Başına reklam yerləşdirilmiş adamlar

Başına reklam yerləşdirilmiş adamlar
21 yanvar 2014
# 12:40

Xalq arasında geniş yayılmış bir fikir var: Yaxşı məhsulun reklama ehtiyacı yoxdur, nə pisdirsə onu reklam edirlər. Bu fikir həqiqət payından məhrum deyil. Amma burada adını çəkmədiyimiz hər cür zir-zibil kimi bütün avtomobil həvəskarlarının sahib olmaq istədiyi “Mercedes” markalı avtomobillər də reklam edilir. Halbuki “Mercedes” qədər reklama ehtiyacı olmayan ikinci bir əmtəə yoxdur.

Reklam artıq iqtisadiyyatın ayrılmaz ünsürüdür. Dünyada bir reklam reallığı var. Və yeni dünya yalnız bunu tələb edir. Hər bir şeyin reklama ehtiyacı var. Bir azdan dünyanın özünün reklama ehtiyacı olacaq, yoxsa gözümüzdən düşəcək, qaçacağıq bu dünyadan.

Gördüyümüz hər şey bir reklam daşıyıcısıdır. Bəlkə elə bu yazı da bir reklam yazısıdır. Olsa da zərəri olmaz. Çünki bu yazı dünyanın ən güclü silahı, ən müqəddəs əşyası KİTAB haqqındadır. Bir kitab haqqında...

Reklam dünyasının nəhəng ofislərində nə iş görürlər? Məhsulların keyfiyyətinə baxıb sonra reklam çəkirlər, yoxsa reklamı çəkib sonra keyfiyyətinə fikir verirlər? Bəlkə heç keyfiyyət önəmli deyil? Şirkətlər bütün diqqətlərini məhsulların keyfiyyətinə deyil, reklamın keyfiyyətinə yönəldirlər? Doğrudanmı reklam çəkənlər sosial elmlərin nailiyyətlərindən yüksək səviyyədə yararlanırlar?

Bəlkə dünyanı artıq superdövlətlər deyil, superşirkətlər idarə edir? O nəhəng, başı buludlara dəyən binalarda yerləşən reklam şirkətlərinin kahinləri, bəli məhz kahinləri göylərdən yerə öz vəhy-reklamlarını göndərirlər? Bəlkə artıq avtomobillərimizdəki loqolarla, köynəklərimizdəki etiketlərlə özümüz elə reklam daşıyıcısıyıq?

Bəli bu müəmmalı, ilginc sahə artıq çoxdan roman sənətinin predmetinə, tədqiqat obyektinə çevrilib. Viktor Pelevin özünün məşhur “P generasiyası (nəsli)” romanında reklam imperiyasının sahiblərini qədim Şumer kahinlərinə bənzədir. Onlar artıq təkcə iqtisadiyyata deyil, siyasətə də nəzarət edirlər. Daha nə Yeltsin, Yeltsindi, nə də Brezovski, Brezovskidi. Onlar reklam dünyasının uydurduğu obrazlardı.

Bir vaxt reklam şirkətində kopirayter işləmiş Frederik Beqbeder isə “99 frank” əsərində reklam dünyasını daha iyrənc bir sistem kimi göstərir.

Əlimizdəki bu kitab isə bir türk romançının əsəridir. Murat Menteşin “Ruhi Mücərrəd” romanı da reklam dünyasına həsr olunmuş əsərlərdəndi. Əsərin baş qəhrəmanı yüz yaşlı İstiqlal Savaşı qazisi Ruhi Mücərrəddir.

Birinci fəsil onun bir neçə gününü, xatirələrini əhatə edir. 40 illik dostu can verən zaman Ruhi Mücərrədə Məsum Cici adlı bir adamı öldürməyi vəsiyyət edir. Ruhi Mücərrəd təsadüfən Civan Kazanova adlı səy bir oğlanla tanış olur.

İkinci fəsil Civan Kazanovanın dilindən nəql edilir. Sən demə Civan səy zad deyilmiş, sevgilsi zəlzələdə öləndən sonra 7 il sərgərdan həyat yaşayan Civan Məsum Cici adlı bir adamın əlinə keçir. O adam Civanın başına bir çip yerləşdirir. Başına çip yerləşdirilmiş adam danışdığı yerdə qəfildən reklam ifadələri işlətməyə başlayır. Misal üçün, “səhər duranda Nescafe içtindimi?” və s. Qorxuncdur, eləmi?

Qardaşı uşağının əməliyyatına lazım olan pulu tapmaq üçün Civan 100 yaşlı Ruhi Mücərrədin başına çip yerləşdirməlidir. Ancaq bunun müqabilində Masum Cici ona lazımı vəsaiti ödəyər. Buna görə də Civan özünü səy kimi göstərib 100 yaşlı qocayla dostluq edir, onun nazını çəkir.

Əsərin bundan sonrakı süjeti tipik “boyevik” filmlərindəki kimi davam etsə də gözlənilməz dönüşləri ilə oxucunu valeh edir.

Bəs “Ruhi Mücərrəd”i belə misilsiz, diqqətəşayan edən nədir? Menteş özünün axıcı dili ilə oxucunu valeh edir, bir dəfə kitabı əlinə alan oxucu, onu əlindən yerə qoymaq istəmir. Əsərin modern dili, əsl urbanistik romana xas ifadələr oxucunu bəzən heyran edir, bəzən isə güldürür. Bu romanda öyrəşdiyimiz gül-bülbül, təbiət bənzətmələri yoxdu. Şəhər roman təkcə özünün mövzusu ilə deyil, ifadə vasitələri ilə də şəhərə xas olmalıdı.

Müəllif epiqraflarla müəllif qəribə bir təzad yaradır. Bu epiqraflarda ənənəvi romanlarda gördüyümüz nəsihətamiz fikirlərdən çox oxucunu, əyləndirən, onu heyrətləndirən, dodağına gülüş qonduran fikirlər yer alır.

Hər səhifədəki aforistik, qanadlı ifadələr sayəsində oxucu qələmi əlindən yerə qoymaq istəmir, hər cümlənin altından xətt çəkib onu yaddaşına həkk etmək istəyir. Yəqin elə buna görə də Menteşi türk Beqbeder adlandırırlar.

Modern roman necə olmalıdır? Bu barədə yüzlərlə nəzəri əsər oxumaq olar. Amma necə deyərlər yüz nəzəri əsər oxumaqdansa bir modern roman oxumaq daha faydalıdır. Bunun üçün Murat Menteşin “Ruhi Mücərrəd” romanı olduqca gözəl nümunədir. Hər halda türkcə oxunan əsər Beqbederin dilimizə tərcümə olunmuş əsərindən daha faydalıdır.

Reklam bitdi.

# 2111 dəfə oxunub

Müəllifin son yazıları

# # #