların səsini eşitmişik. Və doğrudan da, mən Azərbaycan dilini Azərbaycan radiosundan öyrənməsəm də, Azərbaycan dilini Azərbaycan radiosu ilə sevmişəm.

Həmin radioda dalğa həmişə bir "fm"də qərar tuturdu: Azərbaycan radiosunda. Hərdən əlim dinc dayanmayanda "fm" dalğaların dəyişirdim və bundan xəbər tutan nənəm məni bərk danlayırdı. Sonra səhvimi özüm düzəltməli olurdum. Yenidən "105 fm"i tapana qədər zülm çəkirdim. Bəzən "105 fm"i tapa bilməyəndə nənəm lap əsəbiləşirdi, kiminsə telefonunda radioya daxil olub avtomatik "105 fm"i qoşurdum və gələn səsləri eyniləşdirib nənəmin dalğasını tapırdım.

Bəli, "105 fm" həm də bizim ailənin dalğasıdır.

Hələ birinci sinfə getdiyim ilk günlərdə Azərbaycan radiosunda veriliş aparmaq istəmişəm. Çox sonralar yazı-pozuya başlayanda bu arzum qismən öləzisə də, Azərbaycan radiosunda bütün dövrlərdə çalışan yazıçı-şairlərin adlarını və fəaliyyətlərini eşitmişəm, bu, radionun ecazını mənim üçün bir az da artırıb.

İndi bəzi verilişləri xatırlayıram... Məsələn, mən uşaq olanda “Bulaq” verilişini mərhum Xalq artisti İlham Əsgərov Səidə Quliyeva ilə birgə aparırdı. İlham Əsgərov vəfat edəndə elə bildim, o söz bulağının hansısa gözü tutuldu. Sonralar qısa müddət bənzərsiz Səməndər Rzayevin oğlu Səidə xanımla birgə çalışdı... Bu gün də “Bulaq” davam edir, daha gur axır, yazıçı Təranə Vahidin qələmi ilə zənginləşir.

Hər gün 1-ə 1 dəqiqə işləmiş “Lirika dəftəri” radionun efirində səslənirdi. Ona qulaq asmamış yatmırdıq. Təxminən, on dəqiqəlik buraxılış idi. Soltan Nəcəfov, Məhluqə Sadıqova, Səməndər Rzayev, Hamlet Xanızadə, Əminə Yusifqızı və adını xatırlamadığım neçə-neçə əziz səs klassiklərin qəzəllərini səsləndirirdi. O qiraətlərin arasında hansısa xanəndə həmin klassikin bir qəzəlini muğam üstündə oxuyurdu. Və sonda biz yuxuya gedirdik.

Akademik Rafael Hüseynovun “Axşam görüşləri” verilişinin buraxılışlarını bir yerə toplayıb, bütün verilişləri sözə köçürsən, Azərbaycanın milli irsinin böyük salnaməsi yazılı şəkildə əlində ola bilər. Müxtəlif adamlar, müxtəlif söhbətlər, bir-birini təkrar etməyən ovqatlar. Verilişin əvvəlində və sonunda Şövkət Ələkbərovanın ifasında “Axşam görüşlərində” mahnısı səsləndirilirdi. Elə indi də davam edir...

İndi xatırlamadığım neçə-neçə söhbət, veriliş, mahnı...

İndi radio dinləyicilərinin sayı azdır, radio dalğaların sayı isə çox. Daha çox sürücülər radioya qulaq asırlar.

Bizim evdə isə hələ də radio var. Televizorun üzərindəki yeri isə dəyişib. Nənəmin yatağının yanında kiçik masa var. Həmin masanın üzərindən tərpənmir radio.

Atam vəfat edən gün nənəm radionu torbaya qoyub şkafının bir küncündə gizlətdi. Atamdan qısa müddət sonra Xalq artisti Arif Babayev vəfat etdi. Hələ atamın “40”ı çıxmamışdı. Axşam evə gələndə nənəm məni yanına çağırdı. Dedi, o radionu şkafdan tap, gətir qur. Təəccüblə üzünə baxdım. Təəccübü başa düşüb: “Deyirlər, Arif ölüb, yəqin onun ifalarını səsləndirirlər, gətir”, – dedi.

Radionu masısının üzərinə qoydum, yandırdım. Təsadüfən, "105 fm"də elə Arif Babayevin ifası səsləndirilirdi:

“Sənsiz, ey şux, mənim xoş güzaranım yoxdur,

Sən ki yoxsan, elə bil cismdə canım yoxdur”.

Nənəm güllü dəsmalını gözünə sıxdı.

Biz ağlayanda da, güləndə də Azərbaycan radiosuna qulaq asmışıq.

Bu gün qocaman radionun 100 yaşı tamam olur. O radiodan səsi gələn, o söhbətlərin mətnini yazan, redaktə edən, texniki məsələləri yoluna qoyan hər kəsə təbrik ünvanlayır, dünyadan keçənləri rəhmətlə yad edirəm.

İndi də yolum köhnə məhəlləmizə düşəndə qulağım “Sunca”dan gələn səsi axtarır.

Bəlkə də, elə radionun sehrini itməyə qoymayan bu axtardığımız səslərdir.

# 405 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər