Bəxtiyar Vahabzadə Həmid Herisçini evindən niyə qovdu?

Bəxtiyar Vahabzadə Həmid Herisçini evindən niyə qovdu?
30 noyabr 2012
# 08:30

Orta məktəbi bitirdikdən sonra qəbul üçün sənədlərimi Dövlət Universitetinin jurnalistika fakültəsinə vermişdim. Birinci imtahandan 3 aldım, ikincidən isə “kəsildim”. Sonra əsgərliyə getdim. Əsgərlikdən qayıdanda da özümü sınadım, ancaq bu dəfə də uğursuzluq yaxamdan əl çəkmədi. Dəli başımla əsgərlikdə olduğum şəhərə qayıdıb Rusiyanın bir neçə şəhərində veyilləndim.

Bir il veyillənib kəndə qayıtdım. Qonşu kənddə yaşayan diş texniki xalam oğlu məni öz yanına çağırıb sənəti şagird kimi ondan öyrənməyi təklif elədi. Mən xalamgildə qalıb gecə-gündüz ona kömək eləyir, diş düzəltməyi öyrənirdim. O zamanlar rayon qəzetinin nəzdində ayda bir-iki dəfə şeir məclisi qurular, rayonumuzun hər tərəfindən gələn şairlər orda görüşüb öz şeirlərini oxuyardılar. Məclisdə bəyənilən şeirlər qəzetin ayda bir dəfə çıxan ədəbiyyat səhifəsində çap olunardı. Xalaoğlunun yanında işləsəm də həmin şeir məclislərinə həvəslə gələrdim.

Onda Vurğun Əyyub da şairlər arasında olardı. Ali məktəb uğursuzluğumu bilən Vurğun bəy bir gün mənə dedi ki, Moskvada yazarlar üçün bir institut var, Yazıçılar Birliyi səni ora göndərə bilər. Ancaq bundan ötəri sən gərək gedib Bakıda yaşayasan.

Moskva Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmaq üçün Yazıçılar Birliyinin tanınmış üç yazarı sənə müsbət rəy yazmalı, şeirlərini ruscaya çevirib ora göndərməli idi.

Xalam oğlunun yanında 8 aya yaxın işlədikdən sonra Bakıya gəldim. Bakıda yaşamaq üçün mütləq işləməli idim. O vaxtlar şəhərə pasport qeydiyyatı olmayanları heç bir işə götürmürdülər.

Arxasız adamların şəhər qeydiyyatına düşmə şansı ağır işlərdə çalışmaqdan keçirdi. Qarşımda iki variant vardı, ya Səttarxan adına zavodda, ya da metro tikintisində işləyə bilərdim. İş vaxtı 6 saat olduğundan metro tikintisində işləməyi qərara aldım. Metrodakı dəmiryol relslərinin şpallarına beton döşəyirdik.

O zamanlar Bakıda Məmməd İsmayılın başçılıq etdiyi şeir dərnəyi fəaliyyət göstərir, respublikanın gənc şairləri orada toplaşırdı. Tanınmışlardan Məmməd İlqar, Əlisəmid Kür, Aydın Uluxanlı, Adil Mirseyid, Akif Səməd, Sabir Sarvan, Məhərrəm Qasımlı, Akif Əhmədgil, Avdı Qoşqar, Zirəddin Qafarlı, Səməd Qaraçöp, Rasət... də orda olardı.

Günlərin bir günü mən həmin məclisdə bir neçə sərbəst şeir oxudum. Məclis dağıldıqdan sonra Həmid Herisçi mənə yaxınlaşıb tanış oldu və öz şeirlərini ikilikdə mənə oxumaq istədiyini dedi. Biz bulvar tərəfə endik. Həmid çiynindəki çantasından qalın bir dəftər çıxarıb mənə bir neçə şeir oxudu. Onun oxuduğu şeirlər qəribəliyi və yeniliyi ilə məni mat qoydu. O gündən onunla ayrılmaz dost olduq. İş-gücdən baş açan kimi görüşüb söhbətləşirdik. Həmidin şeirlərini heç yerdə çap eləmirdilər. Mən çox istəyirdim onun şeirləri işıq üzü görsün. Bilirdim ki, mücərrəd dərddən, xəyali sevgidən, şablon vətən məhəbbətindən, Araz sızlamalarından goplayan şairləri bol olan ölkədə Həmidin şeirləri çox lazımlıdı.

İki yaş məndən kiçik olsa da hər dəfə onunla görüşəndə dünyanın müxtəlif şairlərinin rusca çap olunmuş şeir kitablarını gətirər, oxuyub tərcümə eləyər, zövqümü təzələyərdi.

Bir dəfə Həmidə dedim, sənin şeirlərini yalnız Vaqif Səmədoğlu rəy yazıb çap elətdirə bilər. Fikrimi bəyəndi. Biz Vaqif Səmədoğlunu xeyli soraqladıq, ancaq yerini deyən olmadı.

Günlərin bir günü Həmid mənə dedi ki, Bəxtiyar Vahabzadənin ev ünvanını və telefonunu tapmışam, bəlkə onlara gedək. Mən dərhal onunla getməyə razılaşdım.

Biz gəlib Bəxtiyar Vahabzadənin mənzilinin qapı zəngini basdıq. Qapını orta yaşlı bir kişi açdı. Mən irəli durub kişiyə dedim ki, biz gənc şairlərik, Bəxtiyar müəllimlə görüşmək istəyirik. Kişi bizi içəriyə dəvət edib Xalq Şairinin yanına qayıtdı. Bir az keçməmiş qayıdıb bizə dedi ki, Bəxtiyar müəllim Almaniyadan zəng gözləyir, telefonda danışdıqdan sonra sizinlə söhbət eləyəcək. Biz ayaqqabımızı çıxarıb içəri keçdik.

Bəxtiyar müəllim divanda oturub qulağında telefon xariclə calaşmağı gözləyirdi. Şairin əynindəki zolaqlı pijama türmə geyimlərinə bənzəyirdi. Bizi qarşılayan kişi elastik hərəkətlə telefonun şnurunu düzəldib özünü vacib adam qismində sırıyırdı.

Hərdən də barmağını dodaqlarına aparıb, (onsuz da sakitcə oturub gözləyirdik) bizə səs salmamağı tapşırırdı. Ortaya yekə bir sükut çökmüşdü. Nəhayət ki, Bəxtiyar Vahabzadə telefonda Əhməd Şmidt ilə salamlaşıb ucadan danışmağa başladı. O, Əhməd bəyin hal-əhvalını, Bakıya nə vaxt gələcəyini, dostlarının vəziyyətini soruşurdu. Onların söhbətinin mövzusu getdikcə dəyişib milli bəlalar üstündə kökləndi. Bəxtiyar müəllim kövrələ-kövrələ ondan Cənubdakı soydaşlarımızın taleyini soruşur, günlərin bir günü Şimalla Cənubun birləşəcəyindən odlu-alovlu danışır, bu mövzuda yazdığı şerlərdən oxuyur, hamını bir-bir bağrına basdığını söyləyirdi. Şair danışıb coşduqca aradakı kişi onun səsinin ritminə uyğun olaraq əllərini dirijor kimi qaldırıb-endirir, Cənubla Şimalın qovuşacağına sevincini səssizcə izhar eləyir, Bəxtiyar müəllimin genişmiqyaslı söhbətindən vəcdə gəlirdi.

Bizə xoşüzlü bir qadın (yəqin Bəxtiyar müəllimin həyat yoldaşı idi) mürəbbə-çay da gətirmişdi. Lakin ortadakı gərginlikdən biz fincana əlimizi də vurmamışdıq. Nəhayət, Bəxtiyar müəllim vidalaşıb göz yaşları içində dostundan ayrıldı. Dəstəyi yerinə qoyduqdan sonra səsini ciddiləşdirib üzünü bizə tutdu:

- Hə, indi siz buyurun görək...

Mən dərhal söhbətə başladım

- Bəxtiyar müəllim, biz gənc şairlərik, mən Murad Köhnəqalayam, bu isə Həmid Herisçidi. Mən bir neçə dəfə çap olunmuşam, ancaq Həmidin şeirlərini heç yerdə çap eləmirlər. Gəlmişik, Həmid öz şeirlərini sizə oxusun, xoşunuza gəlsə, bir neçə söz yazıb jurnalların birinə təqdim edəsiniz.

Bəxtiyar müəllim başını arxaya atıb kürəyini divana söykədi və:

- Oxusun görək! – deyib, gözlərini yumdu.

Həmid qarşısındakı dəftərdən bir şeir oxudu. Elə ilkin misralar səslənən kimi Bəxtiyar müəllim gözlərini açıb üzünü turşudaraq sağ qulağını Həmid tərəfə yönəltdi. Onun bu reaksiyasından hiss elədim ki, biz səhv gəlmişik. Şeiri bitirdikdən sonra Həmid şairin üzünə baxdı. Bəxtiyar müəllim:

- Bala, nəsə, bir şey başa düşmədim, belə çox qarışıq yazmısan. Birini də oxu, görüm!

Həmid, obrazları təxminən belə qurulmuş bir şeir oxudu:

“...Elə Qala divarlarının hündürlüyü deyir

düşmənlərimiz nə qədərmiş,

Elə xalçalarımız deyir

biz nə qədər uzaqdan gəlmişik

Elə dizlərimiz deyir

biz nə qədər əyilmişik...”

Şeir bitdi, ancaq Bəxtiyar müəllimin üzü heç məmnun olmadı.

- Bala, vallah, mən bir şey başa düşmədim. Oxuduqlarının içində bircə misra xoşuma gəlsəydi - ta evimə gəlmisiniz - götürüb çap elətdirərdim, məndən inciməyin, bunlar şeir deyil!

Həmidin onsuz da üçüncü şeiri oxumağa həvəsi qalmamışdı, yavaş-yavaş dəftərini çantasına qoyaraq dodaqaltı mızıldandı:

- Siz bu şeirləri anlamadınız, Bəxtiyar müəllim...

Həmidin sözlərindən pərt olan Bəxtiyar müəllim səsini ucaltdı:

- A bala, burda anlayası bir şey yox idi axı! Başdan-ayağa söz yığını, cəfəngiyat oxudun!

Həmid yenə mızıldandı:

- Yox, siz anlamadınız...

Birdən Bəxtiyar müəllim Həmidin üstünə cumdu:

- Ayə, anlamaz özünsən, heyvanın biri heyvan! Durun, rədd olun burdan!

Köməkçi kişi tez araya girib qollarını qayıq avarı kimi yelləyərək sakit və həyacanlı səslə bizi qapı tərəfə kişlədi:

- Bala, çıxın gedin! Kişini əsəbiləşdirməyin!

Biz ayaqqabılarımızı geyinib bayıra çıxana qədər həmin kişi başımızın üstündən əl çəkmədi.

Küçəyə çıxanda bir-birimizə qoşulub xeyli güldük...

# 8418 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #