“Erməni qızı dalımca sürünürdü”

“Erməni qızı dalımca sürünürdü”
3 may 2013
# 12:00

Layihə-“Əyalət şairləri”

Dostum Ruslanla Goranboy rayonundan taksiyə minib Ağcakəndə yollanırıq. Bir vaxtlar ermənilər yaşayan bu kənddə artıq neçə illərdi Ermənistan, Kəlbəcər, Xocalı, Laçın qaçqınları məskunlaşıb. Taksi sürücüsü söhbətcil, adamla tez ünsiyyət quran Xocalı qaçqını idi. O, Ağcakənddə sulu qar yağdığını söyləyəndə mən kepkamı bir az da gözümün üstünə basıb gödəkcəmin yaxasını qaldırdım.

Yaşıl dağların ətəyində yerləşən Ağcakənddə bizi Ruslanın dostu, şeir həvəskarı Xocalı rayon Məşğulluq İdarəsinin müdiri Qalib müəllim qarşıladı. Kəndin səfalı yerlərini gəzdikdən sonra sabah şair ovuna çıxmaq arzusu ilə Qalib müəllimin evində gecələdik.

Sabah günorta vaxtı Qalib müəllim şair Allahyar Xocalıya zəng elədi. Allahyar müəllim öz “Jiquli” maşınında gələndə, açığı, əyalətdə yaşayan 68 yaşlı bir şairin, ucuz da olsa, maşınının olmasına ürəkdən sevindim. Çünki, adətən, əyalətdəki şairlərimizin yaşayışını çox miskin görmüşəm.

Allahyar Xocalı ibtidai sinif müəllimidi. Özünün dediyinə görə Daşbulaq, Meşəli, Həsənabad, Sarışen kəndlərində dərs deyib. Hal-hazırda təqaüdə çıxsa da yenə Goranboyun Başkənd kəndində dərs deyir.

Bir vaxtlar “Xocalının səsi” qəzetində şöbə müdiri işləyib. 1993-97 illərdə isə Xocalı şəhər nümayəndəsi vəzifəsində çalışıb.

Allahyar müəllim ucaboylu, ağırcüssəli, zarafatcıl, haqqın tərəfini saxlayan bir kişidi.

Biz Qalib müəllimin qonağı qismində dağların ətəyində yerləşən kənd kafesində otururuq. Çay süfrəsinə əyləşən kimi Allahyar müəllim Azərbaycanın tarixindən, millətin qəflət yuxusunda yatmasından bəhs edən uzun bir şeir deyir. Mən məclisdəkilərə hiss elətdirmədən öz işimə başlayııram:

- Allahyar müəllim, sirr deyilsə, nə qədər təqaüd alırsınız?

- 320 manat verirlər, o da heç arağıma çatmır.

- Nə vaxtdan içirsiniz?

- Düz 15 yaşımdan araq içirəm, ölənə qədər də içəcəm. Bu dünyada çox şeylər görmüşəm, ayıq başla bunlara baxmaq mümkün deyil. Araq həm də məclis, dost yığıncağı deməkdi.

- Bəs siqaret?

- Siqareti də çox çəkirəm, içəndə, yazanda lap çox çəkirəm. Bir dəfə siqareti atmaq istədim, 7 ay çəkmədim, gördüm ki, günü-gündən kökəlirəm, şalvarım əynimə gəlmir, qayıdıb yenə çəkdim.

(Şair başına gələn əhvalatlardan danışıb nəzmə çəkdiklərini bala-bala deyir, bir əli ilə də bizimlə “vururdu”. Arada dedim, müəllim, bəlkə bir şeiri öz əlinizlə yazıb bizə yadigar verəsiniz. Dedi, bir gün Molla Nəsrəddinə deyirlər, molla, bizə bir məktub yaz, Təbrizə göndərəcəyik. Molla deyir, mən iş-gücümü buraxıb Təbrizə gedə bilmərəm. Yəni, mollanın xəttini özündən başqa heç kim oxuya bilmirmiş. İndi mən sənə şeir yazsam xəttimi heç kim oxuya bilməyəcək. Biz xeyli gülüşürük. Sonra Allahyar müəllim yenə bir şeir deyir.)

Dünyanın çox şeyi düz bölünməyib

İştah birindədi, aş birindədi

Bir üzük ikiyə ayrılıb burda

Çevrə birindədi, qaş birindədi

Adam var ömründə bir dəfə gülmür

Adam var ömründə qəmli görünmür

Bilmirəm nə sirdi, dəyişmir, dönmür

Bahar birindədi, qış birindədi

Səmədin saçıdı vaxtsız ağaran

Qürubda Cəfərdi sökülməmiş dan

Yüzdən çox yaşayır görürsən nadan

İlham birindədi, yaş birindədi

Dünyanı aldadır pul və simuzər

Allahyar, kölgədə qalıbdı hünər

Bu dünya bəlkə də cənnətə dönər

İxtiyar birində, baş birindədi

Qalib müəllim, Ruslan və mən bir ağızdan “yaşa, şair!” deyib, badələri qaldırırıq. Allahyar müəllimin ağzında bir dənə dişi olmasa da kababı bizdən yaxşı dartışdırıb yeyirdi. Mən onu yenə suala tuturam:

- Müəllim, bəs uşaqları döyürsünüzmü?

O, əlindəki tikənin axırına çıxandan sonra ağzını salfetlə silib danışmağa başlayır:

- Döydüyüm uşaqlar olub. Mən döyəndə 10 il bəs eləyir, özü də döydüyüm uşaq dərhal ağıllanır. Sonuncu dəfə döydüyüm şagirdim Rusiyaya qaçdı, indi milyonerdi. Yəni şillə vurduğum milyoner olur.

- Müəllim, bəlkə mənə də birini vurasan, bəxtim açıla?

Allahyar müəllim möhkəm gülüb badəni başına çəkdikdən sonra dedi:

- Yox-yox! Birincisi sən qonaqsan, ikincisi də ki, artıq sənin döyülmək vaxtın keçib.

(Biz hamımız təkrar gülürük. Mən öz suallarımla Allahyar müəllimdən əl çəkmək istəmirəm)

- Müəllim, baxıram kefkom adama oxşayırsınız, sovet vaxtı Azərbaycandan kənar haralarda olmusunuz?

- Mən əsasən Ukraynanı gəzmişəm. Jitomir, Xmelnitskiy, İvanofrankovskiy kimi şəhərlərdə hərlənmişəm. Ancaq erməni qızlarını çox sevmişəm. 30 yaşım olanda Kamella Allahverdiyan adlı bir 10-cu sinif şagirdinə vurulmuşdum, o da məni dəhşət sevirdi. Nə isə, o qız arxamca çox süründü. Ona bir neçə şeir də həsr eləmişəm. Nə isə, mən indi yaşadığım yerə böyük türmə kimi baxıram.

- Müəllim, şeirlərdən başqa nə yazmısınız?

- Nələr yazmamışam ki? Sonuncu dəfə “Vətən ağrısı, torpaq yanğısı” adlı kitabım çap olunub. Mirzə Ələkbər Sabir haqda yazdığım “Hop-hop” dram əsərim Xocalıda qaldı. Bir vaxtlar “Ata sınağı” adlı dram əsərimi Ağdam rayon teatrı oynamağa götürmüşdü, ancaq səhnələşdirə bilmədilər, çünki əsərimdə 23 surət var, teatrda isə cəmisi 18 nəfər aktyor çalışırdı. Hələlik sonuncu yazdığım dram əsərləri “Sultan bəy” və “Allahsız dünya” adlanır.

- Yəqin toylarda da şeir deyirsiniz.

- Tamadalıq eləmirəm, ancaq xoşuma gələn toy olanda qalxıb şeir deyirəm. Ancaq vaxtilə erməni yaslarında tamadalıq eləmişəm.

- Yas tostlarının məzmunu necə olurdu?

- Əşi, heç nə, “bunu da içək mərhumun ruhunun sağlığına”, nə bilim, “torpağı nurla dolsun, sağ qalanlara səbir diləyirəm, yeyək-içək, xoşbəxt olaq, ölənlə ölmək olmaz!”

# 4056 dəfə oxunub

Müəllifin son yazıları

# # #